Biləsuvarda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. İştirakçılar öncə Ulu Öndərin və Prezident İlham Əliyevin Biləsuvar rayonuna səfərlərini əks etdirən stendlə tanış olublar.
Heydər Əliyevin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edənlər bildiriblər ki, illər keçdikcə Azərbaycan xalqının xoşbəxtliyinin, əmin-amanlığının, yüksək rifahının, ölkəmizin düzgün strateji xətlə inkişafı nəticəsində sabitliyinin və təhlükəsizliyinin mənbəyinin və təməlinin Ulu Öndərin fəaliyyəti ilə bağlı olduğu daha dərindən dərk olunur: "Bu gün biz növbəti dəfə hələ sağlığında öz quruculuq və xilaskarlıq missiyasını məharətlə yerinə yetirməklə canlı əfsanəyə çevrilən, əbədiyaşar Ümummilli Lider zirvəsinə yüksələn fenomenal şəxsiyyət, dünyamiqyaslı siyasətçi Heydər Əliyevin anım gününü qeyd edərkən Azərbaycanın çoxəsrlik tarixində öz mövqeyinə, nüfuzuna, xalqımızın taleyində, siyasi, ictimai və mənəvi həyatında, milli dövlətçiliyimizin qurulmasında və möhkəmləndirilməsində misilsiz xidmətləri olan ən böyük Azərbaycanlının müqəddəs ruhu qarşısında baş əyirik".
Azərbaycan xalqının Ümummilli Liderinin müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşdüyünü deyən natiqlər vurğulayıblar ki, Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub. Daha sonra diqqətə çatdırılıb ki, bütün həyatını Azərbaycanın inkişafına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti ölkəmizin tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Ulu Öndərin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.
Tədbirin sonunda Ulu Öndərə həsr olunmuş videofilm nümayiş olunub.
Seyran CAVADOV,
"Azərbaycan"