09 May 2023 09:30
2173
SİYASƏT
A- A+

Qətiyyət, cəsarət və uzaqgörənlik

 

Tarixi şəxsiyyətlər yaratmasa da, qüdrəti və fəaliyyəti ilə hadisələrin gedişatına güclü təsir göstərən, inkişafın irəliyə doğru hərəkətini sürətləndirən, taleyüklü məqamlara müəyyən "təshihlər" etməyi bacaran qeyri-adi insanlar da olur. Makedoniyalı İsgəndər, Napoleon, Ruzvelt, Çörçill, Mustafa Kamal Atatürk... və bu sırada özünə şərəfli yer tutan ən böyük azərbaycanlı - möhtərəm Heydər Əliyev!

Bu insanların həyat və fəaliyyətləri, əməl və mübarizələri mənsub olduqları xalqın tarixi və taleyi ilə o qədər qaynayıb-qarışıb ki, onlardan söhbət açarkən, əslində, xalqın tarixindən danışmış oluruq. Yaxud da əksinə, mənsub olduqları ölkələrin keşməkeşli günlərindən bəhs edərkən onların xidmət və fəaliyyətlərini xatırlamamaq imkansızdır. Nə idi Ulu Öndər Heydər Əliyevi bu qədər qüdrətli, yenilməz və xalqın sevimlisi edən?

Heç kəs anadan siyasətçi doğulmur. Amma cənab Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin çözülməsində həlledici sözünü deyə bilən nadir siyasətçilərdən idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişatını öncə görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə verirdi. Fenomen şəxsiyyət olmaqla Ulu Öndər Heydər Əliyevdə tükənməz enerji və işgüzarlıq qabiliyyəti vardı. O, bir sıra tanınmış siyasətçilərin illərlə görə bilmədiyi işi bir neçə gündə həyata keçirməyə qabil idi. Yorulmaq və dayanmaq nə olduğunu bilməyən bu qeyri-adi insan sutkanın 18-20 saatını dövlət və quruculuq işlərinə sərf edirdi. Dünyada hər kəsə qismət olmayan iti, fenomenal hafizəsi vardı, hətta çox zaman xalq arasında ona məhəbbətlə "kompüter yaddaş sahibi" deyirdilər.

Xalqın arzu və tələbi ilə respublika rəhbərliyinə qayıdan, Azərbaycanı vətəndaş müharibəsinin alovlarından, kiçik xanlıqlara parçalanma və bir dövlət kimi məhvolma təhlükəsindən xilas edən Ümummilli Lider Heydər Əliyevin əfsanələşmiş siyasi obrazının xarakterik cizgiləri hansılardır? Onun siyasi portretinin bəzi çalarlarına diqqət yetirək.

Hər şeydən öncə, Heydər Əliyev xalqın böyük sevgisini qazanmış şəxsiyyət idi. Ümumxalq məhəbbətinin ürəklərin dərin qatlarına işləmiş köklərindən biri haqda ayrıca danışmaq istərdik. Bu da xalqın taleyi ilə onun şəxsi taleyinin sıx və qırılmaz tellərlə bağlanmasıdır. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladığı ilk günlərdən bu qoşa tale bir ürəyin nəbzi kimi eyni ritmdə çırpınmış, sevincli və kədərli, ümidli və təhlükəli anlar birlikdə yaşanmışdır.

