Heydər Əliyev Fondunun fəaliyyəti beynəlxalq aləmdə də təqdir olunur
Ulu Öndər Heydər Əliyev müdrik siyasəti ilə ümumdünya tarixində özünə dərin iz qoymuş dahi şəxsiyyətdir. Azərbaycanın tərəqqisi naminə yorulmaz fəaliyyət göstərməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunması istiqamətində məqsədyönlü və uzaqgörən siyasət aparması, bu sahədə uğurlar əldə etməsi böyük dövlət adamının liderliyini səciyyələndirən ən vacib xüsusiyyətlərdir. Heydər Əliyev xalqımızın taleyində, siyasi, ictimai və mənəvi həyatında, milli dövlətçiliyimizin qurulmasında və möhkəmləndirilməsində misilsiz xidmətləri olan ən böyük azərbaycanlıdır.
Bu il Heydər Əliyevin dünyasını dəyişməsindən 21 il ötür. Bu 21 ilin elə bir anı yoxdur ki, böyük rəhbərin nurlu irsini, nəcib əməllərini xatırlatmamış olaq. Qurub-yaratdığı Azərbaycan dövlətinin var olduğu bütün zamanlar Ümummilli Liderin də əbədiyaşarlığı deməkdir. Böyük dövlət adamının ideyaları müasir dövrümüzdə də dünyaya, insanlara böyük faydalar verməkdədir.
Prezident İlham Əliyevin 2004-cü il 10 mart tarixli "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" fərmanı ilə dahi şəxsiyyətin dövlətçilik irsinin öyrənilməsi, ölməz ideyalarının geniş təbliği məqsədi daşıyan əlahiddə statuslu ictimai qurum - Heydər Əliyev Fondu yaradıldı.
Heydər Əliyev irsi təkcə bütün həyatını xalqının, dövlətinin yüksəlişinə həsr etmiş Ümummilli Liderin öz ömürlüyü ilə yaratdığı tarix deyil. Bu irs həm də bu günümüz və gələcəyimizdir. Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyinə təminat yaradan, önümüzdə aydın inkişaf istiqamətləri müəyyənləşdirən yol bələdçisidir. Bu irsdən daim öyrənməyə, formalaşdırdığı dəyərləri təbliğ etməyə, gələcək nəsilləri həmin dəyərlər ruhunda yetişdirib tərbiyələndirməyə həmişə ehtiyacımız var. Fond artıq 20 ildir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə nəcib əməllərin parlaq salnaməsini yazır.
Çox gözəl təşəbbüslər, strateji niyyətlər ola bilər ki, müəyyən müddətdən sonra ortada görünən solğun nəticələri ilə uzlaşmasın. Görülmüş iş, verilmiş vədə tən gəlməsin. Heydər Əliyev Fondu isə öz fəaliyyəti ilə nəinki Azərbaycandakı ictimai qurumlar, ümumən dünyada eyni məqsədlərlə fəaliyyət göstərən təsisatlar üçün mükəmməl bir nümunə formalaşdırdı. Qısa müddətdə cəmiyyətdə böyük rəğbət yaradan heyrətamiz nəticələr, real əməllər ortaya qoymağa başladı. Bu, Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətindən, təşəbbüskarlığından, gələcəyə strateji baxışından, problemləri görə bilmək və onların həlli üçün qərar verməyi bacarmaq əzmindən, məharətindən irəli gəlir. Hər bir insanın həyatda yaşam fəlsəfəsinin olduğunu deyən fondun prezidenti Mehriban xanım Əliyevanın fikrincə, heç də vacib deyil ki, kimsə bu fəlsəfəni sözlərlə izah etsin. Bu həyat fəlsəfəsi istər-istəməz onun hərəkətlərində, əməllərində özünü büruzə verəcəkdir. Heydər Əliyev Fondunun fəaliyyət fəlsəfəsinin əsasında isə çox sadə bir ideya, əməl durur: insanlara yaxşılıq! Azərbaycanın Birinci vitse-prezidenti haqlı olaraq hesab edir ki, xoş əməllərlə dünyada çox şeyi yaxşılığa doğru dəyişdirmək mümkündür.
