15 Sentyabr 2026 09:25
164
İQTİSADİYYAT
A- A+
İqlim dəyişikliyi yalnız ekoloji problem deyil

İqlim dəyişikliyi yalnız ekoloji problem deyil


İqlim dəyişikliyinin nəticələri artıq bu gün dünyanın müxtəlif nöqtələrində rekord istilər, uzunmüddətli quraqlıqlar, güclü daşqınlar, meşə yanğınları, su çatışmazlığı və kənd təsərrüfatında itkilər şəklində özünü göstərir. Bir vaxtlar alimlərin və ekoloqların müzakirə etdiyi qlobal istiləşmə indi iqtisadiyyatdan səhiyyəyə, ərzaq təhlükəsizliyindən miqrasiyaya qədər həyatın demək olar ki, bütün sahələrinə təsir edən problemə çevrilib. Elmi qiymətləndirmələr isə xəbərdarlıq edir ki, temperaturun hər əlavə artımı ilə risklər də yüksəlir və bəzi dəyişikliklərin geri qaytarılması getdikcə çətinləşir.

Ümumdünya Meteorologiya Təşkilatının 2026-cı ilin martında açıqladığı "Qlobal İqlimin Vəziyyəti 2025" hesabatı vəziyyətin miqyasını aydın göstərir. Hesabata görə, 2015-2025-ci illər müşahidələr tarixinin ən isti dövrü olub. 2025-ci ildə Yer səthində orta temperatur sənayeləşmədən əvvəlki 1850-1900-cü illər səviyyəsindən təxminən 1,43 dərəcə yüksək olub və həmin il tarixdə ikinci və ya üçüncü ən isti il kimi qeydə alınıb. Okeanlarda toplanan istilik də 2025-ci ildə müşahidələrin aparıldığı 66 illik dövrün ən yüksək səviyyəsinə çatıb. 2024-cü ildə isə atmosferdə karbon qazı, metan və azot oksidinin konsentrasiyası son 800 min ilin ən yüksək göstəricilərinə yüksəlib.

İqlim sistemində baş verən dəyişikliklər, sadəcə, havanın bir qədər isinməsi demək deyil. Atmosfer və okeanlarda əlavə enerjinin toplanması təbiətdəki tarazlığı dəyişir. Nəticədə bəzi ərazilərdə daha uzun və intensiv istilik dalğaları, başqa yerlərdə güclü yağıntılar və daşqınlar, quraqlığa meyilli regionlarda isə su qıtlığı və torpaq deqradasiyası daha ciddi problemə çevrilir. İqlim dəyişikliyi artıq dünyanın müxtəlif bölgələrində su və ərzaq təhlükəsizliyinə mənfi təsir göstərir. Quraqlıq, daşqın və istilik dalğalarının tezliyi və şiddətinin artması kənd təsərrüfatı məhsuldarlığına, ərzağın qiymətinə və insanların dolanışığına təsir edir. İstiləşmənin hər əlavə dərəcəsi bu riskləri daha da böyüdür.

Ən ciddi təhlükələrdən biri su ilə bağlıdır. Temperatur yüksəldikcə buxarlanma artır, yağıntı rejimi dəyişir, qar və buz ehtiyatlarının ərimə müddəti fərqlənir. Bir tərəfdən, quraqlıq və su çatışmazlığı dərinləşir, digər tərəfdən, qısa müddətdə düşən intensiv yağıntılar daşqın riskini artırır. Su qıtlığı isə təkcə insanların içməli su təminatına deyil, kənd təsərrüfatına, energetikaya, sənayeyə və bütövlükdə iqtisadi sabitliyə təsir göstərir.

İqlim dəyişikliyinin təsirlərindən Azərbaycan da kənarda deyil. Son 30 ildə ölkəmizdə isti və quru küləklərin sayı 14 dəfə artıb, quraqlıqların davametmə müddəti isə 20 faizdən çox uzanıb, dolu hadisələrinin sayı isə üç dəfədən çox artıb. Yağıntıların qeyri-bərabər paylanması və intensivliyinin dəyişməsi kənd təsərrüfatı, su ehtiyatları, ekosistemlər, insan sağlamlığı və infrastruktura əlavə risklər yaradır. Ölkəmiz üçün xüsusilə həssas məsələlərdən biri su təhlükəsizliyidir. Dünya Bankının qiymətləndirməsinə əsasən, Azərbaycanın demək olar ki, bütün ərazisi quraqlıq və su çatışmazlığı riskinə məruz qalır və ekstremal hava hadisələrinin güclənməsi fonunda bu risklərin artacağı gözlənilir. Su ehtiyatlarının böyük hissəsinin transsərhəd mənbələrdən asılı olması məsələni daha da mürəkkəbləşdirir. Dünya Bankının su ehtiyatlarının idarə olunmasına dair hesabatında Azərbaycanın orta illik bərpaolunan şirin su ehtiyatlarının təxminən 32 kubkilometr olduğu, bunun yalnız 8 kubkilometrə yaxınının ölkə daxilində formalaşdığı göstərilir.

