04 Mart 2025 08:45
483
Mədəniyyət
A- A+
Şəhidlər ölmürlər...

Şəhidlər ölmürlər...


Televiziya kanallarında şəhidlərə həsr olunmuş filmlərin nümayişi onlara göstərilən ən böyük ehtiram olardı 


Zaman-zaman baxdığımız maraqlı filmlər əlimizdən tutub özümüz də hiss etmədən bizi sirlərlə dolu nağıllar aləminə aparır. Buna görə də həmin filmlərə təkrar-təkrar baxmaq istəyirik. Üstündən illər ötüb keçsə də, həmin filmlər daim bizi özünə çəkir. Ssenarisi istedadla yazılmış, yüksək peşəkarlıqla çəkilmiş filmlər həmişə  dünyagörüşümüzün formalaşmasına müsbət təsir göstərir. Dəyərli filmlər insanlara xoş ovqat aşılayıb, arzuların yolunda gur işıq yandırıb. Əslində, elə filmin əsas missiyalarından biri də bundan ibarətdir.

Kino sahəsinin yaradıcı insanları zamanında Birinci Qarabağ müharibəsi mövzusunu da unutmadılar. "Fəryad", "Ağ atlı oğlan", "Dolu", "Yalan" və başqa bədii filmlər çəkdilər. Təəssüflər olsun ki, düşmən üzərində qazandığımız Zəfərin üstündən dörd ildən çox vaxt keçməsinə baxmayaraq, bu mövzuda bədii filmlər ekranlarda gözə dəymir. Düzdür, qazilərə, şəhidlərə həsr olunmuş qısametrajlı sənədli filmləri internetdə izləmək mümkündür. Amma baxdıqca görünür ki, bu qısametrajlı filmlər böyük Zəfərimiz üçün çox darısqaldır. Böyük Zəfərimizdən bəhs edəcək bədii filmlər çəkilənə qədər zabit və əsgərlərimizin qəhrəmanlığını, keçdikləri şərəfli döyüş yollarını onlar haqqında çəkilmiş sənədli qısametrajlı filmlərdə görürük. Belə filmlərin çəkilməsi də çox müsbət qarşılanmalıdır. 

Ötən il Şəki şəhərində xeyirxah insanların köməkliyi ilə şəhid Toğrul Nağıyevin ömür və döyüş yollarından bəhs edən "Könüllülərin komandiri" adlı sənədli qısametrajlı film çəkilib. Film 8 noyabr 2024-cü ildə, Zəfər Günündə Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində ictimaiyyətə təqdim olunub. Belə filmlər qısa olsa da, zabit və əsgərlərimizin şərəf dolu ömür yollarını işıqlandırır. 

"Könüllülərin komandiri" sənədli filmi könüllülər barədə dəyərli məlumatlarla başlayır. Sonra Tovuz döyüşləri haqqında kadrlar nümayiş etdirilir. Həmin günlərdə minlərlə gəncin könüllü olaraq erməni işğalında qalmış torpaqlarımızı azad etmək üçün Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon və şəhər şöbələrinə axışdıqlarını göstərən kadrları qürur hissləri ilə izləyirik. Şəhid Toğrul Nağıyev də yurdumuzun azadlığı uğrunda başlayacaq döyüşlərdə könüllü olaraq vuruşmağa hazır olan gənclərdən biri idi. Erməni təxribatı nəticəsində 44 günlük Vətən müharibəsi başlayandan iki gün sonra, sentyabrın 29-da könüllülərin komandiri kimi döyüşlərə yollandı. 

Kadrlar bir-birini əvəz edir. Toğrulun anası Əntiqə xanım, müəllimləri  Namiq Nağıyev, Arif Salahov, Ramil Mahmudov, Ramil Abdulrahmanov, Şahin Salamov, Mehman Əliyev və başqaları onun haqqında kövrələ-kövrələ danışırlar.  

