Şəhadətə yüksəlməsəydi, çox uğurunun şahidi olardıq
Qarda kamufilə olunmaq üçün ağ paltar vermişdilər. Geyinmirdi, saxlayırdı. Deyirdi ki, Şuşaya kəşfiyyata gedəndə geyinəcəyəm...
Elçinin dostları internet resurslarında onun bir videosunu yayımlayıblar. Təzə əsgər çəkməsi alır, geyinmir. Dostları soruşur ki, bəs bunu nə vaxt geyinəcəksən? Cavab verir ki, Şuşaya ilk dəfə girəndə...
Bizə deyirdi: "Şuşanı mütləq azad edəcəyik. Şuşaya qar yağanda sizi də Şuşaya aparacağam". Elçin Şuşanı da, qarı da çox sevirdi...
Bircə arzusu var idi, Şuşanı azad görmək. Həmişə deyirdi: "Şuşaya girən ilk Azərbaycan əsgəri mən olacağam. Ən yüksək zirvəyə bayrağımızı sancacağam. Şuşada dalğalanan bayrağımıza baxıb fərəhlə deyərsiniz ki, bunu burada bizim Elçin ucaldıb".
"Şuşaya getməyə qorxuram. Mənə elə gəlir ki, Elçini həmişə azad görmək istədiyi gözəl Şuşada görməsəm, ağlım başımdan çıxar..."
Bugünkü həmsöhbətimiz "Rəşadət" ordenli şəhid kapitan Elçin İsmayılovun xanımı Sevinc İsmayılovadır.
Xüsusi Təyinatlı Qüvvələrin (XTD) zabiti, "Yaşma" taborunun qərargah rəisinin müavini, kəşfiyyatçı İsmayılov Elçin Mübariz oğlu 30 may 1989-cu ildə Ucar rayonunda anadan olub. Ailənin ilk övladı olan Elçin 1995-ci ildə Ucar rayon 1 saylı tam orta məktəbə gedib və 2006-cı ildə həmin məktəbi bitirərək Ali Hərbi Məktəbə qəbul olub. Kiçik yaşlarından sinif yoldaşlarından, tay-tuşlarından öz biliyi, bacarığı, xüsusi istedadı və gücü ilə seçilən Elçin oxuduğu məktəbin ən fəal şagirdi kimi ad çıxarıb. "Cəsurlar" (1998) və "Şahin" (1996) adlı hərbi-idman oyunları (VII-VIII, X-XI sinif şagirdəri arasında keçirilən) çoxsahəli yarışların fəal iştirakçısı olan Elçin müxtəlif fəxri fərmanlarla da təltif edilib. O, 2010-cu ildə Azərbaycan Ali Hərbi Məktəbini əla qiymətlərlə bitirdikdən sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə zabitlərin təkmilləşdirmə kursuna dinləyici kimi göndərilib və kursu yüksək nəticə ilə başa vurub.
2011-ci ilin iyul ayından Ağcabədi rayonunda "N" sayli hərbi hissənin V motoatıcı taborunda taqım komandiri kimi xidmətə başlayan Elçin İsmayılov bir müddət qulluq etdikdən sonra komandanlığa raport yazaraq könüllü olaraq XTQ-də xidmət etmək niyyətində olduğunu bildirib. 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələrdə qulluq etmək üçün kursa cəlb edilən 300 nəfər hərbi qulluqçunun içindən seçim mərhələsinə çıxan 19 nəfərdən biri olub. Elçin İsmayilov dəfələrlə Turkiyədə hərbi təlimlərdə iştirak edib və sertifkatlar, fəxri fərmanlar və medallarla mükafatlandırılıb.
2012-ci il iyulun 8-dən XTQ-də xidmətini davam etdirən gənc zabit "N" saylı hərbi hissədə qrup komandirinin müavini, 2014-cü ilin mart ayında isə elə həmin hissədə xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrup komandiri vəzifəsində xidmətini davam etdirib.
Qəhrəman hərbçimiz 2015-ci ilin fevralında Qazax və Ağstafa istiqamətindəki döyüşlərin fəal iştirakçısı olub. 2016-cı ildə Aprel döyüşlərində Talış kəndi istiqamətində gedən savaşda iştirak edərək xüsusi qəhrəmanlıq göstərib.
Döyüş yoluna Murovdağ zirvəsinin fəthindən başlayan qərargah rəisinin müavini kapitan Elçin İsmayilov Cəbrayıl rayonunun işğaldan azad edilməsində xüsusi fəallıq göstərib. Oktyabrın 4-də ilk dəfə Cəbrayılda Azərbaycan bayrağını ucaldan döyüşçülərdən biri də əfsanəvi qəhrəman kapitan Elçin Mübariz oğlu İsmayılovdur.
