15 Sentyabr 2026 08:20
201
CƏMİYYƏT
A- A+
"Azərbaycan" zəmanəmizin ideya-siyasi tribunasıdır

"Azərbaycan" zəmanəmizin ideya-siyasi tribunasıdır


Tarixi missiyadan müasir dövlətçilik düşüncəsinə uzanan böyük mətbuat yolu


Bəzən bir qəzet sadəcə qəzet olmur, bir xalqın yaddaşına çevrilir, dövlətin keçdiyi yolu işıqlandırır, zamanın səsini gələcəyə çatdırır və tarixin canlı şahidinə çevrilir. "Azərbaycan" qəzeti də məhz belə bir mətbuat salnaməsidir. Onun adı Azərbaycanın adı ilə qoşa çəkilir. Bu qəzetin səhifələrində xalqımızın istiqlal arzusu, dövlətçilik mübarizəsi, ağır sınaqları, milli iradəsi və böyük qələbələri yaşayır. 

"Azərbaycan" qəzetinin tarixi missiyasını anlamaq üçün onun meydana çıxdığı dövrün siyasi mahiyyətinə nəzər salmaq lazımdır. 1918-ci il Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinin yeni tarixi şəraitdə müstəqil respublika formasında təcəssüm etdiyi il idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması yalnız yeni dövlət qurumlarının formalaşması demək deyildi, bu, milli iradənin siyasi təşkilatlanması, xalqın öz taleyinin sahibi olmaq iddiasının dövlət səviyyəsinə yüksəlməsi idi. Belə bir şəraitdə mətbuat da sadəcə informasiya vasitəsi deyil, dövlət quruculuğunun mühüm ideoloji və ictimai institutlarından birinə çevrilirdi. Məhz bu tarixi zərurətdən "Azərbaycan" qəzeti meydana gəldi. 

"Azərbaycan" qəzetinin ilk nömrəsi 1918-ci il sentyabrın 15-də Gəncədə işıq üzü gördü. Bu, Azərbaycan tarixinin mühüm hadisələrindən biri ilə - Bakının azad edilməsi ilə eyni günə təsadüf edirdi. Qəzetin ilk nömrələrində həmin tarixi hadisənin əks-sədasının duyulması təsadüfi deyildi. "Azərbaycan"ın doğuluşu dövlətin siyasi həyatında yeni mərhələnin başlandığı bir vaxtda milli mətbuatın qarşısında dayanan vəzifələri də müəyyənləşdirirdi. Qəzetin ilk dörd nömrəsi Gəncədə, beşinci nömrəsi isə 1918-ci il oktyabrın 3-də Bakıda nəşr olundu. İlk saylar Azərbaycan və rus dillərində dörd səhifə həcmində buraxılırdı. Bu, o dövrün mürəkkəb ictimai-siyasi mühiti, müxtəlif sosial təbəqələrə və dil qruplarına çıxış zərurəti baxımından mühüm xüsusiyyət idi. 

"Azərbaycan" qəzetinin ilk redaksiyası yalnız peşəkar jurnalistlərdən ibarət kollektiv deyildi. O, milli ziyalı düşüncəsinin, dövlətçilik təfəkkürünün və istiqlal məfkurəsinin mətbu ifadə məkanı idi. Qəzetin səhifələrində müxtəlif qələm sahiblərinin yazıları dərc olunur, dövrün siyasi və ictimai məsələləri müzakirəyə çıxarılırdı. Bu yazıların ümumi məzmununu birləşdirən əsas xətt isə azərbaycançılıq, milli dövlətçilik və istiqlal ideyası idi.

Qəzetin səhifələrində hökumətin qərarları, qanunvericilik fəaliyyəti, parlamentin iclasları, xarici siyasət, ordu quruculuğu, iqtisadiyyat, mədəniyyət və maarif məsələləri öz əksini tapırdı. Azərbaycan-Ermənistan münasibətləri, ölkənin təhlükəsizliyi və ərazi bütövlüyü ilə bağlı məsələlər də dövrün siyasi reallıqları çərçivəsində işıqlandırılırdı. Beləliklə, qəzet həm dövlətin rəsmi mövqeyini çatdırır, həm də cəmiyyətin qarşısında dayanan mühüm məsələləri gündəmə gətirirdi. 

