15 Iyun 2022 04:31
2185
SİYASƏT
A- A+

Qurtuluşun Zəfər təntənəsi

 

15 İyun Milli Qurtuluş Gününün xalqımızın tarixinə silinməz izlərlə yazılmış ən dəyərli günlərdən biri kimi ictimai, siyasi və tarixi əhəmiyyəti olduqca böyükdür. Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsi, bugünkü qüdrətli, böyük tarixi zəfərlərə imza atan ölkəmizin müasir reallıqlarını şərtləndirən tarixi gündür.

Azərbaycanın dövlət müstəqilliyinin xilası, tənəzzüldən tərəqqi yoluna çıxması Milli Qurtuluş Günü ilə əlaqədardır. Bu tarixi yaradan, yazan, canından çox sevdiyi xalqının müstəqillik arzularını gerçəyə çevirən isə böyük şəxsiyyət, milli, müstəqil dövlətimizin banisi Heydər Əliyevdir. Ona görə də Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevlə hər zaman fəxr edir, Onun misilsiz əməllərini qürur hissi ilə xatırlayır.

 

Azərbaycan parçalanmaq, müstəqil dövlət kimi məhv olmaq təhlükəsi qarşısında

 

Tarix ən yaxşı müəllimdir və tarixin öyrətdikləri, ibrət dərsləri bu günə, gələcəyə işıq tutur. Azərbaycanın müasir dövlətçilik tarixi də nəhəng, möhtəşəm zəfərlərlə, unudulmaz anlarla zəngin olduğu kimi, məşəqqətli hadisələrə də şahidlik etmişdir. Lakin Azərbaycan xalqı hər zaman ən çətin sınaqlar qarşısında, tarixi məqamlarda doğru qərarlar qəbul etmək bacarığını ortaya qoymuş və böyük xalq olduğunu sübuta yetirmişdir. 1993-cü ilin iyun ayında Azərbaycan xalqı Heydər Əliyevə inanmaqla, Onu təkidlə hakimiyyətə dəvət etməklə, Ulu Öndərə xilaskarlıq missiyasını həvalə etməklə ən doğru seçimini edərək, öz dövlətçiliyinə, müstəqilliyinə sahib çıxmışdır. Xalqımızın bu tarixi seçimi müstəqil respublikamızı ötən əsrin əvvəllərində yaşadığı acı taledən, müstəqilliyini itirməkdən xilas etmişdir.

Bəllidir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra onun dövlətçilik və inkişaf yolları heç də hamar olmamışdır. Əksinə, digər keçmiş Sovet respublikaları ilə müqayisədə Azərbaycanın müstəqilliyinin ilk illəri daha gərgin və mürəkkəb hadisələrlə, böyük təhlükələrlə müşayiət olunmuşdur. Bu isə həm xarici, həm də daxili amillərlə şərtlənmişdir.

Mühüm coğrafi - strateji əhəmiyyətə malik Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu, özünün zəngin təbii sərvətlərinin sahibi olmasını istəməyən, müstəqil yaşamasına qarşı çıxan xarici dairələrlə yanaşı, ölkəmizdə siyasi hakimiyyətdə olan səriştəsiz qüvvələrin də yarıtmaz fəaliyyəti onsuz da kövrək olan müstəqillik sütunlarını sarsıtmış, respublikanın gələcəyi ciddi şəkildə sual altına düşmüşdü. Həmin dövrdə ölkəmizdə mövcud olan xaos, anarxiya, talançılıq, özbaşınalıq, qanunsuz silahlı dəstələrin yol verdikləri cinayətkar əməllər, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyillərinin baş qaldırması, o cümlədən 1993-cü ilin iyununda Gəncədə baş verən hadisələr, gündən-günə dərinləşən iqtisadi böhran, xarici siyasətdə yol verilən kobud səhvlər ucbatından ölkəmizin beynəlxalq təcridinin dərinləşməsi və digər təhlükəli proseslərlə yanaşı, Ermənistanın ərazi iddiaları və getdikcə genişlənən işğalçılıq siyasəti Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi, ölkəmizin müstəqil dövlət kimi məhv olmaq təhlükəsini meydana çıxarmışdı.