Aydın hədəflər
Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu da bu ideyaların reallaşdırılmasına, onun inkişaf yolunun davam etdirilməsinə xidmət edir. Dünyada rəğbətlə qarşılanan ictimai təşkilatin fəaliyyəti, böyük dövlət adamının vətənpərvərlik, humanizm, təhsil, mədəniyyət və sosial ədalət prinsiplərinə əsaslanaraq, onun Azərbaycanın gələcəyinə dair strateji baxışlarını həyata keçirmək məramı daşıyır. Bütün istiqamətlərdə, görülən hər bir işdə Azərbaycançılıq ruhu üstün tutulur.
Heydər Əliyevin təlqin etdiyi düşüncə, yaratdığı nümunə hər birimiz üçün mükəmməl vətənpərvərlik məktəbi, vətənə sədaqət dərsidir. "Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam", - deyən Ümummilli Lider öz mənəvi irsi ilə insanın vətəninə sevgisini, həm də onun mənəviyyat göstəricisi olduğunu təlqin edir. Bildirir ki, vətənpərvərlik insanın daxilindəki duyğulardır. Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir. Onu xalq üçün fəaliyyət göstərməyə sövq edir.
Heydər Əliyevin baxışlarına görə, azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının birlikdə mənimsədiyi ənənə və dəyərlərin, Azərbaycan hüdudlarından kənarda yaşayan soydaşlarımızın hüquqlarının qorunması və tarixi vətənə olan münasibətlərini ehtiva edən, azərbaycanlı düşüncəsini müəyyənləşdirən böyük bir konsepsiyadır. Azərbaycançılıq milli mənsubiyyətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan hər bir insanın birlik mənbəyidir. Bu ideologiya dünyanın müxtəlif səmtlərində yaşayan on milyonlarla azərbaycanlını bir araya gətirən işıqdır.
Bununla yanaşı, azərbaycançılıq ideologiyası təkcə fərdləri birləşdirmir. Eyni zamanda inancların, mədəniyyətlərin, beynəlxalq-humanitar dəyərlərin vəhdətini yaradır. Şərq və Qərb mədəniyyətlərinin dialoquna, türkçülük və avropaçılıq meyillərinin sintezinə, tarixi ənənələrin müasir inkişaf prosesləri ilə qovuşmasına kömək göstərir. Bu səbəbdən də azərbaycançılıq ideologiyası müxtəlif regionlarda, sosial-siyasi sistemlərdə və mədəniyyət mühitlərində yaşayan bütün dünya azərbaycanlıları üçün dəyərlidir. Heydər Əliyev Fondu fəaliyyətində bu amilləri əsas götürür və yerinə yetirdiyi işlər böyük sevgi ilə qarşılanır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti azərbaycançılıq ideologiyasının uğurlarına mühüm töhfələr verir və hər bir soydaşımız üçün parlaq nümunələr yaradır. Fondun xəttilə həyata keçirilən layihələr bütün dünyada xalq olaraq mədəni sərvətlərimizin zənginliyini nümayiş etdirir, Azərbaycanın dostlarının sırasını daha da genişləndirir, mədəniyyət diplomatiyasının gücü ilə ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir.
Həyata keçirilən qlobal təşəbbüslər sayəsində Azərbaycan bu gün bütün dünyada mədəniyyətlərin dialoqu, multikulturalizm məkanı kimi tanınır. Xalqımız min illərdən bəri mövcud olan tolerantlıq ənənələrinin inkişafı, mədəniyyətlər arasında hörmət ruhu ilə dünyaya örnək yaradır.
Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasının təntənəsidir.
