Dünyanın müxtəlif ölkələrindən gələn beynəlxalq təşkilatların nümayəndələri, media təmsilçiləri, turistlər COP29 tədbirində bir yerə toplaşıblar. Beynəlxalq konfrans ölkəmizin qlobal miqyasda ətraf mühit məsələlərinə verdiyi töhfənin göstəricisi oldu.
İqlim dəyişikliyinə və onun yaratdığı fəsadların aradan qaldırılmasına həsr olunan COP29 milli, mədəni və tarixi zənginliyin ən mükəmməl təbliği ilə əlamətdardır. Bu məqsədlə "yaşıl zona"da yaradılan "Azərbaycan" pavilyonu xüsusi diqqət çəkir. Pavilyonda milli xalça və digər toxuculuq nümunələri, təsviri və dekorativ sənət örnəkləri, milli geyimlər və sənətkarlıq məmulatları nümayiş olunur. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələri tərəfindən yaradılmış, ölkəmizin əsrarəngiz təbiətini, zəngin flora və faunasını, habelə mətbəxini nümayiş etdirən əl işləri "yaşıl zona"nı ziyarət edən yerli və əcnəbi qonaqların böyük marağına səbəb olur.
Misgərlik sənətinə xüsusi maraq var
Milli ornamentli xalçalarımızla bəzədilmiş pavilyonda ustalarımız qədim əl sənətlərini nümayiş etdirir, ustad dərsləri keçirlər. Onlardan biri ömrünün 40 ilindən çoxunu misgərliyə həsr etmiş Nəzər Əliyevdir. Lahıcda doğulub, böyüyən, atasından, babasından misgərlik sənətini öyrənən usta deyir ki, bu sənəti 7-8 nəsildir davam etdirirlər: "Sənətin nəsildən-nəslə keçməyinin müsbət tərəfi odur ki, dünyaya göz açandan bu işlə məşğul olur, daha tez püxtələşirsən. Biz özümüz belə öyrənmişik, sonrakı nəsillərə də bu ənənəni olduğu kimi ötürürük. Lahıcın mərkəzi küçəsində emalatxanamız var. Zaman keçdikcə misgərliyə tələbat azala, bu sənətə ehtiyac qalmaya bilər. Onu zaman göstərəcək. Amma hələ ki var, yaşayır, nə qədər canımız sağdır, davam etdirəcəyik".
Əvvəllər misgərlərin sayının 1000 nəfərdən çox olduğunu deyən Nəzər usta təəssüflə qeyd edir ki, hazırda onların sayı 4-5-i keçmir: "1861-ci ildə təhkimçilik hüququ ləğv olunanda Lahıcda 251 misgərlik emalatxanası olub. Onların hərəsində 3-4 nəfər işləyirdi. İndi isə misgərlərin sayı bir əlin barmaqlarını keçmir. Misgərlik qədim və qiymətli sənətdir. Əgər elə olmasaydı, "Lahıcın misgərlik sənəti" 2015-ci ildə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməzdi. Sənətimizin davam etdirilməsi üçün dövlətimiz bizə çox böyük dəstək verir. Gəlir vergisindən azad edilmişik, emalatxanamız üçün əmlak vergisi ödəmirik".
COP29-da fəxr və qürurla iştirak etdiyini söyləyən N.Əliyev konfransa gələn qonaqların misgərlik sənətinə böyük maraq göstərdiyini vurğulayır: "Başqa xalqların nümayəndələrindən misgərliyə belə maraq gözləmirdim. Bu, məni olduqca təəccübləndirir və həm də zövq verir. Qədim sənətimizi nümayiş etdirmək üçün Moskva, Paris və Vyana şəhərlərində, Qazaxıstan, Özbəkistan və Gürcüstanda keçirilən tədbirlərdə dəfələrlə iştirak etmişəm. Babalarımızdan miras qalan sənətimizi tanıtmaq mənim üçün fəxrdir".
Xalçalarımız yüksək sənətkarlığı ilə fərqlənir
Xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutan ən qədim sənət növlərindən biri də xalçaçılıqdır. Tarixi mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu hələ Tunc dövründə meydana gəlib. Azərbaycan xalçaları yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlığı ilə fərqlənir.