Bakıda bu cür gərgin hadisələrin cərəyan etdiyi bir vaxtda görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında dövlət quruculuğu, hakimiyyət və idarəetmənin təkmilləşdirilməsi, iqtisadiyyatın dirçəldilməsi sahəsində mühüm islahatlar həyata keçirilmiş, blokada şəraitində yaşayan Muxtar Respublikaya qarşı Ermənistanın işğal planlarının qarşısı alınmışdı. Ulu Öndərin təşəbbüsü, cəsarəti və siyasi iradəsi sayəsində keçmiş sovet ordusunun bu ərazidəki bütün silahları və texnikası alınıb Milli Ordu hissələrinə verilmiş, Naxçıvan Ali Sovetin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı elan edilmiş, eyni qərarın Azərbaycan Ali Soveti tərəfindən də qəbul olunması üçün vəsatət qaldırılmışdı. Əlbəttə ki, Azərbaycan xalqı həm paytaxt Bakıda, həm də Muxtar Respublikada baş verənləri diqqətlə izləyir, ölkəmizin gələcəyi üçün taleyüklü nəticələr çıxarırdı.

 

Müasir Azərbaycan tarixində dönüş nöqtəsi

 

Azərbaycan xalqının tarixi sınaq anında Ulu Öndər Heydər Əliyevə üz tutması, Ümummilli Liderə sonsuz inam və etimad bəsləməsi tamamilə obyektiv gerçəkliklərlə bağlı olmuşdur. Xalqımız ölkəmizin xilasını, dövlətçiliyin gücləndirilməsini və gələcəyini haqlı olaraq Ulu Öndər Heydər Əliyevin timsalında görürdü. Əvvəla, tarix Heydər Əliyev şəxsiyyətinin qüdrətini, əzəmətini dəfələrlə sübuta yetirmiş, O, öz əməlləri ilə dünyanın böyük liderləri sırasında yerini almışdır. Heydər Əliyev xalqına və Vətəninə sonsuz sevgi bəsləyən, bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına həsr edən, azərbaycanlı olmağı ilə fəxr edən böyük Vətənpərvər idi. Ulu Öndər harada və hansı vəzifədə çalışmasından asılı olmayaraq, Onun yeganə amalı Azərbaycan xalqına sədaqətlə xidmət etmək olmuşdur. Ona görə də Azərbaycan dövlət müstəqilliyini itirmək və bir dövlət olaraq, məhv olmaq təhlükəsi ilə üzləşəndə xalqımız bütün ümidlərini Heydər Əliyevə bağlamış, yalnız Ulu Öndərin bu tarixi vəzifəni ləyaqətlə yerinə yetirəcəyini təkidlə tələb etmişdir.

Beləliklə, 1993-cü ilin 15 iyun tarixində Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmişdir. Bununla da Azərbaycan dövlətçiliyinin qurtuluşunun, xalqımızı nicata, tənəzzüldən tərəqqiyə aparan yolun əsası qoyulmuşdur.

Ümummilli Lider Ali Sovetin 15 iyunda keçirilən iclasında dövlətçilik tariximizə və xalqımızın milli yaddaşına əbədi həkk olunmuş tarixi nitqində Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağın və inkişaf etdirməyin Özünün başlıca amalı olduğunu bəyan edərək demişdir: "Ali Sovetin Sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm.

... Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harda olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm".

 

Azərbaycan parlamentarizm tarixinin parlaq səhifəsi, hər birimiz üçün böyük iftixar mənbəyi

 

15 iyunun Milli Məclisin üzvləri olaraq, bizim üçün müstəsna əhəmiyyəti həm də onunla əlaqədardır ki, möhtəşəm qurtuluş tarixi parlamentimizdə yazılmağa başlanmışdır. Bu dövr Azərbaycan parlamentarizm tarixinin parlaq bir səhifəsi, bizim hər birimiz üçün böyük iftixar mənbəyidir. Ulu Öndərin Ali Sovetin Sədri vəzifəsində çalışdığı 4 aya yaxın müddətdə Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının təməli qoyulmuş, Heydər Əliyev bu dövrdə Azərbaycanın demokratik hüquqi, siyasi sisteminin müəllifi kimi üzərinə götürdüyü vəzifəni ləyaqətlə yerinə yetirmişdir.

