15 Sentyabr 2026 08:45
355
SİYASƏT
A- A+
108 il öncə tariximizin şərəf və qürur səhifəsi yazılmışdır

108 il öncə tariximizin şərəf və qürur səhifəsi yazılmışdır


Elə tarixi hadisələr var ki, baş verdiyi günlərin üstündən illər, əsrlər ötüb keçsə də, heç vaxt unudulmur, daim xatırlanır, yaddaşlarda qalır – 1918-ci il sentyabrın 15-i kimi. 

Həmin gün tariximizə Bakının erməni-bolşevik qüvvələrindən azad olunduğu gün kimi yazılıb. Amma qürur dolu bu tarix illər uzunu xalqımızdan gizlədilib, arxivlərdə saxlanılıb. Şər qüvvələr bacardıqları qədər onu ört-basdır etməyə çalışıblar. Tarix dərsliklərində bir kəlmə də olsun bu barədə yazılmayıb. Lakin baş verdiyi vaxtdan nə qədər keçsə də, həqiqət gec-tez ortaya çıxır. 

15 sentyabr 1918-ci ildə baş verən hadisələri biz yalnız müstəqillik əldə edəndən, arxivlər açılandan sonra öyrəndik. Xalqlar həbsxanası olan keçmiş sovet rejimi süquta uğradıqdan sonra tarixi hadisələrin üstünə işıq düşdü. İllər sonra şərəf dolu hadisələri öyrəndikcə babalarımızın igidliyinə, qəhrəmanlığına heyran qaldıq, onlarla qürur duyduq. 

Həmin gün baş verən hadisələri öyrənmək istəyəndə sanki tarix əlimizdən tutub bizi ötən əsrin ikinci ongünlüyünə – çox mürəkkəb, qarmaqarışıq bir dövrə aparıb çıxarır. 1918-ci il mayın 28-də, olduqca çətin bir zamanda Milli Şura Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını dünyaya bəyan etdi. Həmin günlər Azərbaycanda vəziyyət elə də ürəkaçan deyildi. Ölkənin ərazisinin demək olar  xeyli hissəsi, o cümlədən Bakı və ətraf rayonlar erməni-bolşevik qüvvələrinin və onlara havadarlıq edənlərin işğalı altında idi. Belə bir dövrdə Azərbaycan Xalq Cümhuriyyətini yaratmaq, yaşatmaq, onu dünyəvi dövlətə çevirmək yeni formalaşmış milli-demokratik qüvvələrin qarşısında dayanan ən çətin və olduqca şərəfli tarixi vəzifə idi. 

Daşnak-bolşevik qüvvələri 1918-ci il mart ayının son 3 günü ərzində xalqımıza qarşı misli görünməmiş soyqırımı törətdilər. Bolşevik donuna bürünmüş ermənilər hansı yolla olursa olsun, Bakını əldə saxlamağa çalışır, çirkin məqsədlərinə çatmaq üçün əllərində olan bütün imkan və vasitələrdən istifadə edirdilər. Ancaq nəyin bahasına olursa olsun Bakı bu şər qüvvələrdən azad edilməliydi. Çünki Azərbaycanı, onun müstəqilliyini Bakısız təsəvvür etmək mümkün deyildi. Göyçənin, Zəngəzurun, Qarabağın və başqa bölgələrin azadlığına doğru uzanan yollar Bakıdan keçirdi. Belə çətin bir şəraitdə, mürəkkəb bir dövrdə özünün də ağır durumda olduğuna baxmayaraq, Osmanlı dövləti Azərbaycanla 1918-ci il iyun ayında bağladığı «Dostluq və əməkdaşlıq» müqaviləsinə əsasən, gənc dövlətin ərazi bütövlüyünü təmin etmək məqsədilə hərbi qüvvələrinin bir hissəsini Nuru paşanın rəhbərliyi altında ölkəmizə göndərdi. 

1918-ci ilin avqust-sentyabr aylarında Bakının daşnak-bolşevik qüvvələrindən azad edilməsi uğrunda gərgin döyüşlər başladı. Göyçay ərazisində baş verən ilk döyüşdə daşnak-bolşevik qüvvələri ağır məğlubiyyətə uğradılar. Elə birinci həmlədəcə burnu ovulan qüvvələr geri çəkilməyə məcbur oldular. Növbəti döyüşlərdə də daşnak-bolşevik qüvvələri yeni yaranıb formalaşmış Azərbaycan Ordusunun qarşısında dayana bilməyərək geri çəkildi.

2018-ci il avqustun ilk günlərindən Bakının azadlığı uğrunda qanlı döyüşlər alovlandı. Həmin gərgin və həlledici günlər paytaxtı daşnak Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Soveti işğal altında saxlayırdı. Erməni-bolşevik qüvvələri şəhəri əldən vermək istəmir, ona sahib çıxmağa can atırdılar. İstəklərinə çatmaq üçün bütün qüvvələrini səfərbər edərək ciddi müqavimət göstərirdilər. 

Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun zabit və əsgərləri Bakının azadlığı uğrunda gedən əməliyyatlarda qəhrəmancasına vuruşdular. Artıq qanlı döyüşlər şəhərin ətrafına gəlib çatmışdı. Xırdalan və Biləcəri istiqamətində döyüşlər bir gün, bir an olsun belə, səngimirdi. 

