Bu il əlilliyin təyin olunması və reabilitasiya xidmətləri ilə bağlı müəyyən hədəflərimiz var. Bu, xidmətin keyfiyyətinin yaxşılaşdırılması, beynəlxalq standartlara daha təkmil şəkildə uyğunlaşdırılma, əlillik təyinatı ilə əlaqədar olan meyarların daha da təkmilləşdirilməsi ilə bağlıdır.
Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev bildirib.
O deyib ki, bu il əlilliyi təyin olunmuş şəxslərə göstərilən reabilitasiya xidmətlərinin, eləcə də müvafiq mərkəzlərin sayının artırılması prioritet iqtiqamətlərdəndir: “Bu sahədə elektronlaşmanın təmin olunması, yeni layihələrin icrası istiqamətində işlər görülür. 2026-cı ildə bunları daha da təkmilləşdirmək istəyirik. Məsələn, bütün əlilliyi olan şəxsləri əhatə edən və yaxşı nəticələri olan "Sənə özəl" layihəsi var. Həmin layihədə əlilliyi olan şəxslərə müəyyən benefitlərin verilməsi, dövlət qurumlarında göstərilən xidmətlərdə güzəştlərin, imtiyazların tətbiq olunması, özəl təşkilatlarda və iaşə obyektlərində onlara müəyyən güzəştlərin verilməsi istiqamətində işlər görülür. Hazırda tərəfdaşlarla görüşlər keçirilir, müvafiq razılaşmalar əldə olunur və memorandumlar imzalanır. Təbii ki, belə olan təqdirdə, əlilliyi olan şəxslərin cəmiyyətə tam və operativ inteqrasiyası təmin edilir".
Ramin Rzayev diqqətə çatdırıb ki, əlilliyi təyin olunmuş şəxslərin sosial-psixoloji və məişət şəraitinin yaxşlaşdırılması üçün də layihələr davam etdiriləcək. “Digər layihəmiz fərdi reabilitasiya proqramıdır. Tərtib olunmuş fərdi reabilitasiya proqramı ilə vətəndaşlar tibbi müalicələrini apara biləcək, aidiyyəti sanator-kurort mərkəzlərinə gedə biləcək və ya reabilitasiya mərkəzlərində əvvəlcədən müəyyən olunmuş rezervasiya qaydasında xidmətləri ala biləcəklər. Həmçinin protez təminatını da heç bir əlavə quruma yaxınlaşmadan, həmin proqramda göstərildiyi qaydada Protez Reabilitasiya Mərkəzindən əldə edə biləcəklər", - deyə o vurğulayıb.