Ümummilli Lider Heydər Əliyev hər zaman demokratik normaları müdafiə edən, bu bəşəri dəyərləri özünün idarəçilik sistemində əxz etdirən böyük demokrat olmuşdur. Onun Ali Məclisin Sədri kimi fəaliyyəti də məhz bu prinsiplərlə kifayət qədər zəngin olmuşdur. O, 1993-cü il 15 iyun tarixli nitqində Azərbaycanın gələcək prioritetləri haqqında danışarkən demişdir: "Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol verilməlidir. Azərbaycan Respublikasında Konstitusiyanın pozulmasına, qanun pozulmasına yol verilməməlidir. Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan haqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır".

O vaxta qədər siyasi çaxnaşmaların, şəxsi maraqları ilə hərəkət edən qrupların mübarizəsinin mərkəzi olan Azərbaycan parlamenti Heydər Əliyevin rəhbərliyi ilə demokratiya məbədinə, ölkəmizin problemlərinin həlli ilə bağlı demokratik müzakirələrin keçirildiyi bir tribunaya çevrilmişdir. O, parlamentin fəaliyyətində nizam-intizamı təmin etmiş, qanunverici orqanın məqsədyönlü fəaliyyət göstərməsinə nail olmuşdur. Milli Məclisin bütün iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verilməyə başlanmış, xalq ölkənin gələcək taleyinin həll olunduğu o günlərdə məlumatları birinci mənbədən əldə etmək imkanı qazanmış, parlamentin ictimai nüfuzu yüksəlmişdir. Heydər Əliyevin rəhbərliyi ilə qanunvericilik fəaliyyətinə yeni nəfəs və demokratik ənənələr gətirilmiş, ölkə həyatının bir çox sahələrinə həsr olunmuş mütərəqqi qanunlar qəbul olunmuşdur.

 

Azərbaycanın dövlətçilik tarixinin yeni erası

 

1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində seçicilərin 98,8 faizi Ulu Öndər Heydər Əliyevə səs verərək ölkənin taleyini yenidən bu görkəmli dövlət xadiminə həvalə etmişdir. Bununla da Azərbaycan öz dövlətçilik tarixinin yeni və şərəfli bir erasına daxil olmuşdur.

Əlbəttə, həmin ağır dövrdə görülməli olan işlər olduqca çox idi. Böyük səriştəyə və təcrübəyə, mükəmməl idarəçilik qabiliyyətinə malik olan Ulu Öndər Heydər Əliyev ölkəmizin qurtuluş, daha sonra isə dirçəliş konsepsiyasını yüksək məharətlə hazırlamış, təxirəsalınmaz tədbirləri müəyyən etmişdir. "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz", - deyən Heydər Əliyev ilk növbədə xalqımızın sonsuz dəstəyinə söykənərək, sarsılmaz vətəndaş həmrəyliyinin, dövlət-vətəndaş birliyinin yaradılmasına nail olmuşdur. Ölkəmizin gələcək inkişafının təməlində dayanan sabitliyin təmin olunmasında bu platforma həlledici faktor qismində çıxış etmişdir. Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə o zamana qədər mövcud olan və siyasi sistemi, dövlətçilik sütunlarını sarsıdan xaos və anarxiya aradan qaldırılmışdır. Azərbaycan dövlətçiliyinə qarşı törədilən təxribatlar və qəsd ssenarilərinin də məhz dövlət-vətəndaş həmrəylinin sarsılmazlığı, xalqımızın Ulu Öndərin ətrafında bir yumruq kimi birləşməsi sayəsində qarşısı alınmışdır. Ona görə də 1993-2003-cü illəri əhatə edən bu dövr ölkəmizdə sabitliyin, vətəndaş həmrəyliyinin, müstəqilliyimizin sarsılmaz əsaslarının yaradılması mərhələsi kimi dəyərləndirilə bilər.