Filmi izlədikcə onun adının haradan götürüldüyü ilə də maraqlandıq. 44 günlük Vətən müharibəsi dövründə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsinin rəisi işləmiş zabit Yalçın Sadıqovla söhbət edərkən dedi ki, Tovuz döyüşlərindən sonra ərazi bütövlüyümüz uğrunda vuruşmaq üçün şöbəyə müraciət edənlərin sayı-hesabı yox idi. Yaşından asılı olmayaraq, hamı torpaqlarımızın azadlığı uğrunda vuruşmaq üçün qeydiyyatdan keçirdi. Toğrulla da həmin günlərdə tanış olduq. Onun fəallığı, diribaşlığı, vətənpərvərliyi diqqətimdən yayınmadı. Bu oğlanın gözlərində sönmək bilməyən od-alov var idi. İkinci Qarabağ müharibəsi başlayanda Prezident İlham Əliyevin çağırışı ilə Azərbaycan xalqı bir yumruq kimi birləşdi. Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovun tapşırığı ilə qərargah yaradıldı. Ehtiyatda olan qüvvələr, həmçinin cəbhə üçün lazım olan zəruri yüklər bu qərargahdan yola salınırdı. Müzəffər Ali Baş Komandan, Zəfərimizin müəllifi İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusu torpaqlarımızın müdafiəsinə qalxmışdı. Hərbi vəzifəlilərlə yanaşı,  könüllüləri də döyüşlərə göndərirdik. Onları şöbənin həyətinə toplayıb Toğrulu könüllülərin komandiri təyin etdim. Könüllülər böyük həvəslə döyüşə yollandılar.

14 oktyabr 2020-ci il yaddaşımda hüznlü bir gün kimi qalıb. Əslində, könüllülərin komandirinin şəhid xəbəri bir gün əvvəl qapımızı döymüşdü. Başqa şəhidlərimiz kimi Toğrulun da ölümü məni sarsıtdı. Könüllülərin komandiri kimi o, adına və andına sadiq qalaraq düşmən üzərinə hamıdan qabaqda getmiş, döyüş tapşırığını sonadək böyük cəsarətlə yerinə yetirmişdi. Toğrulu son mənzilə yola salarkən sanki ona müraciət edərək dedim ki, "ey könüllülərin komandiri, tezliklə torpaqlarımız azad olunacaq. Yaxın günlərdə biz Zəfər xəbəri ilə məzarının üstünə gəlib ruhunu şad edəcəyik". 

Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın sərkərdəliyi altında torpaqlarımızı erməni işğalından azad etdi. İndi bütün şəhidlərin ruhu şaddır. Qazanılan Zəfər nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu. Biz əbədi olaraq Qarabağa qayıtdıq. 

Şəki Dövlət Teatrının aktyorlarının iştirakı ilə filmdə yaradılan döyüş səhnələri də diqqətimizdən yayınmadı. Kadrlar çox inandırıcı olduğuna görə də həm baxımlı idi. Filmdə Toğrulun obrazı çox dolğun şəkildə yaradılmışdı. Son kadrlarda nümayiş etdirilən səhnələr qürur hissləri oyadırdı. Dayanmadan atəş aça-aça irəliləyən hərbçilər üçrəngli Azərbaycan bayrağını uca zirvəyə taxırlar. Azərbaycan bayrağı bu uca zirvələrdən heç vaxt enməyəcək, dalğalandıqca hey dalğalanacaqdır. 

Zabit Yalçın Sadıqov film haqqında da fikirlərini bizimlə bölüşdü. Dedi ki, "Könüllülərin komandiri"nə baxdıqca sanki o günləri təzədən yaşayıram. Film Prezident İlham Əliyevin bu xalq, bu Zəfər üçün gördüyü misilsiz işlərdən başlayır. Sonra da dövlətin könüllülər siyasətindən bəhs edir. Axı ölkəmizdə keçirilən bütün beynəlxalq əhəmiyyətli dövlət tədbirlərində iştirak edən peşəkarlaşmış könüllülər ordusu formalaşmışdı. Çox keçmədi ki, bu könüllülük missiyası orduya da, müharibəyə də sıçradı. Filmdə bütün bu səhnələr böyük peşəkarlıqla canlandırılıb. Erməni zabitlərinin obrazını yaradan aktyorların bacarığı da diqqətimi cəlb etdi. Oynadıqları rollara baxdıqca ermənilərə nifrətim daha da artdı. Həmin aktyorları təqdimat mərasimində görəndə özümdən asılı olmadan onlara qarşı içimdə hiddət hissi oyandı. Bütün bunlar onu göstərirdi ki, aktyorlar rollarının öhdəsindən bacarıqla gəliblər. Bir də filmdə məni ən çox qürurlandıran səhnə Toğrulun yağışın altında nəşinin hərbi sanitar maşına qoyulanda bədənindən sızan qanın torpağa damcılaması oldu. Bu səhnəni rejissorun uğuru saymaq olar. Sanki qanla bərabər şəhidin ruhu da yerə hopurdu. Elə bil Toğrul qanı ilə torpağa qəhrəmanlıq toxumları səpirdi. Şəhidlərin ömür və döyüş yolundan bəhs edən belə dəyərli sənədli filmlərin televiziya kanallarında nümayiş olunması çox xoşagələn hadisə olardı. 

