Avqustun 17-dən etibarən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi tərəfindən büdcə təşkilatlarının nümayəndələri üçün “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) “e-mühasibat” altsistemi üzrə təlimlərə başlanıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 5 gün davam edəcək təlimlərin məqsədi büdcə təşkilatlarının maliyyə və mühasibatlıq sahəsində fəaliyyət göstərən əməkdaşlarının “e-mühasibat” altsisteminin funksional imkanları və istifadə qaydaları, mühasibat uçotunun elektron qaydada aparılması, habelə sistemdə nəzərdə tutulan digər funksionallıqlar barədə məlumatlandırılmasıdır. Eyni zamanda, təlim çərçivəsində altsistemdə ilkin qalıqların daxil edilməsi, ehtiyatların və əsas vəsaitlərin uçotunun aparılması, anbarlar və struktur bölmələri arasında yerdəyişmə əməliyyatlarının həyata keçirilməsi, maddi-məsul şəxslər üzrə əməliyyatların idarə olunması prosesləri praktiki nümunələr əsasında izah ediləcək.
Təlimin ilk günündə iştirakçılara “e-mühasibat” altsistemi haqqında geniş məlumat verilib. Qeyd olunub ki, altsistem mühasibat uçotunun elektron qaydada aparılmasını, maliyyə hesabatlarının, o cümlədən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının tərtib və təqdim edilməsini, həmçinin mühasibat uçotu ilə bağlı beynəlxalq standartların, hüquqi aktların və maarifləndirici məlumatların elektron mühitdə təqdim edilməsini təmin edir.
Daha sonra interaktiv müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb, onlara sistemin istifadəsi ilə bağlı tövsiyələr verilib.
Qeyd edək ki, “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2026-cı il 20 fevral tarixli Qanunun tətbiqi ilə əlaqədar mühasibat uçotu subyektləri tərəfindən mühasibat uçotunun elektron qaydada aparılması RDMİS vasitəsilə həyata keçirilməlidir.
Bütövlükdə, “e-mühasibat” altsisteminin tətbiqi dövlət sektorunda mühasibat uçotu və maliyyə hesabatlılığı proseslərinin rəqəmsallaşdırılmasına, məlumatların vahid informasiya sistemində idarə olunmasına, proseslərin operativliyinin və şəffaflığının artırılmasına xidmət edir. Eyni zamanda, altsistemin tətbiqi dövlət maliyyəsinin idarə edilməsində GRP (Government Resource Planning) yanaşmasının mərhələli şəkildə formalaşdırılması, maliyyə və resursların vahid rəqəmsal mühitdə idarə olunması və müasir rəqəmsal idarəetmə mexanizmlərinin genişləndirilməsi istiqamətində mühüm addımlardan biridir.