Cümhuriyyət dövründə "Azərbaycan" qəzetinin 443 nömrəsi işıq üzü gördü. Sonuncu - 443-cü nömrə 1920-ci il aprelin 28-də nəşr olundu. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə qəzetin həmin dövrdəki nəşrinə də son qoyuldu. Lakin qəzetin susması onun yazdığı tarixin susması demək deyildi, əksinə, zaman keçdikcə "Azərbaycan"ın cümhuriyyət dövründə çap olunmuş nömrələri həmin tarixin öyrənilməsi üçün daha böyük əhəmiyyət qazandı.

Bu gün "Azərbaycan" qəzetinin saylarına yalnız keçmişin mətbuat nümunəsi kimi baxılmır, onlar dövlət quruculuğu prosesinin, parlament həyatının, siyasi qərarların, ictimai münasibətlərin, mədəni mühitin və dövrün düşüncə tərzinin öyrənilməsi baxımından mühüm ilkin mənbələrdir. ADA Universitetinin "Azərbaycan qəzeti. 1918-1920" külliyyatını hazırlaması da bu irsin elmi dövriyyəyə qaytarılması baxımından xüsusi əhəmiyyət daşıyır. Külliyyatın məqsədlərindən biri cümhuriyyət dövrünün qəzet materiallarını müasir Azərbaycan əlifbasına çevirərək geniş oxucu və tədqiqatçı auditoriyasına təqdim etməkdir. 

Azərbaycan Xalq Cümhuriyyətinin süqutu milli dövlətçilik tariximizdə ağır bir fasilə yaratdı. "Azərbaycan" qəzetinin nəşrinin dayanması da həmin tarixi qırılmanın mətbuat sahəsindəki ifadəsi oldu. Lakin milli istiqlal ideyası cəmiyyətin yaddaşından silinmədi. XX əsrin sonlarında Azərbaycan xalqı yenidən dövlət müstəqilliyinə qovuşdu. Müstəqilliyin bərpası milli dövlətçilik irsinin yenidən dəyərləndirilməsi, tarixi adların və rəmzlərin öz yerinə qaytarılması prosesini də sürətləndirdi. Bu proses mətbuat sahəsindən də yan keçmədi.

Müstəqil Azərbaycanın qarşısında duran vəzifələr 1918-ci ilin vəzifələrindən fərqli olsa da, onların əsasında dayanan əsas ideya eyni idi - milli dövlət necə gücləndirilməli, xalqın müstəqilliyi necə qorunmalı və ölkənin gələcəyi necə qurulmalıdır? Məhz "Azərbaycan" qəzetinin səhifələrində milli dövlət institutlarının möhkəmləndirilməsi, hüquqi dövlət və demokratik idarəçilik, iqtisadi inkişaf, sosial siyasət, elm, təhsil, səhiyyə, mədəniyyət və milli-mənəvi dəyərlərin qorunması kimi məsələlər geniş əksini tapdı.

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi, iqtisadi inkişaf strategiyasının formalaşması və "Əsrin müqaviləsi"nin imzalanması kimi hadisələr müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinin mühüm istiqamətlərini təşkil edirdi. Sonrakı illərdə iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, regionların sosial-iqtisadi tərəqqisi, enerji və nəqliyyat layihələri də ölkənin strateji inkişaf gündəliyində mühüm yer tutdu.

Bu proseslərin mətbuatda işıqlandırılması yalnız görülən işlərin sadalanması deyil, dövlət qəzetinin vəzifəsi bu hadisələrin ölkənin inkişaf strategiyası baxımından əhəmiyyətini də göstərməkdir. İqtisadi layihə yalnız tikinti faktı deyil, onun arxasında dayanan regional əlaqələr, milli iqtisadi maraqlar və gələcək inkişaf perspektivləri ilə birlikdə təqdim edilməlidir. Sosial siyasət yalnız rəqəmlərdən ibarət deyil, insan həyatına və cəmiyyətin rifahına təsiri ilə izah olunmalıdır. Bu yanaşma qəzetin informasiya funksiyasını analitik və ideya funksiyası ilə tamamlayır.

