Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Ulu Öndər Heydər Əliyevin Anım Günü ilə bağlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi birdəqiqəlik ehtiram sükutu ilə yad edilib.
Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov tədbir iştirakçılarını salamladıqdan sonra Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz və çoxşaxəli fəaliyyətindən bəhs edib. Ulu Öndərin milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, dilimizə yüksək ehtiramından söhbət açıb, bunun nəticəsi olaraq, dövlət-din münasibətlərinin genişlənməsi istiqamətində gördüyü işləri diqqətə çatdırıb.
M.Mürsəlov Ümummilli Liderin azərbaycançılıq ideologiyasını inkişaf etdirdiyini və bu sahədə gördüyü işlərin davamı olaraq, suveren ölkəmizin sütunlarını daha da möhkəmlədəcək bir dövlət miras qoyduğunu vurğulayıb. O, Ulu Öndərin siyasi, sosial, iqtisadi kursunu müvəffəqiyyətlə davam etdirən, onun layiqli varisi Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində dövlətimizin daha da inkişaf etdiyini nəzərə çatdırıb.
Aİİ prorektoru din sahəsində Ulu Öndərin xüsusi xidmətlərini diqqətə çəkib, dövlət-din münasibətlərinin yüksək səviyyədə intişar etməsinin məhz Ümummilli Liderin sayəsində baş verdiyini bildirib.
Daha sonra Aİİ Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov "Heydər Əliyev, dövlətçilik şüuru və azərbaycançılıq məfkurəsi" mövzusunda çıxış edib. Məruzəçi Ulu Öndərin şəxsiyyətinə Azərbaycanın dövlətçilik tarixi fonunda nəzər salıb. O, Heydər Əliyevin azərbaycançılıq ideologiyasına tamamilə yeni bir məzmun verərək, onu Azərbaycanın milli-etnik xüsusiyyətlərinə, müasir dövrün tələblərinə və dünyanın müasir şəraitinə uyğunlaşdırdığını diqqətə çatdırıb. Anar Qafarov qeyd edib ki, məhz bu ideologiya sayəsində bütövlüyümüz, həmrəyliyimiz və dövlətçiliyimiz daha da möhkəmlənmişdir. Heydər Əliyevin və onun uğurlu davamçısı Prezident İlham Əliyevin zəngin təcrübəsi, möhkəm iradəsi, məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində respublikamız hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoymuşdur.
Tədbirdə Azərbaycan Televiziyasının "Tarixin izi ilə" layihəsi çərçivəsində hazırlanmış "Tarix yazan qalib" filmi nümayiş olunub.
"Azərbaycan"