12 Dekabr 2024 09:20
89
SİYASƏT
A- A+
Milli maraqların böyük mühafizi

Milli maraqların böyük mühafizi


Ümummilli Lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə (1969-1982; 1993-2003) Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuşdur. 1969-cu il iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın taleyində və tarixində dönüş başlandı. Bu şərəfli tarixdə, 1969-1982-ci illərdə bütün sahələrdə əldə edilən yüksəlişdə Azərbaycan KP MK-nın 1969-cu il 5 avqust tarixli plenumunun qərarı böyük bir proqram sənədi olmaqla mühüm əhəmiyyət kəsb etdi. Bu proqram sənədi əsasında həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda tənəzzüldən tərəqqiyə dönüş başlandı. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi və bu proqram sənədini irəli sürməsi ilə Azərbaycanda dirçəliş, inkişaf, cəmiyyətin keyfiyyətcə irəliyə, milli özünüdərkə dönüş mərhələsinin başlanğıcı qoyulmuşdur.

1969-cu ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gələrkən respublikanın qarşısında həllini gözləyən bir sıra ciddi problemlər dururdu. Həmin problemlər əvvəlki tarixi dövrlərdə, xüsusilə  sovet hakimiyyəti illərində yığılıb qalmış, həllinə çox vaxt heç cəhd edilməmiş və ya edilsə də, elə bir nəticələr verməmişdi.

Azərbaycanın ən ciddi problemlərindən biri mədəni, tarixi irsi məhv olmaqdan qorumaq, inkişaf etdirmək və zənginləşdirmək  idi.  Həmçinin milli-mənəvi və dini dəyərlərin qorunması da çox mühüm əhəmiyyət kəsb edirdi. Bu baxımdan ana dilini qorumaq, inkişaf etdirmək, ona dövlət dili statusu vermək olduqca zəruri idi. Bununla yanaşı, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə Qarabağa çox böyük diqqət və qayğı göstərilmiş, eləcə də erməni iddiaları hər zaman iflasa uğramışdır.


Heydər Əliyevin ermənilərin əsassız ərazi iddialarına qarşı mübarizəsi


XX əsrin 60-cı illərinin ortalarında Ermənistan SSR-də növbəti dəfə anti-Azərbaycan təbliğatı geniş miqyas almağa başladı. 1965-ci il aprelin 23-də İrəvanda qondarma "erməni soyqırımı"nın 50 illiyi, terrorçu Andronikin anadan olmasının 100 illiyi təntənəli surətdə qeyd edildi. Həmin dövrdə ermənilərin təbliğatının bir hissəsi də tarixin saxtalaşdırılması, uydurma erməni tarixinin yaradılması, azərbaycanlıların vəhşi bir millət kimi təqdim edilməsi istiqamətində müxtəlif məzmunlu əsərlərin yazılması, bu yalanların reallıq kimi bilərəkdən dərsliklərə salınmasının təşkili, bununla da planlarının növbəti mərhələsini həyata keçirmək məqsədilə erməni gəncləri arasında ifrat millətçiliyin və düşmənçiliyin təbliğ edilməsi idi.

Heç şübhəsiz, erməni iddialarına qarşı sərt mübarizə aparan azərbaycanlı ictimai-siyasi xadimlər, xüsusi xidmət orqanlarının əməkdaşları da var idi. Bu baxımdan Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsində (DTK-da) müxtəlif vəzifələrdə, həmin orqanın sədr müavini və sədri işləyərkən bu məsələyə xüsusi diqqət yetirirdi. Ümummilli Lider Heydər Əliyev eyni zamanda Qarabağın tarixini, coğrafiyasını, iqtisadiyyatını, orada yaşayanların düşüncələrini də gözəl bilirdi. Heydər Əliyev DTK sədri vəzifəsində çalışdığı illər ərzində gənc milli kadrların işə qəbul olunması zamanı onların Azərbaycan xalqının milli, dini adət-ənənələrini, Azərbaycan tarixi, mədəniyyəti və incəsənətini necə bilmələri ilə maraqlanırdı. 