Fondun aparıcı fəaliyyət sahəsi: təhsil
İnkişaf dəyişiklikdir. Mütərəqqi ənənələr üzərində yeni dəyərlərin yaradılmasıdır. Həyatımızdakı ən böyük dəyişikliklər isə məhz təhsillə, məktəblə başlanır. Son illər elmimiz, təhsilimiz daha geniş inteqrasiya proseslərinə cəlb olunur. Həyata keçirilən tədbirlər sayəsində həm infrastruktur yenilənir, həm də kadr potensialı müasir dünyanın tələblərinə uyğun tərzdə formalaşdırılır. Ölkəmizin iqtisadi qüdrəti yeniyetmələrimizin, gənclərimizin yeni bilik, bacarıq, informasiya və texnologiyaları mənimsəmə qabiliyyəti ilə bilavasitə bağlıdır.
Ölkə təhsilinin inkişafında Heydər Əliyev Fondunun gördüyü işlər isə maarifçilik tariximizin xüsusi bir səhifəsini təşkil edir. Mötəbər qurumun yarandığı gündən aparıcı bir fəaliyyət sahəsi mövcuddur: bu təhsil və geniş mənada sosial tərbiyə məsələləridir. Həmin məsələlər, əslində, xalqımızın gələcəyini qurmağın mühüm yollarıdır. "Bu gün hər bir dövlətin, hər bir cəmiyyətin bundan önəmli hədəfi yoxdur", - deyir Mehriban xanım Əliyeva.
Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" fikrini rəhbər tutan fond, ilk növbədə Azərbaycanın təhsil sisteminin inkişafına mühüm töhfələr verir. Bütün ölkəboyu, eləcə də Azərbaycandan xaricdə təhsil müəssisələrinin inşası və yenidən qurulması, yüksək potensiallı tələbələrin dəstəklənməsi üçün yerli və beynəlxalq təqaüd proqramlarının həyata keçirilməsi, gənclərin vətənpərvər ruhda böyüməsi və biliklərə sahib olması üçün təşkil edilən tədbirlər və layihələr buna aiddir.
Heydər Əliyev irsində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Ulu Öndər gənclərə xüsusi qayğı göstərir, onların müstəqil Azərbaycanın gələcəyinin təmin olunmasındakı roluna diqqət çəkərək deyirdi: "Gənclərimizə arzu edirəm ki, onlar həmişə sağlam olsunlar, yaxşı təhsil alsınlar, yaxşı tərbiyə alsınlar, cəmiyyətdə öz yerlərini tuta bilsinlər, cəmiyyət üçün faydalı ola bilsinlər, bizim milli ənənələrimizi həmişə yaşatsınlar, valideynlərinə sadiq olsunlar... məktəbdə, ictimai yerlərdə yüksək mədəniyyət nümayiş etdirsinlər".
Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun layihələri ilə hər zaman Azərbaycan gəncliyinin yanındadır. Bu layihələrdə gənclərimiz fəal iştirak edirlər. Onlara öz potensiallarını reallaşdırmaq, öyrəndiklərini həyatda tətbiq etmək, zəngin təcrübə, faydalı bacarıqlar qazanmaq, sosial çevrə formalaşdırmaq imkanı yaradılır. Fondun prezidenti gəncləri bu layihələrə cəlb etməklə ölkəmizdə gənc könüllülər hərəkatını formalaşdırıb. Xalqımızın tarixi keçmişindən gələn əlbir iş ənənələrinə, el-oba naminə təmənnasız xidmətlərə müasir dövrdə yeni məzmun qazandırıb. Bu, Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun daha da yüksəlməsinə, onların fərdi inkişafına, öz gələcəklərini arzularındakı kimi qura bilmələrinə çox böyük dəstəkdir. Bütün bunlar, Heydər Əliyev irsinin ana xəttini təşkil edən Vətənə, xalqa təmənnasız xidmət ideyasının gənc nəslə aşılanması baxımından misilsiz əhəmiyyətə malikdir.