 "Könüllülərin komandiri"nin rejissoru Taleh Urfansoyla da görüşüb filmin çəkilişləri ilə maraqlandıq. Öyrəndik ki, kiçik yaşlarından onun kinoya  marağı olub. Orta məktəb illərində "Qırmızı bağ" filminə çəkilib, "Cavadxan" filminin çəkilişlərini izləyib. T.Urfansoy dedi ki, indiyə qədər 44 günlük Vətən müharibəsi mövzusunda, şəhidlər haqqında qısametrajlı filmlər çəkmişik. Şəhid Toğrul Nağıyevlə döyüşçü yoldaşı olmuşam, çiyin-çiyinə vuruşmuşam, ağır yaralanmışam. Döyüşçü dostum haqqında film çəkməyi özümə müqəddəs borc bilirdim. Bu xeyirxah missiyanı yerinə yetirmək, vəsait əldə etmək üçün Gənclər Fondunun qrant müsabiqəsinə məktub yazdıq. Fonddan müəyyən qədər vəsait ayrılandan sonra çəkilişlərə başladıq. Şəki Rayon İcra Hakimiyyətinin rəhbərliyi və millət vəkili Vüqar İskəndərov, Şəki Dövlət Dram Teatrının kollektivi bizə dəstək oldu. Daxili Qoşunların rəhbərliyi də, Fövqəladə Hallar Nazirliyinin yerli şöbəsi də çəkilişlərimizə kömək etdi. Əvvəlcə filmin çəkilişi üçün zəruri hazırlıq işləri gördük. Toğrulun anasından, yaxın qohumlarından, döyüşçü yoldaşlarından, müəllimlərindən, məşqçisindən müsahibələr alındı. 44 günlük Vətən müharibəsinin davam etdiyi günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsinin rəisi işləmiş zabit Yalçın Sadıqovdan da müsahibə almaq üçün Bakıya getməyi planlaşdırdıq. Yalçın müəllimə zəng vurub bu barədə xəbər verəndə Toğrul haqqında sənədli filmin çəkilməsini sevinclə qarşıladı. Dedi ki, siz əziyyət çəkib Bakı şəhərinə gəlməyin, özüm şəhidin ayağına gələrəm. Yalçın müəllim Şəkiyə gəlib Toğrulun məzarının yanında onun haqqındakı ürək sözlərini söylədi. 

Çəkilişlər bir ay ərzində yekunlaşdı. Filmi Zəfər Gününə qədər ictimaiyyətə təqdim etmək istəyirdik. Şəki Dövlət Dram Teatrının və Bakı şəhərindən gəlmiş aktyorlar təmənnasız olaraq filmə çəkildilər. Buna görə onlara dərin minnətdarlığımı bildirirəm. Toğrul obrazını Ramin adlı oğlan canlandırıb. Ən çox ona sevinirəm ki, filmdə istəyimizə nail olduq. Tamaşaçıya nə demək istəyirdiksə, dedik. Ən əsası odur ki, film şəhidin anası Əntiqə xanımın xoşuna gəldi, çəkiliş qrupuna minnətdarlıq etdi. 

