İslam İnkişaf Bankı Qrupuna (İİB Qrupu) daxil olan qurumlar iyunun 16-dan 19-dək Bakı Konqres Mərkəzində 14-cü Özəl Sektor Forumunu təşkil edib. Forum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək himayəsi altında, Qrupun İllik Toplantıları çərçivəsində baş tutub.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu forum geniş kütlənin iştirakı ilə fərqlənib, tədbirə 60 ölkədən 1400-dən artıq iştirakçı qatılıb. Tədbirdə yerli, regional və beynəlxalq miqyasda fəaliyyət göstərən özəl sektor nümayəndələri fəal iştirak ediblər. Forumun proqramı çərçivəsində 70-dən çox məruzəçinin və 40-dək sərgi iştirakçısının olduğu 17 tədbir və panel müzakirəsi keçirilib.
Ardıcıl dördüncü ildir ki, forum iqtisadi inkişaf, ticarətin təşviqi, investisiyalar və risklərin idarə olunmasına verdiyi töhfələrə görə seçilən şirkət və maliyyə institutlarına “Özəl Sektor Mükafatı” təqdim edib.
Bundan əlavə, forum zamanı ümumi dəyəri 4,7 milyard ABŞ dollarını ötən 32 saziş və anlaşma memorandumu imzalanıb. Həmçinin 220-dən çox startapın və biznes inkubatorunun iştirak etdiyi startap müsabiqəsi təşkil olunub. Üzv dövlətlər arasında ticarət, investisiya və tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək məqsədilə 250-dən çox ikitərəfli görüş (B2B və B2G) keçirilib.
Forum üzv dövlətlərdə, xüsusilə Azərbaycanda həm dövlət, həm də özəl sektorun potensialının gücləndirilməsinə xidmət edən İİB Qrupunun fəaliyyət və təşəbbüslərini iştirakçıların diqqətinə çatdırıb. Müzakirələrin mərkəzində biznes sektorunun qarşılaşdığı mövcud imkanlar və çağırışlar dayanıb. Eyni zamanda, maliyyələşdirmə xətləri, özəl sektorun maliyyələşdirilməsi, ticarətin inkişafına dəstək, investisiyaların sığortalanması və ixrac kreditləri də daxil olmaqla, Qrupun geniş spektrli maliyyə alətləri nümayiş etdirilib.
Tədbirin gündəliyində əsas iqtisadi mövzulara və inkişaf layihələrinə həsr olunmuş silsilə dialoq sessiyaları və işgüzar seminarlar yer alıb. Həmçinin ticarət və investisiya perspektivlərinə dair təqdimatlar edilib.
Forum Azərbaycan hökumətinin rəsmiləri, yerli, regional və beynəlxalq özəl sektor şirkətlərinin prezidentləri və baş icraçı direktorları, investorlar, iş adamları, ticarət və sənaye palatalarının, ticarət və investisiyaların təşviqi orqanlarının nümayəndələri, habelə regional və beynəlxalq maliyyə və inkişaf təşkilatlarından olan yüksəksəviyyəli qonaqları bir araya gətirib.