20 Dekabr 2025 08:45
541
İQTİSADİYYAT
A- A+
Naxçıvan "yaşıl gələcək" qurur

Naxçıvan "yaşıl gələcək" qurur


Naxçıvan Muxtar Respublikası bərpaolunan enerji mənbələri ilə də Azərbaycanın zəngin regionlarındandır. Son illər burada  günəş, külək və su enerjisindən səmərəli istifadə etmək istiqamətində mühüm addımlar atılır. Regionun enerji təhlükəsizliyinin gücləndirilməsi, ekoloji yükün azaldılması və dayanıqlı inkişafın təmin edilməsi Naxçıvanı ölkənin "yaşıl enerji" mərkəzlərindən birinə çevirməkdədir.

 Naxçıvanda "yaşıl enerji" layihələrinin genişləndirilməsi iqtisadi inkişaf və ekoloji tarazlıq baxımından xüsusi əhəmiyyət daşıyır. Günəşli günlərin bolluğu, dağların qoynunda əsən küləklər və təbii su ehtiyatları regionda bərpaolunan enerjinin inkişafına zəmin yaradır. Artıq Naxçıvanda qurulan günəş panelləri, kiçik su-elektrik stansiyaları və alternativ enerji layihələri təkcə regionun deyil, bütün Azərbaycanın enerji xəritəsinə yeni rəng qatır. Naxçıvan öz enerjisini təbiətin özündən alaraq inkişafını sürətləndirir və gələcək nəsillər üçün daha bir "yaşıl dünya" vəd edir. Çünki günəş burada sadəcə bir iqlim amili olmaqdan çox, inkişafın mühərrikidir. Səhərlərin şəffaf işığı şəhərin üstündə ucalan panellərə səpələnir, günorta çağı isə sanki Naxçıvanın hər bucağı enerjiyə çevrilən bir işıq dənizinə dönür. 

Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da "yaşıl enerji" zonası elan etməsi muxtar respublikanın mövcud enerji potensialının nə qədər böyük və strateji əhəmiyyətə malik olduğunun aydın göstəricisidir. Bu qərar Naxçıvanın gələcək inkişaf modelinin əsas konturlarını müəyyənləşdirməklə yanaşı, regionun bərpaolunan enerji mənbələri ilə bağlı geniş imkanlarını da üzə çıxarır. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kamal Hacıyev deyir ki, bərpaolunan enerjinin Naxçıvanda inkişaf prosesi dövlət başçısının "yaşıl enerji" zonası ilə bağlı strateji baxışına uyğun şəkildə həyata keçirilir. Bu məqsədlə Naxçıvanın davamlı sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi kimi "Yaşıl enerji zonası" Konsepsiyası və onun icrasını təmin edən tədbirlər planı hazırlanıb. Konsepsiya Naxçıvanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, enerji müstəqilliyinin və dayanıqlı inkişafın təmin olunmasını, müasir şəbəkə infrastrukturunun qurulmasını, enerji ixrac imkanlarının artırılmasını və karbon emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasını hədəfləyir: "Qeyd etmək lazımdır ki, Naxçıvanın "yaşıl enerji" zonası kimi inkişafı təkcə energetika sahəsində deyil, regionun ümumi sosial-iqtisadi həyatında da yeni imkanlar açır. Bu proses innovativ həllərin tətbiqini, resurslardan səmərəli istifadənin genişlənməsini və uzunmüddətli dayanıqlı inkişafın təmin edilməsini hədəfləyir. Qarşıdakı dövrdə həyata keçiriləcək addımlar Naxçıvanın ölkənin enerji xəritəsində strateji mövqeyini daha da gücləndirəcək və regionun modernləşmə istiqamətində mühüm irəliləyişinə xidmət edəcək".

Həyata keçirilən layihələrin təsiri tədricən regionun ümumi simasında  görünməyə başlayır. Muxtar respublika təkcə yeni yollar, modern binalar və abadlaşan şəhər mənzərəsi ilə diqqət çəkmir. Burada daha bir yenilik də var: günəş panellərinin parlaqlığı, dağların qoynunda qurulan alternativ enerji məntəqələri və təbiətlə səsləşən yeni həyat ritmi. Sanki Naxçıvan günəşin gücünü özü üçün kəşf edib və bu gücü sabaha doğru aparan etibarlı bir körpüyə çevirib. Əsrlərdən bəri sərt iqlimi və çətin relyefi ilə seçilən bu diyar indi bərpaolunan enerjinin ən ideal sınaq meydanına çevrilməkdədir. 

