Azərbaycanın bu jesti qarşılıqlı etimada və regional əməkdaşlığa hazır olduğunu nümayiş etdirir
Azərbaycan cəmiyyətində illərlə formalaşmış ağrılı yaddaş, işğal və müharibə acıları hələ tam unudulmamış gündəmə bir xəbər hakim oldu - SOCAR ilk dəfə yerli mənşəli neft məhsulunu Ermənistana tədarük edib. 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağının yola salınması eyni zamanda sual doğurdu: bu addım nəyə xidmət edir və kimə nə qazandırır?
Öncə xatırladaq ki, yanacaq ixracı barədə razılaşma hələ bu il noyabrın 28-də Qəbələdə əldə olunub. Həmin gün baş nazirin müavini Şahin Mustafayev ermənistanlı həmkarı Mher Qriqoryanla görüşmüşdü. Görüşdən iki həftə sonra Mher Qriqoryan "Azadlıq radiosu"nun erməni xidmətinə verdiyi müsahibədə Azərbaycanla enerji sahəsindəki mümkün əməkdaşlıqdan danışaraq bildirmişdi ki, Ermənistana yanacaq idxalı ilə bağlı tərəflər arasında müzakirələr aparılıb. Çünki bu istiqamətdə əməkdaşlıq etmək üçün imkanlar mövcuddur. M.Qriqoryan onu da demişdi ki, məsələ Qəbələdə Şahin Mustafayevlə keçirilən görüşdə müzakirə olunsa da, hələlik konkret razılaşmadan danışmaq tezdir. Çünki yanacağın həcmi və qiyməti, prosesdə iştirak edəcək şirkətlər, həmçinin Rusiyadan idxal olunan yanacaqla rəqabət kimi məsələlər bazar mexanizmləri çərçivəsində özəl ixracatçı və idxalçılar arasında formalaşmalıdır. Və budur, müzakirələrin real nəticəsi olaraq Aİ-95 markalı benzinin ilk partiyası Gürcüstan üzərindən Ermənistana göndərilib.
Bəzən iqtisadi qərarlar təkcə rəqəmlərlə ölçülmür, onların siyasi hədəfi və yükü də olur. Həqiqətən, uzun illər Azərbaycan torpaqlarını zəbt etmiş və minlərlə soydaşımızın həyatına son qoymuş bir ölkəyə enerji resurslarının satılmasına qərar verilməsi asan deyil. O üzdən müharibədən cəmi 5 il sonra bu cür tədarükün reallaşması faktının ictimai rəyin, milli həssaslığın və kollektiv yaddaşın gündəminə gəlməsi təbiidir. Amma Azərbaycan sülh ölkəsidir və regionda barışın əldə olunması üçün üzərinə götürdüyü bütün öhdəliklərə sadiqdir. Bir də bu, bütün münaqişələrin həllində açar olan həm də kommersiya sövdələşməsidir. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban məsələ ilə bağlı fikirlərini belə bölüşüb: "Bu ticari əməliyyatın kommersiya xarakteri daşıması mühüm əhəmiyyətə malikdir, yəni tərəflər arasında alqı-satqı müqaviləsi çərçivəsində həyata keçirilir. Bu, təkcə iki ölkə arasında neft məhsullarının ticarəti ilə məhdudlaşmır. Çünki prosesə artıq həm də nəqliyyat sektoru və maliyyə qurumları cəlb olunur (hətta üçüncü tərəfin iştirakı ilə olsa belə). Çünki burada satılan yanacağın pulunun ödənilməsi var. Mən bunu, həmçinin Ermənistanın neft məhsulları bazarında yeni tədarük mənbəyinin açılması, onun idxalının şaxələndirilməsi yolunda atılmış bir addım kimi də qiymətləndirirəm. Bir məsələni də qeyd edim ki, postsovet dönəmində Ermənistanın neft məhsulları və ümumiyyətlə, enerji bazarında Rusiya böyük çəkiyə sahib olub və qalmaqdadır. Bu kontekstdə Azərbaycandan neft məhsullarının gələcəkdə davamlı idxalı hesabına Ermənistanın yanacaq bazarında rəqabətin artımı əldə edilə bilər".
Bununla belə, Azərbaycandan Ermənistana neft yükü tədarükünün həyata keçirilməsi, ilk növbədə, rəsmi Bakı və İrəvanın Vaşinqtonda sülhə dair əldə edilmiş razılığını təsdiqləyən əməli addımdır. Bu tədarük iqtisadi əməkdaşlıq nümunəsi olmaqla yanaşı, siyasi mesajdır və bununla tərəflər münasibətlərin normallaşması istiqamətində real addımlar atmağa hazır olduqlarını nümayiş etdirirlər. Enerji sahəsində əməkdaşlıq isə ən həssas və strateji sahələrdən sayılır. Məhz bu baxımdan neft məhsulunun Ermənistana tədarükünü sülh gündəliyinin kağız üzərində qalmadığını, real iqtisadi müstəviyə keçdiyini göstərən addım kimi dəyərləndirmək lazımdır.
Lakin burada mühüm bir məqam da unudulmamalıdır: sülh prosesinin uğuru qarşılıqlı addımların balansı ilə ölçülür. Azərbaycanın bu jesti Ermənistanın konkret siyasi iradəsi, konstruktiv mövqeyi və revanşist ritorikadan imtinası ilə müşayiət olunmalıdır. Əks halda iqtisadi əməkdaşlıq sülhə xidmət deyil, birtərəfli güzəşt təsiri bağışlaya bilər. Üstəlik, bu addım həm də beynəlxalq vasitəçilərə ünvanlanmış mesajdır. Rəsmi Bakı göstərir ki, o, regionda sabitlik və əməkdaşlıq üçün yalnız bəyanatlarla kifayətlənmir, real addımlar atır, sülh prosesində təşəbbüskar və məsuliyyətli tərəf olduğunu nümayiş etdirir. Başqa sözlə, bugünkü neft tədarükü həm sülhün əldə edilməsi baxımından test mərhələsi, həm də Ermənistan üçün siyasi seçim anıdır. Bu yol ya davamlı sülhə aparacaq, ya da etimadın növbəti dəfə sınağa çəkildiyi bir mərhələ kimi tarixə düşəcək. Sözsüz ki, Azərbaycan birinci varianta daha çox ümid edir, baxmayaraq ki, Ermənistan hələ də sülh prosesində qeyri-müəyyən mövqe tutur, ölkədə revanşist çağırışlar səngimir, hakimiyyət-kilsə qarşıdurması kəskinləşir.
Amma bütün hallarda kommersiya kommersiyadır və o, sərhəd tanımır. Bu baxımdan, Ermənistan bazarı böyük olmasa da, Azərbaycan üçün yeni ixrac istiqamətidir. SOCAR və digər istehsalçılar üçün bu, əlavə satış, logistika imkanlarının genişlənməsi və regiondaxili ticarətin canlanması deməkdir. Üstəlik, sözügedən yanacaq ixracı Ermənistanın enerji asılılığının qismən şaxələnməsinə gətirib çıxarır ki, bu da regiondakı qüvvələr balansında Bakının rolunu gücləndirir. Azərbaycan tədricən təkcə enerji istehsalçısı deyil, həm də regional enerji oyunçusu kimi mövqeyini möhkəmləndirir.
Soyuq bir qış günündə Azərbaycanın bu jesti iqtisadi fayda və sülh mesajı olaraq qarşılıqlı etimadın və regional əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"