19 Dekabr 2025 08:10
248
SİYASƏT
A- A+
Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu


Sovet İttifaqının dağılması XX əsrin sonlarında öz müstəqilliyi uğrunda mübarizəyə qalxan Azərbaycan xalqı üçün tarixi fürsət oldu. Ümummilli Lider Heydər Əliyevin səyləri və gərgin əməyi sayəsində yaradılan qüdrətli infrastrukturun mövcudluğu və gələcək siyasi, iqtisadi və mədəni müstəqillik üçün formalaşan, eləcə də xalqda müstəqil dövlətçilik meylinin oyanması milli azadlığı şərtləndirən mühüm amillər oldu.

Azərbaycan keçmiş SSRİ-nin tərkibində müstəqil dövlət kimi mövcud ola bilən azsaylı respublikalardan biri idi. Müstəqillik qazanmağın, demokratik Azərbaycan dövlətinin qurulmasının və möhkəmlənməsinin üçüncü mühüm şərti tarixi şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin mövcudluğu idi. Vaxtilə görkəmli amerikalı politoloq Z.Bjezinski demişdi: "İndi Azərbaycana rəhbərlik edə biləcək yalnız bir şəxs var - Heydər Əliyev!" Bu, bütün dünya tərəfindən qəbul edilən bir həqiqət idi. Heydər Əliyevin üç onillikdən artıq siyasi və dövlət rəhbərliyinin real nəticəsi öz siması, öz mövqeyi, öz səsi, dünya birliyində özünün layiqli yeri olan müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmlənməsidir.

Sovet dövründə Heydər Əliyev Azərbaycanı hər cəhətdən ön plana çıxara bildi. Ulu Öndərin uzaqgörən rəhbərliyi sayəsində sosial, iqtisadi və mədəni həyatda ən mühüm transformasiyalar uğurla həyata keçirilmiş, bu da sonralar müstəqil Azərbaycanın inkişafının sosial-iqtisadi və mədəni bazası, bünövrəsi olmuşdur. İstər sovet dövründə, istərsə də müstəqillik illərində Vətənə, xalqa sədaqətlə, ləyaqətlə xidmət etmək onun döyüş şüarı və həyat idealı olmuşdur. 

1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu keçirildi. Plenumda Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi, başqa sözlə, respublikanın rəhbəri seçildi. Ulu Öndərdən öncə respublikaya rəhbərlik etmiş Vəli Axundov Heydər Əliyev haqqında demişdir: "Heydər Əliyevə xas olan siyasi və işgüzar keyfiyyətlər onun respublikaya ləyaqətlə rəhbərlik edəcəyinə, böyük və mürəkkəb işlərin öhdəsindən məharətlə gələcəyini deməyə imkan verir. O, kifayət qədər savadlı, hərtərəfli hazırlıqlı, yüksək intellektə malik bir insandır. O, kadrların hamısına münasibətdə doğru mövqe tutur, çünki kifayət qədər obyektiv, dürüst və ləyaqətli insandır". V.Axundovun bu fikirləri 10 il müstəqil Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin titanik siyasi-dövlət fəaliyyətinin nəticələri ilə dəfələrlə öz təsdiqini tapmışdır. Parlaq, mənalı ömür yolu keçən Heydər Əliyev yüksək insani-mənəvi keyfiyyətlərə malik böyük tarixi şəxsiyyət xüsusiyyətlərini özündə təcəssüm etdirən mahir siyasi lider olmuşdur. Hələ 1969-1982-ci illərdə Azərbaycanın gələcək inkişafı üçün güclü kadr potensialının formalaşmasına böyük təsir göstərən elm və təhsil sahəsində səmərəli fəaliyyətin nəticəsi idi ki, müstəqillik əldə etdikdən sonra ölkəmizdə yüksəkixtisaslı mütəxəssislər qıtlığı yaşanmamışdır. 

Etiraf etmək lazımdır ki, 1970-1985-ci illər Azərbaycan quruculuğu tarixində ən məhsuldar və ən parlaq illərdən olmuşdur. Məhz bu dövrdə mütərəqqi ənənələrə əsaslanan, yaxın və uzunmüddətli perspektivə yönələn, müstəqilliyə yol açan inkişaf strategiyası müəyyən edilərək uğurla həyata keçirilmişdir. Ulu Öndərin əsas tarixi xidməti Azərbaycanın keçmiş ittifaqın tərkibində olduğu illərdə də respublikamızın müstəqil yaşayıb inkişaf etməsi üçün ardıcıl şəkildə gördüyü fəaliyyətindən ibarət idi. 1969-1982-ci illərdə Azərbaycan SSR-in əldə etdiyi nailiyyətlər suveren Azərbaycan Respublikasının möhkəm təməli olmuşdur. 

Müstəqil Azərbaycan diasporunun təşkilatlanması prosesində, Şərq siyasətində, Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin inkişafında, Vyetnam-Azərbaycan, Azərbaycan- Çin, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-İslam Əməkdaşlıq Təşkilatı, Azərbaycan-Qazaxıstan, Cənubi Koreya-Azərbaycan əlaqələrinin qurulmasında, inkişafı və elmi-mədəni əlaqələrinin möhkəmlənməsində Heydər Əliyevin müstəsna rolunu qeyd etməmək mümkün deyil. 

Ulu Öndər gənclərə çox önəm verir, onlara xüsusi qayğı göstərirdi. Heydər Əliyev üçün Azərbaycanın gələcəyi sağlam düşüncəli, sağlam vücudlu, sağlam fikirli gənclərlə qurulacaq.

Müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi bir sənəd,  həmçinin suverenliyimizin təminatçısı olan Konstitusiya da məhz Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə təsadüf olunur. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdur. 1927-ci il martın 26-da V Ümum-Azərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilmiş, 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümum-Azərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minmişdir.

Azərbaycan SSR-in sayca dördüncü Konstitusiyası isə 1978-ci ildə 1977-ci il SSRİ Konstitusiyası əsasında qəbul edilmişdir. Bu Konstitusiyanın hazırlanması və qəbulu o zaman Azərbaycana rəhbərlik edən Heydər Əliyevin iştirakı ilə həyata keçirilmişdir. Əvvəlki konstitusiyalardan fərqli olaraq, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyası öz müsbət və həmin dövr üçün cəsarətli, mütərəqqi müddəaları ilə seçilirdi. Bu Konstitusiyanın "Dövlət və şəxsiyyət" adlanan ikinci bölməsi vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsi, onların yeni məzmunla və əlavə maddi, hüquqi təminatlarla zənginləşdirilməsi ilə səciyyələnirdi.

İlk dəfə olaraq Azərbaycanın Konstitusiya tarixində "xalq hakimiyyəti" və "demokratiya" terminləri məhz 1978-ci il Konstitusiyasında təsbit olunmuşdur. İlk dəfə təsbit edilən həm də məhz bu Konstitusiyada xalq hakimiyyətinin bilavasitə demokratiya institutu sayılan referendum - ümumxalq səsverməsi kimi göstərilməsidir. Həmin Konstitusiyanın müsbət tərəflərindən biri də o idi ki, o, referendumu ictimai rəy sorğusundan və qanun, qərar layihələrinin müzakirəsindən fərqləndirirdi, həmçinin referendumla yanaşı, xalq hakimiyyətinin bilavasitə demokratiya forması sayılan qanun və qərar layihələrinin ümumxalq müzakirəsini ehtiva edirdi. Məhz bu Konstitusiyada xalq hakimiyyətinin təmin olunmasında mühüm rol oynayan vətəndaşların petisiya hüququ, vətəndaşların siyasi partiyalarda birləşmək hüququ kimi yeni siyasi hüquqlar bəyan olunurdu.

1978-ci ildə qəbul edilən yeni Konstitusiyada dil məsələsi də əsas prinsiplərdən idi. Həmin dövrlərdə Azərbaycan SSR-in rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarət və qətiyyətlə bildirmişdir. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada təklif olunmuşdur: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir". Bu, Azərbaycan dilinin tarixində, bütövlükdə xalqımızın yaddaşında dərin iz qoyan tarixi təşəbbüs idi. Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri idi və Ümummilli Lider bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuş oldu. 

Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası da ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadı. 

Azərbaycan Respublikası Konstitusiyasında ölkəmizdə müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə təsbit edilib. Konstitusiyada dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, ümumbəşəri dəyərlərə sadiqlik və digər dəyərlər öz əksini tapıb. Ölkənin Əsas Qanununun milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış 1996-cı il 1 noyabr tarixli fərmana əsasən, hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir.

Təsadüfi deyil ki, Konstitusiyamızın müəllifi Ulu Öndər Heydər Əliyev Əsas Qanunun ən mükəmməl formada hazırlanmasını zəruri sayaraq bildirmişdir: "Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir".

Heydər Əliyev deyirdi: "Hər bir şəxs Konstitusiyaya və qanunlara əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələrini layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir". Bu da Ulu Öndərin sözləridir: "Məqsədimiz xalqımızın mənəviyyatını qorumaq və zənginləşdirməkdir. Bizim Konstitusiyamız xalqın Konstitusiyasıdır. Hər bir vətəndaşın Konstitusiyasıdır!"

Bir əsrdən artıq dövrü əhatə edən zaman kəsiyində qəbul olunmuş konstitusiyaların hər biri Azərbaycan xalqının, respublikamızın bütün həyatında müəyyən tarixi mərhələdə öz inkişaf və tərəqqi missiyasını başa vurub. Onların hər biri qazanılmış uğurları əks etdirməklə yanaşı, bu hadisələri təsbit edərək cəmiyyətimizin quruculuğunda yeni mərhələyə keçildiyini göstərib, sosial-iqtisadi, siyasi və mədəni tərəqqinin zirvələrinin ardıcıl yüksəlişində pillə rolunu oynayıb.  

Bu qüdrətli dövlətin quruculuğunda Ulu Öndərin işini hazırda onun layiqli davamçısı İlham Əliyev davam etdirir. İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycan öz xalqının humanizm ideyalarını, milli maraqlarını əsas tutaraq müstəqil şəkildə daxili və xarici siyasətini cəsarətlə həyata keçirir, suveren hüquqlarına uyğun olaraq bütün dünya ölkələri ilə münasibətlərini hüquqi müstəvidə quraraq qarşısına qoyduğu məqsədlərə doğru uğurla addımlayır, regionda lider dövlət kimi öz sözünü deyir.


Zərifə NAÜIYEVA,

Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin Elmi araşdırmalar və statistik tədqiqatlar şöbəsinin rəisi


Çiçək HÜSEYNZADƏ,

Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin Statistik innovasiyaların tətbiqi şöbəsinin rəisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub  

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib  

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

16:26
19 Dekabr

Ceyhun Əliyev: Ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur  

16:24
19 Dekabr

Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir  

16:07
19 Dekabr

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların adları açıqlanıb  

16:02
19 Dekabr

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Donald Tramp Venesuela ilə müharibə ehtimalını istisna etməyib  

15:51
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konqres işə başlayıb - YENİLƏNİB 

15:49
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!