İlaxır çərşənbələrin üçüncüsü Yel çərşənbəsidir. Bu çərşənbə el arasında "Küləkli çərşənbə", "Külək oyadan çərşənbə", "Yelli çərşənbə", "Badi (külək) çərşənbə", "Nəfəs çərşənbə", Muğanın bir sıra kəndlərində isə "Heydər çərşənbə" adlandırılır.
Erkən etiqadlara görə, çərşənbədə oyanan külək Yer üzünü gəzir, artıq oyanmış suyu, odu hərəkətə gətirir. İnama görə, Yel çərşənbəsində gün ərzində küləklər bir neçə dəfə dəyişir. Bu çərşənbədə isti-soyuq küləklərin əsməsi artıq yazın gəlişindən xəbər verir.
Mifoloji təsəvvürlərə görə, "qara nəhrdə" yatmış dörd cür külək əvvəlcə Yer üzünə çıxıb özü təmizlənir, sonra hər biri fərqli libasda özünü göstərir. Küləyin libasları ilə xarakteri arasında da oxşarlıq vardır. Burada rənglərin mifik mənaları xüsusilə önəmlidir, məsələn, Ağ yel ağ libasda, Qara yel qara libasda, Xəzri göy libasda, Gilavar qırmızı libasda xarakterizə edilir.
Erkən dövrlərdə insanlar küləyi öz istəklərinə uyğun yönəltməkdən ötrü mərasimlər keçirmiş və nəğmələr oxumuşlar. Küləyə belə münasibət yalnız bizim əcdadlarımıza deyil, demək olar ki, bütün dünya xalqlarına aiddir. Məsələn, yəhudi mifik düşüncəsində əsas Tanrı olan Yəhva və ya Elohim küləyə çevrilərək bir anda dünyanı dolaşır. Yunan mifologiyasına görə, Odissey öz yoldaşları ilə külək Allahı
Eolun adasında bir ay qonaq qalır, ondan böyük hörmət görür, Odissey ona öz macəralarından danışır, nəhayət, ondan evə qayıtmaq üçün icazə istəyir. Eol razılaşır və Odisseyə bir böyük tuluq verir. O, qərb küləyi olan Zefiri azad buraxaraq digər 3 küləyi həmin tuluğun içində həbs edir. Zefir Odisseyin gəmisini evinə doğru istiqamətləndirməli idi. Lakin ölkəsinə çataçatda allahlar Odisseyi yuxuya verir, yoldaşları isə tuluğun içində ləl-cəvahirat olduğunu düşünərək onu açırlar. Bunun nəticəsində dənizdə tufan qopur və gəmini yenidən Eolun adasına doğru aparır. Odissey Eoldan bir daha kömək göstərməsini xahiş edir, lakin Eol allahların nifrət və təqib etdiyi bir şəxsə yardım göstərməyəcəyini bildirir. Yunan mifologiyasında dörd cür külək vardır ki, birincisi qərb küləyi Zefirdir. Onun atası Titan Astreydir ("ulduzlu Səma"), anası isə səhər şəfəqi ilahəsi Eosdur. İkincisi, şimal küləyi olan Boreydir. O, qanadlı, uzunsaçlı, saqqallı təsvir edilir. Məskəni zülmət və soyuğun hökm sürdüyü Trakiyadır. Çox vaxt erkək at şəklində təsəvvür olunur. Üçüncüsü, cənub küləyi Notdur. O da saqqallı və qanadlıdır. Zefir, Borey və Not qardaşdırlar, hamısı Eola tabedir. Dördüncüsü, cənub-şərq küləyi Evrdir, onun mənşəyi məlum deyil və antropomorfik özəllikləri yoxdur.
Yel-külək həm də Tanrı səviyyəsində təzahür olunmuşdur. Dini mənbələr və səma kitablarında yel dünyanı idarə edən Tanrı hesab olunur, yaxud da Allah tərəfindən göndərilən bir antropomorf kimi təsəvvür edilir. Məsələn, Məhəmməd Peyğəmbər əleyhissəlam buyurub ki, "külək Allahın qullarına bir nemətidir. Bəzən insanlara rəhmət, bəzən də əzab gətirir. Külək olduğu zaman ona söyməyin, onun xeyrini istəyin, şərindən də Allaha sığının, başqa sözlə, külək Allahın əmrindəndir".
