Dünya ticarət marşrutları yenidən formalaşır. Xüsusilə Çinin "Bir Kəmər, Bir Yol" təşəbbüsü tarixi İpək Yolunun müasir versiyası kimi qiymətləndirilir. Bu marşrutda Orta Dəhliz mühüm əhəmiyyət kəsb edir. Bunun əsas səbəbi isə Cənub Dəhlizinin Hörmüz və Babülməndəb boğazlarında mövcud olan müharibə riskləri səbəbindən əvvəlki əhəmiyyətini itirməsidir. Bu baxımdan, həm "Bir Kəmər, Bir Yol" təşəbbüsündə, həm də Şərq-Qərb nəqliyyat marşrutunda Mərkəzi Asiya dövlətlərinin rolu daha da artıb. Bu çərçivədə Azərbaycanın liderliyi ilə Orta Dəhlizin əhəmiyyətinin daha da yüksəldiyini müşahidə edirik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İstanbul Mədəniyyət Universitetinin professoru, beynəlxalq münasibətlər üzrə elmlər doktoru İsmail Ermağan deyib.
Onun sözlərinə görə, Mərkəzi Asiya, Cənubi və Qərbi Asiya, həmçinin Avropaya uzanan nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycan son illərdə həyata keçirdiyi çoxşaxəli xarici siyasətin nəticələrini həm energetika, həm ticarət, həm də logistika sahələrində görür. Bu xüsusda Türkiyə ilə birgə reallaşdırdığı enerji layihələri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan, xüsusilə Türkiyə ilə həyata keçirdiyi təşəbbüslər sayəsində Orta Dəhlizin Avropa ölkələri və Asiya-Sakit okean regionu tərəfindən qəbul olunmasında önəmli rol oynayır.
İ.Ermağan qeyd edib ki, gələcəkdə ticarət marşrutlarının daha çox şimala, Arktika regionuna yönəlməsi ehtimalı Orta Dəhlizin həm əhəmiyyətinin, həm də yükdaşıma həcminin daha da artacağını göstərir.
"Məsələn, Qazaxıstanın enerji ixracı ilə bağlı çətinlikləri nəzərə alsaq, Azərbaycan və Türkiyə ilə Orta Dəhliz vasitəsilə ortaq bir strateji baxış formalaşdırılsaydı, hazırda bəzi regionlarda neft axtarışlarının dayandırılması baş verməzdi. Bu layihə region dövlətləri üçün strateji nailiyyətdir. Böyük dövlətlərin təsirinin azalması fonunda orta və kiçik dövlətlərə mühüm üstünlüklər qazandıracaq. Orta Dəhlizin strateji, iqtisadi, siyasi və geoiqtisadi əhəmiyyəti qarşıdakı dövrdə daha da artacaq.
Azərbaycanın Almaniya kimi Avropanın aparıcı ölkələri, Yaxın Şərq dövlətləri, o cümlədən İsrail, Türkiyə və digər türk dövlətləri ilə inkişaf etdirdiyi nümunəvi əməkdaşlıq modeli də Orta Dəhlizin gələcəkdə daha fəal fəaliyyət göstərəcəyini nümayiş etdirir", - deyə İ.Ermağan vurğulayıb.