Hələ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olarkən erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısı dəfələrlə alınmış, onların fitnəkar niyyətlərinə qarşı mübarizəni daha da gücləndirmiş və bu istiqamətdə həyata keçirilən tədbirlərə şəxsən nəzarət etmişdir. Müstəqillik illərində Ulu Öndər Heydər Əliyev nitqlərinin birində etiraf edərək deyirdi: "1960-cı, 70-ci illərdə erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər. Onlar dəfələrlə çox qızğın fəaliyyətə başlamışdılar. Ancaq onların qarşısı alınmışdır. Mən bunların şəxsən şahidiyəm və bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam".  

Ümummilli Lider 1967-ci il iyunun 26-da Azərbaycan KP MK-nın birinci katibi V.Axundova məktubunda yazırdı ki, iyun ayının 23-dən 24-nə keçən gecə Xankəndidə bəzi küçələrdə erməni dilində 8 x 9 sm. ölçüdə 300 vərəqə yayılmışdır. Həmin vərəqələrdə ermənilər tərəfindən Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi tələb edilir və millətçi fikirlər irəli sürülürdü. Məktubda qeyd edilirdi ki, vərəqənin müəlliflərini axtarıb tapmaq, eləcə də digər lazımi tədbirləri görmək üçün Xankəndiyə əməliyyat qrupu göndərilmiş və təqsirkarlar ciddi cəzalandırılmışlar. Həmin ildə Dağlıq Qarabağda 1200-dən artıq belə vərəqə hazırlanıb yayılmışdı. Qısa müddət ərzində belə vərəqələri hazırlayanlardan 13 nəfər, yayanlardan isə 17 nəfər saxlanılmışdı.

1967-ci  ilin əvvəllərində erməni millətçiləri tərəfindən əvvəlcədən hazırlanan plana əsasən, Dağlıq Qarabağda milliyyətcə erməni olan şəxs məqsədyönlü şəkildə öz qohumu tərəfindən qətlə yetirilmişdi. Planın ikinci mərhələsinə uyğun olaraq, xüsusi erməni təhrikçilərinin rəhbərliyi altında kütlə bu ölüm hadisəsi ilə bağlı məhkəmə iclasının keçirildiyi Xankəndidə yay parkında şübhəli şəxs kimi həmin prosesdə dindirilən 3 azərbaycanlını (Ərşad, Ələmşah və Zöhrab Məmmədovlar) zorla mühafizəçilərin əlindən alıb xüsusi amansızlıqla öldürmüşdülər. Təqsirləndirilən, lakin sonradan bəraət almış digər azərbaycanlı isə dustaq maşını ilə birlikdə yandırılmışdı. Burada əsas məqsəd hadisələri qızışdırıb milli zəmində qarşıdurma törətmək, nəticədə, azərbaycanlıların bütün Qarabağ ərazisindən köçürülməsini və ərazinin Ermənistana birləşdirilməsinin təməlini qoymaq idi. Lakin Azərbaycan təhlükəsizlik orqanlarının, xüsusilə Heydər Əliyevin çevik müdaxiləsi nəticəsində bu hadisələrin qarşısı qısa müddətdə alınmışdı. İşin istintaqını Heydər Əliyev şəxsən öz nəzarətinə götürmüşdü. Həmin məsələni dərindən araşdırmaq üçün Xankəndiyə getmiş, cinayətkarlar haqqında istintaq işi açılmış və onlar layiqli cəzalarını almışdılar. 

Hələ 1969-cu ildən, yəni Heydər Əliyev hakimiyyətə gəlməmişdən əvvəl Ermənistan Azərbaycanla sərhəd olan bəzi əraziləri ələ keçirmək istəyirdi. Erməni rəsmi dairələri və alimləri hətta XX əsrin 20-ci illərinin saxtalaşdırılmış xəritələrini ortaya çıxarmışdılar. Ərazi məsələsinə dair danışıqlar artıq müzakirə obyektinə çevrilmişdi. 1967-ci ildə Ermənistan SSR-in millətçi dairələri Azərbaycan SSR-in daxili işlərinə qarışaraq DQMV-nin azərbaycanlı əhalinin yaşadığı məntəqələrinin inkişafı üçün ayrılan vəsaitin bölünüb təsdiq olunmasına hər vəchlə mane olmağa çalışırdılar. SSRİ hökumətinin təzyiqi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də Ermənistan SSR-lə sərhəd rayonlarının ərazilərindən 2 min hektardan çox torpağın Ermənistan SSR-ə verilməsi haqqında hələ 1938-ci il mayın 5-də qəbul etdiyi qərarı təsdiq etdi.