1969-cu ilə qədər Azərbaycan on beş "qardaş" respublika sırasında tanınıb seçilməyəni, adı anılmayanı idi. Hər şeyin vahid mərkəzdən idarə olunduğu, bütün maddi və mənəvi bölgülərin bir əldən paylandığı zamanda belə bir vəziyyət bütün münasibətlərdə öz əksini və təsirini, şübhəsiz ki, tapırdı. Heç kim tərəfindən tanınmadığı bir vaxtda gərgin fəaliyyətə başlayan, elə ilk günlərdən Azərbaycan xalqının bütün imkanlarını, qurub-yaratma potensialını və işgüzarlıq qabiliyyətini hərəkətə gətirərək canlı, ahəngdar və saat kimi dəqiq mexanizm halına salan Ulu Öndər Heydər Əliyev respublikamızın güclü yüksəlişinə, səsinin ucadan eşidilib adının hörmətlə çəkilməsinə nail oldu. Onun yorulmaz və məqsədyönlü fəaliyyəti nəticəsində respublikamızın bütün ərazisi başdan-başa quruculuq meydanına çevrildi. Böyük təşkilatçılıq məharətindən və şəxsi nüfuzundan xalqın mənafeyi naminə istifadə edən Ulu Öndər Heydər Əliyev tarixən qısa müddətdə ittifaq rəhbərliyinin diqqətini Azərbaycana cəlb etməyə, mərkəzi büdcədən respublikamıza xeyli vəsait yönəltməyə nail oldu. Hərdən rəqəmsiz ötüşmək mümkün olmur. Odur ki, konkret faktlara müraciət edirik. Ümummilli Lider Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi illər təkcə sənayedə və kənd təsərrüfatında deyil, bütünlükdə xalqın güzəranında və məişətində də görünməmiş yüksəliş, əsaslı dəyişikliklər dövrü olmuşdur. 1970-1982-ci illər respublikada 250 yeni müəssisə tikilmişdir. Neftayırma sənayesi müəssisələri tamamilə yenidən qurulmuş, iri elektron, elektrotexnika, radiotexnika, cihazqayırma sənayesi zavodları inşa edilmişdir. Nəticədə göstərilən müddətdə Azərbaycanda sənaye istehsalı 2,7 dəfə artmışdır. On üç ildə ozamankı qiymətlərlə 101,5 milyard manatlıq (əvvəlki 50 ildə olduğu qədər) məhsul istehsal edilmişdir. Həm də xalq istehlakı malları istehsalı

3 dəfə, əmək məhsuldarlığı 2 dəfədən çox, fond verimi 25 faiz artmışdır.

1970-1982-ci  illərdə kənd təsərrüfatının məcmu məhsulu 2,6 dəfə çoxalmış, əmək məhsuldarlığı 2,2 dəfə yüksəlmişdir. 1970-ci illə müqayisədə 1985-ci ildə taxıl istehsalı 1,8 dəfə, pambıq, tərəvəz və meyvə istehsalı 2 dəfədən çox, çay yarpağı istehsalı 3,2 dəfə, üzüm istehsalı 5 dəfədən çox artmışdır. Əsaslı dövlət vəsaiti qoyuluşunun 1 manat artımı hesabına əlavə olaraq 3,5 manatlıq məhsul alınmışdır. 1970-ci ildən başlayaraq Azərbaycanın sənayesi və kənd təsərrüfatı orta ittifaq göstəricilərini qabaqlayıb sürətlə inkişaf etmişdir. İqtisadi inkişafın əsas ümumi göstəricisi - milli gəlir də 1970-1985-ci illərdə 2,6 dəfə çoxalmış, adambaşına milli gəlir isə 2 dəfədən də çox artmışdır.

Heydər Əliyev şəxsi nüfuzu hesabına Azərbaycanda üzümçülüyün inkişafı ilə bağlı xüsusi qərarın qəbul edilməsinə və bunun nəticəsində respublikaya böyük məbləğdə vəsait qoyuluşuna nail olmuşdur. Həmin qərarın icrası dövründə Azərbaycanda min hektarlarla yeni üzümlüklər salınmış, emal müəssisələri yaradılmış, müasir tipli qəsəbələr inşa edilmişdir. Nəticədə üzüm istehsalı 1970-ci ildəki

350 min tondan 1982-ci ildə 1 milyon

800 min tona qalxmışdır. Təəssüf ki, sonrakı illərdə bağışlanılmaz səhvə yol verildi. Sərxoşluğa və alkoqolizmə qarşı mübarizə kampaniyasının gedişində 70 min hektardan çox bar verən üzümlük məhv edildi, təsərrüfatlara 600 milyon manatlıq ziyan vuruldu.

