Hər
il milli bayramını böyük uğurlarla qeyd edən Avstriya Mərkəzi Avropanın qəlbində,
Alp dağlarının füsunkar mənzərələri ilə əhatələnmiş stratji coğrafi mövqeyə
malik, həm zəngin tarixi, həm də yüksək həyat səviyyəsi ilə seçilən aparıcı bir
dövlətdir. Əsrlər boyu Qədim Roma İmperiyası, Müqəddəs Roma imperiyası və qüdrətli
Habsburqlar sülaləsinin idarə etdiyi Avstriya-Macarıstan imperiyasının mərkəzi
olan bu ölkə, Avropa tarixinin və diplomatiyasının formalaşmasında müstəsna rol
oynamışdır. Zəngin tarixi irs özünü paytaxt Vyana və Zalsburq kimi şəhərlərdəki
Şönbrun, Hofburq sarayları, Müqəddəs Stefan kafedralı kimi möhtəşəm memarlıq
abidələrində aydın büruzə verir. Mədəniyyət baxımından klassik musiqinin beşiyi
sayılan Avstriya Motsart, Bethoven və Ştraus kimi dühaların irsi ilə yanaşı,
operaları, teatrları və zərif qəhvəxana mədəniyyəti ilə dünya sivilizasiyasına
misilsiz töhfələr bəxş etmişdir. Bu gün isə ölkə yüksək texnologiyalar,
maşınqayırma, bərpa olunan enerjiyə əsaslanan dayanıqlı sənaye, turizm və güclü
bank sektoru ilə Avropa İttifaqının ən dinamik və sabit iqtisadiyyatlarından
birinə sahibdir.
Avstriya
Avropanın ən inkişaf etmiş və sabit iqtisadiyyatına malik ölkələrindən biridir.
Ölkə adambaşına düşən ümumi daxili məhsulun yüksək göstəricisi, güclü sosial
müdafiə sistemi və Şərqi-Qərbi Avropa ticarətinin kəsişməsində yerləşən
strateji coğrafi mövqeyi ilə seçilir. Avstriya Avropa İttifaqının ən varlı dövlətləri
sırasındadır. İqtisadiyyatın əsasını ağır və yüngül sənaye, yüksək dəqiqlikli
maşınqayırma, kimya, biologiya və turizm təşkil edir. Vyana xüsusilə Mərkəzi və
Şərqi Avropaya daxil olmaq istəyən beynəlxalq transmilli korporasiyaların
regional mərkəzi rolunu oynayır. İqtisadiyyatın sütununu böyük korporasiyalarla
yanaşı, ailə biznesi olan, xüsusi seqmentlərdə dünya liderinə çevrilmiş yüksək
texnoloji şirkətlər təşkil edir. Avstriya bankları Mərkəzi və Cənub-Şərqi
Avropanın maliyyə sektorunda aparıcı oyunçulardır. Ölkə həmçinin yaşıl
energetika və su elektrik stansiyaları sahəsində ön sıralardadır.
Avstriya
brendləri müxtəlif sahələrdə - qida və içkidən tutmuş avtomobil, zərgərlik və
mühəndis işinə qədər dünya miqyasında böyük nüfuza sahibdir. Belə ki, Red Bull dünyanın ən çox satılan və tanınan
enerji içkisi brendidir. Ekstrim idman növləri və Formula-1 sponsorluqları ilə
qlobal simvola çevrilmişdir. Dəbdəbə və zərgərlik sahəsində “Swarovski” markalı yüksək dəqiqliklə kəsilmiş büllur
(kristal) və zərgərlik məhsulları üzrə dünya lideridir. Həmçinin ölkədə
istehsal olunan dünya şöhrətli brendlər sırasında ən məşhur idman motosikletləri,
professional mikrofonlar, qulaqcıqlar və səs avadanlıqları, 1828-ci ildən bəri əllə
hazırlanan premium Royal (pianino) brendi, avtomobil, dəmir yolu və aerokosmik
sənaye üçün yüksək keyfiyyətli polad və rels texnologiyaları, təyyarə, gəmi və
yük maşınları üçün hidravlik qaldırıcı kranlar üzrə dünya bazarının lideridir.
