COP29-un "yaşıl zona"sında 58 yerli və xarici şirkətin məhsullarının nümayiş olunduğu pavilyonlar arasında bir stendə maraq daha çoxdur. Bu stenddə bərpaolunan enerji mənbələrindən bəhs olunur. Onun sahibi isə Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətidir.
Ona görə də elektrik enerjisi və mineralsızlaşdırılmış su stansiyalarının layihə müəllifi, investoru və operatoru olan "ACWA Power" şirkətinin COP29-un enerji və su məsələləri üzrə rəsmi tərəfdaşı seçilməsi təsadüfi deyil. Bu tərəfdaşlıq həm də şirkətin bərpaolunan enerji sahəsində dayanıqlı təcrübələri tətbiq etmək öhdəliyinə sadiqliyinin göstəricisidir.
Şirkətin baş investisiya direktoru Tomas Brostrom deyir ki, belə möhtəşəm iqlim tədbirinin Bakıda keçirilməsindən dolayı çox məmnundur. Ötən il Dubayda baş tutan COP28-lə builki COP29-u müqayisə edən direktorun sözlərinə görə, son illər Azərbaycanda energetika sahəsi üzrə aparılan islahatlar, ölkədəki əlverişli investisiya iqlimi, xarici sərmayələrin qorunması, dinamik inkişaf və sabitlik hər bir investor üçün önəmli rol oynayır: "Şirkətimizin Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olması da təsadüfi deyil. Çünki bu məsələdə dövlətlərarası əlaqələrimiz böyük əhəmiyyətə malikdir. "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının inşasını reallaşdıran və bu sahədə böyük təcrübəsi olan, eləcə də səmərəli fəaliyyəti ilə dünyada tanınan "ACWA Power" şirkətinin indiyədək tikintisini gerçəkləşdirdiyi stansiyaların enerji istehsalının gücü 42 min meqavatdan çoxdur".
Onu da qeyd edək ki, dünyanın ən böyük mineralsızlaşdırılmış su təchizatçısı olan "ACWA Power" şirkəti "yaşıl hidrogen" sənayesində novatorçu və qlobal enerji keçidi üzrə liderdir. 2004-cü ildə Ər-Riyad şəhərində təsis edilmiş şirkət o dövrdən bu günə kimi 4000-dən çox insanı işlə təmin edib. Hazırda şirkət Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiyanın 143 ölkəsində fəaliyyət göstərir. Öz strategiyalarını BMT-nin iqlim hədəflərinə uyğunlaşdıran "ACWA Power" enerjidən səmərəli istifadəni artırmaq, su ehtiyatlarından səmərəli istifadəni təmin etmək və ətraf mühitə təsiri minimuma endirmək üçün qlobal səviyyədə bərpaolunan enerji layihələri həyata keçirir. Hətta Özbəkistanda şirkətə məxsus kollec fəaliyyət göstərir. Təhsil müəssisəsi sırf bərpaolunan enerji üzrə ixtisaslı mütəxəssilər hazırlayır.
Şirkətin Azərbaycandakı layihəsi - "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının təməli 2022-ci ilin noyabrında qoyulub. Layihə çərçivəsində hər biri 6MVt gücündə olan turbinlər quraşdırılır. Abşeron rayonunun Pirəküşkül kəndində 17, Xızı rayonunun Stalçay kəndində 23 turbinin quraşdırılması planlaşdırılıb. Layihənin ümumi dəyəri 300 milyon dollardır. Stansiyada illik 1 milyard kilovat/saat elektrik enerjisi istehsal olunması nəzərdə tutulur ki, bu da 220 milyon kubmetrədək qaza qənaət etmək deməkdir. Stansiyanın 2025-ci ildə istismara verilməsi gözlənilir.
"ACWA Power" COP29-un "yaşıl zona"sında enerji sektorunun gələcəyini düşünən lider şirkət kimi dayanıqlı və məsuliyyətli təsrübələrini tətbiq etməyə sadiq qaldığını sərgiləyir. Pavilyonda təmsilçilərlə söhbət edərkən aydın oldu ki, şirkətin məqsədi qlobal enerji sənayesində çalışan həmkarları, eləcə də potensial tərəfdaşları və iqlim müdafiəçiləri ilə əməkdaşlıq əlaqələri qurmaq və enerji keçidində irəliləyiş əldə etmək üçün COP29 platformasından yararlanmaqdır.
Ötən 10 gündə COP29 "yaşıl" və "mavi" zonalarda fəaliyyətini uğurla davam etdirir. Bu uğurun əldə edilməsində rolu olan "ACWA Power" indiyə kimi keçirdiyi təqdimat, seminar, müxtəlif proqram və layihələrlə digər özəl və dövlət qurumları ilə çoxsaylı müqavilə və memorandum imzalayıb. Bir neçə gün əvvəl şirkətin baş direktoru Marko Arkelli AZPROMO ilə birlikdə təşkil olunmuş "COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması"nda fikirlərini söyləyərkən bildirib ki, şirkət Səudiyyə Ərəbistanı və Özbəkistanda "yaşıl hidrogen"ə sərmayə qoyub. Lakin "ACWA Power" pavilyonunun təmsilçilərinin sözlərinə görə, COP29 çərçivəsində şirkət üçün ən önəmli layihə SOCAR və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında bağlanan memorandumdur. Xəzər dənizinin Azərbaycan sektoru 157 qiqavatlıq külək enerjisi imkanlarına malikdir. Bu, çox böyük potensialdır və onu fürsətə çevirmək "ACWA Power" şirkətinin gələcəkdə həyata keçirmək istədiyi layihələrdəndir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"