15 Sentyabr 2026 09:10
138
SİYASƏT
A- A+
Azərbaycan-Meksika tərəfdaşlığı yeni mərhələyə yüksəlir

Azərbaycan-Meksika tərəfdaşlığı yeni mərhələyə yüksəlir


Azərbaycanın dənizaşırı ölkələr siyasətində önəmli yerlərdən birini tutan Meksikaya hər qarışında qədim sivilizasiyaların nəfəsi duyulan, təbiətin səxavətli möcüzələri gizlənən cazibədar bir nağıllar diyarı desək, yanılmarıq. Sakit okeanın və Karib dənizinin firuzəyi sularının ağ köpüklərinin çırpıldığı bənzərsiz sahilləri, göz işləyən narın qumlu çimərlikləri, tropik meşələri və əzəmətli vulkanları ilə bu ölkə gözəlliyin coğrafi tərifinə çevrilmişdir. Burada Mayya və Astek imperiyalarının zamanın sınağından şərəflə çıxmış sirli abidələri - uca piramidalar və daş heykəltaraşlığı, şəhər qalıqları keçmişin səssiz şahidləri kimi ucalıb. Müasir kurortları isə dünyaya unudulmaz istirahət məkanı kimi təqdim edilir. 

Bu dost ölkədə son illər iqtisadi inkişaf yüksələn xətlə davam edir. 2025-ci ildə Meksikanın nominal ümumi daxili məhsulunun həcmi təxminən 1,83 trilyon dollardan çox olmuşdur. 2026-cı ildə ölkədə ümumi daxili məhsulun miqdarı təxminən 2,12 trilyon dollara çatmış və bununla da o, dünyanın 13-cü ən böyük iqtisadiyyatına çevrilmişdir. Cari ilin avqust ayında Meksikanın xarici valyuta ehtiyatları təxminən 258,48 milyard dollar təşkil edərək rekord həddə çatmışdır. 2026-cı ilin ikinci rübündə qızıl ehtiyatları 120,04 ton təşkil etmişdir.

Meksikada xidmət sektoru əsas hərəkətverici qüvvə olaraq qalır və bu sahədən əldə olunan gəlir ölkənin ümumi daxili məhsulunun təxminən 62-64 faizini təşkil edir. Eyni zamanda daxili istehlakın və pərakəndə ticarətin artımı sənaye istehsalının azaldığı dövrlərdə iqtisadiyyata dəstək olmuşdur. Meksika dünya bazarına kənd təsərrüfatı, içkilər, avtomobil, elektronika və istehlak malları sahəsində tanınmış bir çox brend və məhsullar ixrac edir. Bu ölkə dünya üzrə ən böyük avokado ixracatçısıdır.  

Ölkədə sənayenin müxtəlif sahələri son texnoloji nailiyyətlər əsasında inkişaf etməkdədir. Meksika dünyanın aparıcı avtomobil istehsalçılarından və ixracatçılarından biridir. General Motors, Ford, Nissan, Volksvagen, Toyota, Mazda və Stellantis kimi nəhəng beynəlxalq brendlər Meksikada istehsal etdikləri avtomobilləri və onların ehtiyat hissələrini ABŞ, Kanada və Latın Amerikası başda olmaqla, dünya bazarlarına ixrac edirlər. Artıq Meksika qabaqcıl texnologiya məhsullarının və məişət texnikasının montajı və istehsalı üzrə mühüm mərkəzdir. Mabe (məişət texnikası) kimi yerli brendlərlə yanaşı, ölkədə istehsal olunan Samsung, LG, Sony və Whirlpool kimi qlobal markaların məhsulları da qonşu bazarlara və uzaq ölkələrə ixrac olunur.

Hazırda ABŞ Meksikanın ən böyük ticarət tərəfdaşıdır. Ölkənin ixracatının 75-80 faizə yaxını və idxalatının böyük bir hissəsi onun payına düşür. ABŞ-Kanada-Meksika Sazişi bu əlaqələrin inkişafında mühüm rol oynayır. Həmçinin Kanada adıçəkilən saziş və Şimali Amerika Azad Ticarət Sazişi çərçivəsində Meksikanın əsas ixracat və ticarət tərəfdaşlarından biridir. O, Meksikanın xüsusilə idxal sahəsində də  əsas tərəfdaşlarından biridir. Çindən bu ölkəyə çox sayda elektronika, maşınqayırma məhsulları və müxtəlif sənaye malları gətirilir. Almaniya həm ixrac, həm də idxal baxımından Meksikanın Avropadakı aparıcı ticarət tərəfdaşlarından biridir. İspaniya və İtaliya da əhəmiyyətli tərəfdaşlar sırasındadır. Yaponiya və Cənubi Koreya da Asiya regionundan Meksika bazarına məhsul ixrac edən və idxal-ixrac əlaqələrində mühüm paya malik olan ölkələrdir.