Ümumilikdə
ölkənin rəsmi ehtiyat aktivlərinin ümumi həcmi 120-125 milyard avro civarındadır
ki, bunun da mühüm bir hissəsini xarici valyutada olan qiymətli kağızlar və
depozitlər təşkil edir. Avstriyanın rəsmi qızıl ehtiyatı təxminən 280 ton təşkil
edir. 2026-cı ildə nominal ümumi daxili məhsulun həcmi təxminən 617-623 milyard
dollar, adambaşına düşən ümumi daxili məhsul isə 67 min dollar olmuşdur.
Avstriya
açıq və ixrac yönümlü iqtisadiyyata malik ölkədir. Onun xarici ticarət dövriyyəsinin
təxminən üçdə ikisi (65-68 faiz) Avropa İttifaqı ölkələrinin payına düşür. Avstriya
mallarının ən çox satıldığı ölkələr - Almaniya (ixracının təxminən 29-30 faizi),
ABŞ (8 faiz) və İtaliya 6 faiz payla 3-cü sıradadır. Avstriyanın ən çox mal
aldığı ölkə olan Almaniya idxalda da liderdir. Belə ki, Avstriyanın idxal etdiyi
malların təxminən 33-35 faizi Almaniyanın payına düşür. Çin isə istehlak
malları, elektronika və sənaye avadanlıqlarının tədarükünə görə 2-ci sıradadır.
İtaliya isə qida, geyim, maşınqayırma və metal məhsullarının əsas tədarükçüsüdür.
Avstriyanın
xarici siyasət doktrinası tarixi, coğrafi mövqeyi və hüquqi çərçivələri ilə
formalaşan, daimi tərəfsizlik, çoxtərəflilik (multilateralizm) və Avropa
inteqrasiyası sütunlarına söykənən strateji xəttə malikdir. Avstriya hərbi
ittifaqlara (məsələn, NATO) qoşulmamaq, ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə
icazə verməmək və müharibələrdə iştirak etməmək öhdəliyi daşıyır. Avstriya özünü Şərq
ilə Qərb, eləcə də münaqişədə olan tərəflər arasında neytral vasitəçi və dialoq
platforması kimi təqdim edir.
Bu
qoca qitənin qoynunda yerləşən Avstriya ilə Azərbaycan arasında əlaqələrin
tarixi XV əsrə - 1473-cü ildə Ağqoyunlu hökmdarı Həsən padşah ilə Habsburqlar
monarxiyası arasındakı münasibətlərə gedib çıxır. Avstriya Respublikası Azərbaycan
Respublikasının dövlət müstəqilliyini 15 yanvar 1992-ci ildə tanımış, ikitərəfli
diplomatik münasibətlər isə 20 fevral 1992-ci ildə qurulmuşdur. Azərbaycan ilə
Avstriya arasında əməkdaşlığın hüquqi bazasını tənzimləyən cəmi 41 sənəd
(saziş, müqavilə və memorandum) imzalanmışdır.
2025–2026-cı
illərdə Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasındakı ikitərəfli
münasibətlər Avropa İttifaqı məkanı, Mərkəzi və Şərqi Avropanın təhlükəsizlik
arxitekturası, habelə regional enerji keçidi kontekstində dinamik və strateji
inkişaf xətti nümayiş etdirir. Avstriyanın daimi neytrallıq statusu və BMT-nin
Vyana Mənzil-Qərargahının yerləşdiyi qlobal diplomatiya mərkəzi olması, Azərbaycanın
isə Cənubi Qafqazın nəqliyyat-logistika və enerji qovşağı kimi çıxış etməsi tərəflər
arasında çoxşaxəli əməkdaşlığı şərtləndirir.
2026-cı
il boyunca Vyana şəhərində keçirilən BMT və ATƏT tədbirlərində (o cümlədən Türk
Dövlətləri Təşkilatı çərçivəsində təşkil edilən mədəni-siyasi təşəbbüslər və şəhərsalma
forumunun təqdimatlarında) Avstriya tərəfi ilə birgə koordinasiya olunmuş
dialoq aparılmışdır. Cənub Qafqazda post-münaqişə dövrü, Azərbaycan-Ermənistan
sülh prosesi və regional nəqliyyat-logistika dəhlizləri (xüsusilə Orta Dəhliz)
siyasi dialoqun diqqət mərkəzində duran əsas mövzulardan olmuşdur.