Sabitliyin təmin olunmasından sonra respublikamızda həyatın bütün sahələrini əhatə edən genişmiqyaslı islahatlar başlamışdır. Böyük nailiyyətlərlə zəngin olan bu dövrdə hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində ardıcıl tədbirlər, zəruri hüquqi təsisatların formalaşdırılması, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi, ölkənin müasir hüquq sisteminin formalaşdırılmasında beynəlxalq təcrübənin geniş tətbiqi, bir sıra məhdudiyyətlərin, o cümlədən senzuranın, ölüm hökmünün ləğv edilməsi Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmasının sarsılmaz əsaslarının yaradılmasını təmin etmiş, siyasi sistemin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti institutlarına geniş fəaliyyət imkanlarının yaradılması, plüralizm, söz və mətbuat azadlığının təmin olunması istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilmişdir.

Müstəqil ölkənin iqtisadi əsaslarının möhkəmləndirilməsi, müxtəlif mülkiyyət növlərinə əsaslanan, bazar iqtisadiyyatına keçidi təmin edən liberal iqtisadiyyata transformasiya prosesinə başlanılması, inhisarçılığa və haqsız rəqabətə son qoyan, azad sahibkarlığa güclü dövlət dəstəyini nəzərdə tutan əsasların formalaşdırılması, qlobal strukturlara inteqrasiyanın gücləndirilməsi və xarici iqtisadi əlaqələrin genişləndirilməsi, özəlləşdirmə proqramının və torpaq islahatlarının həyata keçirilməsi, maliyyə siyasəti, büdcə, vergi, gömrük islahatlarının reallaşdırılması güclü milli iqtisadiyyatın yaradılmasına imkan vermişdir. Milli sərvətlərimizdən dövlətin və xalqın mənafeyinə uyğun olaraq, ölkənin qüdrətinin artırılmasına yönəldilməsi, nəhəng enerji və nəqliyyat layihələrinin icrasına başlanılması, şaxələndirilmiş enerji siyasətinin bazisini təşkil edən "Əsrin müqaviləsi"nin imzalanması, Azərbaycan iqtisadiyyatına böyük həcmlərdə investisiyanın cəlb edilməsinə nail olunması yeni şəraitdə qarşıda duran bir çox problemlərin həllinə şərait yaratmışdır. Bu mərhələdə Azərbaycanın xarici siyasəti tamamilə yeni keyfiyyətdə qurulmuş, həyata keçirilən praqmatik siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmlə münasibətləri genişlənmiş, müstəqilliyimizin ilk illərində mövcud olan təcrid aradan qaldırılmış, Azərbaycanın beynəlxalq təşkilatlarda fəal təmsilçiliyi təmin edilmişdir. Bununla yanaşı, müasir, güclü ordu quruculuğu prosesinə başlanılmış, uğurlu Horadiz əməliyyatı keçirilmiş, torpaqlarımızın bir hissəsi işğalçılardan azad edilmişdir. Geniş sosial müdafiə tədbirlərinin reallaşdırılması, əmək və pensiyaların artırılması, xüsusilə həssas təbəqələrə dövlət dəstəyinin genişləndirilməsi əhalinin həyat şəraitinin əsaslı şəkildə yaxşılaşdırılmasına imkan vermişdir.

Beləliklə, 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə görülən nəhəng işlər nəticəsində Azərbaycanın qarşısında duran taleyüklü vəzifələr uğurla icra edilmişdir. Heydər Əliyev Azərbaycanı mürəkkəb geosiyasi şəraitdə, ağır böhran, vətəndaş qarşıdurması, hərc-mərclik, dərin iqtisadi və sosial-siyasi böhran burulğanından böyük məharətlə çıxararaq, onun müstəqilliyinin əbədiliyini, sarsılmazlığını və dönməzliyini təmin etmişdir.