O dövrdə xalqın maddi gəlirinin artması, rifahının yaxşılaşması sayəsində ümumi yaşayış səviyyəsi də xeyli yüksəlmişdir. Respublikamızın paytaxtı Bakı şəhərində çoxmərtəbəli binalardan ibarət neçə-neçə mikrorayonlar və yaşayış massivləri, parklar salınmış, milli arxitekturanın fəxri sayılan binalar ucaldılmış, yaraşıqlı meydanlar, küçələr, yollar, körpülər qurulmuşdur. Azərbaycan kəndinin sosial-mədəni siması da büsbütün dəyişmişdir. Alçaq, kərpic və palçıqlı komalar öz yerini ağ daşdan tikilmiş ikimərtəbəli, yaraşıqlı evlərə vermiş, kəndlərdə və qəsəbələrdə bir çox sosial-mədəni obyekt tikilmişdir. Kəndlinin məişətində də böyük dəyişiklik baş vermişdir. Hər bir evdə radio, televizor, müasir mebel və digər məişət əşyaları görünmüş, kəndlinin məişəti şəhərin həyat tərzinə yaxınlaşmağa başlamışdır. On üç il ərzində ölkədə 22 milyon kvadratmetrlik, başqa sözlə, əvvəlki 50 ildə olduğundan 60 faiz çox mənzil tikilmişdir.

1970-ci ilədək Bakı çox zəif inkişaf edirdi. 1969-cu ildə Ulu Öndər Heydər Əliyev respublikanın birinci şəxsi təyin olunduqdan sonra bu qədim şəhərin "ömrü"nün ikinci dövrü başlandı. "Gülüstan" və "Respublika" sarayları, Prezident sarayı və Milli Məclisin binası, "Moskva", "Azərbaycan", "Abşeron" mehman- xanaları, "Olimpiya" idman kompleksi və Əl Oyunları İdman Sarayı, Yeni Əhmədli və Günəşli yaşayış massivləri, neçə-neçə mikrorayonlar həmin dövrün yadigarlarıdır. Bir-birinin ardınca çoxmərtəbəli yaşayış binaları, metro stansiyaları tikilir, N.Nərimanova, M.Əzizbəyova, C.Cabbarlıya, Nəsimiyə, H.Cavidə və digər görkəmli həmvətənlərimizə heykəllər qoyulur, onların adları, xatirələri əbədiləşdirilir, ədəbiyyat və incəsənət xadimlərinə yüksək fəxri adlar və dövlət mükafatları verilir, Şuşada M.P.Vaqifin məqbərəsi ucaldılırdı. Bakı, habelə respublikanın bütün şəhər və qəsəbələri qaynar tikinti meydanını xatırladırdı.

Ulu Öndər Heydər Əliyev SSRİ-nin rəhbərlərindən biri kimi Moskvaya işləməyə dəvət edildikdən sonra Azərbaycanda tikib-qurmaq həvəsi sanki həmişəlik söndü. Ondan sonra Azərbaycana başçılıq edənlər nə isə tikmək əvəzinə Heydər Əliyevin qoyub getdiyi binaların "təyinatı"nı dəyişməklə məşğul olurdular. Çox maraqlı iki fakt: Heydər Əliyev Moskvada işlədiyi dövrdə Bakıda metronun bir stansiyası belə istismara buraxılmamışdır. Hazırda paytaxtın rəmzlərindən birinə çevrilən teleqüllə də onun qoyub getdiyi kimi qalmış, bütün iqtidarlar tezliklə istifadəyə veriləcəyini vəd etsələr də, yalnız həmin obyektin inşasına başlayan Heydər Əliyev Azərbaycana döndükdən sonra nəhəng teleqüllənin "bəxti" açılmışdır.

Böyük türk oğlu Heydər Əliyevin Kremldə işləməyə dəvət olunmasını dünya təəccüb və heyrətlə qarşıladı. Sosializm dövründə üzdə "xalqlar dostluğu və proletar beynəlmiləlçiliyi prinsipi"nin mövcudluğu tez-tez təkrarlansa da, dərinlikdə başqa millətdən olanların SSRİ kimi superdövlətdə rəhbər vəzifəyə irəli çəkilməsi görünməmiş və qeyri-adi hadisə idi. Azərbaycanda buna sevinənlər də çox oldu.  Amma çox tezliklə hamı başa düşdü ki, bu güclü şəxsiyyətin respublikadan getməsi, sonradan isə düşmənlərin əli ilə böyük siyasətdən uzaqlaşdırılması Azərbaycan xalqının müsibətli günlərinin başlanğıcını qoydu. Respublikada vəziyyət aybaay pisləşir, düşmənlər üstümüzə ayaq alırdı. "Yenidənqurma" adlı oyun, onun ardınca isə "Qarabağ problemi" meydana atıldı, Azərbaycan uzun və dağıdıcı müharibəyə cəlb edildi.