Milli mətbuat üçün ərazi bütövlüyü, dövlət suverenliyi, tarixi həqiqətlərin qorunması və beynəlxalq ictimaiyyətə çatdırılması yalnız gündəlik xəbər mövzusu deyildi, milli maraqlarla bağlı prinsipial məsələlər idi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixində yeni mərhələ açdı. Ordumuzun Zəfəri, şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin şücaəti, xalq-ordu birliyi və ərazi bütövlüyünün bərpası ölkənin ictimai-siyasi həyatında dərin iz buraxdı. "Azərbaycan" qəzetinin bu hadisələri işıqlandırması, müharibənin gedişi və nəticələri ilə bağlı materialları oxucuya çatdırması, Zəfərin tarixi və siyasi əhəmiyyətini təqdim etməsi onun müasir salnaməçilik funksiyasının mühüm nümunəsidir.

Zəfərdən sonrakı dövrdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri, Böyük qayıdış, yeni yaşayış məntəqələrinin salınması, yol və nəqliyyat infrastrukturunun yaradılması, enerji layihələri və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı da Azərbaycanın yeni inkişaf gündəliyinin əsas mövzularındandır. Burada qəzetin qarşısında dayanan vəzifə yalnız "nə baş verir?" sualına cavab vermək deyildi, eyni zamanda "Bu proses Azərbaycanın gələcəyi üçün nə deməkdir?" sualını da izah etməkdir. Məhz bu, mətbuatı sadə xəbər mənbəyindən ictimai-siyasi düşüncə platformasına yüksəldir.

"Tribuna" sözü mətbuat haqqında danışarkən təsadüfi seçilmiş ifadə deyil, eyni zamanda mövqelərin səsləndirildiyi, ideyaların ifadə olunduğu, cəmiyyət üçün əhəmiyyətli məsələlərin müzakirəyə çıxarıldığı ictimai məkandır. "Azərbaycan" qəzetini ideya-siyasi tribuna kimi səciyyələndirən əsas xüsusiyyətlərini bir neçə istiqamətdə ümumiləşdirmək olar. 

Birincisi, dövlətçilik düşüncəsinin ifadəsi. Qəzet Azərbaycan dövlətinin tarixi, siyasi və institusional inkişafını işıqlandırmaqla dövlətçilik ideyasının cəmiyyətə çatdırılmasına xidmət edir. Onun tarixi kökləri 1918-ci ilin istiqlal mətbuatına gedib çıxır. İkincisi, milli maraqların gündəmə gətirilməsi, ərazi bütövlüyü, suverenlik, milli təhlükəsizlik, iqtisadi müstəqillik, sosial rifah və milli-mənəvi dəyərlər kimi məsələlər qəzetin ideya xəttinin əsas istiqamətlərini təşkil edir. Üçüncüsü, ictimai-siyasi proseslərin izahıdır. Qəzetin əhəmiyyəti yalnız hadisəni çatdırmaqla bitmir, onun səbəblərini, mahiyyətini və nəticələrini izah etmək, onun cəmiyyət və dövlət üçün əhəmiyyətini göstərmək mətbuatın analitik missiyasını müəyyənləşdirir. Dördüncüsü, tarixi yaddaşın qorunmasıdır. "Azərbaycan"ın səhifələrində bu günün hadisələri sabahın tarixi üçün sənədləşir. Bu, qəzetin zamanla münasibətini müəyyən edən mühüm xüsusiyyətlərdəndir. Beşincisi, milli ideyanın müasir məzmunla zənginləşdirilməsi. 1918-ci ildə istiqlal və dövlət quruculuğu ön planda idisə, müasir dövrdə həmin dövlətçiliyin qorunması, inkişafı, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və cəmiyyətin rifahının yüksəldilməsi kimi məsələlər ön plana çıxır.

Deməli, "ideya-siyasi tribuna" ifadəsi qəzetin yalnız siyasi xəbərlər dərc etməsi demək deyil. Bu anlayış qəzetin milli ideyanı tarixi yaddaş, dövlətçilik və müasir ictimai-siyasi gündəmlə əlaqələndirən mətbuat platforması olduğunu ifadə edir.

"Azərbaycan" qəzetinin bir əsrdən artıq tarixi onun qarşısında xüsusi məsuliyyət yaradır. Bu məsuliyyət yalnız qəzetin adına və tarixinə bağlılıqdan irəli gəlmir, o, həm də qəzetin daşıdığı ictimai missiyanın mahiyyətindən doğur. Adında bir dövlətin adı olan qəzetin hər bir yazısı, mövzusu və mövqeyi milli yaddaşa daxil olur. Bu səbəbdən belə bir mətbuat orqanı üçün məsuliyyət, fakt dəqiqliyi, peşəkarlıq, tarixi həqiqətlərə hörmət və ictimai əhəmiyyət daşıyan məsələlərə analitik yanaşma xüsusi önəm kəsb edir.

