“Rəqəmsal mühitdə uşaqların müdafiəsi: müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə İran İslam Respublikasının Prezidentinin qızı Zəhra Pezeşkian arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş zamanı Bahar Muradova Azərbaycan və İran arasındakı münasibətlərin tarixi köklərə əsaslandığını bildirib.
O qeyd edib ki, iki ölkə qonşu, qardaş və dost dövlətlər olaraq regionda baş verən proseslərə, eləcə də iqtisadi və sosial əlaqələrin inkişafına ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq ruhuna uyğun yanaşırlar.
Dövlət başçılarımız və parlamentlərimiz arasında əlaqələrin getdikcə genişləndiyini vurğulayan Bahar Muradova, həmçinin müxtəlif sahələrdə İranla əməkdaşlığın daha da gücləndirilməsində ölkəmizin maraqlı olduğunu qeyd edib.
Zəhra Pezeşkian isə öz növbəsində konfransda iştirak etməkdən məmnunluğunu ifadə edib.
O bildirib ki, İran Prezidenti iki ölkə arasındakı münasibətlərin hazırkı müsbət səviyyəsini nəzərə alaraq, onun bu beynəlxalq konfransda iştirakını yüksək qiymətləndirib.
Zəhra Pezeşkian İran və Azərbaycan arasında ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlığın qurulmasını, eləcə də təcrübə və mübadilə mexanizmlərinin həyata keçirilməsini təklif edib.
Bahar Muradova bu təklifləri müsbət qiymətləndirərək, əməkdaşlığın inkişafı üçün zəruri addımların atılacağını və Azərbaycan tərəfinin bu istiqamətdə tam hazır olduğunu vurğulayıb.