Xəzər dənizində baş verən proseslər də diqqət mərkəzindədir. Dənizin səviyyəsindəki dəyişikliklər yalnız sahil xəttinə deyil, biomüxtəlifliyə, balıq ehtiyatlarına, limanlara və sahilyanı infrastruktura təsir göstərə bilər. Azərbaycanın rəsmi iqlim sənədlərində Xəzərin ekosistemləri və sahilyanı ərazilər iqlim dəyişmələrinə həssas sahələr sırasında göstərilir. Ölkənin NDC 3.0 sənədində də su səviyyəsindəki dəyişikliklərin balıqların yaşayış mühitini azalda və daxili balıqçılığın məhsuldarlığına mənfi təsir göstərə biləcəyi qeyd edilir. İqlim dəyişmələrinin su ekosistemlərinə təsirinin getdikcə daha çox hiss olunduğu bir vaxtda Bakı bir daha beynəlxalq iqlim dialoqunun mühüm ünvanlarından birinə çevrildi. Sentyabrın 7-dən 11-dək paytaxtımız BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının dördüncü İqlim Həftəsinə - "Climate Week 4"ə evsahibliyi etdi. UNFCCC-nin məlumatına görə, iqlim həftələri hökumətləri, beynəlxalq təşkilatları, biznesi, ekspertləri və digər maraqlı tərəfləri bir araya gətirməklə qəbul olunmuş iqlim qərarlarının praktik icrasını sürətləndirmək, təcrübə mübadiləsi aparmaq və innovativ həlləri nümayiş etdirmək məqsədi daşıyır. Tədbirdə keçidi, iqlim maliyyəsi, sənayenin karbonsuzlaşdırılması, dayanıqlı şəhərlər və nəqliyyat, su ehtiyatları, kənd təsərrüfatı, uyğunlaşma və şəffaflıq kimi məsələlər müzakirə olunur. Bu, 2026-cı ildə keçirilən ikinci belə qlobal görüşdür, əvvəlki İqlim Həftəsi 21-25 aprel tarixlərində Koreya Respublikasının Yeosu şəhərində təşkil edilmişdir.

Bakının qlobal iqlim gündəmindəki rolu 2024-cü ilin noyabrında keçirilmiş COP29-dan sonra xüsusilə güclənib. Təxminən 200 ölkənin iştirak etdiyi tədbirdə əldə olunan  mühüm nəticələrdən biri uzun illər davam edən danışıqlardan sonra Paris Sazişinin 6-cı maddəsi üzrə karbon bazarlarının fəaliyyət qaydalarının tamamlanması oldu. Bu mexanizmlər ölkələr arasında emissiyaların azaldılması nəticələrinin ötürülməsi və karbon kreditləri bazarının daha aydın qaydalarla işləməsi üçün hüquqi çərçivəni gücləndirdi. Beləliklə, Bakı danışıqları iqlim maliyyəsinin artırılması ilə yanaşı, beynəlxalq karbon bazarlarının praktik fəaliyyətə keçməsi baxımından da mühüm mərhələ oldu.

İqlim dəyişikliyi ilə mübarizənin iki əsas istiqaməti var: istiləşməni yaradan istixana qazı emissiyalarını azaltmaq və artıq qaçılmaz olan dəyişikliklərə uyğunlaşmaq. Birincisi, bərpaolunan enerjinin genişləndirilməsini, enerji səmərəliliyini, nəqliyyat və sənayenin karbonsuzlaşdırılmasını tələb edir. İkincisi isə, su ehtiyatlarının daha səmərəli idarə olunması, müasir suvarma sistemləri, quraqlığa davamlı kənd təsərrüfatı, şəhərlərdə yaşıllığın artırılması, erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi və infrastrukturların ekstremal hava hadisələrinə davamlı qurulmasını nəzərdə tutur. Azərbaycanın qarşısında da həm risklər, həm də imkanlar dayanır. Ölkəmiz günəş və külək enerjisi potensialından istifadəni genişləndirir, iqtisadiyyatın şaxələndirilməsi və aşağıkarbonlu inkişaf istiqamətində yeni layihələr həyata keçirir. Azərbaycanın 2025-ci ildə təqdim etdiyi sənəddə 2035-ci il üçün istixana qazı emissiyalarının 1990-cı il səviyyəsi ilə müqayisədə 40 faiz azaldılması hədəfi müəyyənləşdirilib. Bu hədəfin həyata keçirilməsi maliyyə dəstəyi, texnologiyaların mövcudluğu və transferi kimi şərtlərlə əlaqələndirilir.