"Azərbaycan" pavilyonunda qədim xalçaçılıq sənətimizin sərgilədiyi bölmə də özünəməxsusluğu ilə diqqət çəkir. Xalçaçılığın sirlərini 5 yaşından öyrənməyə başlayan Sevinc Səfərova 40 ildən artıqdır ki, bu sənətlə məşğul olduğunu deyir: "Evimizdə anam da, nənəm də xalçaçı olublar. Gözəl xalça toxumaq böyük zəhmət, təcrübə və zövq tələb edir. O, yalnız məişət əşyası deyil, həm də xalqımızın tarixini, mədəniyyətini özündə əks etdirir, nəsildən-nəslə ötürür, yaşadır. Xalçaların üzərində olan hər rəngin, hər naxışın öz mənası var. Onlar zənginliyin, bolluğun, baharın, məhəbbətin, qəhrəmanlığın, qələbənin, gücün, qüdrətin, alovun, müqəddəsliyin, dini ayinlərin təzahürüdür. Biz həm də duyğularımızı, düşüncələrimizi xalçalara köçürür, özümüzü ifadə edirik".
Sevinc Səfərova xarici qonaqların rəngarəng çalarlara və müxtəlif naxışlara sahib xalçalarımıza, onların ərsəyə gəlmə prosesinə böyük maraq göstərdiklərini deyir: "Tədbirdə olmaqdan, sənətimi nümayiş etdirməkdən, tanıtmaqdan çox məmnunam. Hər gün müxtəlif xalqların nümayəndələri yaxınlaşıb xalçaçılıqla maraqlanır, müxtəlif suallar verirlər. Turistlərin bəziləri düşünürlər ki, bu sənət artıq köhnəlib. Eşidəndə ki, hər birimizin evində hələ də xalça var, interyerimizin demək olar ki, ayrılmaz hissəsidir, bu, onların təəccüb və marağına səbəb olur. Qonaqlar yaxınlaşıb xalçaya ilmək atmaq istəyirlər, mən də onlara kömək edirəm. Burada toxuduğum xalçada pavilyonumuza yaxınlaşan hər əcnəbi qonağın ən azı iki ilməsi var".
"Sənət növlərimizi tanıtmaq müqəddəs borcumuzdur"
Bədii sənətkarlığın xüsusi növlərindən olan şəbəkə sənəti özündə xalqımızın bədii ənənəsini əks etdirir. Şəbəkə mismar və yapışqandan istifadə edilmədən hazırlanan rəngli şüşə və taxtaların birləşməsindən ibarət həndəsi naxışlı qədim sənət növüdür. Şəbəkə üsulu ilə hazırlanan qədim tikililərə Bakıda Təzəbəy hamamını, Şəkidə isə Şəki xan sarayını misal göstərmək olar. 40 ildən çoxdur bu sənətlə məşğul olan Tofiq Rəsulov "Azərbaycan" pavilyonunda ustad dərslərində tədbir iştirakçılarına qədim xalq sənətimizi nümayiş etdirir. Şəkidən gələn usta artıq 4 nəsildir bu sənətlə məşğul olduqlarını deyir: "Sənətimiz nəsildən-nəslə ötürülür, yaşadılır. Hazırda mənimlə birgə iki oğlum da şəbəkə sənəti ilə məşğuldur. Fəxr edirəm ki, 2002-2004-cü illərdə XVIII əsrin bəzəyi olan Şəki xan sarayını bərpa etmək mənə nəsib olub".
Şəbəkənin incə sənət olduğunu qeyd edən usta hətta bir millimetrlik səhvin onun dağılmasına səbəb olduğunu deyir: "Burada riyaziyyat, həndəsə və rəsmxət elmlərini bilmək lazımdır ki, işi mükəmməl görəsən. Əjdəri, Cəfəri, Nəbati naxışlı, 6, 8, 12 bucaqlı və s. şəbəkə növləri var. Şəbəkəyə yeni bir detal əlavə edəndə, təzə bir növ olur. Tarixən şəbəkə üçün ən yaxşı material Şərq çinarı hesab edilib. Hazırda o, nadir ağac növü sayıldığından onunla eyni struktura malik olan meşə fıstığı ağacından istifadə edirik".
Tofiq Rəsulov deyir ki, COP29 tədbiri Azərbaycanın qədim və zəngin tarixi-mədəni irsinin təbliği baxımından olduqca əlamətdardır. Bu tədbirdə qədim sənət növlərimizi tanıtmaq müqəddəs borcumuzdur.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"