Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən hərtərəfli dövlət qayğısı sosial siyasətin mühüm istiqamətlərindən biri kimi daim diqqətdə saxlanılır.
Şəhidlərin əziz xatirəsinin uca tutulması, onların ailə üzvlərinin, xüsusilə övladlarının qayğı ilə əhatə olunması dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə Şəmkir rayonunda da müxtəlif tədbirlər həyata keçirilir. Rayon icra hakimiyyəti tərəfindən şəhid ailələri ilə mütəmadi görüşlər təşkil edilir, şəhid övladlarının müxtəlif sosial, mədəni və maarifləndirici tədbirlərdə iştirakı təmin olunur.
Şəhid övladlarına göstərilən diqqət və qayğının davamı olaraq hazırda Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Onlar bizə əmanətdir" adlı sosialyönümlü layihə həyata keçirilir. Layihənin məqsədi şəhid övladlarının asudə vaxtlarının səmərəli təşkili, onların dünyagörüşünün formalaşdırılması, tarixi-mədəni irsimizin daha yaxından tanıdılması və müxtəlif sosial tədbirlərə cəlb olunmasıdır.
Layihə çərçivəsində növbəti tədbir şəhid övladları üçün Şuşa və Xankəndi şəhərlərinə ekskursiyanın təşkili olmuşdur. Ekskursiya zamanı uşaqlar Xankəndi şəhərində Zəfər Parkı, Qarabağ Universiteti və şəhərin digər görməli yerlərini ziyarət etmiş, aparılan genişmiqyaslı quruculuq işləri ilə tanış olmuşlar. Sonra Şuşaya gələn uşaqlar Cıdır düzü, Şuşa qalası, Gövhər ağa məscidi ilə yaxından tanış olmuşlar.
Səfər zamanı uşaqlar üçün Azərbaycanın tarixi torpaqlarında əldə olunmuş Zəfərin nəticələrini əyani şəkildə görmək, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri ilə daha yaxından tanış olmaq imkanı yaranmışdır.
Sabir ƏLİYEV,
"Azərbaycan"