Ulu Öndər Heydər Əliyevin çörəyi ilə böyüyüb onun sayəsində yüksək vəzifə tutanların bir qismi nankor çıxdı. Xalqının ağır vəziyyətdə olduğunu bilib Vətənə qayıdan, ona öz köməyini təklif edən bu müdrik insana öz əlləri ilə tikib qurduğu Bakıda yaşamağa adi bir mənzil belə vermədilər. Əksinə, nüfuzundan və ona olan xalq məhəbbətindən qorxaraq təqib etməyə, fiziki cəhətdən aradan götürmək üçün cəhdlərə başladılar. Bu cür nadanlıqdan məyus olan Ümummilli Lider Naxçıvana qayıdaraq son dərəcə ağır günlərini yaşayan muxtar respublikanın əhalisinə arxa və kömək durdu.

Beləliklə, həyatının ən ağır dövrünü yaşamaqla hər şeyə yenidən başlamalı oldu. Yalnız iradəsi poladdan, əzmi və qətiyyəti qranitdən yoğrulmuşlar belə çətinliyə və məhrumiyyətlərə dözə bilərdilər. Həmin dövr bütövlükdə Azərbaycan xalqı üçün də faciəli və fəlakətli keçirdi. Maymaq, qətiyyətsiz və səriştəsiz adamların respublikaya başçılıq etməsi, AXC-Müsavat cütlüyünün naşı və təcrübəsiz iqtidarı dövründə xaos, anarxiya və qanunsuzluğun baş alıb getməsi, arasıkəsilməz hakimiyyət davası nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsində baş verən acınacaqlı məğlubiyyət və xaricdən dəstəklənən separatçı qüvvələrin Azərbaycanı kiçik xanlıqlara parçalama cəhdləri ölkəni labüd fəlakət həddinə çatdırmışdı. Ümidsiz vəziyyətə düşən insanlar yeməyə çörək belə tapmırdılar. Şəxsi mənafelərini güdən "bəy"lər isə çörək adı ilə xalqa jmıx yedizdirirdilər. Hamı çox yaxşı anlayırdı ki, ölkəni bu vəziyyətdən yalnız Heydər Əliyev zəkası qurtarmağa qadirdir. Odur ki, bütün nəzərlər Naxçıvana çevrildi, xalq özünün sevimli və sınanmış oğlunu yenidən respublika rəhbərliyinə dəvət etdi. Ulu Öndər Heydər Əliyevin qayıdışı ilə Azərbaycan dövləti də, kövrək müstəqilliyimiz də fəlakətlər girdabından xilas edildi.

Ümummilli Lider Heydər Əliyev daim xalqa, onun dəstəyinə arxalanan siyasətçi idi. Qəribədir, Heydər Əliyevi istəməyənlər, ona bədxahlıq edənlər heç zaman açıq, mərdi-mərdanə mübarizə aparmayıblar. Küncdə-bucaqda pıçıldaşmağı, arxadan zərbə endirməyi üstün tutublar. Çünki qarşılarındakının neçə boy onlardan yüksəkdə dayandığını anlayıblar. Bəzən isə özlərini həddindən ziyadə güclü saydıqlarından hücuma keçmiş, onu fiziki cəhətdən aradan götürmək niyyətinə düşmüşlər. İlk dəfə Naxçıvanda olarkən AXC tərəfindən belə bir cəhd göstərildi, sonra S.Hüseynov Bakıda belə bir xülyaya düşdü. Hər iki halda Heydər Əliyev qeyri-adi gedişlə, o vaxtadək görünməmiş bir üsulla hücuma keçənləri tam məğlubiyyətə uğratdı. Özü də qan tökmədən! Onun bir çağırışı ilə xalq ayağa qalxdı, qocalı-cavanlı, qadınlı-kişili hamı sevimli rəhbərini müdafiə etmək üçün onun yanına gələrək dəstəyini bildirdi. Xalqın sevgi və qəzəbini görənlər əvvəlcə çaşdılar, sonra qaçıb aradan çıxdılar, ən nəhayət, qanuna təslim oldular!