2025-2026-cı
illər dövründə siyasi dialoq institusional mexanizmlərin (XİN-lərarası məsləhətləşmələr,
parlamentlərarası dostluq qrupları və beynəlxalq təşkilatlar çərçivəsində təmaslar)
sistemli işi ilə xarakterizə olunur. İki ölkənin xarici işlər nazirlikləri səviyyəsində
müntəzəm keçirilən siyasi məsləhətləşmələr regional təhlükəsizlik, Cənubi
Qafqazda sülh quruculuğu, post-münaqişə dövründə minatəmizləmə fəaliyyəti və
Avropa təhlükəsizlik mexanizmlərini əhatə edir. Avstriya Azərbaycanın regionda
yaratdığı yeni nəqliyyat və kommunikasiya reallıqlarını dəstəkləyən bitərəf
mövqeyini saxlayır.
ATƏT,
BMT strukturları və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik çərçivəsində Vyanada
sıx diplomatik kooperasiya mövcuddur. Azərbaycanın COP29 çərçivəsində götürdüyü
iqlim öhdəlikləri və yaşıl keçid gündəliyi Avstriyanın Aİ daxilindəki ekoloji
strategiyası ilə üst-üstə düşür. Milli Məclis və Avstriya Parlamenti
(Nationalrat) arasında təmaslar qanunvericilik sahəsində təcrübə mübadiləsini və
iqtisadi-mədəni layihələrin siyasi dəstəklənməsini təmin edir.
Azərbaycan
Respublikası ilə Avstriya Respublikası arasında Hökumətlərarası Qarışıq
Komissiyanın sonuncu (11-ci) iclası 12 iyun 2025-ci il tarixində Avstriyanın
paytaxtı Vyana şəhərində keçirilmişdir. Görüşdə aşağıdakı əsas istiqamətlərdə tərəfdaşlığın
genişləndirilməsi vurğulanmışdır: Bərpa olunan enerji və "yaşıl enerjiyə” keçid;
Rəqəmsallaşma, innovasiyalar və internet texnologiyaları sektoru; Nəqliyyat,
loqistika və tranzit imkanları (Orta Dəhliz çərçivəsində); Kənd təsərrüfatı, sənaye
və qarşılıqlı investisiyaların təşviqi.
Həmçinin
iki ölkə arasında dəmir yolu nəqliyyatının inkişafı, logistik zəncirin rəqəmsallaşdırılması
və ağıllı infrastruktur layihələri üzrə sıx əməkdaşlıq mövcuddur. Azərbaycan və
Avstriya arasındakı iqtisadi layihələr və əməkdaşlıq platformaları əsasən
enerji təhlükəsizliyi, bərpa olunan enerji, nəqliyyat-logistika, sənaye və
infrastruktur sahələrini əhatə edir. Avstriya Azərbaycanı regionda özünün ən
böyük iqtisadi tərəfdaşı hesab edir.
Avstriya
Mərkəzi Avropanın ən mühüm qaz qovşaqlarından biridir. Azərbaycan bu ölkəyə
neft məhsulları ixrac edir və Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın, o cümlədən
Avstriyanın enerji təhlükəsizliyində
aktiv rol oynayır. Son illərin ən mühüm müzakirə mövzularından biri Qarabağ və
Şərqi Zəngəzur iqtisadi rayonlarında "yaşıl enerji" zonasının
yaradılmasıdır. Avstriya şirkətləri bu ərazilərdə günəş və hidroenerji layihələrinin,
habelə alternativ enerji infrastrukturunun qurulmasında iştirak etməkdə
maraqlıdırlar. Azərbaycanın təşəbbüskarı olduğu Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq
Nəqliyyat Marşrutu) Avstriya üçün Çin və Mərkəzi Asiya ilə ticarətdə alternativ
və daha sürətli tranzit marşrutu təqdim edir.