Külək havanın üfüqi istiqamətdə hərəkətinə deyilir. Əgər külək olmasaydı, isti ərazilər həmişə isti, soyuq ərazilər isə hər zaman soyuq olardı, yəni hava hərəkət etməzdi. Elmdə daimi, mövsümi və hakim küləklər anlayışları mövcuddur. Şimal-cənub, şərq-qərb deyə cəhətlərin adı ilə adlandırılan küləklərin yerli adları var. Ağ yel - qara yel, xəzri, gilavar. Burada rənglərin öz semantikası vardır. Dilimizdə külək anlayışını ifadə edən sözlər də var, lakin kiçik məna çalarları ilə bir-birindən seçilir, məsələn, səmum - səhralarda əsən çox şiddətli isti və quru küləkdir, nəsim - yüngül mehdir, səba - şimal şərqdən əsən yüngül və xəfif mehdir, rüzgar, boğanaq və s. kəlmələr də külək anlayışlarını ifadə edir.
Klassik ədəbiyyatımızda "badi-səba" bir obraza çevrilib, konkret funksiya daşımışdır. Poeziya nümayəndələri öz şeirlərində gənclərin bir-birinə sözünü çatdırmaq vəzifəsini "badi-səba" (səhər küləyi) üzərinə qoymuşdular.
Yel çərşənbəsində "külək oyatmaq" mərasimi keçirilərdi. Bu mərasim zamanı cavanlar kağızdan böyük çərpələnglər hazırlayar, dam və hündür təpələrin başından uçurardılar. Bu çərpələnglər xüsusi funksiya daşıyırdı, belə ki, bəzən onun üzərinə Tanrıya şikayət məktubu və yaxud xahişnamələr "göndərənlər" də olurdu, hamı maraqla səmadakı çərpələnglərə tamaşa edərdi. Yel çərşənbəsində həm də külək əsmədikdə də onu çağırmaq məqsədilə çərpələngdən istifadə edilirdi. Meydançanın ortasında yerə basdırılmış dirəyə çərpələng asılar, dörd-beş nəfər yelpiklərlə çərpələngi yavaşca hərəkətə gətirmək üçün oxuyardılar:
Yel babam, yelli babam,
Elim, obam batdı, gəl,
Çərpələngim yatdı, gəl...
Yel çərşənbəsində icra olunan mərasimlərdən biri də "Küfdibi"dir. "Küfdibi" - özünü küləyə vermək, yellənmək deməkdir. Burada gənclər daha fəal iştirak edərdilər, meyvə ağacından yelləncək asıb onu gül-çiçəklə bəzəyərdilər. İştirakçılar bir-bir, iki-iki yelləncəkdə yellənər, deyişmə və bayatılar, nəğmələr söyləyərdilər:
Örpəyi çəhrayı qız,
Adaxlının adın de,
Saçları xurmayı qız,
Adaxlının adın de,
Gözləri sürməli qız,
Adaxlının adın de...
Rəvayətə görə, Yel çərşənbəsində Yer üzünə təşrif gətirmiş müqəddəs Xızır qardaşı Nəbiyə bir qırmızı alma verib tapşırır ki, almanı yeyib uzun ömürlü olsun, onun tumlarını əsən küləklərə paylayıb Yer üzünə səpələsin. Alma ağacının dünyanın hər yerinə yayılması bununla izah edilir.
İnanca görə, cənnət meyvəsi sayılan alma dünyaya nə qədər çox yayılarsa, insanlar arasında xoş münasibətlər bir o qədər geniş vüsət alar. Milli folklorumuzda da nağıl və dastanlarda övlad həsrəti çəkən yaşlı cütlüklər müqəddəs şəxslərin, o cümlədən Xızırın və ya dərvişin verdiyi qırmızı almanı yeməklə arzularına çatırlar. Hətta inanca görə, xalq arasında çərşənbə axşamları cavanlar qırmızı alma yeyib on ədəd toxumunu yastıqlarının altına qoyurlar ki, gələcək qismətlərini yuxuda görə bilsinlər.
Yel və Yel çərşənbəsi ilə bağlı xalq arasında erkən dövrlərdən küləyin əhəmiyyətini əks etdirən bəzi folklor nümunələrinə diqqət yetirək:
Yelli babam, Yel babam
Telli babam, Tel babam
Elim, günüm batdı, gəl,
Çərpələngim yatdı, gəl,
Təknədə qaldı aşım,
Yatdı dəyirman daşım...
A Yel baba, Yel baba
Qurban sənə, gəl, baba
Taxılımız yerdə qaldı,
Yaxamız əldə qaldı,
A Yel baba, Yel baba
Qurban sənə, gəl, baba
Xalqın mifik təfəkkürünün önəmli səhifələrini aydın şəkildə təsdiqləyən çoxlu sayda folklor mətnləri vardır ki, onlar həm bugünkü, həm də gələcək nəsillərin folklor qaynaqlarından bəhrələnməsi üçün zərurət yaradır.
ÜLKƏR NƏBİYEVA,
Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru