Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) 8 Noyabr - Zəfər Gününə həsr edilən tədbir keçirilib. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra BBMM tərəfindən hazırlanan “Biz birlikdə güclüyük” sənədli filmi nümayiş olunub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidmətindən "Azərbaycan" qəzetinə verilən məlumata görə, tədbirdə çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri olduğunu bildirib, Azərbaycanın Prezident İlham Əliyevin liderliyi ilə son 200 ilin ən böyük Qələbəsini qazandığını vurğulayıb. O qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzi olan Zəfərimiz hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir və tariximizdə əbədi qalacaq.
R.Həsənov diqqətə çatdırıb ki, Vətən müharibəsindəki Qələbimizin arxasında duran ideya birlik, qardaşlıq idi.
“Torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə dinindən, dilindən, mədəniyyətindən asılı olmayaraq, hər kəs “dəmir yumruq” ətrafında birləşdi. Təsadüfi deyil ki, Şanlı Zəfərimizdən sonra Qarabağda, Şuşada keçirilən ilk mədəni tədbir xalqların birliyini tərənnüm edən “Xarı Bülbül” festivalı oldu. Doğrudur, bu gün Zəfər qazanmışıq, suverenliyimizi tam bərpa etmişik, lakin Azərbaycanın ərazi bütövlüyünü pozmaq istəyən qüvvələr yenə də öz məkrli mövqelərindən geri durmurlar. Bu səbəbdən soydaşlarımız dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq öz həmrəyliyini daim qorumalıdır”, - deyə icraçı direktor əlavə edib.
Digər çıxış edənlər – Milli Məclisin deputatı Ceyhun Məmmədov, Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Mənəvi Dəyrlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov, Vətən müharibəsi iştirakçıları polkovnik Rəşad Aslanov, mayor Şahin Əsgərov, baş leytenant Radif Mustafayev, Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekanı dosent Elnurə Əzizova, Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiya İdarəsinin katibi protoiyerey Elnur Əfəndiyev, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov, Katolik kilsəsinin nümayəndəsi Yozef Marik Azərbaycanda yaşayan milli və dini icmaların nümayəndələrinin ölkəmizin inkişafı üçün bütün sahələrdə həmrəy olduqlarını vurğulayıblar.
Zəfər Günü, həmçinin Mərkəzin layihəsi olan “Azərbaycan multikulturalizmi” fənninin tədris edildiyi bir çox xarici universitetlərdə də keçirilib. Belə ki, Rumıniyanın Yassı Universitetindəki Azərbaycan Multikulturalizm Mərkəzinin direktoru, professor Lüdmila Bejenaru, Yaponiyada Hokkaydo Universitetində konfliktologiya elmləri üzrə PHD təhsili almış yaponşünas alim, Yaponiya hökuməti dövlət təqaüdçüsü Əlibəy Məmmədov, Bolqarıstanda Kliment Orxidski Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şiqayeva, Hindistanda Şri Şri universitetinin müəllimi Kənan Məmmədov və Türkiyədə Ərciyəz Universitetinin professoru Qafar Mehdiyev tədbir iştirakçılarına 44 günlük Vətən müharibəsi, Şanlı Zəfərimiz haqqında ətraflı məlumat veriblər.