Şəhid kapitan E.İsmayılovun 44 günlük Vətən müharibəsində göstərdiyi rəşadət yüksək qiymətləndirilərək ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları və "Rəşadət" ordeni ilə təltif olunub.
Ucarda dünyaya göz açan Elçin İsmayılov hələ kiçik yaşlarından hərbçi olmaq arzusu ilə böyüyürdü.
Anası Dilşad xanımın dedikləri:
- Elçini də, Nurlanı da, Elvini də öz əlimlə cəbhəyə yola salıb arxalarınca su səpmişəm. Əgər 3 yox, 13 oğlum olsaydı, 13-nü də müharibəyə yollayardım, heç gözümü arxalarınca qırpmazdım da. Müharibədən, düşmən qabağından qaçan, kol-kosda gizlənəndən oğul olmaz!
Oğlanlarımı yola salarkən bircə kəlmə dedim ki, düşmənə arxa çevirsəniz, düşmən qabağından qaçsanız, heç qayıdıb üstümüzə gəlməyin. Allaha şükürlər olsun ki, oğlanlarım üzümü qara etmədilər. Elçin şəhid oldu. Allahın məsləhətidir, özü vermişdi, özü də yanına çəkdi. Nurlanla Elvin şərəflə vuruşub sağ-salamat qayıdıblar. İndi də xidmətlərini davam etdirirlər. Bir ömür başlarını dik tutub alnıaçıq yaşamağa haqları var.
Atası Mübariz İsmayılovun dedikləri:
- Elçin çox çalışqan, zəhmətkeş, inanclı uşaq idi. Bəlkə də rayon məscidinin evimizin yaxınlığında yerləşməsi də Elçinin mənəvi dünyasına, Allaha yaxın olmasına təsir etmişdi. Haqsızlığa, ədalətsizliyə qarşı barışmaz idi. Çox dürüst idi. Namaz qılar, ibadət edərdi. Azan səsinə yuxuya gedər, azan səsinə oyanardı. Allaha şükür ki, süfrəmə hələ haram çörək gətirməmişəm. Kişi kimi, namusla böyütmüşük övladlarımızı. Yollarını özləri seçdilər. Hərbçi, zabit, kəşfiyyatçı olmaq Elçinin arzusu idi.
Söhbətimizi Elçin İsmayilovun ömür-gün yoldaşı Sevinc İsmayılova ilə davam etdiririk:
- Mən Pedaqoji kollecdə, Elçinsə gənc zabitlərin TTM-də kursda olarkən tanış olmuşuq. Elçini tanıdığıma, onun həyat yoldaşı olduğuma görə hər gün Allaha şükürlər edirəm. Cəsur, qayğıkeş idi. Sözübütöv idi. İlk tanışlıqdan ona inandım, etibar etdim... Zaman da göstərdi ki, düz seçim etmişəm. 2012-ci il oktyabrın 7-də Ucarda toyumuz oldu. Ötkəm bir kişinin xanımı olmaq xoşbəxtliyini yaşatdı mənə və övladlarımıza. Kəşfiyyatçı idi. Elə olurdu ki, aylarla evə gəlmirdi. Bilirdim ki, Vətən üçün, millət üçün ev-eşiyindən uzaq düşüb. Çalışıram ki, balalarımızı Elçinin adına layiq böyüdəm. Onları Vətən üçün böyüdəcəyəm...
Elçin ilə ikimiz birlikdə oruc tutardıq. Bilirsiniz ilk niyyəti nə olurdu? Torpaqlarımızın işğaldan azad olunması... Şuşanı azad görmək! Kəşfiyyata gedəndə, o yerlərdən dönəndə, düşmənin zəif nöqtələrini biləndə vuruşmaq, döyüşmək istəyirdi. Çox inamlıydı qələbəmizə. Müharibədən əvvəl üç ay kəşfiyyatda olmuşdu. Düşmənin harada nəyi var, hansı gücə malik olduqlarını gözəl bilirdi. Deyirdi ki, biz qalib gələcəyik. Biz bu utancdan xilas olacağıq: "Şuşa azad olanda sizi Şuşaya aparacağam. O yerləri rahat gəzəndə, oraları görəndə qürurla deyəcəksiniz ki, mənim qəhrəmanım alıb bu torpaqları. Mənimlə fəxr edəcəksiniz".
