Oktyabr ayı Hörmüz boğazında və ətraf sularda ticarət gəmilərinə hücumların sayına görə 2017-ci ildən bəri ən çətin dövr olub.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, fevral ayında başlayan ABŞ-İran müharibəsi qlobal enerji təchizatının təxminən beşdə birinin həyata keçirildiyi Hörmüz boğazını münaqişənin əsas mərkəzinə çevirib. İranın boğaz ətrafında tankerlərə hücumlarından sonra “Brent” markalı neftin qiyməti ötən həftə bir barel üçün 117 dolları ötərək apreldən bəri ən yüksək səviyyəyə çatıb.
Lakin ABŞ-İran müharibəsinin başa çata biləcəyinə dair ümidlərin tədarük narahatlıqlarını azaltması fonunda bu həftənin əvvəlində neft qiymətləri azalıb. Səudiyyə Ərəbistanına qarşı hücumlar regional sabitliyə dair gözləntiləri zəiflədir, “Brent”in qiyməti isə hələ də son 6 ayın ən yüksək səviyyəsinə yaxın qalır.
Bu proseslər fonunda Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın rəsmiləri Yaxın Şərqdə gərginliyi azaltmaq məqsədilə bazar ertəsi Tehranda İran rəsmiləri ilə görüşüblər. Səudiyyə Ərəbistanı bildirib ki, səfərin məqsədi hərbi gərginliyin yenidən artmasının qarşısını almaq üçün açıq danışıqlar kanalları yaratmaqdır. İranın dövlət mediasının məlumatına görə, 4 ölkə sülh və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə danışıqları davam etdirmək barədə razılığa gəlib.
Münaqişənin başa çata biləcəyinə dair ümidlər tədarükdə fasilələr yaranması riskini azaldaraq neftin qiymətinə təzyiqi artırıb. Lakin husilərin Səudiyyə Ərəbistanına qarşı hücumlarını yenidən intensivləşdirməsi sülh perspektivlərinin kövrək olaraq qalmasına səbəb olub və qiymətlərin daha çox enməsini məhdudlaşdırıb.
Digər tərəfdən, Rusiyadakı neft emalı zavodları oktyabr ayında dizel yanacağının istehsalını artırır. Bu, Kreml ilə ABŞ arasında tədarüklə bağlı əldə olunan razılaşmadan sonra hökumətin ixrac kvotalarına icazə verməsi ilə əlaqələndirilir. Mənbələr istehsalın artımının sözügedən tənzimləmə ilə bağlı olduğunu bildiriblər.