COP29-un işıqlandırılmasında fərqlənənlər təltif edildilər
Azərbaycan ötən ay dünyada ən mötəbər tədbirlərdən hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla evsahibliyi etdi. Tədbir bütün qabaqcıl təcrübələr nəzərə alınmaqla ən yüksək səviyyədə təşkil olundu.
"Azərbaycan" qəzeti COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı yekdil qərar qəbul edildiyi vaxtdan onun işıqlandırılmasını xüsusi diqqət mərkəzində saxladı. Sessiyaya hazırlıq, tədbirin keçirilməsi ətraflı və ardıcıl olaraq bu mətbu orqanın səhifələrində yer aldı. Sevindirici haldır ki, qəzetin əməkdaşlarının əməyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qiymətləndirildi. 2024-cü il noyabrın 11-22-də Bakı şəhərində keçirilmiş COP29-da fəal iştirakına görə "Azərbaycan" qəzetinin 15 əməkdaşı mükafatlandırıldı.
Dünən "Azərbaycan" qəzetinin redaksiyasında mükafatlar təqdim olundu. Tədbirdə çıxış edən baş redaktor Bəxtiyar Sadıqov qeyd etdi ki, çoxdandır "Azərbaycan" qəzetində bu qədər sevincli gün, bu qədər mükafatlandırma olmayıb. "Bizim çox sadə əməyimizi belə yüksək dəyərləndirdiyi üçün dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk", - deyə baş redaktor bildirdi.
Bəxtiyar Sadıqov dedi ki, bu tədbirin ölkəmizdə keçirilməsini istəməyənlər də oldu: "Azərbaycanın böyük uğurlarının fonunda boykot çağırışları iflasa uğradı. Digər mühüm məsələ o oldu ki, Azərbaycan rekord bir müddətdə - on bir ayda iki ilin işini gördü. COP29-un təşkili üçün çox möhtəşəm hazırlıq işləri həyata keçirildi. Biz jurnalist olaraq bunun həm iştirakçısı, həm müşahidəçisi, həm də "Azərbaycan" qəzetinin səhifələrində tarixə çevirəni olduq".
Qeyd olundu ki, COP29-un uğurlarından biri Paris Sazişinin 6-cı maddəsinin razılaşdırılması oldu. Bu məsələ 2015-ci ildən müzakirə edilsə də, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında bununla bağlı razılığa gəlindi. COP29-un digər uğuru isə iqlim mövzularına illik xərclərin məbləğinin razılaşdırılmasıdır. Əvvəlki rəqəm 100 milyard idi. Bakıda bu rəqəmin 300 milyarda çatdırılması barədə razılığa gəlindi.
Baş redaktor diqqətə çatdırdı ki, COP29 çox yükək səviyyədə keçdi, heç bir xoşagəlməz hal qeydə alınmadı: "Müəyyən dövlətlər, müəyyən qüvvələr hansısa pozucu əməllərin olmasını arzulayardı. Lakin bütün işlər dəqiqliklə hazırlanmışdı. Dünyanın gözü Azərbaycanda idi. Ölkəmiz bu sınaqdan da uğurla çıxdı və cənab İlham Əliyev həm də sübut etdi ki, o, çox mahir dövlət başçısı, uzaqgörən dövlət xadimi, məharətli sərkərdə və diplomatdır. Yalnız biz yox, bütün dünya bunun şahidinə çevrildi".
Bəxtiyar Sadıqov bildirdi ki, konfransın keçirildiyi günlərdə "Azərbaycan" qəzeti COP29-a kökləndi. COP29 günlərində qəzet hər gün 20-24 səhifə həcmində çap olundu: "O qədər materialları hazırlamaq, qəzetin səhifələrində yerləşdirmək üçün redaksiyanın yaradıcı kollektivi ikiqat-üçqat qüvvə ilə çalışdı. Mövzular müəyyənləşdirildi, əməkdaşlar tədbirlərdə iştirak etdilər, müsahibələr aldılar və bunlar redaksiyada operativ məqalələrə, reportajlara, xəbərlərə çevrildi. İkinci mühüm mərhələ materialların qəzet səhifələrinə yerləşdirilməsi, şəkillərin seçilməsi, sərlövhələrin müəyyənləşdirilməsi, qəzetin ümumi dizaynı idi. Bütün bunlar bizdən yüksək səviyyədə və operativ yaradıcılıq tələb edirdi. Əgər yaradıcılığın birinci mərhələsi COP29-un keçirildiyi meydanda - Bakı Olimpiya Stadionunda idisə, ikincisi "Azərbaycan" qəzetinin redaksiyasında oldu. Mən çox şadam ki, qəzetimizdə səhvə, yanlışlığa yol verilmədi. Bütün məsələlər dəqiqliyi ilə işıqlandırıldı. Bu da "Azərbaycan" qəzeti kollektivinin yüksək peşəkarlığından irəli gəlir".
COP29 dövründə "Azərbaycan" qəzetində 29 rubrikadan istifadə olundu.
"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında 197 ölkə, 80 dövlət və hökumət başçısı, qeydiyyatdan keçmiş 76 min iştirakçı var idi. Dünyanın müxtəlif ölkəsindən gəlmiş qonaqların çoxunun şəkillərini qəzetimizin səhifələrində verməklə həm konfransın gedişini əks etdirdik, həm də tarixə çevirdik. "Azərbaycan" qəzeti ən etibarlı arxiv kimi tarixdə qalır. COP29-un davam etdiyi günlərdə 92 mütəşəkkil səhifə şəkil və yazı verilib. 12 gün ərzində 201 səhifə material və 2303 şəkil dərc edilib. Bunun 1858-i xüsusi səhifələrdə, 445 şəkil isə ümumi səhifələrdə verilib. Qəzetin elə nömrəsi olub ki, COP29-la bağlı 239 şəkil dərc edilib. Həmin şəkilləri seçmək, mövzulaşdırmaq, səhifədə yerləşdirmək, şəkilaltı sözləri düzgün vermək zəhmət, diqqət, ən əsası, məsuliyyət idi. Biz bunun öhdəsindən gəldik. Çünki çox böyük sevinclə, fəxarətlə çalışırdıq. Bir daha dövlət başçısı cənab İlham Əliyevə bizim bu əməyimizi qiymətləndirdiyi üçün təşəkkür edirəm", - deyə baş redaktor bildirdi.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"