Elə buna görə də Naxçıvanda "yaşıl enerji" istiqamətində görülən işlərin müzakirəsi və gələcək perspektivlərin dəyərləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu mənada "Yaşıl enerji zonaları: konseptual yanaşmalar, ilkin nəticələr və çağırışlar" mövzusunda keçirilən tədbirin əhəmiyyəti həm regionun enerji strategiyasının aydınlaşdırılması, həm də gələcək layihələrin istiqamətləndirilməsi baxımından olduqca gərəklidir. Bir neçə gün əvvəl baş tutan  həmin tədbirdə vurğulanıb ki, Azərbaycanın uzunmüddətli inkişaf strategiyasında mühüm yer tutan bu sahə  "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" vasitəsilə konkret məzmun qazanır. Proqram çərçivəsində görülən işlər regionda müasir infrastrukturun formalaşdırılmasına, innovativ yanaşmaların tətbiqinə və dayanıqlı iqtisadi artımın təmininə zəmin yaradır.  Dövlət proqramında bərpaolunan enerji mənbələrinin inkişafı və "yaşıl enerji zonası"nın yaradılması regionun strateji inkişaf istiqamətlərindən biri kimi müəyyən edilib. Sənəddə Naxçıvanın günəş, külək və sudan səmərəli istifadənin genişləndirilməsi, enerji istehsalında bərpaolunan mənbələrin payının artırılması nəzərdə  tutulub. Enerji təminatının dayanıqlılığının və müstəqilliyinin gücləndirilməsi də əsas hədəf kimi göstərilib. Bununla yanaşı, Dövlət proqramında "yaşıl enerji" layihələrinin regionun sənaye, kənd təsərrüfatı, nəqliyyat və sosial infrastrukturunun inkişafı ilə uzlaşdırılması, həmçinin ekoloji tarazlığın qorunması prioritet vəzifə kimi davamlı inkişafın əsas istiqamətlərindən biri elan olunub. Bu yanaşma Naxçıvanın uzunmüddətli və inklüziv inkişaf modelinin formalaşmasına xidmət edir.

Qeyd etmək lazımdır ki, "Yaşıl enerji zonası" Konsepsiyası geniş və hərtərəflidir: o, 4 əsas sahəni əhatə edir və 12 prioritet istiqaməti müəyyənləşdirir. Bu isə göstərir ki, muxtar respublika Azərbaycanın "yaşıl enerji" modelinin formalaşdırılması istiqamətində ardıcıl və sistemli addımlar atır. Beləliklə, Naxçıvan yalnız enerji istehsalında deyil, həm də ekoloji düşüncənin inkişafında və dayanıqlı gələcəyin qurulmasında liderlik nümunəsi göstərir. Naxçıvan bu gün öz enerji təminatını yaxşılaşdırır və nümunəvi bir model yaradır. Burada həyata keçirilən layihələr insanların təbiətə münasibətini dəyişir, ekoloji mədəniyyəti yüksəldir, cəmiyyətə "yaşıl düşüncə" aşılayır. Uşaqlar məktəbdə günəş panellərinin necə işlədiyini öyrənir, gənclər alternativ enerji texnologiyalarına maraq göstərir, ailələr isə təmiz enerji istifadəsinin həm maddi, həm də ekoloji faydasını hiss edir.

Naxçıvanın "yaşıl enerji" konsepsiyası göstərir ki, inkişaf təbiəti dağıtmaqla deyil, daha çox onunla uzlaşmaqla  mümkündür. Bu torpağın günəşi, küləyi və suyu indi gələcəyimizin etibarlı təminatı kimi dəyərləndirilir. Və ən əsası, bütün bu yeniliklər Naxçıvanı gələcəyin "yaşıl şəhər"i kimi formalaşdırır - enerjini təbiətdən alan, ekologiyanı qoruyan, insanların rahat yaşamasına xidmət edən bir model şəklində.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Misir arasında qadın hüquqları sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib  

23:55
01 Fevral

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş edib  

23:14
01 Fevral

Tramp: Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik  

22:37
01 Fevral

Axios: Tramp administrasiyası İrana bir neçə kanal vasitəsilə razılaşma üçün görüşməyə açıq olduğunu bildirib  

22:21
01 Fevral

Azərbaycan şahmatçısı Niderlandda üçüncü olub 

21:19
01 Fevral

Uğurlu gənclər siyasəti dövlətin təhlükəsizliyini və inkişafını təmin edir

20:58
01 Fevral

Qahirə konfransında qadın hüquqlarının qorunmasında Azərbaycan təcrübəsi barədə danışılıb  

20:49
01 Fevral

Denis Şmıqal: Ukraynada enerji işçilərinə qarşı hədəflənmiş hava hücumu edilib, 15 nəfər həlak olub YENİLƏNİB  

20:33
01 Fevral

Ötən il Gürcüstandan rekord sayda xarici ölkə vətəndaşı deportasiya edilib  

19:22
01 Fevral

Almaniya Bundestaqının sabiq sədri vəfat edib

19:06
01 Fevral

Misli Premyer Liqası: "Neftçi" üç xalı dörd qolla qazanıb

17:59
01 Fevral

Xizək yarışı üzrə Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırılıb  

17:49
01 Fevral

Azərbaycan Qahirədə qadın hüquqlarına həsr olunmuş beynəlxalq konfransda təmsil olunur  

16:08
01 Fevral

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

15:58
01 Fevral

Avropa mediasında yeni təhlükəsizlik müzakirələri: “Avrasiya müqaviləsi” ideyası gündəmdədir  

15:46
01 Fevral

Ukrayna və Rusiya nümayəndələrinin növbəti görüşünün vaxtı açıqlanıb

14:57
01 Fevral

“Türkiye” qəzeti: Ankara qoşunlarını Suriyadan çıxarmaq üçün üç şərt irəli sürüb  

14:28
01 Fevral

BMT-nin Baş katibi: Təcili tədbirlər görülməzsə, təşkilatımızı maliyyə iflası gözləyir  

13:03
01 Fevral

Zelenski: Yanvarda Rusiya Ukraynaya 6 mindən çox dron, 158 raket atıb  

12:58
01 Fevral

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb  

12:47
01 Fevral

2018-2025-ci illərdə sosial sığorta daxilolmaları 3 dəfəyə yaxın artıb

12:11
01 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!