İqlim böhranının əsas xüsusiyyəti onun sərhəd tanımamasıdır. Bir ölkədə baş verən quraqlıq dünya ərzaq qiymətlərinə, başqa regiondakı daşqın beynəlxalq təchizat zəncirlərinə, dəniz səviyyəsindəki dəyişiklik isə milyonlarla insanın yaşayışına təsir göstərə bilər. Buna görə iqlim dəyişikliyi ilə mübarizə yalnız ekoloji siyasət deyil, eyni zamanda iqtisadi, sosial və təhlükəsizlik məsələsidir. Bakıda keçirilən COP29-dan iki il sonra şəhərin yenidən BMT İqlim Həftəsinə evsahibliyi etməsi də qlobal iqlim gündəmində əsas sualın dəyişdiyini göstərir. Dünya artıq təhlükənin mövcud olub-olmadığını müzakirə etmir. İndi əsas məsələ onun qarşısını almaq və qaçılmaz nəticələrinə uyğunlaşmaq üçün nə qədər sürətli və nə qədər birlikdə hərəkət edə biləcəyimizdir. Çünki iqlim dəyişikliyinin fəsadları gələcəyin proqnozu olmaqdan çıxaraq bu günün reallığına çevrilib.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Güclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülür

10:25
15 Sentyabr

Hacıqabulda yeni aqrar dövlət proqramının icrası müzakirə olunub

10:20
15 Sentyabr

Mingəçevirin işıqlı məzunları

10:15
15 Sentyabr

Neftçalada keçirilən tədbirdə aqrar məsələlər nəzərdən keçirilib

10:10
15 Sentyabr

Goranboyda aqrar sahədə dron texnologiyalarının tətbiqinə həsr edilmiş tədbir keçirilmişdir

10:05
15 Sentyabr

Hafiz Paşayev: Yaxşı vətəndaş ibtidai məktəbdən yetişməlidir

10:03
15 Sentyabr

Azərbaycan neftinin qiyməti 127 dolları ötüb

10:01
15 Sentyabr

Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə xələl gətirən addımlardan çəkinməyə çağırıb

10:01
15 Sentyabr

Şəhid anası yeni evində ziyarət edilib

10:00
15 Sentyabr

Şəhid övladları Şuşa və Xankəndiyə səfər etmişlər

09:50
15 Sentyabr

Qızıldan kağıza, Trans-Xəzərdən "yaşıl enerji"yə

09:40
15 Sentyabr

Vuçiç sentyabrın 27-də Serbiya Prezidenti vəzifəsindən istefa verəcək

09:36
15 Sentyabr

Onur Beyhan: "Bir respublikanın doğuşundan strateji müstəqilliyə: Azərbaycanı anlamaq"

09:30
15 Sentyabr

İqlim dəyişikliyi yalnız ekoloji problem deyil

09:25
15 Sentyabr

Ölkəmizdə yeni tədris ili başlayır

09:20
15 Sentyabr

Azərbaycan-Meksika tərəfdaşlığı yeni mərhələyə yüksəlir

09:10
15 Sentyabr

Bakının azadlığından Qarabağın azadlığına qədər...

09:00
15 Sentyabr

Çanaqqaladan Bakıya uzanan qardaşlıq yolu

08:50
15 Sentyabr

Keçmiş məcburi köçkün: 32 ildir Bakıdayıq, bu gün doğma torpağımıza qayıdırıq

08:45
15 Sentyabr

108 il öncə tariximizin şərəf və qürur səhifəsi yazılmışdır

08:45
15 Sentyabr

Səbinə Yusif: Qırmızı Bazar qəsəbəsinə köçdüyümüz üçün çox sevincliyik

08:42
15 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!