Heydər Əliyev heç bir təhlükədən və heç nədən qorxmayan insan idi. Dəfələrlə onu təqib etmiş, sui-qəsd əməlləri törətməyə çalışmış, tutduğu yoldan çəkindirmək istəmişlər. Əvvəlkiləri saymasaq, ikinci dəfə respublika rəhbərliyinə qayıtdıqdan sonra üç dəfə qabaqcadan ona qarşı hazırlanaraq planlaşdırılan sui-qəsd cəhdi puça çıxmışdı. AXC-nin Naxçivan şöbəsinin üzvləri tərəfindən öyrədilib silahlandırılaraq Bakıya göndərilən Türkiyə vətəndaşı Milli Məclisin qarşısında pusquda durarkən yaxalanmış, onu səfərdən qaytaran təyyarəni raketlə vurmaq cəhdi alınmamış, dinamit qoyulan körpü nədənsə partladılmamışdır. Bütün bunlar təsadüfdən yox, Tanrının bu böyük insanı xalq üçün qoruduğundan baş tutmamışdı.

"Mən ömrümün yerdə qalan hissəsini də xalqıma bağışlayıram" - deyən Ulu Öndər Heydər Əliyev hətta ölüm təhlükəsi gördükdə belə geriyə çəkilməmiş, heç zaman postunu tərk etməmişdir.

Heydər Əliyev cəsarətli və risk etməyi sevən siyasətçi idi. Xəzərdə zəngin karbohidrogen ehtiyatları olduğunu respublikaya rəhbərlik edənlərin hamısı bilirdi. Ondan birlikdə istifadə üçün xarici neft şirkətləri ilə danışıqlara girmək cəhdi göstərənlər də olmuşdu. Lakin heç kəs bu ağır yükü yerdən qaldıra bilməmişdi. Buna ciddi şəkildə mane olmağa çalışan güclü dövlətlər və qüvvələr də vardı. Heydər Əliyev riskə gedərək çox cəsarətli addım atdı, zərgər dəqiqliyi ilə işlənmiş plan hazırlayaraq 20 sentyabr 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu. Sonradan alçaqcasına törədilən terror əməlləri isə artıq gecikmişdi. Risk və cəsarət hər şeyə üstün gəldi.

Heydər Əliyev cari məsələləri dövlətin qarşısında duran böyük vəzifələrlə əlaqələndirməyi bacaran siyasətçi idi. Onun tərəfindən böyük müdriklik və uzaqgörənliklə hazırlanan müstəqil Azərbaycan dövlətinin yeni neft strategiyası deyilənə əyani misaldır. Bu gün dünya bazarında ən çox ehtiyac duyulan məhsul- lardan biri neft və təbii qazdır. Xəzər neftini ikinci dəfə dünya üçün kəşf edən Heydər Əliyev bununla iqtisadiyyatı pozulub-dağılan, yenicə müstəqillik qazanan dövlətin qarşısında dayanan bir neçə vəzifəni eyni vaxtda həll etdi. Qısa müddətdə ölkəyə külli miqdarda xarici sərmayə qoyuldu, neft sənayesi iqtisadiyyatın digər sahələrinin dirçəldilməsi üçün lokomotiv rolunu oynadı, Azərbaycan iqtisadiyyatı böyük sürətlə dünya iqtisadiyyatına inteqrasiya olundu, gələcək nəsillərin firavan həyatı da təmin edildi. Yeni neft strategiyası dünyanın aparıcı dövlətlərinin maraqlarının ölkəmizdə cəmləndirilməsi funksiyasını da yerinə yetirdi.

Başqa bir məqam. 11 sentyabr 2001-ci ildə ABŞ-də dünyanı lərzəyə gətirən qanlı terror aksiyası baş verən kimi dərhal düzgün və zəruri qərar qəbul etdi. Bu addımı pislədi, terrorizmin bütün dünyanı hədələyən dəhşətli bəla olduğunu açıq- ladı. Verdiyi bəyanatda Azərbaycanın Amerikaya dəstək verdiyini, onunla bir alyansda olduğunu, terrorizmin kökünün kəsilməsində hər cür kömək göstərəcəyini bildirdi. Azərbaycanın bu mövqeyi ABŞ administrasiyası və rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi və az sonra bədnam 907-ci düzəlişin təsirinin dayandırılmasına dayaq oldu.