2026-cı
ilin ilk rübündə iki ölkə arasındakı ticarət dövriyyəsi 2025-ci ilin müvafiq
dövrü ilə müqayisədə 14.71 faiz artaraq 24.56 milyon dollara çatmışdır. 2026-cı ilin
yanvar-iyun ayları üzrə ümumi ticarət həcmi 40 milyon dolları ötmüş, yanvar-iyul
aylarında isə 65,5 milyon dollar təşkil etmişdir. Azərbaycanın
Avstriyaya ixracının əsas hissəsini xam neft, neft-kimya məhsulları və
alüminium təşkil edir. Avstriyadan Azərbaycana isə yüksək texnologiyalı
avadanlıqlar, əczaçılıq və tibbi vasitələr, maşınqayırma məhsulları və kimya sənayesi
malları idxal olunur. Azərbaycan-Avstriya
iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, ticarət və texnologiya üzrə Birgə
Komissiyası iqtisadi platformanın ana oxunu təşkil edir.
Vyanada
iki ölkənin işgüzar dairələri arasında əlaqələndirməni təmin edən rəsmi ticarət
platforması Avstriya-Azərbaycan Ticarət Palatası fəaliyyət göstərir. Onun
missiyası iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasından, investisiya
layihələrinin təşviqindən və iş adamları üçün etibarlı tərəfdaşlıq körpüsünün
qurulmasından ibarətdir.
Avstriyanın
bəzi şirkətləri Azərbaycanda inşaat, sığorta, turizm və maliyyə sahələrində fəaliyyət
göstərir. Avstriyanın OMV şirkəti vasitəsilə Azərbaycan neft-qaz sektorunda
mövcudluğu və Mərkəzi Avropanın enerji təhlükəsizliyində Azərbaycan qazının
rolu strateji xarakter daşıyır. Avstriyanın Andritz Hydro, Voith kimi
hidroenergetika və yaşıl texnologiyalar sahəsində dünya nəhəngləri olan şirkətləri
işğaldan azad edilmiş ərazilərdə (Qarabağ və Şərqi Zəngəzur) kiçik su elektrik
stansiyalarının qurulmasında və "net-zero" konsepsiyalı layihələrdə fəal
iştirak edirlər.
Mədəni-humanitar
sahə iki ölkə xalqları arasında "yumşaq güc" aləti kimi xüsusi çəkiyə
malikdir. Vyanada
fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi müntəzəm olaraq klassik və
muğam musiqisi gecələri, təsviri incəsənət sərgiləri və ədəbi təqdimatlar təşkil
edir. 2025-2026-cı illərdə mərkəzin təşkilatçılığı ilə milli musiqiçilərin iştirakı
ilə silsilə konserlər keçirilmişdir. Avstriyada yaşayan Azərbaycan icmasının təşkilatlanması,
Azərbaycan Mədəniyyət Evləri vasitəsilə mühüm tarixi günlərin anılması və Şərqi
Avropada diaspora forumlarının keçirilməsi mədəni inteqrasiyanı dərinləşdirir.
Avstriya
və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq həm ikitərəfli dövlətlərarası
razılaşmalar, həm də Avropa İttifaqı çərçivəsində həyata keçirilən beynəlxalq
proqramlar vasitəsilə inkişaf edir. Bakı Dövlət Universiteti, ADA
Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye
Universiteti kimi aparıcı ali məktəblər Vyana Universiteti, Qrats Universiteti
və Linz İohann Kepler Universiteti kimi Avstriya akademik mərkəzləri ilə ikitərəfli
əlaqələr saxlayır, onların arasında tələbə-müəllim mübadiləsi, birgə tədqiqat
layihələri və bərpa olunan enerji mühəndisliyi üzrə elmi seminarlar keçirilir.
Azərbaycan
Dillər Universitetində Avstriya Mərkəzi fəaliyyət göstərir. Bu mərkəz tələbələrə
Avstriya ədəbiyyatı, tarixi və mədəniyyəti ilə tanış olmaq, alman dilini təkmilləşdirmək
üçün resurslar təqdim edir. İqtisadiyyatın idarə edilməsi və turizm kadrlarının
hazırlanması məqsədilə Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə
Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında uzun illərdir uğurlu
ikili diplom layihəsi icra olunur.
2025-2026-cı
illərdə Avstriya-Azərbaycan münasibətləri siyasi neytrallıq və qarşılıqlı
iqtisadi marqallara söykənən praqmatik tərəfdaşlıq modelini nümayiş etdirir.
