Azərbaycanın Almaniyadakı səfirliyi Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Müasir Azərbaycan Respublikasının banisi və Azərbaycan xalqının Ümummilli Lideri" adlı tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, anım tədbirində Almaniyanın dövlət qurumlarının təmsilçiləri, bir sıra ölkələrin səfirləri, media nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər dost icmaların üzvləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev anım tədbirində çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında misilsiz xidmətlərindən söz açıb. Diplomat bildirib ki, 1990-cı illərin əvvəllərində ərazisinin 20 faizi işğal edilən Azərbaycan müstəqilliyin itirilməsi, parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən məhz öz həyatını doğma xalqına və Vətəninə həsr edən Ulu Öndər Heydər Əliyevin sarsılmaz qətiyyəti və zəngin dövlətçilik təcrübəsi sayəsində xilas olaraq, dinamik inkişaf yoluna qədəm qoyub.
Səfir müstəqil Azərbaycanın gələcək inkişafının təməllərinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, neft strategiyasının müəyyənləşdirildiyini, bütün sahələrdə tərəqqiyə nail olunduğunu, ölkəmizdə bütün dinlərin və millətlərin nümayəndələrinin bir ailə kimi yaşayışının təmin olunduğu miltikulturalizm və tolerantlıq modelinin inkişaf etdirildiyini vurğulayıb.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasının Heydər Əliyevin ən böyük arzusu olduğunu bildirən səfir bu arzunun artıq reallığa çevrildiyini və Ulu Öndərin ruhunun şad olduğunu qeyd edib.
Sonra tədbir bədii hissə ilə davam etdirilib.
Bədii hissədə tanınmış opera müğənnisi Çinarə Şirinin fortepianoda Səbinə Məmmədovanın müşayiəti ilə rəngarəng ifası və skripkaçı Elvin Hoca Qəniyevin çıxışı böyük maraqla qarşılanıb.
Sonda Ulu Öndərin ruhuna ehsan süfrəsi açılıb.
Tədbirin iştirakçılarına Azərbaycanın zəngin tarixi-mədəni irsini əks etdirən nəşrlər təqdim olunub.