Dənli və dənli paxlalı bitkilərin istehsalı azalıb
Aqrar sahədə məhsul yığımı artıq yekunlaşıb. Ancaq "kəndlinin işi sona çatıb" demək olmaz. Çünki onun bir əli il boyu, yəni məhsul yetişdirilib toplanandan sonra da torpağın üstündədir. Əkinçinin qayğıları qışın bu oğlan çağında da bitib-tükənmir. Bu fəsildə, adətən, payızlıq bitkilərin səpini aparılır. Heyvandarlar isə mal-qaranı yaza salamat çıxarmaq üçün çalışırlar. Belə baxanda heç yaza da bir o qədər qalmayıb.
Dövlət Statistika Komitəsi məlumat verir ki, 2022-ci il üzrə istehsal olunan kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə ümumi dəyəri 10 milyard 984,2 milyon manatdır. Bunun 5 milyard 446,2 milyon manatlığı heyvandarlıq, 5 milyard 538 milyon manatlığı bitkiçilik məhsullarının payına düşür.
2021-ci illə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 3,4, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,4, bitkiçilik məhsulları üzrə isə 3,3 faiz artıb. 2022-ci ildə qarğıdalı da daxil olmaqla, 985,7 min hektar sahədən (hər hektardan orta hesabla 31,3 sentner olmaqla) ilkin çəkidə 3 milyon 161,3 min ton dənlilər və dənli paxlalı bitkilər toplanıb ki, bu da 2021-ci illə müqayisədə 6 faiz azdır.
Ötən il istehsal olunmuş dənlilərin və dənli paxlalı bitkilərin 1 milyon 736,1 min tonunu (54,9 faizini) buğda təşkil edib. Buğdanın məhsuldarlığı 31,9 sentner olub. Bundan əlavə, 1 milyon 74,3 min ton və ya 2021-ci ilə nisbətən 1,2 faiz çox kartof, 1 milyon 823,3 min ton (0,4 faiz çox) tərəvəz, 469,3 min ton (2 faiz çox) bostan məhsulları, 1 milyon 253,1 min ton (4 faiz çox) meyvə və giləmeyvə, 212,6 min ton (1,3 faiz çox) üzüm, 1 min ton (15 faiz az) yaşıl çay yarpağı, 29,4 min ton (13,8 faiz çox) günəbaxan, 321,8 min ton (12,1 faiz çox) pambıq, 222,7 min ton (15,3 faiz çox) şəkər çuğunduru və 5,1 min ton (21 faiz az) tütün yığılıb. Ölkədə 2023-cü ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir: 2022-ci il dekabrın 24-ü vəziyyətinə 1 milyard 54,7 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Səpin aparılmış sahənin 98,7 faizini və yaxud 1 milyon 41,1 min hektarını dən üçün payızlıq bitkilər təşkil edib. Bunun da 646,2 min hektarı buğda, 394,8 min hektarı arpa, 0,1 min hektarı isə çovdar əkinlərinin payına düşür.
2021-ci ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 2,5, o cümlədən buğdanın səpin sahəsi 7,3 faiz artıb, arpanın səpin sahəsi 4,6 faiz azalıb.
Heyvandarlığa gəldikdə, ötən il 2021-ci illə müqayisədə diri çəkidə ət istehsalı 3 faiz artaraq 628 min ton, süd istehsalı 1,9 faiz artaraq 2 milyon 264,7 min ton, yumurta istehsalı 9,8 faiz artaraq 2 milyon 18,1 milyon ədəd, yun istehsalı 2,3 faiz azalaraq 15,8 min ton, barama istehsalı 31,4 faiz azalaraq 341,4 ton olub. Keçən il hər inək və çamışdan orta hesabla 1731 kiloqram (2021-ci ildə 1709 kiloqram) süd sağılıb.
İlkin məlumata görə, 2023-cü il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 7 milyon 772,1 min baş qoyun və keçi, 2 milyon 628,6 min baş iribaşlı mal-qara, o cümlədən 1 milyon 288,7 min baş inək və camış olub. İribaşlı mal-qaranın 49 faizini inək və camışlar təşkil edib.
Ötən il quşçuluq müəssisələrində diri çəkidə 78,6 min ton quş əti və 880 milyon ədəd yumurta istehsal olunub. Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 10 milyon 886,6 min baş olub.
"Azərbaycan"