İşğal altındakı torpaqlarımız da məhz bu gəncliyin gücü, əzmkarlığı, vətənpərvərliyi, döyüş ruhu sayəsində azadlığa çıxdı. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bütün təhsil layihələri də məhz gənc nəslin firavan gələcəyinin təminatına yönələn böyük işlərdir. Bu layihələr həm də dünyaya yeni bir Azərbaycan təqdim edir. Ölkəmizi beynəlxalq aləmə elm, təhsil, mədəniyyət işığında tanıdır. Bizə rəğbət bəsləyənlərin, bizimlə həmrəy olanların sırasını genişləndirir.
Dəyərlərimizə həssas münasibət
Heydər Əliyev Azərbaycanın zəngin mədəni irsinin qorunmasını və dünyada tanıdılmasını milli strategiyanın əsas istiqamətlərindən biri kimi görürdü. Fondun fəaliyyətinin mühüm bir qismi də məhz bu istiqamətdədir. Bu qurumun bərpa layihələri tarixi abidələrin, məscidlərin, ziyarətgahların və mədəniyyət mərkəzlərinin təmiri və konservasiyasını əhatə edir. Azərbaycan musiqisinin, incəsənətinin və mədəni dəyərlərinin beynəlxalq səviyyədə təbliği üçün ardıcıl işlər həyata keçirilir.
Fond milli mədəniyyət incilərimizin, muğamlarımızın qorunması, bütün dünyada təbliği istiqamətində tarixi işlər görmüşdür. Böyük şəxsiyyətlərimizə ölkəmizdə və Azərbaycandan kənarda xatirə abidələrinin ucaldılması, ev-muzeylərinin bərpası, yubileylərinin təşkili, əsərlərinin nəşrinə dəstək, müxtəlif regionlarımızda mədəniyyət mərkəzlərinin, kitabxanaların, rəsm qalereyalarının, musiqi məktəblərinin, qədim tarixi irsimizin qorunduğu məkanların yaradılması Heydər Əliyev Fondunun mədəniyyət layihələrinin yalnız bir hissəsidir.
Fondun təşəbbüsü ilə inşa edilmiş Beynəlxalq Muğam Mərkəzi, Müasir İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi və bir sıra digər mədəniyyət obyektləri, dünyanın ayrı-ayrı ölkələrində yaradılmış Azərbaycan Mədəniyyət mərkəzləri, keçirilən musiqi festivalları, beynəlxalq humanitar tədbirlər mədəniyyətin gücü ilə insan düşüncəsinin saflığına, yaradıcı ruhun təntənəsinə, dünyamızda sülhün, əmin-amanlığın bərqərar olmasına xidmət edir.
Fond Azərbaycandan kənarda da mədəniyyət layihələrini uğurla davam etdirir, ümumbəşəri dəyər daşıyan abidələrin qorunmasına, bərpasına, təbliğinə öz dəyərli töhfələrini verir. Belə layihələrlə Azərbaycan özünü bütün dünyaya mədəniyyət işığında təqdim edir, Şərqlə Qərbin qovuşuğunda, sivilizasiyaların təmas məkanında yerləşən ölkəmizin qlobal nüfuzu, beynəlxalq ictimai rəyə təsir imkanları getdikcə artır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, tarixi Zəfərimizdən dərhal sonra Qarabağda, Şərqi Zəngəzurda başlanan quruculuq-bərpa tədbirləri Heydər Əliyev Fondunun da fəaliyyətində yeni bir səhifə açmışdır. Bu gün işğaldan azad edilmiş yurdlarımızın dirçəlişi prosesində fəal iştirakı, bu torpaqlarda reallaşdırdığı tarixi layihələr fondun özünün 20 illik yubileyinə ən gözəl hədiyyəsidir.