Ümummilli Lider Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan SSR-in rəhbəri seçilən kimi bu məsələni ön plana çəkdi və bu qərarın icrasını dayandırdı. Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutan Heydər Əliyev nə qədər təhlükəli olsa da, təzyiqləri rədd edərək prinsipial mövqe göstərdi, erməni millətçilərinin qarşısını qətiyyətlə aldı. SSRİ rəhbərliyindəki bəzi qüvvələrin və Ermənistan rəhbərlərinin cəhdlərinə baxmayaraq, Heydər Əliyev həmin qərarın həyata keçirilməsinə imkan vermədi. Lakin ermənilər öz çirkin niyyətlərindən əl çəkmirdilər. Həmin illərdə bəzi erməni alimləri, siyasətçiləri, yazıçı, şair və publisistlərinin Heydər Əliyevin əleyhinə müxtəlif mərkəzi orqanlara göndərdikləri şər, böhtan dolu, heç bir əsası olmayan şikayət məktublarının və teleqramlarının ardı-arası kəsilmirdi.

Ümumiyyətlə,  Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə millətçi erməni dairələrinin təhlükəli anti-Azərbaycan siyasətini dərindən bilən rəhbər kimi Azərbaycanın milli maraqlarını qoruyub qətiyyətli praktik işlər görərək ona qarşı mübarizə aparıb.

Nəticədə Ümummilli Liderin bu dövrdəki hakimiyyəti illərində Qarabağda yeni iş yerləri açılmış, Xankəndidə ali məktəbin Azərbaycan bölməsi yaradılmış, mədəni-maarif müəssisələri, məktəb binaları tikilmiş, dəmir yolu çəkilmiş, əhalinin həyat səviyyəsi yaxşılaşmışdı. 


Qarabağda milli ruhun yüksəlməsi və tarixi-mədəni irsimizin qorunması


Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri məhz Qarabağda milli ruhun oyadılması olmuşdur. Azərbaycana rəhbər seçiləndən sonra Ümummilli Lider tərəfindən, Şuşanı abadlaşdırmaq, XX əsrin əvvəllərində erməni təcavüzü nəticəsində şəhərin başına gətirilən müsibətlərin izlərini ləğv etmək, dağıdılmış, yandırılmış evləri bərpa etmək, eyni zamanda tarixi abidələri qoruyub saxlamaq, yenidən həyata qaytarmaq, bu bənzərsiz və qədim Azərbaycan şəhərini böyük bir muzeyə çevirmək üçün ilk mühüm addımlar atıldı. 

Heydər Əliyev ilk dəfə Şuşada hələ 1967-ci ildə olmuşdur. O vaxt Ümummilli Lider Şuşa şəhərinin Azərbaycan xalqının böyük bir tarixi abidəsi, incisi kimi bərpa etdirilməsinin zəruriliyi qənaətinə gəlmiş və Bakıya qayıtdıqdan sonra şəhərin belə vəziyyətdə saxlanılmasının mümkünsüzlüyü barədə mülahizələrini Azərbaycan rəhbərlərinə söyləmişdi.

Şuşanı Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi dəyərləndirən Heydər Əliyev XX əsrin 70-ci illərində şəhərdə Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə göstəriş vermişdi. Eyni zamanda Şuşada aparılan tikinti-quruculuq işləri ilə yaxından maraqlanmış, Azərbaycan poeziyasının klassikləri M.P.Vaqifin və Xurşidbanu Natəvanın yaşayıb yaratdığı yerlərlə tanış olmuşdu. 

Ümummilli Lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin il qərarlara uyğun olaraq, şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa olundu, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar inşa edildi. Şuşanın statusu qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. Həmin qərarların yerinə yetirilməsinin böyük tarixi əhəmiyyəti var idi. Şəhərdə azərbaycanlılar üçün əlavə iş yerləri açılır, həyat səviyyəsi yaxşılaşır, azərbaycanlıların milli ruhu güclənirdi. Keçmiş SSRİ-nin müxtəlif yerlərindən Şuşaya istirahətə gələnlər eyni zamanda Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olurdular. 

