10 İyul 2025 08:50
724
Mədəniyyət
A- A+
İstiqlal şairi Əhməd Cavad həm də jurnalist-yazar idi

İstiqlal şairi Əhməd Cavad həm də jurnalist-yazar idi


Bu günlərdə Azərbaycan xalqı  milli mətbuatımızın 150 illik yubileyini dövlət səviyyəsində böyük təntənə ilə qeyd edir. Xoş ovqat yaradan uzun və keşməkeşli tarixə nəzər salanda milli mətbuatımızın təşəkkülündə və inkişafında, eləcə də xalqımızın maddi-mədəni irsinin yaşadılmasında xidmətləri olmuş neçə-neçə mətbuat fədaisi,  şair və yazıçı göz önündə canlanır. Onlardan biri də istiqlal şairi, repressiya qurbanı Əhməd Cavaddır.

Əhməd Cavad Axundzadə 1892-ci ildə Şəmkir mahalının Seyfəli kəndində dünyaya göz açıb. Gəncədə  Şah Abbas məscidi nəzdində fəaliyyət göstərən ruhani seminariyasında təhsil alıb. Filosof şair Hüseyn Caviddən, ədəbiyyatşünas Abdulla Surdan və Şeyxülislam Pişnamazzadə kimi dövrünün tanınmış simalarından dərs alan Əhməd Cavad ərəb, fars və rus dillərini mükəmməl öyrənməklə, həm də vətənpərvərlik ruhunda formalaşmışdı. 

1912-ci ildə təhsilini uğurla başa vuraraq müəllimlik şəhadətnaməsi alan Əhməd Cavad bir müddət Gəncə şəhər, habelə Şəmkir, Gədəbəy, Quba rayon məktəblərində müəllim işləyib. Yüksək istedada malik, vətənini, xalqını bütün qəlbi ilə sevən bir türk oğlu kimi əsrin əvvəllərində Türkiyənin düşdüyü ağır vəziyyət onu ciddi narahat edib. Şair və pedaqoq Abdulla Şaiqin qardaşı Yusif Ziya Talıbzadə ilə birlikdə könüllü əsgər kimi İstanbulda qurulan "Qafqaz könüllü hissəsi" sıralarına qatılıb. Ə.Cavad Türkiyənin şərq cəbhəsindəki müharibədən geri dönəndən sonra Acarıstanda  müharibədən və erməni faşizmindən didərgin düşən müsəlman soydaşlarımıza yardım göstərənlər sırasında olub. Dörd ilə yaxın cəbhədə müxbir, xeyriyyə cəmiyyətinin üzvü, katibi, bəzən də sədr müavini kimi fəaliyyət göstərib. O, Şimali Qafqazda, Dağıstanda, Batumda, Qarsda, Ərdəhanda və Gürcüstanda olub. Ən çox türk xalqları yaşayan bölgələrə gedərək onlara maddi və mənəvi yardım göstərib, dövrü mətbuatda fəlakət bölgələrində müsəlmanların üzləşdiyi problemlərlə bağlı yazılarla çıxış edib. 

Mətbuata böyük maraq göstərən Əhməd Cavad 1922-ci ildə Bakıda Ali Pedaqoji Məktəbdə təhsil alarkən "Maarif və mədəniyyət" jurnalının əməkdaşı vəzifəsində çalışıb. Bu elm ocağını bitirdikdən sonra pedaqoji fəaliyyətlə məşğul  olub. Bir müddət Azərbaycan Politexnik İnstitutunda, Kənd Təsərrüfatı İnstitutunda (Gəncə, indi ADAU) dərs deyib, rus dili üzrə Azərbaycanın ilk professorlarından biri olub.