Qısa müddət ərzində qurum işğal dövründə ermənilərin vandalcasına dağıtdıqları bir çox mədəniyyət abidəsinin bərpasını uğurla yekunlaşdırıb. Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Mehmandarovların malikanə kompleksi, Saatlı məscidi, İncəsənət qalereyası, Xalça muzeyi, Yuxarı Gövhər ağa məscidi, Xan qızı bulağı və digər tarixi dəyərlərin yenidən həyata qaytarılması Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun torpaqlarımızın azadlığına tarixi töhfəsidir.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri, "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Kulinariya Festivalı və digər tədbirlər bu qala şəhərinin əvvəlki cəlalını daha yüksək səviyyədə özünə qaytarır.
Heydər Əliyev Fondunun "yaşıl" təşəbbüsləri
Ümummilli Lider Heydər Əliyevin ətraf mühitə qayğı prinsiplərini əsas tutaraq, fond uzun illərdir ki, bu sahədə də effektiv "yaşıl təşəbbüs"lər həyata keçirir. Bu baxımdan, qurumun COP29 çərçivəsində gördüyü işlər çox mühüm bir örnək oldu.
Öncə xüsusi qeyd olunmalıdır ki, Heydər Əliyev Fondu Azərbaycanın mədəni, ekoloji və sosial inkişafını təbliğ edən nüfuzlu bir təşkilat kimi, mötəbər tədbirdə ölkəmizi uğurla təmsil etdi, iqlim dəyişikliyi ilə mübarizə, ətraf mühitin qorunması və davamlı inkişaf prinsiplərinin təşviqinə dair müxtəlif təşəbbüslər irəli sürdü. Yada salaq ki, fondun bu istiqamətdə fəaliyyəti hələ ötən ilin dekabrından başlamışdı. Dubayda keçirilən COP28 zamanı Azərbaycan pavilyonunda ölkəmizin COP29-a evsahibliyi münasibətilə tədbir təşkil olunmuş, maraqlı bir mədəniyyət proqramı nümayiş etdirilmişdir.
COP29-un "yaşıl zona"sında isə Heydər Əliyev Fondu və Türkiyənin Sıfır Atık Fondunun birgə pavilyonu - COP29-da Həmrəylik Mərkəzi (The Solidarity Hub at COP29) təqdim edildi. Bununla da Azərbaycan və Türkiyənin iki nüfuzlu fondu davamlılıq və sosial inkişaf naminə səylərini birləşdirmiş oldular. Bu müştərək layihə hər iki fondun ətraf mühit və sosial məsuliyyət sahələrində fəaliyyətlərini önə çəkdi. Məlumdur ki, Heydər Əliyev Fondunun uzun illərdən bəri təhsil, səhiyyə, sosial və mədəniyyət layihələri ilə yanaşı, ətraf mühitin qorunması üzrə təşəbbüsləri də öz səmərəsi ilə böyük faydalar verir. COP29-dakı pavilyon çərçivəsində bu sahədəki fəaliyyət nümayiş etdirildi. Təhsil, səhiyyə və sosial sahələrdəki layihələrlə bağlı interaktiv zonada həmin layihələr haqqında ətraflı məlumatlar təqdim olundu. Sıfır Atık Fondu isə bu platformada resurs səmərəliliyi, tullantıların idarə olunması və təkrar emal sahəsindəki layihələrini, ətraf mühitin qorunması üzrə maarifləndirmə istiqamətindəki proqramlarını və innovativ həllərini təqdim etdi.
