Ramazan ayında ailələrin bir-birini ziyarəti, yığıncaqların təşkil edilməsi infeksiyanın yayılmasını sürətləndirə bilər
Dünya ölkələrinin COVID-19-la effektiv mübarizəsinə baxmayaraq, onun qarşısını tamamilə almaq hələ mümkün olmayıb. Son günlərin statistik göstəricilərinə əsasən, dünyada, habelə ölkəmizdə infeksiyaya yoluxanların sayında artım müşahidə olunur.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu il fevralın 27-dən martın 26-dək dünyada koronavirus infeksiyasına təxminən 3,6 milyon insan yoluxub, onlardan 25 mindən çoxu dünyasını dəyişib. Lakin ötən 28 günlə müqayisədə ölüm hallarının sayı 39 faiz azalıb.
Hazırda ən çox yoluxma və ölüm faktı ABŞ-də qeydə alınıb. Bu siyahıda daha sonra Rusiya, Böyük Britaniya, Koreya Respublikası, Almaniya, Çin və Yaponiya yer alır.
COVID-19 yaddaş itkisinə səbəb olur
Mütəxəssislər COVID-19-a yoluxmadan sonra yaranan yaddaş itkisinin səbəbini müəyyən ediblər. Araşdırmanın nəticələrinə görə, koronavirus infeksiyasına yoluxmuş bir çox insanlarda postcovıd sindromu inkişaf edir, bu sindromda digər təzahürlərlə yanaşı, idrak qabiliyyətinin və yaddaşın pozulması da müşahidə edilir.
Bunu müəyyən etmək üçün alimlər koronavirusun ana hüceyrəyə daxil olmasına imkan verən zəhərli SARS-CoV-2 sünbül zülalı laboratoriya siçanlarının beyninə yeridərək eksperiment aparıblar. Nəticədə siçanlarda yaddaşla bağlı problemlər yarandığı müəyyən edilib. Mütəxəssislərin fikrincə, sünbül zülalı COVID-19-dan sonra orqanizmdə koqnitiv dəyişikliklərin inkişafında əsas rol oynayır.
Tibbi maskadan istifadə tövsiyə olunur
Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Aişə Kərimova deyir ki, son bir həftə ərzində dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da COVID-19-a yoluxmada artım müşahidə olunur: "Əgər həftənin əvvəlində yoluxanların sayı 60 idisə, indi artıq 100-ü keçib. Bunun ilk səbəbi havaların istiləşməsindən sonra əhalinin bir-birilə daha sıx görüşməsidir. Bu artım hələ ki təhlükəli dərəcədə olmasa da, vətəndaşlar ehtiyatlı davranmalıdırlar".
A.Kərimova qeyd edir ki, kütləvi yoluxmalar olmadığı üçün xəstəxanaya müraciət edənlərin sayında artım hiss olunmur: "Əgər infeksiyaya yoluxmada say 150-ni keçərsə, bu, xəstəxanalarda da hiss ediləcək və onların yükü artacaq. Pandemiya dövründə olduğu kimi, xəstəxanaların yalnız COVID-19-a yoluxmuş xəstələri qəbul etməsi yenidən bir sıra problemləri ortaya çıxaracaq, əhalinin digər xəstəliklərə görə tibbi xidmət alması çətinləşəcək". Qarşıdan gələn bayram günlərində xüsusilə diqqətli olmağı məsləhət görən infeksionist bildirir ki, Ramazan bayramında ailələrin bir-birini ziyarət etməsi, yığıncaqların təşkil olunması yoluxmaların sayına təsir göstərəcək: "Ona görə də hər kəsə tibbi maska taxmaq, gigiyena qaydalarına və sosial məsafəyə riayət etmək tövsiyə olunur. Xəstəliyə yoluxmuş şəxslər isə mütləq qaydada özlərini ətrafdakılardan təcrid etməlidirlər".
Ülkər XASPOLADOVA,
"Azərbaycan"