16 Iyul 2024 00:27
89
Qanunlar
A- A+

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 6, maddə 579 (Cild I); 2024, № 3, maddə 249) aşağıdakı məzmunda 24.1-1 – 24.1-4-cü maddələr əlavə edilsin:

“24.1-1. Alkoqollu içkilərin istehsalı və ya idxalı həyata keçirilən qida obyektinin qeydiyyatı və ya təsdiqi, qida obyekti olmadan fəaliyyət göstərən qida subyektinin qeydiyyatı aşağıdakı şərtlərə uyğunluğa dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir:

24.1-1.1. Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması;

24.1-1.2. barəsində Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması;

24.1-1.3. alkoqollu içki növü olan arağın istehsalı fəaliyyətinin həyata keçirildiyi qida obyektində istehsal həcmini müəyyən edən nəzarət ölçü cihazlarının quraşdırılması.

24.1-2. Alkoqollu içki növü olan arağın istehsalı fəaliyyətini həyata keçirən qida subyektləri bu fəaliyyətin həyata keçirilməsi zamanı bu Qanunun 24.1-1-ci maddəsində nəzərdə tutulan şərtlərlə yanaşı aşağıdakı şərtlərə də əməl edilməsini təmin etməlidirlər:

24.1-2.1. alkoqollu içki növü olan arağın illik minimum istehsal həcminin 100 min dekalitr olması;

24.1-2.2. alkoqollu içki növü olan arağın istehsalında xammal qismində istifadə olunan spirtin alışını qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirməsi (spirtin özü tərəfindən istehsal olunduğu hallar istisna olmaqla).

24.1-3. Alkoqollu içki növü olan arağın idxalı fəaliyyətini həyata keçirən qida subyektləri bu fəaliyyətin həyata keçirilməsi zamanı bu Qanunun 24.1-1-ci maddəsində nəzərdə tutulan şərtlərlə yanaşı malların idxalı ilə bağlı təchizatçı ilə müqavilənin olması şərtinə də əməl etməlidirlər.

24.1-4. Bu Qanunun 24.1-1-ci (Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olmaması şərti istisna olmaqla), 24.1-2-ci və 24.1-3-cü maddələrində müəyyən olunmuş şərtlərə əməl edilməməsi alkoqollu içkilərin istehsalı və ya idxalı həyata keçirilən qida obyektinin qeydiyyatı və ya təsdiqinin, qida obyekti olmadan fəaliyyət göstərən qida subyektinin qeydiyyatının ləğvi üçün əsasdır.”.

Maddə 2. Keçid müddəalar

2.1. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-2.1-ci maddəsində alkoqollu içki növü olan arağın illik minimum istehsal həcmi ilə bağlı nəzərdə tutulan tələb 2032-ci il yanvarın 1-dən tətbiq edilir.

2.2. 2032-ci il yanvarın 1-dək alkoqollu içki növü olan arağın illik minimum istehsal həcmi aşağıdakı kimi müəyyən edilir:

2.2.1. 2024-2025-ci illər üzrə 20 min dekalitr;

2.2.2. 2026-2027-ci illər üzrə 30 min dekalitr;

2.2.3. 2028-2029-cu illər üzrə 50 min dekalitr;

2.2.4. 2030-2031-ci illər üzrə 80 min dekalitr.

2.3. Bu Qanun qüvvəyə minənədək alkoqollu içkilərin istehsalı fəaliyyətini həyata keçirən qida subyektləri bu Qanun qüvvəyə mindikdən sonra 6 (altı) ay müddətində “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-1.3-cü maddəsində qeyd olunan şərtə əməl edilməsini təmin etməlidirlər. Bu müddət ərzində qeyd olunan tələbə əməl edilmədikdə qida obyektinin təsdiqi ləğv edilir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 may 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video