Elçində əsl hərbçi düşüncəsi, xasiyyəti var idi. Sonuncu dəfə kəşfiyyatdan gələndən sonra 10 gün evdə oldu. Bizimlə birlikdə vaxt keçirdi. Gəzdik, əyləndik, bir yerdə dincəldik. Uşaqların nəfəsini, ətrini sinəsinə çəkdi doyunca. Mənə dedi ki, hər şeyə hazır ol. Müharibədir, bunun gedişi var, dönüşü yoxdur. Əgər mənə bir şey olarsa, uşaqlarımızı mərd böyüt.
XTQ-nin adının gizlin qalmasını istəyən kəşfiyyatçı kapitan:
- Mən kapitan Elçin İsmayılovu 2017-ci ildən tanıyıram. XTQ-nin kursunu bitirib əməliyyat briqadasına gələndə ilk təlimatı ondan almışam. Öncə qeyd etmək istərdim ki, bir zabit, kəşfiyyatçı, hərbçi, ən nəhayət, bir insan kimi özümdə olan bütün yaxşı xüsusiyyətlərə görə kapitan Elçin İsmayılova borcluyam. O, hərtərəfli insan idi. Bizim Elçinlə döyüş yolumuz Murovdağ silsiləsindən başladı. "Koroğlu" postu bizdə, "Ömər" yüksəkliyi isə ermənilərdə idi. Biz zirvəyə qalxıb "Canavar 1" və "Canavar 2" zirvələrini götürməliydik. Hardasa 3 min metr yüksəkliyin üstündə idi. Zirvəyə iplə qalxırdıq. Kapitan İsmayılov bizdən yaşca böyük olmasına baxmayaraq, hamıdan öndə gedirdi. Əməliyyatı idarə edən məsul səxs idi. Onun başına bir iş gəlsəydi, əməliyyat pozula bilərdi. Qrup başsız qalardı. Amma kapitan İsmayılov öndə idi. İnanın, hara baxırdın, onu görürdün. Gah irəlidə, sağda, gah solda... Kəşfiyyatçı olduğu üçün əraziləri gözəl bilirdi. Elə bil hər şeyi əli ilə qoyub, hər yeri gözəl tanıyırdı. Çox hazırlıqlı idi. Biz az qüvvə ilə hücum edib zirvəni götürdük, düşmənin 60-dan çox canlı qüvvəsini yerindəcə məhv etdik. Eyni zamanda köməyə gələn erməni hərbçiləri ilə dolu olan iki hərbi yük maşınını da anındaca məhv etdik. Həmin döyüşdə az qala biz mühasirəyə düşəcəkdik. Ermənilər həm sayca çox idilər, həm də yüksəklik onlarda idi. Bu döyüşdə kapitan İsmayılovun xüsusi olaraq yüksək komandirlik bacarığı, ciddi səyi və əsl qəhrəmanlığı sayəsində mühasirəni yarıb erməniləri məhv edə bildik.
Daha sonra kəşfiyyatçı kapitan keçdikləri döyüş yolu haqqında danışaraq dedi ki, Murovdağ silsiləsində çox böyük strateji əhəmiyyətli zirvəni götürüb 3-4 gün orada qalıb mövqelərimizi möhkəmləndirə bildik. Sonra tapşırıq gəldi ki, Cəbrayıla gedin. Cəbrayıla tabor halında hərəkət edirdik. Kəlbəcərdə tabor komandirimiz yaralandığı üçün döyüşə tam olaraq kapitan İsmayılov rəhbərlik edirdi: "Cəbrayılda "Vışka", "Teleqüllə " deyilən ərazi var. Bu yüksəklikdən hər tərəfə nəzarət etmək olurdu. Biz həmin yüksəkliyi götürüb, o əraziyə bütövlükdə nəzarət edirdik. Düşmən texnikasında ciddi bir hərəkətlilik müşahidə olunduğunu buradan aşkar görmək mümkün idi. Bizə kəşfiyyat məlumatı gəldi ki, düşmən böyük bir qüvvə ilə kənd Horadiz tərəfdə "Yastıtəpə" deyilən əraziyə cəmləşir. Hətta məlumatda deyilirdi ki, bu neçə gündə düşməndən azad olunmuş torpaqları da düşmən geri alaraq Milli Ordunun piyada qüvvələrini mühasirəyə salıb. Əgər məlumat təsdiq olunmuş olsaydı, ordumuzun böyük bir kontingenti mühasirə şəraitində mübarizə aparmalı olacaqdı. Bu da təbii ki, təchizat baxımdan müəyyən çətinliklər və böyük itki demək idi. Ona görə də tapşırığın nə dərəcədə vacib və həmin bölgənin olduqca hərbi əhəmiyyətini nəzərə alaraq dayanmadan kənd Horadiz istiqamətində hərəkətə başladıq.
