Rayonda keçmişin silinməz izlərinə həssas münasibət var
Quba təkcə əsrarəngiz təbiəti ilə seçilmir. Bu bölgəmiz zəngin tarixi keçmişi ilə də diqqət çəkir. Cəsarətlə demək olar ki, Qubanın turizm bölgəsi kimi şöhrət tapmasında rayondakı tarixi abidələrin də özünəməxsus rolu var.
Biz bu abidələri çox görmüşük, onlara dəfələrlə tamaşa etmiş və tarixlərinə aid nələri isə öyrənməyə maraq göstərmişik. Bu dəfə isə həmin abidələrə qiyabi səfərimizə Quba Soyqırım Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova bələdçilik edir. Tarixçi həmsöhbətimiz abidələrin əhəmiyyətindən danışaraq bildirdi ki, onların bərpası xüsusi proqram üzrə aparılır. İlk mərhələdə məscidlər bərpa olunub və onlardan biri Səkinəxanım məscididir. Səkinəxanım məscidi 1854-cü ildə Quba şəhərində tikilmiş tarix-memarlıq abidəsidir. Məscid Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək üçün ədibin həyat yoldaşı Səkinə xanım Bakıxanovanın şəxsi vəsaiti hesabına tikilib. İbadət evi dördbucaq formasındadır. Tavanı dörd sütun üzərində dayanıb. Döşəməsi daş plitələrlə üzlənib. Məscidin 9 pəncərəsi və 2 qapısı var. Damı isə dəmir təbəqə ilə işlənib. Onu da qeyd edək ki, sovet dövrünün qadağaları bu tarixi abidədən də yan keçməyib. Belə ki, həmin vaxt məsciddən tikiş fabriki kimi istifadə edilib. Lakin zaman dəyişəndən sonra Nazirlər Kabinetinin 2 avqust 2001-ci il qərarı ilə bu tikili ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Rayonun tarixi abidələrlə zəngin kəndlərindən biri Ağbildir. "Ağbil" sözü türk mənşəli olub kiçik qəbir daşı mənasını ifadə edir. Sovet hakimiyyəti illərində buradakı qədim tikililərdən ikisi dağıdılsa da, ikisi qorunub saxlanılıb. Bu günədək gəlib çıxan həmin abidələrdən biri Şeyx Məziyyət türbəsidir. 1537-ci ildə Şirvanşahlar dövründə tikilən türbəni sonralar yerli əhali bərpa edib. Tarixi məlumatlara görə, türbələr Şirvanşah Xəlilullahın göstərişi ilə memar Tacəddin tərəfindən inşa olunub. Bununla yanaşı, Ağbil türbələrinin olduğu ərazidə müxtəlif qəbir daşlarına da rast gəlinir.
Hazırda mövcud olan iki türbənin içində qəbirlər var. Türbələrin yerləşdiyi ərazidə kurqanlar və sandıq qəbirlər də mövcuddur. Qəbir daşları Səfəvi hökmdarı Şah İsmayılın yürüşləri zamanı həlak olan döyüşçülərin buradakı məzarlarda dəfn olunduğundan xəbər verir.
Bir qədər aralıda isə Şeyx Rəşid türbəsi yerləşir. Abidə xaricdən 8 guşəli, daxildən isə 4 bucaqlı quruluşa malikdir. Şeyx Rəşidin məzarı da buradadır. Qədim tikili Şərq üslubunda inşa edilib. Hazırda insanlar buradan ibadət yeri kimi istifadə edirlər.
Quba abidələrindən danışan həmsöhbətim Rəxşəndə xanım "Altı günbəz" sinaqoqunun tarixini də vərəqləyir. Öyrənirik ki, bu, 1888-ci ildə Gillel ben Xaimin layihəsinə əsasən tikilmiş bir tarixi abidədir. Məbədin 14 əsas pəncərəsi var. Böyük ibadət zalı olan sinaqoq Şərq memarlıq üslubunda tikilib. İçərisindəki ibadət divarına baxan hissə aron-kaduş adlanır. O, hündürlüyünə görə Avropada təkrarı olmayan və Qüdsə baxan qibləgahdır. Hündürlüyü 7 metrdir. Müqəddəs kitab həmin divarda yerləşən dolabda saxlanılır. Sinaqoq Quba xanı Hüseyn Əli xanın icazəsi ilə Qilqat məhəlləsinin sakinlərinin Qələdüz kəndi ətrafından indiki əraziyə 6 gün ərzində köçürülmələrinin simvoludur. Yeri gəlmişkən, dağ yəhudiləri bütün Quba xanlarının dövründə hər bir sahədə qayğı və dəstək ilə əhatə olunmuşlar. Onlar bu xatirəni yaşadır və həmişə ehtiramla xatırlayırlar.