1918-ci il avqustun 3-də Mürsəl paşa Bakıda olan Sentrokaspi Ordusu Komandanına və Erməni Milli Şurası İdarəsinə təslim olmaları haqqında teleqram göndərdi. Teleqramda yazırdı: “Bakıdakı Erməni Şurasının rəhbəri. Bakının ətrafında Türk Qafqaz İslam Ordusunun döyüşdüyünü və şəhəri mühasirəyə aldığını bilirsiniz. Əgər şəhəri döyüşsüz təslim etsəniz, milli və dini mənsubiyyətindən asılı olmayaraq, Bakıdakı bütün insanların hüququ qorunacaq. Xüsusilə Ermənistana getmək istəyən ermənilərə heç bir maneə törədilməyəcəyinə zəmanət verirəm. Əgər şəhər təslim olmasa, axıdılacaq qanlara görə cavabdeh siz olacaqsınız. Şəhəri təslim etməyə razısınızsa, tezliklə cavabınızı adamlarınızdan göndərin”.

 Bakını əldən vermək istəməyən Erməni Şurası və Daşnak partiyası Mürsəl paşanın məktubuna cavab vermək əvəzinə, müqaviməti daha da artırmaq üçün şəhərdə səfərbərlik elan etdi. Avqust ayının 3-də vəziyyətin gərginliyindən qorxuya düşən daşnak Stepan Şaumyan gəmi ilə Bakıdan qaçmaq istəsə də, məqsədinə çata bilmədi. Sentrokaspi hökumətininin tabeliyində olan donanmanın matrosları tərəfindən tutularaq geri qaytarıldı. 

Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu erməni-bolşevik qüvvələrinə göndərdikləri teleqrama cavab gəlmədiyini görüb şəhəri azad etmək üçün hücumlarını davam etdirdi. Gərgin keçən döyüşlərdən sonra sentyabrın 15-də Azərbaycan Milli Korpusu və çoxsaylı azərbaycanlı könüllü vuruşa-vuruşa Bakıya daxil olaraq şəhəri erməni-bolşevik qüvvələrindən təmizlədilər. Bakı işğalçı qüvvələrdən azad olundu. 

Bakının erməni-bolşevik qüvvələrindən azad olunduğu həmin tarixi günü general Denstervil gündəliyində belə qələmə alıb: “Türklərin həlledici hücumları səhər saat 4-də başlandı. Saat 11-ə doğru onlar artıq şəhər ətrafındakı bütün yüksəklikləri ələ keçirib vaxt itirmədən bizim mövqelərə doğru xeyli irəliləmişdilər. Strafforddan, Varlikdən və Vorçesterdən olan hərbi hissələr əla döyüşürdülər. Onların əllərindəki 800 tüfəng, öz artilleriyamız və yerli qüvvələrin artilleriyası (təxminən 40 yaxın top) sayəsində gücünü ikiqat artırıb komandamız altında zirehli avtomobillər də daxil olmaqla 7 minə yaxın türklə savaşın ağırlığını üstlərinə götürmüşdülər. Qarşıya qoyulan vəzifənin öhdəsindən əla gəlirdilər. Saat 16-ya yaxın öyrəndim ki, Bakı qoşunları düşmənə müqavimət göstərmək əvəzinə, həmişəki kimi yenə də əsgərlərimi təhlükə altında qoyub mövqedən qaçırlar. Ermənilərdən isə həmişəki kimi fayda yox idi. Mən təlimata uyğun şəkildə köməkçim Breyi yazılı qeydlə diktatorların yanına göndərdim. Onlara döyüşün taleyinin artıq tam həll edildiyi ilə bağlı məlumat verdim. Eyni zamanda qoşunlarımı mümkün qədər tez, qaranlıq düşməmiş gəmiyə yükləmək istədiyimi bildirdim”.

Bakının azad edilməsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Milli qüvvələrin şəhərə daxil olması hamını sevindirirdi. Xalqımızın qeyrətli oğlu, məşhur milyonçu və tanınmış xeyriyyəçi Zeynalabdin Tağıyev qələbə münasibətilə ordunun şərəfinə böyük ziyafət də vermişdir. 

Azərbaycan Prezidenti İlham Əliyev 15 sentyabr 2018-ci ildə Bakının erməni-bolşevik qüvvələrindən azad olunmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda əcdadlarımızın həmin tarixi gün göstərdiyi qəhrəmanlıqdan söz açaraq demişdir: “...Yüz il bundan əvvəl Nuru Paşanın, Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun birgə əməliyyatı nəticəsində Bakı işğaldan azad edildi. Bir gündən çox davam edən şiddətli döyüşlərdə bizim əcdadlarımız əsl qəhrəmanlıq və şücaət göstərmişlər. Bu tarixi zəfərdən iki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya köçmüş və Bakı Azərbaycan dövlətinin paytaxtı elan edilmişdir. Bizim qədim şəhərimiz, Azərbaycan xalqının qədim şəhəri Bakı öz əsl sahibinə qayıtmışdır”. 


Vahid MƏHƏRRƏMOV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

21:12
10 Oktyabr

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər

17:01
10 Oktyabr

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB

16:27
10 Oktyabr

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar

16:24
10 Oktyabr

Ölkəmizin beynəlxalq mövqeyi möhkəmlənir

16:21
10 Oktyabr

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

15:29
10 Oktyabr

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb

15:12
10 Oktyabr

Yeni regional əməkdaşlıq mərhələsi

14:58
10 Oktyabr

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

14:38
10 Oktyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

13:59
10 Oktyabr

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

13:31
10 Oktyabr

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

12:39
10 Oktyabr

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

12:25
10 Oktyabr

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

12:23
10 Oktyabr

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

12:08
10 Oktyabr

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

12:06
10 Oktyabr

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

12:04
10 Oktyabr

Azərbaycan nefti 130 dollardan baha satılır

11:10
10 Oktyabr

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər 

11:08
10 Oktyabr

Dünya birjalarında neftin qiyməti artıb

11:07
10 Oktyabr

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi  

11:06
10 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!