Xalqımızın milli adət-ənənələri ziyarətçilərdə böyük maraq doğurub
Noyabrın 11-də Bakıda açılmış COP-29 konfransında 60-a yaxın dövlət öz pavilyonunu təqdim edib. Bunların arasında ən çox diqqətçəkən və ziyarət olunan isə Azərbaycan pavilyonudur. Burada nümayiş olunan xalqımızın milli adət-ənənələrinə aid sənətkarlıq nümunələri - toxuculuq, yundan ip əyirmək, misgərlik, habelə musiqi, rəqslər və müxtəlif şirniyyatların təqdimatı ziyarətçilərdə böyük maraq doğurub.
Heydər Əliyev Fondu və Sıfır Atık Fondu COP29-un "yaşıl zona"sında davamlılıq və sosial inkişaf naminə səylərini birləşdiriblər. Bu əməkdaşlıq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Türkiyənin Birinci xanımı Əminə xanım Ərdoğanın ətraf mühit, sosial inkişaf mövzusundakı təcrübələrinə əsaslanır.
Heydər Əliyev Fondu, ekoloji təşəbbüsləri ilə yanaşı, Azərbaycanın mədəni irsinin qorunmasına, eləcə də təhsil və sosial məsuliyyət layihələrinə dair səylərini artırır. Hər iki fond, cəmiyyətlərinin mədəni dəyərlərinə və təhsil səviyyəsinə töhfə verərkən, davamlı həllər yaratmağı hədəfləyir.
Sıfır Atık Fondu bu platformada resurs səmərəliliyi, tullantıların idarə edilməsi və təkrar emal sahəsindəki qabaqcıl layihələrini nümayiş etdirir. Türkiyənin sıfır tullantı yanaşmasını beynəlxalq arenada təbliğ etmək və ətraf mühitin qorunması üzrə maarifləndirməni artırmaq məqsədilə fond öz tədris proqramlarını və innovativ həllərini təqdim edir.
Pavilyonda Heydər Əliyev Fondu gənc nəslin maarifləndirilməsinə yönəlmiş layihələr və təşəbbüslər vasitəsilə sosial inkişaf öhdəliyini nümayiş etdirir. Sıfır Atık Fondu isə su səmərəliliyi və sıfır tullantı təcrübələrinə fokuslanaraq ətraf mühitin qorunması üzrə təşəbbüsləri vurğulayır. Bu əməkdaşlıq hər iki fondun ətraf mühit və sosial məsuliyyət sahələrində liderliyini önə çəkir.
Pavilyon davamlı inkişaf hədəflərinə töhfə verən layihələri ilə yanaşı, hər iki ölkənin sosial və mədəni sahələrə baxışını təqdim edir.
"Gənclər evi" pavilyonu
COP29-un "yaşıl zonası"nda Gənlər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən "Gənclər evi" pavilyonunda hər gün müxtəlif tədbirlər və görüşlər keçirilir. Bura bütün gənc liderlərin, fəalların və qonaqların bir araya gəlməsi, fikirlərini bölüşməsi və unudulmaz xatirələr yaratması üçün canlı, rəngarəng və qonaqpərvər bir məkandır.
"Gənclər evi"ndə davamlılıq, iqlim liderliyi üzrə seminarlar, vörkşoplar və dünyanın hər yerindən gənclərin səslərini əks etdirən panel müzakirələri, yaradıcı sessiyalar, şəbəkə görüşləri, müsabiqələr və maraqlı oyunlar keçirilir. Pavilyonda xüsusi guşə yaradan İdrak liseyi şagirdləri ölkəmizdə keçirilən BMT forumunda iqlim dəyişikliyinə qarşı mübarizədə zəruri addımların atılması, birgə və davamlı inkişafın təminatı ilə bağlı qoyulan bütün öhdəlikləri yerinə yetirməyə hazır olduqlarını bildirirlər. Bu tədris ocağı COP29 layihəsi ilə çıxış edərək iqlim savadlılığının artırılmasına, iqlim həllərinə fəal şəkildə töhfə verə biləcək gəncliyin yetişdirilməsinə önəm verdiyini sərgiləyir.
"Azərbaycanın təcrübəsindən yararlanacağıq"
COP29-da "SOCAR Green"in pavilyonu SOCAR-ın bərpaolunan və təmiz enerjiyə sadiqliyini nümayiş etdirmək üçün əsas platforma rolunu oynayır. Pavilyon tanınmış beynəlxalq şirkətlər və təşkilatlarla innovativ layihələr, təşəbbüslər və tərəfdaşlıqlar təqdim etməklə şirkətin davamlı enerji gələcəyinə keçidə rəhbərlik etmək missiyasını vurğulayır.
Pavilyonda, həmçinin "SOCAR Green"in aşağıkarbonlu layihələrinin inkişafı və idarə olunması, "yaşıl enerji" sahəsində qabaqcıl təcrübə, biliklərin toplanması və istifadəsi kimi strateji prioritetləri əks olunub.
Digər pavilyonlara gəldikdə isə, Rusiya stendi taxtadan düzəldilmiş ənənəvi qırmızı yuva kuklaları - matryoşkalarla və buğda sünbülləri ilə bəzədilib.
Qırğızıstan pavilyonu öz milli koloriti ilə seçilir - burada keçədən hazırlanmış qırğız yurtasını görmək olar.
Çin stendində tədbir iştirakçıları üçün yelpiklər rənglənir və onlara hədiyyə verilir.
Oman pavilyonu isə 2025-ci ilin fevralında sultanlıqda iqlim həftəsini elan edir.
Növbəti COP30 konfransı Braziliyada keçiriləcək. Bu ölkənin rəngarəng stendində "COP30-da görüşənədək" yazısı bunu xatırladır. Braziliyanın Turizm Nazirliyinin baş koordinatoru Karolina Favero de Souza Bakıda qarşılaşdıqları səmimi və mehriban münasibətdən, BMT Forumunun yüksək səviyyədə təşkil olunmasından danışdı: "Bu, iştirakçıların özlərini evdəki kimi hiss etməsinə səbəb olur. Gələn il Braziliyada keçiriləcək COP30 konfransında Azərbaycanın təcrübəsindən yararlanacağıq".
Bakıda keçirilən COP29 noyabrın 22-də öz işini bitirəcək.
Rizvan CƏFƏROV,
"Azərbaycan"