Şimal qonşusu olan ABŞ ilə münasibətlər Meksikanın xarici siyasətinin həyati və mərkəzi istiqamətini təşkil edir. Ticarət, sərhəd təhlükəsizliyi, miqrasiya, mütəşəkkil cinayətkarlıq və narkotiklərlə mübarizə ikitərəfli gündəliyin əsasını təşkil edir. İki ölkə arasındakı nəhəng iqtisadi inteqrasiya Meksikanın bütün xarici iqtisadi addımlarında nəzərə alınır. 

Meksika BMT başda olmaqla, qlobal platformalarda fəal iştirak edir, beynəlxalq təhlükəsizlik, iqlim dəyişikliyi, insan hüquqları və dayanıqlı inkişaf kimi məsələlərdə beynəlxalq əməkdaşlığı dəstəkləyir. O, eyni zamanda asılılığı azaltmaq və xarici ticarəti genişləndirmək məqsədilə Avropa İttifaqı, Asiya-Sakit okean regionu və digər qlobal bazarlarla iqtisadi əlaqələrin şaxələndirilməsinə çalışır.

Meksika Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 25-də tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr isə bu tarixdən qısa müddət sonra - 1992-ci il fevralın 10-da qurulub. Azərbaycan Respublikası ilə Meksika Birləşmiş Ştatları arasında müxtəlif sahələrdə əməkdaşlığı tənzimləyən ümumilikdə 5 əsas ikitərəfli sənəd imzalanıb. Həmçinin iki ölkənin rəhbərlərinin müəyyən etdiyi xarici siyasət strategiyasına uyğun olaraq müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa dair sənəd imzalanmışdır.

2025-2026-cı illərdə Azərbaycan ilə Meksika arasındakı siyasi-diplomatik münasibətlər müxtəlif istiqamətlərdə, xüsusilə parlamentlərarası əməkdaşlıq, diaspor siyasəti və institusional təmaslar müstəvisində inkişaf etməkdədir. Coğrafi uzaqlığa və əvvəlki illərdə bəzi siyasi həssaslıqlara baxmayaraq, tərəflər ikitərəfli əlaqələrin intensivləşdirilməsinə və yeni əməkdaşlıq mexanizmlərinin yaradılmasına səy göstərirlər.

Xüsusi vurğulamaq lazımdır ki, Meksika Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini həmişə qətiyyətli və prinsipial şəkildə dəstəkləmişdir. Meksikanın bu mövqeyi xüsusilə torpaqların işğal altında olduğu dövrdə ölkəmiz üçün böyük əhəmiyyət daşımışdır. İki ölkə arasındakı münasibətlər qarşılıqlı hörmətə, beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də ərazi bütövlüyünün qorunmasına sadiqliyə əsaslanır. Meksika beynəlxalq müstəvidə və müxtəlif platformalarda Azərbaycanın haqlı mövqeyini və ərazi bütövlüyünü hər zaman müdafiə etmişdir.

Hazırda Azərbaycan və Meksika parlamentləri arasında əlaqələr iki ölkə arasında ümumi diplomatik münasibətlərin inkişafında mühüm körpü rolunu oynayır və son illərdə müsbət dinamika ilə seçilir. Qanunvericilik orqanları səviyyəsində qurulan əməkdaşlıq ikitərəfli tərəfdaşlığın dərinləşməsinə töhfə verir. Azərbaycan Milli Məclisində Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu 2005-ci ildən, Meksika Konqresinin Deputatlar Palatasında isə Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupu 2010-cu ildən fəaliyyət göstərir. Tərəflər müntəzəm olaraq qarşılıqlı səfərlər həyata keçirir, deputatlar hər iki ölkədə görüşlər keçirərək siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq imkanlarını müzakirə edirlər. Belə  ki, Meksika parlament nümayəndə heyətləri Azərbaycana, o cümlədən işğaldan azad edilmiş ərazilərə (Şuşaya) səfərlər etmişlər. Meksika qanunverici orqanı (həm Senat, həm də Deputatlar Palatası) Azərbaycanın haqlı mövqeyini dəstəkləyən mühüm sənədlər qəbul etmişdir. Xatırladaq ki, hələ 2011-ci ildə Meksika parlamentinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü və Xocalı soyqırımını tanıyan qətnamələr qəbul etməsi iki ölkənin parlament diplomatiyasında əlamətdar hadisə olmuşdur.

