Mingəçevir şəhərində Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə “Hüquqi dövlət və suverenlik: Konstitusion yanaşma” mövzusunda regional konfrans təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, konfransda dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, media orqanlarının nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, elm və təhsil ictimaiyyətinin üzvləri iştirak ediblər.
Konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Mingəçevir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Konfransda əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.
Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova konstitusion hüquqların təmin olunması, insan hüquq və azadlıqlarının müdafiəsi və hüquqi dövlət prinsipinin möhkəmləndirilməsində prokurorluq orqanlarının rolundan bəhs edib. O, hüquqi mexanizmlərin beynəlxalq standartlara uyğunlaşdırılmasının və institusional islahatların əhəmiyyətini vurğulayıb.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışında dövlət suverenliyinin möhkəmləndirilməsində mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında koordinasiyalı fəaliyyətin vacibliyinə diqqət çəkib, regionlarda hüquqi maarifləndirmə işlərinin davamlı xarakter daşıdığını bildirib.
Mingəçevir şəhər prokuroru Pərvin Quliyev çıxışında prokurorluq orqanlarının Konstitusiyanın aliliyinin təmin olunmasında, qanunun düzgün tətbiqində və dövlət maraqlarının qorunmasında üzərinə düşən vəzifələrdən danışıb.
Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov çıxışında Azərbaycan Ordusunun dövlət suverenliyinin təmin edilməsində oynadığı mühüm roldan, informasiya təhlükəsizliyi sahəsində görülən tədbirlərdən və dezinformasiyalara qarşı mübarizə mexanizmlərindən bəhs edib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal-Qərb Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov insan hüquqlarının qorunmasının hüquqi dövlətin əsas sütunlarından biri olduğunu vurğulayaraq, vətəndaş müraciətlərinin araşdırılması, hüquqi maarifləndirmə və ictimai nəzarət mexanizmlərinin əhəmiyyətinə toxunub.
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxışında ali təhsil müəssisələrinin hüquqi dövlət və konstitusion dəyərlərin gənclər arasında təbliğində mühüm rol oynadığını qeyd edib, hüquq sahəsində elmi-tədqiqat işlərinin və akademik–praktik əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Şəhid Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov çıxış edərək, dövlət suverenliyinin şəhidlərin canı və qanı bahasına təmin edildiyini bildirib, şəhid ailələrinə və qazilərə göstərilən yüksək dövlət qayğısının bu dəyərlərə verilən önəmin bariz nümunəsi olduğunu qeyd edib, eyni zamanda, bu müqəddəs irsin və suverenlik dəyərlərinin gələcək nəsillərə ötürülməsinin hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayıb.
Konfrans çərçivəsində dövlət qurumları, qeyri-hökumət təşkilatları və media nümayəndələri arasında hüquqi əməkdaşlığın gücləndirilməsi, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, gənclər arasında hüquqi şüurun artırılması və konstitusion dəyərlərin təbliği istiqamətində geniş fikir mübadiləsi aparılıb, konkret təkliflər səsləndirilib. Həmçinin prokurorluq orqanları ilə media və qeyri-hökumət təşkilatları arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi, fəaliyyət istiqamətləri üzrə keyfiyyət və səmərəliliyin daha da artırılması, məlumat mübadiləsi zamanı mövcud qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi, eləcə də istintaq sirri təşkil edə biləcək məlumatların ictimailəşdirilməsinin qarşısının alınması məqsədilə jurnalistlərlə ətraflı müzakirələr aparılıb.
Sonda sənədli film nümayiş etdirilib.