15 Sentyabr 2026 08:40
152
SİYASƏT
A- A+
Bakı-Brüssel münasibətləri: qlobal reallıqlara əsaslanan strateji tərəfdaşlıq

Bakı-Brüssel münasibətləri: qlobal reallıqlara əsaslanan strateji tərəfdaşlıq


Son illərdə regionda yaranmış yeni reallıqlar, qlobal nəqliyyat marşrutlarının yenidən qurulması və Avropanın enerji təminatında baş verən dəyişikliklər Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasındakı münasibətləri strateji müstəviyə çıxarıb. Bu gün Bakı və Brüssel arasında formalaşan tərəfdaşlıq real iqtisadi, geostrateji və təhlükəsizlik məsələlərinə əsaslanır. Bu baxımdan, Avropa İttifaqının ali rəhbərliyinin və xüsusi nümayəndələrinin ölkəmizə ardıcıl səfərləri ikitərəfli dialoqun dinamik inkişafının və rəsmi Bakının Avropanın xarici siyasət gündəmində tutduğu mühüm yerin bariz göstəricisidir. 

Bu təmasların növbəti əhəmiyyətli mərhələsi kimi sentyabrın 10-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun Azərbaycana işgüzar səfərini qeyd etmək olar. Aİ-nin xüsusi nümayəndəsi səfər çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə ayrı-ayrılıqda mühüm görüşlər keçirib. Konstruktiv şəraitdə keçən danışıqlarda Azərbaycan-Aİ əməkdaşlığının gündəliyində duran əsas məsələlər, ikitərəfli tərəfdaşlığın gələcək inkişaf perspektivləri, eləcə də Cənubi Qafqazda mövcud olan son geosiyasi vəziyyət, regional sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi istiqamətində rəsmi Bakı tərəfindən atılan addımlar ətraflı təhlil edilib. 

Görüşlərdə yüksəksəviyyəli qarşılıqlı səfər və təmasların Azərbaycan-Aİ gündəliyinin irəlilədilməsi, münasibətlərin şaxələndirilməsi baxımından müstəsna önəmi xüsusi vurğulanıb. Müzakirələrdə həmçinin Avropa İttifaqının Azərbaycan-Ermənistan arasında sülh prosesinə verə biləcəyi dəstək, humanitar məsələlərin həlli, regionda enerji, nəqliyyat və kommunikasiya infrastrukturunun bərpası və şaxələndirilməsi istiqamətində görülən işlər diqqət mərkəzində olub. 

Aİ rəsmisi Maqdalena Qrononun Azərbaycana səfərinin diqqətçəkən məqamlarından biri qonağın ilk dəfə ölkəmizin işğaldan azad edilmiş ərazilərinə səfər etməsi olub. Qrono 11-12 sentyabr tarixlərində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura təşkil edilən səfərində iştirak edib. Aİ nümayəndəsi Xankəndi və Şuşa şəhərlərində, habelə Ağdərə və Kəlbəcər rayonlarında olub. Bölgəyə səfərləri çərçivəsində Maqdalena Qrono və diplomatik heyətin üzvləri Prezident İlham Əliyevin rəhbərliyi və birbaşa nəzarəti ilə azad olunmuş ərazilərdə həyata keçirilən nəhəng bərpa-quruculuq işləri, sosial və iqtisadi infrastruktur layihələri ilə yerindəcə tanış olublar.

Maqdalena Qrono səfərin yekunlarına dair sosial şəbəkə hesabında etdiyi paylaşımda Bakıdakı məhsuldar görüşləri və keçmiş münaqişə zonalarındakı real vəziyyətlə tanışlığın vacibliyini xüsusi qeyd edərək, bu səfərin regional reallıqların düzgün qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Aİ rəsmisinin ölkəmizə səfəri və azad edilmiş ərazilərdə şahidi olduğu reallıqlar Bakı və Brüssel arasında gündən-günə dərinləşən strateji tərəfdaşlığın məntiqi tərkib hissəsidir.

Ümumiyyətlə, son dönəmlərdə həyata keçirilən intensiv səfərlər və tərəflərin mühüm müzakirələri Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı etimada əsaslanan dialoqun keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunun sübutudur. Vurğulamaq lazımdır ki, Azərbaycanın Avropa üçün əhəmiyyəti yalnız zəngin karbohidrogen resursları ilə məhdudlaşmır, həm də ölkəmizin Şərqlə Qərb, Şimalla Cənub arasında etibarlı tranzit, logistika və nəqliyyat mərkəzi kimi çıxış etməsindən qaynaqlanır. Strateji yaxınlaşmanın və Brüsselin Bakıya verdiyi yüksək önəmin göstəricisi kimi Avropa İttifaqının ali rəhbərliyinin qısa vaxt ərzində ölkəmizə ardıcıl səfərlərini də qeyd etmək olar. 

İkitərəfli müstəvidə Azərbaycan Avropa İttifaqına üzv olan 27 dövlətdən 10-dan çoxu ilə strateji tərəfdaşlıq haqqında rəsmi sənədlər imzalamaqla bu qitənin iqtisadi və siyasi dayanıqlılığında həlledici mövqe qazanıb. Bu sənədlər rəsmi Bakı ilə Avropa paytaxtları arasında siyasi dialoqun, investisiya axınının və ticarət dövriyyəsinin yeni mərhələyə yüksəlməsinə möhkəm hüquqi təməl yaradıb. Paralel olaraq, müdafiə sənayesi, nəqliyyat infrastrukturu və "yaşıl texnologiyalar" sahəsində birgə layihələrin icrası ikitərəfli əlaqələrin yalnız enerji sektoru ilə məhdudlaşmadığını sübut edir. Aİ-yə üzv dövlətlərlə formalaşan bu çoxtərəfli əməkdaşlıq Azərbaycanın Avropanın təhlükəsizlik arxitekturasında önəmli aktora çevrildiyini göstərir. 