1920-ci ildən 1970-ci ilə qədər  Şuşada heç vaxt belə geniş quruculuq işləri aparılmamışdır. Şuşa şəhərinin "Qala divarları"nın və "Gəncə qapısı"nın bərpasına 1975-ci ildə 25 min manat (rubl) vəsait xərclənmişdi. XIX əsrin görkəmli ədibi, satirik şair Qasım bəy Zakirin məzarı qaydaya salındı. 1977-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edildi. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atıldı. Şuşa ictimaiyyəti ilə keçirdiyi görüşdə Heydər Əliyev tövsiyə edərək demişdi: "Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır".

Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə Xankəndidə Pedaqoji İnstitutun açılması və orada Azərbaycan bölməsinin yaradılması Qarabağda  elmi-mədəni mühitin formalaşmasına, əhalinin ali təhsil almasına əlverişli şərait yaratmışdı. Ümummilli Lider təkcə Yuxarı Qarabağın deyil, bütövlükdə Qarabağın inkişafına hər zaman diqqət yetirmiş və bu istiqamətdə mühüm addımlar atılmışdır.  Belə ki, Azərbaycan KP MK bürosunun 1974-cü il  avqustun 6-da keçirilən iclasında Laçın şəhərinin 50 illiyinin qeyd edilməsi qərara alınmış və yubiley tədbiri böyük təntənə ilə keçirilmişdi.  Bununla yanaşı, büronun 1979-cu il dekabrın 5-dəki iclasında Laçında tarix-diyarşünaslıq muzeyinin yaradılması barədə qərar qəbul edilmişdi.

Həmin illərdə Heydər Əliyevin Şuşaya göstərdiyi diqqət və qayğı daha da artmış, geniş quruculuq işləri vüsət almışdı. Belə ki, görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, məqbərə kompleksi tikilmişdir. 1982-ci il yanvarın 14-də yağan güclü qarın altında Heydər Əliyev Şuşada şairin məqbərəsini böyük təntənə ilə açmışdır. Onun M.P.Vaqifə bu münasibəti bir tərəfdən, milli ədəbiyyata sevgisindən irəli gəlirdisə, digər tərəfdən, diyarın tarixini, əhalisinin etnik mənsubiyyətini bir daha göstərməklə bağlı idi. Səfər zamanı Ümummilli Lider Şuşada Poeziya evini açaraq, Vaqif poeziya günlərində iştirak etmişdi.

Eyni zamanda Heydər Əliyev Üzeyir bəy Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla tanış olmuş və onların qorunmasına dair tövsiyələrini vermişdi. Bu tarixi səfər zamanı Şuşadakı abidələrin bərpa işləri ilə maraqlanan Ümummilli Lider müvafiq göstərişlər verərək işlərin davam etdirilməsinə dair bir sıra təkliflərini də söyləmişdi. Heydər Əliyevin Şuşa məscidinə getməsi isə bir tərəfdən, onun dini dəyərlərə olan ehtiramının və dərin bağlılığının göstəricisi idisə, digər tərəfdən, azərbaycanlı əhalinin milli və dini dəyərlərə sahib çıxmalarının vacibliyinə olan nümunə idi. Heydər Əliyev erməni millətçilərinin ona müxtəlif böhtanlar atdığı bir zamanda məscidə gedərək yerli əhaliyə dini inanclarını qorumağı da tövsiyə etmişdi.

1982-ci il iyulun 29-dan avqustun 2-dək Qarabağa bir il içərisində ikinci dəfə səfər edən Heydər Əliyevin bilavasitə iştirakı ilə Şuşada görkəmli şair Xurşidbanu Natəvanın abidəsinin açılışı oldu. Şuşaya gedərkən ailəsi ilə birlikdə yanında elm, mədəniyyət və incəsənət adamlarının böyük bir qrupunu da aparırdı. Bu addımı ilə görkəmli dövlət xadimi Heydər Əliyev ziyalıları Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağa xüsusi diqqət yetirməyə istiqamətləndirir, Şuşaya tez-tez səfərə gəlmələrini tövsiyə edirdi.