Ə.Cavadın yaradıcılığında şairliyi və müəllimliyi ilə yanaşı jurnalistlik fəaliyyəti də diqqətəlayiq yer tutur. Onun müxtəlif mətbuat orqanlarında nəşr etdirdiyi məqalələr, səfər qeydləri, xatirə və s. bu qəbildən olan digər yaradıcılıq nümunələri bu gün də aktuallığı ilə maraq doğurur. O, öz dövrünün "İqbal", "Səda", "Şəlalə", "Açıq söz", "Azərbaycan", "Yeni iqbal", "Şərq qadını", "Maarif və mədəniyyət" kimi onlarla qəzet və jurnal redaksiyası ilə əlaqə saxlayıb, əsərlərini dərc etdirib. Şairin məqalələrində dövrün ən ciddi ictimai-siyasi məsələlərinə toxunulur və konkret mülahizələr söylənilir. O dövrün mətbu orqanlarının öyrənilməsinə araşdırma həsr etmiş filologiya elmləri doktoru, professor Asif Rüstəmli bu  orqanların ən fəal müəllifləri arasında Əhməd Cavadın da adını vurğulayıraq diqqətə çatdırır ki: "İlk illər qəzetin ("Açıq söz" qəzeti nəzərdə tutulur) dolğun və rəngarəng çıxmasında, mövzu genişliyində ədib, jurnalist və ictimai xadimlərdən Şəfiqə xanım Əfəndizadə, Ömər Faiq, Nəriman Nərimanov, Həsən bəy Ağayev, Hüseyn Cavid, Abdulla Şaiq, Mehdi bəy Hacıbəyli (Avarə), Hüseyn Sadıqzadə, Əhməd Cavad, İbrahim Məhəmmədzadə, Tağı Şahbazi və başqalarının xidməti böyük olmuşdur".

Ə.Cavadın qəzet və jurnal məqalələrində sənətkarlıq cəhətdən diqqəti cəlb edən odur ki, ədib qələmə aldığı məsələnin tam, təfərrüatlı tədqiqinə çalışır, haqqında bəhs açdığı hadisəni olduğu kimi, yəni ona əlavələr etmədən, tərəfsiz və qərəzsiz çatdırmağı məqsədəuyğun sayır. Bunun üçün şair jurnalist olaraq obyektivlik mövqeyində dayanır, fakt və hadisəyə milli-tarixi inkişaf kontekstində təhlil verir, ona subyektiv düşüncə ilə deyil, ictimai-siyasi tərəqqi meyarları ilə yanaşırdı.

Əhməd Cavad arxaik dəyərlərin, ənənəçiliyin əsiri olmur, qəzetçilikdə, jurnalistikada, ədəbiyyatda hər zaman "qayda və həqiqət" tərəfdarı kimi çıxış edirdi. O, öz opponentlərindən birini  - məşhur "Şəlalə" jurnalının redaktorunu bu mənada "dil aristokratı, bir mühafizəkar" adlandırırdı. "Şəlalə" jurnalının redaktoru Xalid Xürrəm Səbribəyzadəni  Azərbaycan ədəbi prosesinə münasibətdə  ittiham edən Ə.Cavad onun bədii sənətkarlıq prinsipləri ilə yox, şəxsi istəklərdən çıxış etməsini ciddi tənqid edirdi. X.X Səbribəyzadəni subyektivizmə qapılmaqda günahlandıran Əhməd Cavad bildirirdi ki, "ədəbi qaydalar və həqiqət" mövqeyindən çıxış etmək, ədəbi prosesin qanunauyğunluqlarına cavab vermək lazımdır. O göstərirdi ki, ən nüfuzlu ədiblər belə, təpədən dırnağa qədər tənqid etdikləri hər şeyin yanına bir "zənnimcə, böylə olsa..." qeydi qoymuşlar. Fəqət siz boyun əymirsiniz". 

