İsveçin Höteborq şəhərində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycan Qarabağ Mərkəzinin və İsveç Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə “İsveçin Höteborg şəhərində Azərbaycan Baharı - adət və ənənələr” adlı bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İsveçin müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar iştirak edib.
Tədbiri giriş sözü ilə açan İsveç Azərbaycanlıları Koordinasiya Şurasının Höteborg şəhəri üzrə koordinatoru, Azərbaycan Qarabağ Mərkəzinin rəhbəri Ülviyyə Nəcəfova qonaqları salamlayaraq, onları bayram münasibətilə təbrik etmiş, Novruz və baharın gəlişi haqında məlumat verib.
Daha sonra tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə rəsmi olaraq açıq elan olunub.
Tədbirdə Azərbaycan Diaspora Gəcləri (ADG) aktiv iştirak ediblər. Həmçinin bayram şənliyində “Qobustan” Azərbaycan Ziyalıları Cəmiyyətinin sədri Səadət Kərimi də iştirak edib və çıxış edərək qonaqları bayram münasibəti ilə təbrik edib.
Tədbir çərçivəsində Novruzun zəngin adət-ənənələri nümayiş etdirilib. Belə ki, iştirakçılar arasında müxtəlif əyləncəli oyunlar, o cümlədən xonça yarışması və Novruza xas olan yumurta döyüşü təşkil edilib. Yarışlarda qalib gələn iştirakçılara hədiyyələr təqdim olunub.
Sonda qeyd olunub ki, bu cür tədbirlər xaricdə yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlərinin qorunması, gələcək nəsillərə ötürülməsi və icma daxilində birlik və həmrəyliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.