- Bakı şəhərində köhnə binaların sökülməsi yenidən geniş vüsət alıb. Bizim yaşadığımız məhlədə və yaxın digər küçələrdəki evlərin dövlət proqramı çərçivəsində söküləcəyi deyilir. İcra orqanları gəlib mənzillərdə ölçmə işləri aparıblar. Amma sakinlərə nəticə ilə bağlı heç bir məlumat verilməyib, akt tərtib olunmayıb, evlərimiz söküləndən sonra aqibətimiz necə olacaq, əmlakımızın əvəzində yeni mənzil və ya kompensasiya veriləcək - bu haqda da heç nə deyilməyib. Yaşadığımız ərazi faktiki şəhərin mərkəzidir. Bilmək istəyirik ki, bu proses necə aparılmalıdır, vətəndaşlar əmlak və mənzil hüquqlarını necə qorumalıdırlar, kompensasiyanın məbləği necə hesablanmalıdır?
Xahiş edirik, bizə hüquqlarımızı izah edəsiniz.
Əli MƏMMƏDOV,
Bakı şəhəri
Sualınıza cavab olaraq bildiririk ki, vətəndaşlara məxsus evlərin sökülməsi və onun dövlət tərəfindən alınması məsələləri Mülki Məcəllə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanun ilə tənzimlənir. Adıçəkilən qanunun 1.1.1-ci maddəsinə əsasən, dövlət ehtiyacları üçün xüsusi mülkiyyətdə olan torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi yolu ilə mülkiyyətçidən könüllü və ya məcburi qaydada, əvəzi ödənilməklə satın alına bilər. Burada "torpaq" anlayışı evləri, binaları və qurğuları da əhatə edir. Maddənin mətnində "dövlət ehtiyacı" dedikdə nələrin nəzərdə tutulması qanunun 3-cü maddəsində göstərilmişdir. Sizin halda isə, evinizin sökülməsinin böyük ehtimalla qanunun 3.1.1-ci maddəsində göstərilən əsasla (dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması) həyata keçirilməsi gözlənilir.
Beləliklə, Mülki Məcəllənin 246-249-cu maddələrinə əsasən, alınma prosesi və alınma zamanı kompensasiyanın məbləğinin müəyyən edilməsi aşağıdakı mərhələrlədən ibarətdir. Alınma haqqında qərar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir və həmin qərar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Daha sonra Nazirlər Kabineti bu barədə evin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Əgər tərəflər arasında evin alqı-satqısı ilə bağlı razılıq əldə edilərsə, məhkəmə təsdiqi (qeyd: bu barədə növbəti abzasda məlumat verilcəkdir) alındıqdan sonra alqı-satqı müqaviləsi bağlanır və evi alan dövlət orqanı
90 təqvim günü ərzində evin mülkiyyətçisinə evin dəyərini tam ödəyir, evlə bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirləri görür, satılan ev mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra mülkiyyətçiyə evi boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə kömək göstərir. Qeyd olunmalıdır ki, evin alınmasından imtina hesab edilən hallarda, imtina edilmiş alınmanın obyekti olan evin ən azı 3 (üç) il ərzində alınmasına təkrar başlanıla bilməz. Alınan ev üçün kompensasiyanın məbləği evin bazar qiyməti ilə müəyyən olunur. Alınacaq evlə bağlı kompensasiyanın məbləği müəyyən edilərkən, aşağıdakı amillər nəzərə alınır:
- mülkiyyətçilərə ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, evlərini tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, DOLANIŞIQ üçün vasitələri, gəlirləri, YAŞAYIŞ STANDARTLARI onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin;
- ödəniləcək kompensasiya qiymətləndirilərkən, mövcud inflyasiya;
- alınmanın təsirinə məruz qalan şəxsdən evə sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər;
- alınma nəticəsində şəxs yaşayış, sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər.
Dövlət ehtiyacları üçün alınan evə görə kompensasiya aşağıdakı formalarda ödənilir:
- itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfiyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili;
- kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq, müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi;
- yerdəyişmə nəticəsində azalmış və ya itirilmiş gəlirin təmin edilməsi və ya əvəz edilməsi üçün müəyyən müddətə ödənişlər.
Yuxarıda qeyd edildiyi kimi, alınmanın həyata keçirilməsi üçün "məhkəmə təsdiqi" prosesindən keçilməlidir. Belə ki, alınmanın təsirinə məruz qalan şəxsdən alınan evlə bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Alınan evin yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən evin alınmasının, onun əldə olunması prosesinin və şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin qanunvericiliyin tələblərinə uyğun olmasının təsdiq olunması üçün edilir.
Evin alınmasına, onun üzərində sahibliyin əldə olunmasına və ya təklif olunan kompensasiyaya etiraz edən alınmanın təsirinə məruz qalan şəxs aşağıdakı əsaslardan biri və ya bir neçəsi ilə bağlı məhkəməyə ərizə verə bilər:
- evin alınmasının qanunvericiliyin tələblərinə zidd olması;
- evin alındığı layihənin həyata keçirilməsi üçün lazım olmaması;
- təklif olunan kompensasiyanın ədalətli olmaması;
- alan orqanın müvafiq səlahiyyətlərə malik olmaması;
- qanunvericiliklə müəyyən olunmuş prosedurlara riayət edilməməsi və ya düzgün və ədalətli riayət edilməməsi.
Qeyd olunmalıdır ki, ev üzərində hüquqların alınma prosedurlarını başa çatdırmaq üçün tələb olunan hər hansı hərəkətlərlə əlaqədar alınmanın təsirinə məruz qalan şəxsin üzərinə heç bir xərc, ödəmə, yaxud başqa maliyyə tələbləri qoyula və ya alına bilməz.
Sualları cavablandırdı:
Fərhad NƏCƏFOV,
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü