XXI əsr süni intellekt erası, canlı və qeyri-canlı həyatın "ağıllı" modifikasiyası, innovativ inkişafla yanaşı, yeniliklərə yönəlik gərginliklər, təbiətin "istismarı" ilə iqlimin dəyişməsi, canlı həyatın bütün parametrlərinin - torpağın, havanın, suyun, təbiətin qorunması problemləri aktual müzakirə predmetidir.
Dünyanın 200 ölkəsinin yekdil qərarı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsinə Azərbaycanın evsahibliyi etməsi BMT səviyyəsində mövcud etibarlı tərəfdaş olmasından, respublikamızın nüfuzundan və beynəlxalq müstəvidə geosiyasi mövqeyindən irəli gəlir. Bu həm də dünya siyasətində Azərbaycanın iştirak yerinin göstəricisi, dövlətlər və beynəlxalq təşkilatların ölkəyə olan marağının ifadəsi, "yaşıl iqtisadiyyat"a keçid strategiyası məntiqidir. Bu missiyaya uyğun olaraq 2024-cü il ölkəmizdə Azərbaycan Prezidentinin sərəncamı ilə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub.
Xatırladaq ki, 2024-cü il sentyabrın 20-24-də BMT-nin Nyu Yorkdakı baş qərargahındakı tədbirdə "Gələcəyin sammiti" tədbiri keçirilmişdi.
22 ölkədən iştirakçıları olan 44 QHT nümayəndəsi iqlim ədaləti fəalları müxtəlifliyi, inklüzivliyi və gender bərabərliyinin təşviqinin təbliğində COP29 sədrliyinə dəstək nümayiş olunmuşdur.
Bakı COP29 tədbiri IV sənaye inqilabının "yaşıl enerji"li "yeni sənaye inqilabı" mədəniyyətinə doğru bəyanat və çağırışların səsləndiyi dünya səviyyəli tədbirdir. COP29 Bakı tədbirinin məğzi yeni "yaşıl hərəkatlı həyat" və "yaşıl iqlimli dünya yaradaq" mahiyyətlidir.
COP29-da, gender strateji xətti də xüsusi əhəmiyyət daşıdı. Belə ki, qadın siyasətçilərin, qadın rəhbər və birinci xanımların iştirakı ilə "Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində" mövzusundakı konfransda əsasən gender balansı ehtiva olundu. Bu aspektdən, 2024-cü il noyabrın 12-də COP29 çərçivəsində "yaşıl zona"da "Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində" adlı konfransda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, İtaliyanın baş naziri Ciorcia Meloni, Moldova Respublikasının Prezidenti Maya Sandu, Şimali Makedoniya Respublikasının Prezidenti Gordana Silyanovska-Davkova, Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan, BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Regina De Dominikis, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Qırğız Respublikasının birinci xanımı Aygül Japarova, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva və s. iştirak ediblər.
Bu konfransın mühüm istiqaməti Mərkəzi Asiya və türkdilli ölkələrin iqlim dəyişikliyi ilə bağlı apardığı mübarizəni dünya ictimaiyyətinin nəzərinə yetirmək və gənclərin baxışlarını iqlim məsələlərinə yönəltməklə, həm də beynəlxalq öhdəliklər sahəsində keçirilən tədbirlərin yekununa diqqət yetirilməsi idi.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bu konfransda ictimai-siyasi və sosial-humanitar paradiqmalı məzmunda ətraflı məruzə ilə çıxış etdi. Xanım Mehriban Əliyevanın məruzəsinin əsas paradiqmaları "ölkələrə sülh və əmin-amanlıq diləməklə" dünyaya barış çağırışı idi.
Birinci vitse-prezident elmi-ictimai yönlü çıxışında "biosferin çirklənməsi, içməli suyun qıtlığı, quraqlıqlar, ərzaq təhlükəsizliyi probleminə" də toxunaraq Azərbaycanın bərpaolunan enerji-"yaşıl mədəniyyət"li uğurlarını real faktlarla açıqladı.
Bəs COP29 Azərbaycana nə qazandırdı...
- Bakının növbəti dəfə beynəlxalq miqyaslı tədbirlərə evsahibliyini layiqli yerinə yetirən regional liderliyi dünyaya nümayiş olundu.
- COP29 böyük qlobal tədbirini keçirməklə ölkənin ictimai-siyasi, daxili sabitliyi, geoiqtisadi gücü, beynəlxalq münasibətlər sistemində yeri və rolu göstəricisini təsdiqlədi.
- Azərbaycanın bütün sahələrində bir sıra dividendlər qazandırmaqla ölkənin inkişafını, milli resurs və mahiyyətini, nüfuzunu daha da yüksəldərək tanıtdı.
- Ölkəyə yönəlik ikili standartlı mövqelərin qarşısının alınmasında Azərbaycanın gerçək reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasına əhəmiyyətli təkan oldu.
- COP29-da ölkənin iqtisadi investisiya, sosial və turistik əhəmiyyətinin böyük olduğunu əks etdirdi. Turizmin, hotelçiliyin, aqrar sektorun, qalanteriya sənayesinin inkişafına yeni bir impuls verəcəkdir. Bu, qeyri-neft sektoru üzrə dövlət büdcəsi gəlirlərinin də artmasına töhfə verəcəkdir.
- Bakıda keçirilən bu vacib platformada "dünyanın 80 faizinin iqlim dəyişikliyindən əziyyət çəkdiyi bir vaxtda" problemin həlli yolları müəyyənləşdirildi.
- Bakı COP29 tədbiri bəşər həmrəyliyinin simvoluna çevrilərək, hamı üçün daha təhlükəsiz, firavan və davamlı gələcək naminə platforma olaraq tarixləşdi.
- COP29 Bakı tədbiri dövlətin iqlim siyasətinin mütəşəkkil formalaşdırılması və inkişaf etməkdə olan ölkələrin "yaşıl mədəniyyət"inin ekoloji şüur və davranışının artmasına zəmin olacaqdır.
Bu yanaşmalardan da COP29 kimi mötəbər bir tədbirin Bakıda baş tutması, təbiətin ani olaraq yaratdığı gözlənilməz fəlakətlərin bəzən öncədən qarşısının alınması, törətdiyi fəsadların aradan qaldırılması və s. bu kimi iqlim dəyişikliyi ilə əlaqədar qərarların qəbulunda Azərbaycanın evsahibliyi ölkənin beynəlxalq səviyyədə aparıcı aktorlardan olduğu faktorudur.
Birinci vitse-prezident Mehriban Əliyevanın məruzəsi Konsensus və Ədalət paradiqmalı, "riyakarlığa yox deyək" Xeyirxahlıq və Həmrəylik mətnli, milli və beynəlxalq müstəvidə Sülh-Barışdırıcılıq missiyasını əxz edən humanitar çağırışlı Azərbaycan rəhbər qadınının motivasiyalı uğur siyasi ictimai-diplomatik fəlsəfəsidir.
Rəna MİRZƏZADƏ,
professor