Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvana səfəri və Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın gələcək inkişaf strategiyasına dair mühüm mesajlarla yadda qaldı. Səfər çərçivəsində təqdim olunan layihələr, verilən tapşırıqlar və müəyyənləşdirilən yeni hədəflər göstərir ki, Naxçıvan qarşıdakı illərdə Azərbaycanın sosial-iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik siyasətində daha mühüm mövqeyə malik olacaq.
Naxçıvanın təhlükəsizliyinin və müdafiə potensialının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Əlahiddə Ordunun müasir hərbi texnika və yeni komando qüvvələri ilə daha da gücləndirilməsi Azərbaycanın milli təhlükəsizliyinə və dövlət suverenliyinə verilən əhəmiyyətin göstəricisidir.
Səfərin mühüm nəticələrindən biri Naxçıvan Sənaye Parkının təməlinin qoyulması oldu. Yeni istehsal sahələrinin yaradılması, investisiyaların cəlb edilməsi və yeni iş yerlərinin açılması Naxçıvan iqtisadiyyatının şaxələndirilməsinə ciddi imkanlar yaradacaq. 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası isə enerji təhlükəsizliyini daha da möhkəmləndirəcək və gələcəkdə enerji ixracı üçün əlavə imkanlar formalaşdıracaq.
Bərpaolunan enerji layihələri də xüsusi əhəmiyyət daşıyır. Günəş və su elektrik stansiyalarının, enerji saxlanc sistemlərinin yaradılması Naxçıvanın Azərbaycanın yaşıl enerji məkanında mühüm mərkəzə çevrilməsinə xidmət edəcək. Bu istiqamət həm Naxçıvanın, həm də bütövlükdə Azərbaycanın enerji potensialının daha səmərəli istifadəsi baxımından strateji əhəmiyyət daşıyır.
Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə nəqliyyat bağlantısının bərpası isə regionun gələcəyi baxımından xüsusi əhəmiyyətə malikdir. Horadiz–Ağbənd avtomobil yolunun tamamlanması, dəmir yolu layihələrinin sürətlə həyata keçirilməsi və Naxçıvan dəmir yolunun yükdaşıma imkanlarının artırılması ölkəmizin bu istiqamətdə ardıcıl siyasətinin nəticəsidir.
Zəngəzur dəhlizi artıq yalnız nəqliyyat marşrutu kimi qiymətləndirilə bilməz. Bu layihə dəmir yolu və avtomobil yolları ilə yanaşı, enerji və fiber-optik xətlərin keçəcəyi, regionda yeni iqtisadi və kommunikasiya imkanları yaradacaq genişmiqyaslı bağlantı platformasıdır. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalar da bu baxımdan mühüm tarixi mərhələdir. Azərbaycanın uzun illər ərzində apardığı məqsədyönlü siyasət artıq konkret nəticələrlə özünü göstərir.
Naxçıvanın inkişafı yalnız iqtisadi və infrastruktur layihələri ilə məhdudlaşmır. Sosial obyektlərin yaradılması, yeni yolların salınması, ictimai nəqliyyatın yenilənməsi, DOST və “ASAN xidmət” imkanlarının genişləndirilməsi, uşaq bağçalarının tikintisi və digər layihələr birbaşa insanların rifahına hesablanıb.
Kənd təsərrüfatı və su təminatı ilə bağlı layihələr də Naxçıvanın iqtisadi potensialının daha səmərəli istifadəsinə imkan verəcək. Turizm infrastrukturu və tarixi-mədəni irsin qorunması istiqamətində görülən işlər isə Naxçıvanın özünəməxsus imkanlarının daha geniş şəkildə təqdim olunmasına şərait yaradacaq.
Möminə xatun məqbərəsinin bərpası, Əcəmi Naxçıvaninin irsinin yaşadılması və digər tarixi abidələrin qorunması xüsusilə təqdirəlayiqdir. Hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli-mədəni irsimizin qorunması istiqamətində həyata keçirilən layihələr Azərbaycanın tarixə və mədəniyyətə münasibətinin bariz nümunəsidir. Naxçıvanın zəngin irsinin gələcək nəsillərə çatdırılması bu böyük siyasətin mühüm hissəsidir.
Prezident cənab İlham Əliyevin Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun vahid inkişaf konsepsiyası əsasında inkişaf etdirilməsi ilə bağlı yanaşması da strateji baxımdan mühüm əhəmiyyət daşıyır. Bu yanaşma ölkənin müxtəlif bölgələrinin potensialını birləşdirərək vahid iqtisadi, enerji və nəqliyyat məkanının formalaşdırılmasına xidmət edir.
Naxçıvan qarşıdakı illərdə sənaye, enerji, logistika, kənd təsərrüfatı və turizm sahələrində böyük inkişaf imkanlarına malik olacaq. Bu prosesin arxasında isə güclü dövlət iradəsi, ardıcıl investisiya siyasəti və Azərbaycanın milli maraqlarına əsaslanan strateji baxış dayanır.
Prezident İlham Əliyevin səfəri bir daha göstərdi ki, Naxçıvan Azərbaycanın gələcək inkişaf xəritəsində xüsusi yer tutur. Bu qədim diyarın yeni inkişaf mərhələsi həm Naxçıvanın öz potensialının reallaşdırılmasına, həm də Azərbaycanın regionda iqtisadi və geosiyasi mövqeyinin daha da güclənməsinə xidmət edəcək.
Fatma Yıldırım,
Milli Məclisin deputatı