Heydər Əliyev mübariz və möhkəm iradəli rəhbər idi. Dayanmaq, ruhdan düşmək onun təbiətinə yad olub! İndiyədək çox nadir dövlət rəhbərlərinə siyasətin zirvəsinə ucalıb aşağı endikdən sonra yenidən yuxarı qalxmaq qismət olub. Mərdi-mərdanə mübarizə aparmağı bacaran və sevən Ulu Öndər Heydər Əliyev qladiator kimi sonadək döyüşməyi bacarırdı. Həm də bu zaman daha çox xalqın taleyini düşündüyündən yenilməz və məğlubedilməz olurdu!

Heydər Əliyev həyatın bütün sahələrinə dair yüksək və ensiklopedik biliyə malik zəka sahibi idi. O, dəfələrlə bu keyfiyyəti ilə hamını heyrətdə qoyub. Alimlər, kənd təsərrüfatı mütəxəssisləri, neftçilər, inşaatçılar, ədəbiyyat və incəsənət xadimləri, müxtəlif sənət sahibləri ilə söhbəti zamanı sahəyə dair zəngin biliyi, problemlərə dərindən bələdliyi, indiyə qədər keçilən yol, qarşıda duran vəzifələr, çətinlikləri aradan qaldırmaq üçün görüləsi işlər və s. barədə o qədər dərindən və peşəkarlıqla danışırdı ki, hər sahənin adamı onu özününkü hesab edir, hörmət və ehtiramla dinləyərək dedikləri ilə razılaşırdı. Rusiyanın bir sıra tanınmış siyasi və dövlət xadimləri ondakı bu məharətdən - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi tapşırılan bütün sahələri idarə edib ayağa qaldırmaq üçün qısa zamanda öyrənib dərindən bələd olması bacarığından vurğunluqla danışırlar.

Heydər Əliyev insana və ziyalıya qiymət verməyi bacarırdı. O, daim respublikanın tanınmış ziyalıları, görkəmli sənət adamları ilə görüşüb dostluq etmiş, əməklərini qiymətləndirmiş, maddi və mənəvi cəhətdən dayaq durmuşdur (təəssüf ki, dönük çıxanlar da olmuşdur). Ehtiyacı olanlar mənzil almış, xarici ölkələrə müalicəyə göndərilmiş, kömək üçün müraciət edənlər diqqətdən kənarda qalmamışlar. Hətta vətəndən kənarda yaşayan Azərbaycan övladları da bu böyük günəşin hərarətindən qızına biliblər.

Heydər Əliyev gəncləri sevər, onlara arxalanardı. O, daim gənclərlə görüşməyə, onların problem və qayğılarını öyrənib kömək etməyə vaxt tapırdı. Hələ Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə hər il dövlət hesabına yüzlərlə azərbaycanlı gənci SSRİ-nin müxtəlif şəhərlərinə ən müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərmişdi. Bu gün də onun verdiyi çörəyi yeyənlər həmin anları minnətdarlıqla xatırlayırlar. Azərbaycan müstəqillik qazandıqdan sonra vaxtilə uzaqgörənliklə hazırlanan həmin kadrlar çox kara gəldilər. Hərbi mütəxəssislərin hazırlanması da Ulu Öndər Heydər Əliyevin daim diqqət mərkəzində saxladığı məsələlərdən olub. İdmanın inkişafına böyük fikir verən dövlət rəhbəri bu vacib sahəni Azərbaycan xalqının sonsuz məhəbbətlə sevərək böyük ümidlər bəslədiyi cənab İlham Əliyevə etibar etməklə qısa müddətdə görünməmiş dönüş və yüksəlişin baş verməsini təmin etmişdi.