COP29-da birinci xanımların iştirakı ilə "Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində" mövzusunda konfransı keçirildi. Tədbirdə 2024-2030-cu illər üçün nəzərdə tutulan "Mədəni inkişafın təşviqi və uşaqların, gənclərin iqlim gündəliyinə cəlb edilməsi üzrə Beynəlxalq Strategiya"nın imzalanması mərasimi oldu. İştirakçılar tədbirdən sonra Həmrəylik Mərkəzini ziyarət edərək Heydər Əliyev Fondunun ətraf mühitin qorunması üzrə təşəbbüsləri ilə yaxından tanış oldular. Pavilyona ziyarət zamanı birinci xanımlar Şamaxı rayonunda gənclərin və könüllülərin iştirakı ilə keçirilən ağacəkmə aksiyasını da bağlantı vasitəsilə izlədilər. Aksiya zamanı ətraf mühitin qorunmasına töhfə olaraq 10 mindən çox şam ağacı əkildi. Yada salaq ki, "Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində" mövzusunda konfrans zamanı Mehriban xanım Əliyeva COP tədbirlərini ətraf mühit üçün daha da səmərəli edəcək maraqlı bir təşşəbbüs kimi irəli sürdü. Mehriban xanım təklif etdi ki, gələcəkdə konfransların onlayn formatda keçirilməsi imkanı araşdırılsın: "Bu yanaşma nəinki ciddi şəkildə vəsaitlərə qənaət edəcək, o cümlədən uçuşlar və böyük tədbirlər nəticəsində yaranan atılmaları, həmçinin ətraf mühitə təsiri azaldacaq. İşçi qruplar təfərrüatlı müzakirələr və əlaqələndirmə üçün şəxsən görüşə bilərlər. Lakin rəhbərlərin sammitləri videokonfrans formasında keçirilə bilər.
Bu, bizə resursları, səyləri və vaxtı hədəflənmiş məsələlərə yönəltmək imkanı yaradacaq və prosesi ətraf mühit baxımından daha uyğun edəcək" .
Azərbaycan təbiətinə həsr olunmuş unikal nəşr
Heydər Əliyev Fondunun COP29 çərçivəsində reallaşdırdığı ən maraqlı layihələrdən biri də "Azərbaycan. Təbiətin sehrində" nəşrinin təqdimatı oldu. Fond bu kitabı xüsusi layihə çərçivəsində nəşr etdirib. Layihənin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, layihə rəhbəri isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərovdur.
Nəşrdə Azərbaycanın füsunkar təbiəti, flora və faunasına dair fotoşəkillər, müvafiq məlumatlar yer alıb. Kitab oxucuları Azərbaycanın ecazkar təbiəti ilə tanış etməklə yanaşı, bu zənginliyin əhəmiyyətini, onun qorunub saxlanılmasının vacibliyini gündəmə gətirir.
Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təqdimat mərasimindəki çıxışında da qeyd etdiyi kimi, bu kitab hər kəsi təbiəti sevməyə və onu qorumağa səsləyir. Qeyd edək ki, ötən müddətdə layihə həm də sosial şəbəkədə geniş işıqlandırılıb, bu platforma üzərindən müxtəlif maarifləndirici rubrikalar, müsabiqələr təşkil olunub. Bu isə daha geniş ictimaiyyətin layihə barədə məlumatlandırılmasına imkan verib. Kitab Azərbaycan və ingilis dillərində hazırlanıb.
Ümumilikdə Heydər Əliyev Fondunun COP29-dakı əsas məqsədi, iqlim dəyişikliyi problemləri ilə mübarizədə Azərbaycanın töhfələrini və təşəbbüslərini beynəlxalq auditoriyaya çatdırmaq idi və qurum öz məqsədinə uğurla nail oldu. Bu, reallaşdırdığı digər layihələrlə yanaşı, ölkəmizdə və dünyada ekoloji tarazlığın qorunması, nəsli kəsilməkdə olan heyvan və bitki növlərinin mühafizəsi, əhali arasında ekoloji təbliğatın gücləndirilməsinə də xüsusi diqqət yetirən qurumun missiyasının uğurlu davamıdır.
Heydər Əliyev Fondunun COP29-da fəal iştirakı, təqdim etdiyi layihələr beynəlxalq tərəfdaşlıq imkanlarını genişləndirməklə yanaşı, Azərbaycanın ekoloji gələcəyini formalaşdırmaq üçün mühüm addımlar atıldığını nümayiş etdirdi.
İradə ƏLİYEVA,
"Azərbaycan"