Rustov kəndində yerləşən qədim tarixə malik olan məscidin də maraqlı memarlıq quruluşu var. 1903-cü ildə inşa edilən məscidin cənub fasadında dairəvi pəncərənin aşağısında yerləşən yonulmuş əhəngdaşı üzərində oyma üsulu ilə binanın Hacı Yusif tərəfindən tikildiyi yazılıb. Deyilənlərə görə, Azərbaycanın böyük xeyriyyəçisi, milyonçu Hacı Zeynalabdin Tağıyevin də məscidin tikilməsində maddi köməyi olub. Təbii ki, sovet hakimiyyəti illərində bu məscid də bağlanmış və binadan taxıl anbarı kimi istifadə edilmişdi. Bu möhtəşəm dini və tarixi abidə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra yenidən dindarların istifadəsinə verilib.
Onu da bildirək ki, yerli əhəmiyyətli memarlıq abidəsi olan məscidin bünövrəsi kürsülük səviyyəsinə qədər çay daşından hörülüb. Divarlar isə kürsülük hissədə çay daşı ilə yonulmuş əhəngdaşının kombinasiyası şəklində, qalan yerlərdə bişmiş kərpicdən inşa edilib. Qadınlar üçün nəzərdə tutulmuş ikinci mərtəbə eyvanın üstündə yerləşir. Məscidin damının örtük konstruksiyasında palıd tirlərdən istifadə olunub. 2008-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən məsciddə bərpa işləri aparılıb. Həmçinin məscidin həyətində yeni köməkçi bina tikilib, abidənin ətrafında abadlıq işləri görülüb.
Birinci Nügədidəki məscid XIX əsrin əvvəllərində kəndin sakinləri tərəfindən tikdirilmişdir. Məscid çiy kərpicdən, minarə isə 15 metr hündürlükdə qırmızı kərpicdən inşa olunub. Minarənin yaşı məsciddən təxminən 10-13 il çoxdur. İlk dəfə məscid və minarə eyni vaxtda tikilibmiş. Amma sonradan məscidin kiçik olduğunu görüblər və onu sökərək yerində hazırkı məscidi inşa ediblər. Minarənin üzərindəki daş lövhədə bu sözlər yazılıb: "Bu minarə hicri-qəməri təqvim ilə 1316-cı ildə Rəcəb ayında tikilib". Daş lövhənin aşağı hissəsində isə qeyd olunub: "Əzaya qalmadan namaza tələs, ölmədən əvvəl də tövbəyə tələs. Bu minarə şərif Hacə-Hacı-Muhamməd tərəfindən tikilib". Minarənin sol tərəfindəki başqa bir daş lövhədə isə yazılıb: "Bu məscid Molla Zəki Solban oğlu tərəfindən tikilib".
Sovet hökuməti illərində bu məscidin binasından da başqa təyinat üzrə istifadə edilib. 1930-cu ildən bura kinoklub, idman zalı və anbar olub. Ətrafındakı hücrələr isə uşaq bağçasına verilib. Anbar kimi fəaliyyət göstərən vaxt məscidin taxta döşəmələri sökülüb atılıb və üzlük daşlarla əvəz edilib. Məscidin dam örtüyü yararsız hala düşdüyü üçün 1986-cı ildə təmir olunub. Dam örtüyü dəyişdirilib, xarici fasadlar yenilənib.
Qubada bu və digər abidələrə həssaslıqla yanaşılır. Ümumiyyətlə, rayonda milli irsin qorunması və bərpası istiqamətində ardıcıl işlər görülür. Bu da tariximizə verilən dəyərə əsaslanır və onu gələcək nəsillərə ötürmək kimi yüksək amaldan qaynaqlanır.
Akif ƏLİYEV,
"Azərbaycan"