İyul ayına olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyul ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal edilir.
Ayın ilk günündə ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunacaq. Bəzi yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Sonrakı iki-üç gün ərzində isə hava şəraitinin mülayim, əksər rayonlarda gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturu 25-28°C isti olacaq. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 21-26°, gündüzlər 29-34°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 36-40°C isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 2-3 millimetr).
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 26-28° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 20-25°, gündüzlər 30-35°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 37-40° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 6-16 millimetr) proqnozlaşdırılır.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Goranboy, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 18-23° isti olacaq. Bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 12-17°, gündüzlər 20-25° isti, bəzi günlərdə 30-35° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq (norma 29-72 millimetr).
Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 19-23° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 12-17°, gündüzlər 20-25°, bəzi günlərdə 30-35° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 10-36 millimetr).
Gəncə şəhərində, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Tərtər və Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 24-26° təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 18-23°, gündüzlər 30-35°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 37-39° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var (norma 10-32 millimetr).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın orta aylıq temperaturunun 21-24° olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 17-22°, gündüzlər 26-31° isti, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 34-38° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı bildirilir (norma 9-118 millimetr).
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Hacıqabul, Zərdab, Salyan və Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 26-29° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturu gecələr 20-25°, gündüzlər 30-35°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 38-42° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 3-22 millimetr).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və Cəlilabad rayonlarında havanın orta aylıq temperaturu 25-27° isti olacaq. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 18-23°, gündüzlər 26-31°, bəzi günlərdə 33-37° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal edilir (norma 7-33 millimetr).