Düşmən "Yastıtəpə"nin arxasına xeyli sayda canlı qüvvə, çox güclü döyüş texnikasını cəmləşdirə bilmişdi. Bizə dəstək üçün cəmi üç tank verilmişdi. Əgər vaxtında özümüzü çatdırmasaydıq, düşmənin çox böyük qüvvə ilə hücumu gözlənilirdi. Biz həmin əraziyə çatan kimi kapitan İsmayılov ətrafı nəzərdən keçirib şəraitə uyğun bizi qruplara bölərək taktiki tapşırıqlar verdi. Biz kəşfiyyatçı qrup kimi bu yerləri yaxşı tanıyırdıq. Həm də cəmi bir neçə gün öncə bu əraziləri düşməndən təmizləyib ordu qüvvələrinə təhvil verib Cəbrayıla kurs götürmüşdük. Hətta biz kənd Horadizdə döyüşərkən qəhrəman komandirimiz, cəsur döyüşçü Elçin İsmayılov əlbəyaxa döyüş zamanı düşmənin Komanda İdarəetmə Məntəqəsinə girərək erməni polkovnikinin sinəsinə çöküb "Sənə general Polad Həşimovdan salam gətirmişəm" deyərək onu məhv etmişdi. Biz yenidən həmin əraziyə qayıtmışdıq. Təbii ki, düşmən kəşfiyyatı da işləyirdi. Onlarda da bizim, Elçinin qrupunun orada olması haqqında məlumat var idi. Qrupun orada olması, düşməndə bir təşviş yaratması inkarolunmaz fakt idi. Elçin vəziyyəti öyrənib dərhal tanklara döyüş tapşırığı verdi. Tankın önünə keçərək birbaşa hərəkət istiqamətlərini və necə edəcəklərini özü müəyyənləşdirdi. Bilirsiniz, müharibədir. Bəzən şəraiti olduğu kimi qiymətləndirmək olmur. Can şirin şeydir... Hamı Elçin kimi yetişmir və ya yetişdirilmir. Elçin İsmayılovun qətiyyətini, ondakı inamı və cəsarəti görüb ekipaj döyüşə qatıldı. İnandırım ki, bu səhnəni görməyə göz lazım idi. Tankçılar tankla bir manevr edirdilər ki, heç yüngül maşınla elə manevr etmək mümkün olmazdı. Təpənin üstündə görünən ilk 3 düşmən tankı dərhal yerindəcə məhv edildi. Düşmən artıq təlaş içində idi. Elçin döyüşün ustası idi. Verdiyi koordinatlarla "Spayk"larımız düşmənə göz açmağa imkan vermirdi.
Elçin bu arada tankın qarşısına keçdi ki, tankın gözlüyündən ekipaja növbəti hədəfi vurmaq üçün komanda versin, yol göstərsin. Elə bu anda qəfildən Elçinin yıxıldığını gördüm. Elə zənn etdim ki, tankın atəş zərbəsinin küləyi yıxdı onu. Amma onu da bilirdim ki, Elçini zərbə yıxa bilməz. Düşmən "KORD" snayperi ilə (çapı 12.mm) Elçini düz sinəsindən vurmuşdu. Elçin gülümsəyirdi. Şəhid olduğunu ilk anda hiss etmədim. Hər ikimizin üstündə ağır yükümüz var idi. Elçini tez təhlükəsiz mövqeyə çəkdim. Onun tərpənmədiyini görəndə anladım ki, Elçin bizi tərk edərək arzusunda olduğu zirvəyə ucalıb.
Həmin gün "Yastıtəpə"ni azad etdik. Düşmən tankını, topunu, döyüş texnikasını atıb qaçmışdı. Hətta Elçinin vurulduğu "KORD" da yerində qalmışdı. Ermənilər əl pulemyotunun üstünə kustar üsulla binokl yerləşdirib ondan snayper kimi istifadə edirdilər. Güclü silah idi. Onunla bir dəfədə hədəfə iki güllə atmaq olurdu. Həyatımda ilk dəfə idi ki, gülə-gülə insanın şəhid olduğunu gözlərimlə görürdüm. Komutanımın təbəssüm dolu, o nurlu üzü yadımdan heç çıxmır, yaddaşıma həkk olub.