Bilirsinizmi, film çəkən rejissorların ürəklərindən keçən missiya və niyyətləri olur. Çəkdiyi filmləri ilə cəmiyyətə dəyərli mesajlar ötürür. Bizim də bu filmi çəkməkdə məqsədimiz gənclərə vətənpərvərlik hissləri aşılamaqdır. Biz buna nail olduq. Film təkcə mədəniyyət deyil, həm ideologiyadır, həm də yeri gələndə siyasətdir. Vətənpərvərlik, qəhrəmanlıq mövzusunda çəkdiyimiz bu filmlər televiziya kanallarında nümayiş etdirilsə yaxşı olardı. Düzdür, biz bu barədə televiziya kanallarına rəsmi qaydada müraciət etməmişik. Düşünürəm ki, əgər müraciət etsək, yəqin çəkdiyimiz bu filmlərin tarixi əhəmiyyəti, Zəfərimizdən bəhs etdiyi nəzərə alınar, nümayişinə razılıq verilər. Belə filmlərin televiziya kanallarında yayımlanması şəhidlərə göstərilən ən böyük hörmət və ehtiram olardı. 

Qarabağ müharibəsinin Zəfərlə başa çatması ilə işimizi bitmiş hesab etmirik. Müharibədə qazanılmış Zəfəri yaddaşlara əbədi həkk etmək üçün qısametrajlı filmlər çəkib qəhrəmanlarımızı xalqa tanıtdırırıq. Səngərlərdə gedən döyüşü indi ideoloji müstəvidə davam etdiririk. Məqsədimiz gənclərimizin vətənpərvərlik hisslərini daha da artırmaqdır. Gənclər sabahımızın əsgərləridir. Sabahımızın əsgərləri isə vətənpərvər və qəhrəman olmalıdırlar. Onlara vətənpərvərlik ruhu aşılayan "Alovla savaşanlar", "İçimdə gedən müharibə", "Zəfərə gedən yol" və başqa sənədli filmlər çəkmişik. Bu qısametrajlı filmlər sinemo-mobil festivalında birinci yerə çıxıb. 

Qəhrəman şəhidlərimiz haqqında çəkilmiş bu filmlər alqışlanmalıdır. Yaxşı nümunə həmişə insanlara başucalığı və uğur gətirir. Yaxşı olardı ki, Şəki şəhərində qəhrəmanlar haqqında çəkilmiş bu filmlərdən başqa rayonlar da nümunə götürsünlər. Mövcud olan imkanları səfərbər edib şəhidlərimiz haqqında filmlər çəksinlər. Filmlərin çəkilməsində yerli iş adamlarının köməyindən, eləcə şəhərlərdə olan teatrların aktyorlarının qüvvəsindən də istifadə etmək yaradıcı adamları məqsədlərinə daha tez yaxınlaşdırar. Göründüyü kimi, Şəki rayonunda bu işlər yüksək səviyyədə təşkil olunub. Həm rayon rəhbərliyi, həm rayonun deputatı, həm də yerli əlaqədar təşkilatlar bu işə təmənnasız olaraq kömək göstəriblər. Görülən iş, göstərilən təcrübə tədqirəlayiqdir, bu nümunə başqa rayonlara da yayılsa, şəhidlərimiz haqqında bir-birindən maraqlı çoxtirajlı filmlər çəkilər.  

Qəhrəmanlar haqqında çəkilmiş qısametrajlı filmlər gələcəkdə Zəfərimizdən bəhs edəcək bədii filmlərə doğru gedən yolda atılan ilk addımlardır. İnanırıq ki, bu iş daha da genişlənəcək, yaxın zamanlarda bir-birindən maraqlı bədii filmlər də çəkiləcək. Bu filmlər kadrlarında Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında qazanılmış Böyük Zəfəri tərənnüm edəcək. Gənc nəsillərə vətənpərvərlik hissləri aşılayan, Zəfərimizdən bəhs edən həm qısametrajlı sənədli filmlər, həm də bədii filmlər yerli televiziya kanallarında da yayımlanacaq. 

Təəssüf hissi ilə onu da qeyd edək ki, bir çox televiziya kanalında vətənpərvərlik, qəhrəmanlıq mövzusunda çəkilmiş filmlər, hazırlanmış verilişlər ya az, ya da heç nümayiş etdirilmir. Bütün respublikaya yayımlanan televiziya kanallarında qəhrəmanlıqdan bəhs edən verilişlər, filmlər əvəzinə, daha çox şou-biznes proqramları, mətbəx mövzuları, qeybət səviyyəsinə enmiş verilişlərə üstünlük verilir. Həmsöhbət olduğumuz gənclərimiz də, yaşlı nəsillər də yerli kanallarda qəhrəmanlıq mövzusunda çəkilmiş Zəfərimizdən bəhs edən filmlərə baxmaq arzusunda olduqlarını söylədilər. 