Azərbaycanın mühüm coğrafi mövqeyi, ölkə daxilində və regional müstəvidə reallaşdırdığı müasir infrastruktur layihələri, irəli sürdüyü bağlantı tərəfdaşlığı təşəbbüsləri mövcud geosiyasi qarşıdurmalar fonunda ölkəmizi Avrasiya məkanının ən etibarlı bağlantı və logistika mərkəzinə çevirib. Cənubi Qafqazın coğrafi üstünlüklərini real iqtisadi dividendlərə çevirən Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə inkişaf etdirilən Orta dəhliz Avropa, Qara dəniz, Xəzər və Mərkəzi Asiya regionlarını vahid iqtisadi zəncirdə birləşdirən strateji arteriya rolunu oynayır. Ənənəvi daşıma marşrutlarının təhlükəsizlik risklərlə üzləşdiyi bir dövrdə Azərbaycan üzərindən keçən təhlükəsiz, şaxələndirilmiş və dayanıqlı dəhliz bütövlükdə qitələrarası yükdaşımaların fasiləsizliyinə zəmanət verir. Xüsusilə Çinlə strateji tərəfdaşlığın dərinləşməsi, Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin tamamilə yeni müstəviyə keçməsi Orta dəhlizin buraxılış qabiliyyətini və tranzit cəlbediciliyini dəfələrlə artırıb. Bu səbəbdən Aİ rəsmilərinin Azərbaycanı nəhəng iqtisadi və logistik layihələrin idarəetmə mərkəzi kimi qəbul etməsi tamamilə qanunauyğundur. 

Nəticə etibarı ilə Azərbaycan və Avropa İttifaqı arasında formalaşan tərəfdaşlıq qarşılıqlı maraqlara, bərabərhüquqlu dialoqa əsaslanan unikal əməkdaşlıq modelidir. Azərbaycan bu gün Avropa qitəsinin enerji təhlükəsizliyinin şaxələndirilməsində, Orta dəhliz kimi qlobal nəqliyyat-logistika arteriyalarının fasiləsiz fəaliyyətində və "yaşıl enerji" bağlantılarının reallaşdırılmasında əvəzolunmaz rol oynayır. Avropa İttifaqının ali nümayəndələrinin ölkəmizə səfərləri də göstərir ki, Aİ regionda davamlı sülhün və inkişafın təmin olunmasında Azərbaycanı əsas tərəfdaş kimi görür. Avropa İttifaqı, o cümlədən qitənin aparıcı dövlətləri ilə qurulan strateji münasibətlər Azərbaycanın qlobal geosiyasi çəkisini daha da artırır, ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyini gücləndirir.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şəhid övladları Şuşa və Xankəndiyə səfər etmişlər

09:50
15 Sentyabr

Qızıldan kağıza, Trans-Xəzərdən "yaşıl enerji"yə

09:40
15 Sentyabr

Vuçiç sentyabrın 27-də Serbiya Prezidenti vəzifəsindən istefa verəcək

09:36
15 Sentyabr

Onur Beyhan: "Bir respublikanın doğuşundan strateji müstəqilliyə: Azərbaycanı anlamaq"

09:30
15 Sentyabr

İqlim dəyişikliyi yalnız ekoloji problem deyil

09:25
15 Sentyabr

Ölkəmizdə yeni tədris ili başlayır

09:20
15 Sentyabr

Azərbaycan-Meksika tərəfdaşlığı yeni mərhələyə yüksəlir

09:10
15 Sentyabr

Bakının azadlığından Qarabağın azadlığına qədər...

09:00
15 Sentyabr

Çanaqqaladan Bakıya uzanan qardaşlıq yolu

08:50
15 Sentyabr

Keçmiş məcburi köçkün: 32 ildir Bakıdayıq, bu gün doğma torpağımıza qayıdırıq

08:45
15 Sentyabr

108 il öncə tariximizin şərəf və qürur səhifəsi yazılmışdır

08:45
15 Sentyabr

Səbinə Yusif: Qırmızı Bazar qəsəbəsinə köçdüyümüz üçün çox sevincliyik

08:42
15 Sentyabr

Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür

08:40
15 Sentyabr

Bakı-Brüssel münasibətləri: qlobal reallıqlara əsaslanan strateji tərəfdaşlıq

08:40
15 Sentyabr

Xocavəndə qayıdan keçmiş məcburi köçkün: Bu, bizim üçün unudulmaz bir gündür

08:39
15 Sentyabr

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 50 ailə yola salınıb

08:38
15 Sentyabr

SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb

08:34
15 Sentyabr

Sudanın Darfur bölgəsində son 40 ilin ən quraq mövsümü yaşanır

08:33
15 Sentyabr

Böyük amal: istiqlal salnaməçiləri

08:30
15 Sentyabr

"Azərbaycan" zəmanəmizin ideya-siyasi tribunasıdır

08:20
15 Sentyabr

Azərbaycanın dövlətçilik tarixini yazan qəzet

08:10
15 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!