Heydər Əliyev yüksək diplomatik qabiliyyətə, görüş və danışıqları istədiyi məcrada aparmaq istedadına malik idi. Onun üçün çətin müsahib, inandırmağı bacarmadığı diplomat yox idi. Söhbətə başlamaq, hiss olunmadan bir mövzudan digərinə keçmək, yerinə düşən incə bir zarafat, şirin yumorla vəziyyəti dəyişmək, gözlənilməz manevrlərlə öz mövqeyini sonadək müdafiə edib yeritmək məharətinə görə yəqin ki, ona çatan siyasətçi tapılmaz. Hər dəfə də hamı onunla görüşdən sonsuz dərəcədə məmnun qaldığını gizlətmirdi.

Heydər Əliyev jurnalistlərlə də dostluq etməyi bacarırdı. Burada paradoksal vəziyyət mövcud idi. Bəlkə də etdiyi bütün xeyirxahlıqlara baxmayaraq, jurnalistlərin Heydər  Əliyev qədər "hücum" etdiyi insan olmayıb. O, çox böyük səbir və təmkinlə bütün bunlara davam gətirib, heç zaman onlara biganə qalmayıb, bir suallarını belə cavabsız qoymayıb, yeri gələndə "jurnalistika dərsi" keçib. Azərbaycanda müstəqil, demokratik və azad mətbuatın yaranmasında şəksiz xidmətləri olan möhtərəm Heydər Əliyev milli mətbuatımızın inkişafı, onun maddi təminatı ilə bağlı məsələlərin həlli ilə yaxından məşğul olub. Müxalifət nümayəndələri tərəfindən "Jurnalistlərin dostu" adının verilməsi onun bu sahədə gördüyü böyük işlərin məntiqi yekunudur.

Heydər Əliyev xalqını sevən, gecə-gündüz onun bu günü və gələcəyi barədə düşünən, həm də bu yöndə konkret əməli iş görən dahi idi.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında  xidmətləri həddindən çoxdur, bəlkə də saymaqla qurtarmaz.

Onlardan ikisi barədə ayrıca danışılmalıdır.

Əgər Ulu Öndərimiz xalqın çağırışına səs verərək ölkə rəhbərliyinə qayıtmasaydı,  bugünkü Azərbaycan da yox idi.

Yalnız onun qətiyyəti, iradəsi, uzaqgörənliyi sayəsində  Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlandı. Həm də nəinki müstəqilliyimiz, bir dövlət kimi mövcudluğumuz da qorundu.

Artıq Azərbaycana uzadılmış xain və məkirli əllər ölkədə vətəndaş müharibəsini alovlandırmışdı. Xaos, anarxiya, qanunsuzluq burulğanında boğulan Azərbaycan keçmişdəki kimi kiçik  xanlıqlara parçalanmaq ərəfəsində idi. Silahsız, cəbbəxanasız, ordusuz geriyə dönən Ümummilli Liderimiz doğma Azərbaycanı fəlakətdən qurtardı.

Ulu Öndərimizin ən mühüm xidmətlərindən biri layiqli siyasi varisi yetirməsi oldu. Azərbaycan xalqı sevimli rəhbərinin vəsiyyətinə  əməl etməklə, əslində,  Azərbaycanın sonrakı inkişafına, tarixinin ən qüdrətli dövlətinə çevrilməsinə dəstəyini verdi.

Ata vəsiyyətini şərəflə  yerinə yetirən cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanaraq düşmən ordusunu məhv etdi, işğalçıları torpaqlarımızdan qovaraq ərazi bütövlüyümüzü bərpa etdi!

Müasir, müstəqil Azərbaycan dövlətinin xilaskarı və banisi sayılan Ulu Öndər Heydər Əliyev bugünkü qələbələrimizdə də payı olan görkəmli dövlət xadimi və unudulmaz insandır!

Heydər Əliyev  hər dahi şəxsiyyətə qismət olmayan uzun, mürəkkəb və mübarizələrlə dolu bir ömür yaşadı. Xalqına, dövlətinə fədakarcasına və təmənnasız xidmət nümunəsi göstərdi. Özündən sonra isə mənalı ömrünü həsr etdiyi şah əsərini - müstəqil Azərbaycan dövlətini qoydu.

Bu gün Azərbaycan xalqı öz sədaqətli və xilaskar oğlunun 100 illik yubileyini böyük hörmət və ehtiramla, gördüyü möhtəşəm və çoxsaylı işləri, əvəzolunmaz xidmətləri xatırlamaqla qeyd edir!

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video