İkitərəfli əlaqələrin
gələcək inkişafı üç ana sütun üzərində formalaşır: Azərbaycanın Avropanın
enerji və nəqliyyat-logistika (Orta Dəhliz) təhlükəsizliyində rolunun artması. Avstriya
şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurun bərpasında, "yaşıl
texnologiyalar" və infrastruktur layihələrində aktiv inteqrasiyası. Vyana
beynəlxalq diplomatiya mərkəzi üzərindən həyata keçirilən çoxtərəfli mədəni və
elmi dialoq.
Vyana
və Zalsburq kimi mühüm şəhərlərdə fəaliyyət göstərən Azərbaycan Evləri (məsələn,
Zalsburqdakı "Xarı-Bülbül" Azərbaycan Mədəniyyət Evi) soydaşlarımızın
əsas toplaşma nöqtəsidir. Buralarda milli bayramlar, anım günləri və mədəni tədbirlər
təşkil olunur.
Tanınmış
Avstriyalı yazıçı və Frans Kafka, Stefan Sveyq, Artur Şnisler, Yozef Rot, Yohan Volfqanq fon Höte və başqa ədiblərin
əsərləri müxtəlif illərdə çap edilərək Azərbaycan oxucularına təqdim
edilmişdir. Azərbaycanın Xalq Yazıçısı Anarın və digər müasir ədiblərin əsərləri
alman dilində işıq üzü görərək Avstriyalı oxuculara təqdim edilmişdir.
Azərbaycan
və Avstriya kitabxanaları arasında uzunmüddətli rəsmi əməkdaşlıq, kitab mübadiləsi
və tarixi irsin araşdırılması sahəsində sıx əlaqələr mövcuddur. Avstriya Milli
Kitabxanası (Vyanada) "Kitaba himayədarlıq" layihəsi çərçivəsində Azərbaycan
müəlliflərinin, xüsusən də dahi şair Nizami Gəncəvinin əlyazmalarını xüsusi
qayğı ilə qoruyur. Hazırda
Avstriyanın dünyanın müxtəlif ölkələrində dəstəklədiyi rəsmi kitabxana şəbəkələrindən
biri də ölkəmizdədir. Həmçinin hər iki ölkə beynəlxalq kitab sərgiləri çərçivəsində
sıx əlaqələrə malikdir.
Azərbaycanın
turizm potensialı Avstriya bazarında fəal şəkildə təşviq olunur. Azərbaycan
Turizm Bürosu hər il Vyanada keçirilən Avstriyanın ən böyük beynəlxalq turizm sərgisində
ölkənin mədəni, qış və sağlamlıq turizmi imkanlarını təqdim edir. Avstriya vətəndaşları
üçün ASAN Visa (e-Visa) sistemi vasitəsilə 3 gün ərzində elektron viza almaq
imkanı mövcuddur ki, bu da səyahət prosesini əhəmiyyətli dərəcədə sadələşdirir.
2025-2026-cı
illərdə Avstriya-Azərbaycan münasibətləri siyasi neytrallıq və qarşılıqlı
iqtisadi marqallara söykənən praqmatik tərəfdaşlıq modelini nümayiş etdirir.
İkitərəfli əlaqələrin gələcək inkişafı üç ana sütun üzərində formalaşır: Azərbaycanın
Avropanın enerji və nəqliyyat-logistika (Orta Dəhliz) təhlükəsizliyində rolunun
artması. Avstriya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurun bərpasında,
"yaşıl texnologiyalar" və infrastruktur layihələrində aktiv
inteqrasiyası. Vyana beynəlxalq diplomatiya mərkəzi üzərindən həyata keçirilən
çoxtərəfli mədəni və elmi dialoq.
Möhkəm
qətiyyətlə vurğulamaq olar ki, Cənubi Qafqaz regionu ilə Mərkəzi Avropa
arasında iqtisadi əlaqələrin daha da inkişafında Azərbaycan-Avstriya əməkdaşlığı
mühüm rol oynayır. Postmünaqişə dövründə bu münasibətlər daha məhsuldar və əhatəli
miqyas alacaqdır.
Atamoğlan MƏMMƏDLİ,
BDU-nun
dosenti