Qəzetin tarixi göstərir ki, onun missiyası dövrün dəyişməsi ilə yox olmayıb, əksinə, hər yeni mərhələdə yeni məzmun qazanıb. 1918-ci ildə dövlətin yaranışını və istiqlal ideyasını işıqlandıran qəzet müasir dövrdə müstəqil Azərbaycanın inkişafını, milli maraqlarını və dövlətçilik strategiyasını gündəmə gətirir. Bu, tarixi varisliyin ən mühüm göstəricilərindən biridir - forma və gündəm dəyişə bilər, amma dövlətçilik məsuliyyəti və milli yaddaşa xidmət missiyası qorunur.

Qəzet dünənin hadisələrini qoruyaraq bu günün düşüncəsinə bu günün hadisələrini sənədləşdirərək sabahın tarixinə çevirir. O, dövlətin fəaliyyətini işıqlandırmaqla yanaşı, dövlətçilik ideyasının ictimai məzmununu açır, milli maraqları gündəmdə saxlayır və cəmiyyətin qarşısında dayanan taleyüklü məsələlərin müzakirəsi üçün mətbu meydan yaradır. Bu mənada "Azərbaycan" qəzeti yalnız keçmişin salnaməsi deyil, o, tarixi missiyasını müasir dövrün çağırışları ilə birləşdirən, milli dövlətçilik düşüncəsini ifadə edən və zəmanəmizin ideya-siyasi tribunası kimi çıxış edən böyük mətbuat məktəbidir.

"Azərbaycan" - bu adın arxasında bir qəzetdən daha böyük bir tarix dayanır.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şəhid övladları Şuşa və Xankəndiyə səfər etmişlər

09:50
15 Sentyabr

Qızıldan kağıza, Trans-Xəzərdən "yaşıl enerji"yə

09:40
15 Sentyabr

Vuçiç sentyabrın 27-də Serbiya Prezidenti vəzifəsindən istefa verəcək

09:36
15 Sentyabr

Onur Beyhan: "Bir respublikanın doğuşundan strateji müstəqilliyə: Azərbaycanı anlamaq"

09:30
15 Sentyabr

İqlim dəyişikliyi yalnız ekoloji problem deyil

09:25
15 Sentyabr

Ölkəmizdə yeni tədris ili başlayır

09:20
15 Sentyabr

Azərbaycan-Meksika tərəfdaşlığı yeni mərhələyə yüksəlir

09:10
15 Sentyabr

Bakının azadlığından Qarabağın azadlığına qədər...

09:00
15 Sentyabr

Çanaqqaladan Bakıya uzanan qardaşlıq yolu

08:50
15 Sentyabr

Keçmiş məcburi köçkün: 32 ildir Bakıdayıq, bu gün doğma torpağımıza qayıdırıq

08:45
15 Sentyabr

108 il öncə tariximizin şərəf və qürur səhifəsi yazılmışdır

08:45
15 Sentyabr

Səbinə Yusif: Qırmızı Bazar qəsəbəsinə köçdüyümüz üçün çox sevincliyik

08:42
15 Sentyabr

Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür

08:40
15 Sentyabr

Bakı-Brüssel münasibətləri: qlobal reallıqlara əsaslanan strateji tərəfdaşlıq

08:40
15 Sentyabr

Xocavəndə qayıdan keçmiş məcburi köçkün: Bu, bizim üçün unudulmaz bir gündür

08:39
15 Sentyabr

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 50 ailə yola salınıb

08:38
15 Sentyabr

SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb

08:34
15 Sentyabr

Sudanın Darfur bölgəsində son 40 ilin ən quraq mövsümü yaşanır

08:33
15 Sentyabr

Böyük amal: istiqlal salnaməçiləri

08:30
15 Sentyabr

"Azərbaycan" zəmanəmizin ideya-siyasi tribunasıdır

08:20
15 Sentyabr

Azərbaycanın dövlətçilik tarixini yazan qəzet

08:10
15 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!