Unutmayaq ki, hərbçilərimizin qanı və canı bahasına qazanılmış Zəfər, eləcə də vətənpərvərlik, qəhrəmanlıq mövzuları təkcə dünənimizin yox, sabahımızın da baş mövzusudur. Çünki xalqımızı gələcək zəfərlərə bu mövzuda çəkilmiş filmlər, yazılmış kitablar qovuşduracaq. Yaxşı olardı ki, bütün televiziya kanalları da bu sahəyə həssaslıqla yanaşsın, bu mövzuda çəkilmiş filmlərə başqa verilişlərdən daha çox vaxt ayırsın. Sevincini yaşatdığımız bu Zəfər bizim Zəfərimizdir! Azərbaycan xalqının Zəfəridir! Xalqımızın arzusundan, sevgisindən və qəhrəmanlığından doğan Zəfərdir. Azərbaycan əsgərinin igidliyi ilə qazanılmış Zəfərdir! Cəsur oğullarımız qəhrəmanlıqları ilə 44 günlük Vətən müharibəsində xalqımızın başını  uca etdilər. Əgər onlar haqqında çəkilmiş filmlər yerli televiziya kanalları ilə yanaşı, mərkəzi kanallarda da nümayiş olunsa, dünya erməni işğalçılarını məğlub etmiş, Azərbaycan xalqına Zəfər sevinci yaşatmış qəhrəmanlarımızı yaxından görər və tanıyar. Rejissorlar şəhidlər haqqında çəkdikləri filmlərlə işlərini yekunlaşdırırlar. Bu dəyərli filmlərin nümayiş olunması vəzifəsi isə televiziya kanallarının üzərinə düşür. İnanmaq istərdik ki, bütün televiziya kanallarının rəhbərlikləri bu müqəddəs vəzifəyə böyük məsuliyyətlə və diqqətlə yanaşacaqlar. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik və bəzi qərarlarının ləğv edilməsi haqqında

01:19
15 Mart

Azercell abunəçilərinin nəzərinə

01:17
15 Mart

Heydər Əliyev Mərkəzində heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” sərgisi açılıb

23:57
14 Mart

Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər  

23:53
14 Mart

Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır  

23:50
14 Mart

Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər

23:47
14 Mart

Arayik Harutyunyan məhkəmədə Ruben Vardanyanla bağlı danışıb

21:16
14 Mart

Arayik Harutyunyan: Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu - MƏHKƏMƏ  

21:11
14 Mart

ADA Universitetində 11-ci Bahar Gənclik Festivalı keçirilib

21:07
14 Mart

Anisa Bahiti: Azərbaycan və Albaniya arasında diplomatik əlaqələr möhkəmlənir

21:05
14 Mart

Qlobal Forum çərçivəsində “COP29: Belem üçün Sıçrayış – Transformasiyanın sürətləndirilməsi” mövzusunda panel iclas keçirilib  

21:04
14 Mart

Azərbaycan ilə İtaliya arasında tərəfdaşlığın inkişafı məsələsi müzakirə edilib  

21:02
14 Mart

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib  

20:59
14 Mart

Qlobal Bakı Forumunda "Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin bərpası" mövzusunda müzakirələr aparılıb  

20:55
14 Mart

Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilib YENİLƏNİB

20:54
14 Mart

Prezident: Tramp administrasiyası dövründə ABŞ-la güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq

19:47
14 Mart

İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycanda keçiriləcək Zirvə görüşünə hazırlıq işləri müzakirə edilib  

19:19
14 Mart

Azərbaycan Prezidenti: Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq

19:15
14 Mart

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

19:11
14 Mart

Prezident İlham Əliyev: Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir  

19:10
14 Mart

Vəkillər Kollegiyasının rəhbərliyi növbəti vətəndaş qəbulu keçirib

19:09
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!