XX əsrin sonunda ermənilərin ərazi iddiaları, antitürk və anti-Azərbaycan təbliğatının genişlənməsi


1982-ci ildə  Heydər Əliyev Moskvaya yüksək vəzifədə işləməyə gedərkən Azərbaycan rəhbərlərinə Qarabağa qayğı göstərməyi, qonşu Ermənistanla münasibətlərə xüsusi diqqət yetirməyi tövsiyə etmişdi. Lakin bu tövsiyələr yetərincə nəzərə alınmadı, nəticədə erməni millətçi dairələri yenidən Azərbaycan əleyhinə fəaliyyətlərini daha da genişləndirdilər. Belə ki, 1983-cü ildən etibarən ermənilər Azərbaycana qarşı yenidən əsassız ərazi iddiaları irəli sürməyə başladılar. 

Heydər Əliyev Moskvada işlədiyi dövrdə də Azərbaycanın dövlət maraqlarını qətiyyətlə qorumuş və erməni iddialarının reallaşmasına imkan verməmişdi. Sov.İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində işlədiyi zaman Ümummilli Liderin imzaladığı qərarlarla işdə yol verdiyi ciddi nöqsanlara görə bir sıra şəxslər, o cümlədən bəzi ermənilər vəzifələrindən azad edilmişdilər. Heç şübhəsiz, belə mühüm sənədləri imzalamazdan əvvəl Heydər Əliyev sovet rəhbərləri ilə razılaşaraq ona milli don geyindirilməsinə imkan verməmiş, Azərbaycanın maraqlarını və ümumi mənafeyini qorumuşdu.

1985-ci ilədək Heydər Əliyevin iştirakı ilə keçirilən Sov.İKP MK Siyasi Bürosunun və SSRİ Nazirlər Sovetinin iclaslarında Azərbaycan əleyhinə heç bir qərar qəbul edilməmişdir. XX əsrin 80-ci illərinin ortalarından etibarən erməni dairələri öz fəaliyyətlərini bir neçə istiqamətdə daha da genişləndirmişdilər. Həmin dövrdə Ermənistanda da Azərbaycan əleyhinə geniş təbliğat-təşviqat işləri genişlənməyə başlamışdı. Qondarma erməni tarixçiləri tərəfindən Qarabağın tarixi saxtalaşdırılaraq "erməni torpaqları" olması barədə dərsliklər və məqalələr, qədim Azərbaycan ərazilərinin Ermənistana birləşdirilməsi barədə Moskvaya ardı-arası kəsilməyən məktublar, müraciətlər yazılırdı. Bu proses M.Qorbaçovun SSRİ rəhbəri seçilməsindən sonra daha geniş miqyas aldı. 

1987-ci il oktyabrın 21-də Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Sov.İKP plenumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra Sov.İKP MK-nın baş katibi M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə "İnterkontinental" hotelində müsahibəsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək Azərbaycanın bu ayrılmaz hissəsinin Ermənistana birləşdirilməsi ideyasını əsassız olaraq irəli sürdü. Bunun ardınca noyabrın 18-də A.Aqanbekyanın Parisdə verdiyi müsahibə "L'Humanite" qəzetində çap olundu. Bu müsahibə ermənilərin Azərbaycana qarşı ərazi iddialarının başlanması üçün bir siqnal rolunu oynadı. 


Milli maraqlara əsaslanan xarici siyasət strategiyası


1993-cü ilin ikinci yarısından, Ümummilli Liderin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin beynəlxalq aləmdə fəallığının güclənməsi və qətiyyətli addımların atılması  dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi iradəsi və zəngin dövlətçilik təcrübəsi sayəsində mümkün olmuşdur. Ümummilli Lider Heydər Əliyev Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətini beynəlxalq aləmə çıxararaq təcavüzkarın ifşası, ölkəmizin ərazi bütövlüyünün bərpası və regionda sülhün bərqərar olması üçün qətiyyətli addımlar atmışdır.