 

Yeni əsrin yeni LİDERİ

 

Əlbəttə, biz böyük dövlət xadimi, müasir, müstəqil Azərbaycan dövlətinin banisi və memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətlərindən danışarkən Onun özündən sonrakı dövrdə də Azərbaycanı yüksək səviyyədə inkişaf etdirəcək, ölkəmizə tarixi zəfərlər qazandıracaq layiqli varis, qətiyyətli lider yetişdirməsini mütləq şəkildə vurğulamalıyıq. Ulu Öndərin Azərbaycan xalqına xitabən "Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - deyə təqdim etdiyi yeni əsrin yeni lideri, möhtərəm Prezident İlham Əliyev Azərbaycana uğurlu rəhbərliyi ilə həm Ümummilli Liderimizin, həm də Ona böyük ümidlər bəsləyən xalqımızın etimadını layiqincə doğrultmuşdur.

Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın qüdrətinin artmasında, həm də ölkəmizin dünya miqyasında öz layiqli yerini tutmasında ifadəsini tapır. Dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biri olan Azərbaycan dövlətçilik tarixi baxımından qısa dövr kimi xarakterizə olunan bir müddətdə bəzi dövlətlərin əsrlər boyu əldə edə bilmədiyi nailiyyətlərə imza atmışdır. Bu dövr ərzində ölkəmizin iqtisadi qüdrəti daha da artmış, iqtisadi şaxələndirmə siyasəti uğurla reallaşdırılmış, qeyri-neft sektorunun iqtisadiyyatda payı yüksəlmiş, azad sahibkarlığın inkişafına əlverişli şərait yaradılmış, minlərlə yeni müəssisə fəaliyyətə başlamış, bank-maliyyə sistemində ciddi institusional islahatlar həyata keçirilmiş, ölkənin maliyyə və valyuta ehtiyatları artırılmış, dövlət proqramlarının icrası nəticəsində regionların sürətli sosial-iqtisadi inkişafına nail olunmuşdur. İqtisadi sahədə aparılan islahatlar modern siyasi islahatlarla davam etdirilmiş, Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi, siyasi sistemin subyektləri arasında dialoq mühitinin gücləndirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə geniş imkanların yaradılması istiqamətlərində çoxşaxəli islahatlar həyata keçirilmişdir. Bütün bu tarixi nailiyyətlərin nüvəsində isə Heydər Əliyev siyasəti, Qurtuluş məfkurəsi dayanır.

Möhtərəm Prezident İlham Əliyevin Ümummilli Liderin siyasi kursunu müasir dövrün çağırışlarına uyğun zənginləşdirərək davam etdirməsi sayəsində Azərbaycan dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan, etibarlı tərəfdaş, sözünə güvənilən, mühüm qlobal təşəbbüsləri yüksək məharətlə həyata keçirən dövlətə çevrilmişdir. Biz bu gün Heydər Əliyev ideyalarının Azərbaycana qazandırdığı nəhəng nailiyyətlərdən, ölkəmizin iqtisadi, sosial, humanitar sferalarda əldə etdiyi uğurlardan bəhs edərkən Ulu Öndərin zəngin dövlətçilik irsini yaşadan, onu gələcək nəsillərə ötürən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətini xüsusi qeyd etməliyik. Ulu Öndərin əvəzolunmaz mənəvi irsini, Onun azərbaycançılıq ideyasını gənc nəsillərə aşılamaq, Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak etmək, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək Heydər Əliyev Fondunun və onun prezidenti hörmətli Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas qayəsini təşkil edir. Təhsil, səhiyyə, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə, Azərbaycan tarixinin, mədəniyyətinin dünyada tanıdılması və təbliğ olunması istiqamətində müxtəlif layihələr həyata keçirən fondun fəaliyyəti ən yüksək qiymətə layiqdir.

 

Bu gün Ulu Öndərin ruhu şaddır!