Ə.Cavadın jurnalistlik fəaliyyətində mövzu rəngarəngliyi də diqqətçəkəndir. Belə ki, şair ictimai-mədəni həyatın müxtəlifliyini təsvir predmeti seçir, yalnız Azərbaycan deyil, onun sərhədləri xaricində yaşayan həmvətənlərinin də taleyi ilə yaxından maraqlanır, Qafqaz və Anadolu türklərinin tarixi və çağdaş durumuna dair silsilə məqalələri ilə rəğbət qazanırdı. Bu baxımdan onun "Açıq söz" və digər mətbu orqanlarda Cavad, Ə.C, Cavad - Gəncə, C.Axundzadə imzaları ilə Batumdan göndərdiyi "Bir-birimizi sevəlim", "Acarada dil", "Müsəlman qardaşlar", "Yeni nəsil, ictimai yaralarımız", "Gəncədən", "Ələkbər bəyin dəfn mərasimi", "Kars heyətinin gördüyü işlərdən", "Acara məktubları", "Batum oblastının təhqiqat komissiyası", "Rizə və Trabzon fəlakətzadələri", "Gürcü mətbuatı və Acara" kimi məqalələri diqqətəlayiqdir. Ə.Cavad bu məqalələrində özünün şəxsən müşahidə etdiyi məsələlərə toxunur, obyektiv tarixi həqiqətlərin təsvirini vacib bilir və ön plana  çəkirdi. Yazılarını bir qayda olaraq analitik məqalə, reportaj və məktub şəklində qələmə alan şair göstərirdi ki, bu qəbildən olan əsərlərdə "həqiqət başqa, xəyal və ideal yenə başqadır". 

Məhz həmin mövqedə dayandığına görədir ki, Ə.Cavad gürcü mətbuatının nümunəsi olan "Saxalko" haqqında tənqidi fikirlər söyləyir, "Şəlalə" jurnalının xəyalpərəstliyini tənqid edirdi. "Saxalko purtseli" qəzetinin Acariya müsəlmanlarına qarşı milli münaqişə iddiasını ifşa edən Ə.Cavad onun iftiraçı mövqeyi ilə barışmır və göstərirdi ki, "Saxalko"nun müsəlman cəmiyyəti-xeyriyyəsinə təərrüzi Acara izzəti-nəfsinə əsla uyğun deyildir: "Bu qəzetə bilirmi ki, Gürcü cəmiyyəti-xeyriyyəsinə acaralılar nə qədər mütəşəkkil isələr, müsəlman cəmiyyəti-xeyriyyəsinə də bir o qədər mərbut və mühibdirlər. Bilxassə: müsəlman cəmiyyəti-xeyriyyəsinə bu qəzetənin təcavüzləri acaralılar arasında gürcülərin insani və mədəni mövqelərini zədələdi. Bu qəzetələr yəqin ki, acaralılara qarşı deyil, daha yaxın və daha yaxşı tanıdıqları, daima əlaqə və mənafeləri zidd gələn qonşularına göstərsinlər". 

Göründüyü kimi, Ə.Cavad milli münaqişə və ziddiyyətlərin səbəbini ifşa etməklə yanaşı, həm də mətbuat təhlilçisi və publisistika tənqidçisi kimi çıxış edir, gerçəklərə əsaslanmağı, fakt və sübut göstərməyi tələb edir, "həqiqətlə xəyal və idealı" qarışdırmamağı məsləhət görürdü. Elə buna görədir ki, dövrünün görkəmli şairi kimi tanınan Ə.Cavadın məqalələri müasirləri tərəfindən rəğbətlə qarşılanır və yüksək qiymətləndirilirdi. 

Konkret faktlara istinad edilməklə istedadlı şair, publisist, tərcüməçi, xeyriyyəçi, cəbhəçi-döyüşçü və jurnalist kimi tanınan istiqlal sevdalısı Əhməd Cavadın məlumat və informasiyanın ictimailəşdirilməsi işinə mühüm əhəmiyyət verməsi onu həm də mətbuat nümayəndəsi və ictimai xadim kimi tanıtmışdır.


Rəhman SALMANLI,

filologiya üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!