Azərbaycan çoxmillətli dövlətdir. Bütün millətlərin rahat yaşaması və inkişaf etməsi üçün ölkəmizdə çox münbit şərait yaradılıb. Ümummilli Lider Heydər Əliyevin vaxtilə yürütdüyü siyasətin nəticəsidir ki, hazırda Azərbaycanda bütün millətlər və din mənsubları öz adət-ənənələrinə, dinlərinə sadiq qalaraq rahat yaşayırlar.
Xalqımızı başqalarından fərqləndirən əsas amillərdən biri də multikultural dəyərlərə sahib olmasıdır. Azərbaycanda tarixən bütün dinlərə, mədəniyyətlərə hörmətlə yanaşılıb. Müasir Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində ölkəmizdə formalaşan multikultural dəyərlər bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub.
Mədəni dəyərlərin müasir tələblər səviyyəsində inkişafının, ölkədə sabitliyin və tərəqqinin əsas amil olduğunu nəzərə alan Ümummilli Lider Heydər Əliyev multikulturalizmin siyasi və hüquqi müstəvidə yerini çox böyük uzaqgörənliklə müəyyənləşdirib. Ulu Öndər Azərbaycanın gələcək uğurlu inkişafı naminə dəqiq ideoloji hədəf seçib və uğurlara hesablanan müdrik siyasəti ilə illərlə formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə yüksəldib. Uzaqgörən fikirləri və işıqlı düşüncələri ilə tolerantlıq ənənəsinə böyük töhfələr verib.
Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa edib. Məhz elə buna görə də bu gün Azərbaycan dünyaya tolerantlıq nümunəsi kimi təqdim olunur. Ölkəmizdə mövcud olan yüksək multikultural dəyərlər, tolerantlıq, dünyəvi dinlərin sərbəst şəkildə fəaliyyət göstərməsi Azərbaycanı dünyaya daha çox sevdirir.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə tolerantlıq dəyərləri və ənənələri daha da inkişaf edib. Çox sevindiricidir ki, XXI əsrin Azərbaycanı bu münasibətlər sistemini özündə cəmləşdirərək müasir dünyanın tolerantlıq simvollarından birinə və digər cəmiyyətlər üçün örnək modelinə çevrilib.
Tolerantlıq həmişə azərbaycanlıların həyat tərzi olub. Milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq hamı Azərbaycanı öz vətəni, öz torpağı bilib. Elə buna görə də bu gün Azərbaycan dünyada müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq və dostluq şəraitində yaşadığı ölkə kimi tanınır.
Tarixin bütün dövrlərində həm Azərbaycan şifahi xalq ədəbiyyatında, həm klassik ədəbiyyatında, həm də tarixi maddi-mədəniyyət nümunələrində xalqımızın sərgilədiyi tolerantlıq bütün dünya dövlətlərinə, xalqlarına nümunə olub. Dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığı da sivil dünyaya örnəkdir. Onun yaradıcılığında bəşərilik o qədər güclüdür ki, dünyanın hər bir xalqı asanlıqla özünü bu misraların içərisində tapa bilir. Bu isə Azərbaycan xalqının dünya ədəbiyyatına, mədəniyyətinə bəxş etdiyi əvəzsiz bir töhfədir.
Azərbaycanda tolerantlıq, birgəyaşayış ən bariz nümunəsini 44 günlük Vətən müharibəsində daha parlaq şəkildə özünü göstərdi. Ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlayanda silaha sarılaraq döyüşlərə yollandılar. Onlar torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük hünər və qəhrəmanlıqlar göstərdilər.
2020-ci il sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsindəki parlaq Zəfərimizdən sonra Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 32 ildən sonra Şuşada - Cıdır düzündə "Xarıbülbül" festivalı keçirildi. Həmin festivalda Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri iştirak etdilər. Onlar festivalda öz milli mədəniyyətlərinin nümunələrini nümayiş etdirdilər. Bütün dünya Azərbaycanın tolerant ölkə olduğunu bir daha gördü.
Bu gün ölkəmizdə bütün xalqların ürəyi eyni ahənglə döyünür. Azərbaycanı da yaşadan, inkişaf etdirən isə bu amildir. Bütün azsaylı xalqların hüquqları qorunur və onlara ana dilini, mədəniyyətini, dinini yaşatmaq üçün əlverişli şərait yaradılır. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, ictimai fikrinin formalaşmasında, dövlətçiliyinin inkişafında çoxlarına örnək olacaq vətənpərvərlik nümunəsi göstərilir.
Bu gün Azərbaycanın tutduğu prinsipial mövqe, dövlətimizin başçısının uğurlu siyasəti, azərbaycançılıq ideologiyasının əmin-amanlıq, həmrəylik kimi yüksək dəyərlərə sadiq qalması respublikamızı sivilizasiyaların qarşılıqlı əməkdaşlığını təmin edən bənzərsiz bir dövlətə çevirib.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"