 

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Çox təəssüf ki, müstəqilliyimizin ilk günlərində Heydər Əliyev kimi böyük dövlət xadimi və qətiyyətli liderin Azərbaycanda rəhbərlikdə olmaması, siyasi hakimiyyətdə təmsil olunan şəxslərin iradəsizlik, qorxaqlıq nümayiş etdirməsi çox ağır nəticələr doğurmuş, o cümlədən torpaqlarımız işğal altına düşmüşdür. Ulu Öndər Heydər Əliyev isə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını dövlətin bir nömrəli prioriteti elan etmiş və bu məqsəd uğrunda bütün gücünü səfərbər etmişdir. O, məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söyləmişdir: "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir".

Ulu Öndər Heydər Əliyevin işğal altında olan torpaqlarımızın azadlığı, xalqımızın Qarabağa qayıtması arzusu 2020-ci ildə gerçəyə çevrildi. Azərbaycan dövləti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğalına son qoyaraq, tarixi ədaləti və özünün ərazi bütövlüyünü bərpa etdi. Həmin il noyabrın 8-də dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına müraciətində böyük qürurla Şuşa şəhərinin işğaldan azad olunduğunu demişdir: "Mən bu gün eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!"

Bu gün dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan Heydər Əliyevin yaratdığı möhkəm təməllər üzərində uğurla inkişaf edir. Müasir, qüdrətli Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyevin arzuları reallaşır, dövlətimizin başçısı taleyüklü məsələləri, planları, işləri böyük uğurla həyata keçirir. Bu gün Heydər Əliyev ideyaları, Heydər Əliyev siyasəti Azərbaycana, xalqımıza möhtəşəm nailiyyətlər qazandırır. Vətən müharibəsində qazanılan tarixi Zəfər də bu uğurların məntiqi nəticəsidir.

Azərbaycan xalqının Milli Qurtuluş Gününü qeyd etdiyi bu gün - 15 iyun həm də tarixi Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü ilə əlamətdardır. Əslində, bu iki tarixi hadisə arasında təbii bir bağ, inkarolunmaz bir əlaqə vardır. 1993-cü ildə Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı ilə bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas olaraq, inkişafa, sabitliyə, təhlükəsizliyə, öz Qurtuluşuna qədəm qoyan Azərbaycanın mədəniyyət beşiyi Şuşada 28 il sonra bu tarixi sənədə imza atılması özlüyündə böyük bir rəmzi məna daşıyır. Bu, Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin, xalqlarımızın mənəvi birliyi ilə yanaşı, siyasi, iqtisadi sahədə də həmrəyliyinin möhkəmləndirilməsi, həmçinin bütün türk dünyasına böyük töhfədir. Şuşa Bəyannaməsi də, azad Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları da ölkələrimiz arasında sarsılmaz birliyi bütün dünyaya nümayiş etdirir. Necə ki, İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, qardaş Türkiyə xalqı Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir, bu gün də iki qardaş ölkə olaraq, Azərbaycan və Türkiyə gələcəyə doğru birgə addımlayır. Möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qabaqda ancaq yaxşı günlər olsun. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir".

Bəli, indi Azərbaycanın qarşısında yeni üfüqlər açılmış, yeni vəzifələr dayanmışdır. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş şəhər və rayonlarımız Şuşanın timsalında yenidən qurulur, dirçəldilir. Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz və çox böyük tədbirlər, strateji layihələr həyata keçirilir. Bu isə bir daha Azərbaycan dövlətinin gücünü, Heydər Əliyev siyasətinin təntənəsini, möhtərəm Prezident İlham Əliyevin böyük liderlik xüsusiyyətlərini nümayiş etdirir.

Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövləti özünün çoxəsrlik tarixinin ən güclü, qüdrətli dövrlərini yaşayır. Bu gün Heydər Əliyevin yaratdığı milli dövlətçilik ənənələri üzərində möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Azərbaycan müstəqil dövlətçilik tariximizin ən güclü Azərbaycanıdır.

 

Sahibə QAFAROVA,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video