2026-cı ilin əvvəllərindən etibarən qanunvericilik orqanları xətti ilə təmaslar yeni mərhələyə qədəm qoymuşdur. Cari ilin fevral ayında Meksika Konqresinin Nümayəndələr Palatasında Meksika-Azərbaycan Dostluq Qrupunun rəsmi təsis edilməsi və fəaliyyətə başlaması ikitərəfli siyasi dialoqun gücləndirilməsi istiqamətində atılmış mühüm addımlardan biri olmuşdur. Hər iki ölkənin parlamentariləri arasında siyasi anlaşmanın, mədəni və iqtisadi mübadilənin təşviqi məqsədilə intensiv məsləhətləşmələr həyata keçirilir. Parlament diplomatiyası xalqlar arasında körpülərin yaradılmasında və hökumətlərarası əlaqələrin tamamlanmasında əsas vasitələrdən biri kimi çıxış edir. Ümumilikdə, Meksika və Azərbaycan parlamentləri arasındakı münasibətlər rəsmi diplomatik kanalları tamamlayan, xalqlar arasında dostluq körpülərini möhkəmləndirən və müxtəlif beynəlxalq platformalarda əməkdaşlığı stimullaşdıran uğurlu mexanizm kimi qiymətləndirilir.

Ayrı-ayrı dövlət və hökumət qurumları arasında da əlaqələr fəallaşır. Bu cəhətdən xarici işlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin davam etdirilməsi, beynəlxalq təşkilatlar (xüsusilə BMT) çərçivəsində qarşılıqlı anlaşmanın qorunması üçün zəmin yaradır. 

Azərbaycanın qeyri-neft sektorunu inkişaf etdirmək və investisiya mənbələrini diversifikasiya etmək siyasəti çərçivəsində Latın Amerikası regionu, xüsusilə də bu regionun aparıcı iqtisadiyyatlarından biri olan Meksika ilə əlaqələr xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ilə Meksika arasında ticarət-iqtisadi əlaqələr coğrafi uzaqlığa baxmayaraq, son illərdə müəyyən dinamika nümayiş etdirir. İki ölkə arasında iqtisadi əlaqələr əsasən ticarət mübadiləsi (məsələn, kənd təsərrüfatı məhsulları, içkilər və sənaye malları) üzərində qurulub.  

Azərbaycanın Meksikaya ixrac etdiyi əsas məhsullar sırasında alüminium lövhələr, müəyyən növ sənaye və kimyəvi analiz avadanlıqları üstünlük təşkil edir. Meksikadan Azərbaycana ixrac olunan əsas mallara isə maşınqayırma avadanlıqları, kompüterlər, mexaniki qurğular və digər yüksəktexnologiyalı məhsullar daxildir. Meksikadan Azərbaycana qızıl və avtomobil kimi qiymətli məhsulların da tədarükü həyata keçirilmişdir. 

İki ölkə arasında birbaşa nəqliyyat və logistik xətlərin məhdud olması, həmçinin daşınma xərclərinin yüksəkliyi ticarət həcminin artmasına mane olan əsas əngəllərdən biridir. Ticarət, əsasən, üçüncü ölkələrin logistik infrastrukturu vasitəsilə həyata keçirilir. Kənd təsərrüfatı, yüngül sənaye, İKT, turizm və enerji sektorları hər iki ölkənin işgüzar dairələrinin əməkdaşlıq edə biləcəyi potensial sahələr olaraq qalır. Meksikanın qabaqcıl texnologiyaları və sənaye potensialı ilə Azərbaycanın strateji coğrafi mövqeyi və enerji resursları gələcəkdə qarşılıqlı faydalı tərəfdaşlığın genişlənməsinə zəmin yarada bilər. 