Eyni zamanda doğma yurdlarından didərgin salınmış,  məcburən köçkün düşmüş insanların bütün qayğı və problemləri Azərbaycan dövlətinin gündəlik fəaliyyətinə  çevrilmişdir. Ümummilli Lider Heydər Əliyev 1996-cı il mayın 6-da Prezident sarayında doğma yurdlarından məcburən köçkün düşmüş Şuşa və Laçın rayonlarının ictimaiyyəti ilə görüşdə Şuşanın Azərbaycan üçün nə dərəcədə müstəsna əhəmiyyət kəsb etdiyini  qiymətləndirərək demişdir: "...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir".

XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırım bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Bütün dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımının əsl mahiyyəti yalnız görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

Ümummilli Liderin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 1997-ci il 18 dekabr tarixli Fərmanı Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də erməni millətçiliyinin və terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir.  


İkinci Qarabağ müharibəsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 

52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. 2020-ci il noyabrın 8-i isə tariximizə ən şanlı gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu,  44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi.

İkinci Qarabağ müharibəsinin 44 günü ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərinin, 17-də Füzuli şəhərinin, 20-də Zəngilan şəhərinin, 25-də Qubadlı şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməsini özü icra etdi. 

2023-cü il sentyabrın 19-20-də Azərbaycan apardığı lokal antiterror tədbirləri nəticəsində həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı. 2023-cü il oktyabrın 15-i daha bir şərəfli gün kimi tarixə düşdü. Ali Baş Komandan, Prezident İlham Əliyev Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət bayrağını ucaltdı.

Nəticədə İkinci Qarabağ müharibəsi son yuz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qururla dalğalanır.

Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən sonra əzəli torpaqlarını işğaldan azad etməklə yanaşı, 100 il əvvəl - 1923-cü ildə Qarabağda məqsədli şəkildə pozulmuş inzibati-ərazi bölgüsünü də yenidən təmin etdi. Azərbaycan Prezidentinin 2021-ci il iyulun 7-də imzaladığı fərmana əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə tarixi ədalət bərpa edildi. 

Bütün bunlar onu deməyə əsas verir ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursu Prezident İlham Əliyevin çox uğurla davam və inkişaf etdirməsi, eləcə də dinamik, çoxşaxəli və milli maraqlara əsaslanaraq həyata keçirilən xarici siyasəti nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin etmişdir.


Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb  

11:26
12 Dekabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər YENİLƏNƏCƏK  

11:21
12 Dekabr

Qazaxda Ümummilli Liderə həsr olunan “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” adlı tədbir keçirilib  

11:16
12 Dekabr

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri UNESCO-nun İrqçiliyə və Ayrıseçkiliyə qarşı IV Qlobal Forumunda iştirak edib  

11:11
12 Dekabr

Şamaxı Astrofizika Rəsədxanası: Həftəsonu “Geminid” meteor selinin piki olacaq  

11:06
12 Dekabr

Heydər Əliyev ideyalarının işığında: Azərbaycan yeni zəfərlərə doğru  

11:01
12 Dekabr

Aleksandar Vuçiç: Serbiya hibrid müharibə cəhdi ilə üzləşib  

10:56
12 Dekabr

Blinken ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı ifadə verib  

10:51
12 Dekabr

Blinken Türkiyəyə gedir  

10:46
12 Dekabr

Çempionlar Liqası: “Barselona” qalib gəlib, “Mançester Siti” məğlub olub  

10:41
12 Dekabr

İsveçdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb  

10:36
12 Dekabr

FTB direktoru Tramp administrasiyası başlayana qədər istefa verəcəyini açıqlayıb  

10:31
12 Dekabr

Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

10:26
12 Dekabr

Paşinyan həbslərlə vaxt "öldürür"

10:20
12 Dekabr

Qış melanxoliyası

10:15
12 Dekabr

Əsəd rejiminin çöküşü Ermənistana zərbə oldu

10:10
12 Dekabr

Yeni dövlət standartı - "Yaşıl biznesin idarəedilməsi sistemləri"

10:05
12 Dekabr

Diktatorun rəzil sonu

10:00
12 Dekabr

Aqrar sektor: növbəti illər məhsul istehsalının dinamik artımı proqnozlaşdırılır

09:55
12 Dekabr

Biləsuvarda Ümummilli Liderin anım günü qeyd olunub

09:50
12 Dekabr

Ulu Öndərin anım günü ilə bağlı tədbir keçirilib

09:45
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!