Sevinc xanım göz yaşı içində o məşum günü yadına salır:
- Oktyabrın 7-si idi. Günortadan xeyli keçmişdi. Saat dörd olardı. Toyumuzun 8 ili tamam olan gün idi. Hazırlıq görmüşdüm. Tort hazırlamışdım. Dedim, bir zəng vurum hal-əhvalını soruşum. Zəng etdim, zəngimə kim isə yad bir adam cavab verdi. Tez telefonu söndürdüm. Ani olaraq ürəyimdə qəribə hisslər baş qaldırdı. Bunun nə demək olduğunu anlamağa çalışırdım. Elçin kəşfiyyatçıdır, dünyasında telefonunu kiməsə verməyəcəyini bilirdim. Əsir düşə biləcəyini də ağlıma gətirmədim. Elə bildim səhv düşmüşəm. Təzədən nömrəni yığdım. Bu dəfə nömrəsinə zəng çatmadı. Təkrar-təkrar yığmağa başladım. Zəng çatmırdı. Anladım ki, Elçinə bir şey olub. Elə toyumuzun ildönümü günü, xoşbəxtliyimizin, birliyimizin 8-ci ilinin tamam olduğu gün Elçin Rəbbimizə sığınıbmış. Onun dərgahına yol alıbmış. Elə bu an bacım zəng etdi, Elçinin yaralandığını dedi. Başa düşdüm ki, Elçinimi bir də cənnətdə görə biləcəyəm...
Atası Mübariz İsmayılov söhbətinə davam edir:
- 2020-ci il oktyabrın 7-si axşamüstü gördüm ki, qohumlar, rayon camaatı bizə gəlirlər. Soruşdum ki, nə məsələdir, nə olub? Dedilər ki, Elçin yaralanıb. Dedim ki, mən uşaq deyiləm ki, başımı tovlayasınız. Mən üç oğlunu ölümə, müharibəyə yola salan atayam. Müharibədə ölüm də olur, itki də, qan da... Yaralını dövlət evə niyə gətirsin ki? Hospitalı, müalicə edəcək yeri yoxdur ki, evə gətirir? Mənə düzünü deyin, bilim nə olduğunu. Dedilər, Elçin şəhid olub. Dedim, indi gecədir, evdə arvad-uşaq var, bilməsinlər. Səhərə kimi özlərini öldürərlər. Aparın məscidə. Səhər şəhidimizi qaydası ilə dəfn edərik. Gəldim evə, evdəkilərə bir söz demədim... Səhər gördüm ki, bütün rayon bizim küçədə, məscidin yanına toplaşıb...
Şəhidin böyük oğlu Ömər danışdıqca içimdə bir qürur hissi oyandı:
- Mən atamla fəxr edirəm. Atam bizim xoşbəxt gələcəyimiz üçün öz canından keçib. Biz Yaşmada, kiçik hərbçi mənzilində yaşayırdıq. Atam hərbi formada evimizə gələr, evdə olanda bizi ürəyinin üstə bəsləyərdi. Yatanda da heç əynindən formasını çıxarmazdı. Birdən çağıran olanda, tez gedə bilsin deyə belə edirdi. İndi atam yoxdur. Kaş atam sağ olaydı... Atam həmişə bizə deyirdi ki, bu problemi sizlərə saxlasaq, gələcək nəsillər bizi qınayar. Mənim atam şərəfli bir ömür yaşadı.
8 yaşlı Mübariz söhbətə qoşulur. Kaspi liseyində hamı məni qəhrəmanın futbolçu oğlu çağırır. Laçın futbol klubunun uşaqlardan ibarət komandasında oynayıram. Atamın arzularını gerçəkləşdirib onun qəhrəman adına yaraşan övlad olacağam.
Elçinlər tökdükləri qanları ilə torpağımızı, Vətənimizi, bayrağımızı uca, üzümüzü ağ etdilər. Canlarını bu vətənə ona görə fəda etdilər ki, vətənə əmanət qoyub getdikləri Ömərlər, Mübarizlər qayğısız yaşayıb, xoşbəxt böyüsünlər. Körpələrimiz müharibə sözünü nənələrinin danışdığı nağıllardan, atalarının qəhrəmanlıqlarına həsr olunan kitablardan oxusunlar. Göyləri ölümsaçan raketlər deyil, sülh göyərçinləri bəzəsin.
Elşən QƏNİYEV,
İlham BABAYEV (foto),
"Azərbaycan"