2025-ci ildə Meksikaya təxminən 47,8 milyon turist səfər etmişdir. Azərbaycan turizm qurumları Latın Amerikası regionunda, xüsusilə Meksikada keçirilən nüfuzlu tədbirlərdə və turizm platformalarında iştirak etməklə ölkəmizin turizm potensialını təqdim edirlər. Azərbaycan nümayəndələri Meksikanın Akapulko şəhərində təşkil olunan aparıcı turizm tədbirlərində və sərgilərdə təmsil olunublar. Meksika turizm sənayesində, xüsusilə qonaqpərvərlik, infrastruktur və kurort idarəçiliyi sahəsində zəngin təcrübəyə malikdir. Azərbaycan bu zəngin təcrübəni bölüşmək, eləcə də turizm xidmətlərinin keyfiyyətini artırmaq üçün Meksika ilə təcrübə mübadiləsinə xüsusi önəm verir. Coğrafi uzaqlığa və birbaşa aviareyslərin olmamasına baxmayaraq, hər iki ölkə turizm mübadiləsinin artırılması, turizm agentlikləri arasında birbaşa əlaqələrin qurulması və rəqəmsal marketinq alətləri vasitəsilə səyahətçilərin cəlb edilməsi istiqamətində potensialı dəyərləndirməkdədir.

İki ölkə arasında mədəni əlaqələr mövcuddur. İki ölkənin ayrı-ayrı ali təhsil müəssisələri (məsələn, ADA Universiteti və Puebla Amerika Universiteti) arasında da müxtəlif tərəfdaşlıq memorandumları mövcuddur.

Bütün bunlar göstərir ki, Azərbaycan və Meksika arasında tərəfdaşlığın inkişafı və yeni mərhələyə qədəm qoyması ölkələri və xalqları bir-birilə yaxınlaşdırmaqla yanaşı, qlobal əməkdaşlığı və iqtisadi tərəqqini də gücləndirir. Azərbaycan-Meksika tərəfdaşlığı yeni mərhələyə yüksəlməklə bu prosesə özünün sanballı töhfəsini verir. 


Atamoğlan MƏMMƏDLİ,

BDU-nun dosenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şəhid övladları Şuşa və Xankəndiyə səfər etmişlər

09:50
15 Sentyabr

Qızıldan kağıza, Trans-Xəzərdən "yaşıl enerji"yə

09:40
15 Sentyabr

Vuçiç sentyabrın 27-də Serbiya Prezidenti vəzifəsindən istefa verəcək

09:36
15 Sentyabr

Onur Beyhan: "Bir respublikanın doğuşundan strateji müstəqilliyə: Azərbaycanı anlamaq"

09:30
15 Sentyabr

İqlim dəyişikliyi yalnız ekoloji problem deyil

09:25
15 Sentyabr

Ölkəmizdə yeni tədris ili başlayır

09:20
15 Sentyabr

Azərbaycan-Meksika tərəfdaşlığı yeni mərhələyə yüksəlir

09:10
15 Sentyabr

Bakının azadlığından Qarabağın azadlığına qədər...

09:00
15 Sentyabr

Çanaqqaladan Bakıya uzanan qardaşlıq yolu

08:50
15 Sentyabr

Keçmiş məcburi köçkün: 32 ildir Bakıdayıq, bu gün doğma torpağımıza qayıdırıq

08:45
15 Sentyabr

108 il öncə tariximizin şərəf və qürur səhifəsi yazılmışdır

08:45
15 Sentyabr

Səbinə Yusif: Qırmızı Bazar qəsəbəsinə köçdüyümüz üçün çox sevincliyik

08:42
15 Sentyabr

Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür

08:40
15 Sentyabr

Bakı-Brüssel münasibətləri: qlobal reallıqlara əsaslanan strateji tərəfdaşlıq

08:40
15 Sentyabr

Xocavəndə qayıdan keçmiş məcburi köçkün: Bu, bizim üçün unudulmaz bir gündür

08:39
15 Sentyabr

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 50 ailə yola salınıb

08:38
15 Sentyabr

SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb

08:34
15 Sentyabr

Sudanın Darfur bölgəsində son 40 ilin ən quraq mövsümü yaşanır

08:33
15 Sentyabr

Böyük amal: istiqlal salnaməçiləri

08:30
15 Sentyabr

"Azərbaycan" zəmanəmizin ideya-siyasi tribunasıdır

08:20
15 Sentyabr

Azərbaycanın dövlətçilik tarixini yazan qəzet

08:10
15 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!