Ermənistan hansını seçəcək?
İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən dərs almayan, nəticə çıxarmayan Ermənistan rəhbərliyi sələflərinin ənənələrinə sadiq qalaraq yenə də ikiüzlü, yalan üzərində qurulmuş, onlara acılar yaşatmış siyasətlərini davam etdirirlər. Beş ilə yaxındır ki, rəsmi İrəvan sülhdən yayınmaq üçün müxtəlif bəhanələr uydurur, yalan danışır, etimadını itirir.
Prezident İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumundakı çıxışında iki ölkə arasında aparılan danışıqlara toxunaraq rəsmi İrəvanın etimadının sıfıra bərabər olduğunu vurğulamışdır. Dövlətimizin başçısı həmin gün "Euronews" telekanalına verdiyi müsahibəsində də Azərbaycan-Ermənistan münasibətlərindən danışmışdır: "Hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, bizim Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq".
Nəhayət, uzun müzakirələrdən sonra həm Azərbaycan, həm də Ermənistan tərəfi sülh sazişinin bütün maddələrinin razılaşdırıldığını bəyan etdilər. Bu razılaşma müəyyən ümidlər vəd edirdi ki, yaxın zamanlarda sülhə doğru inamlı addımlar atılacaq. Amma təəssüflər olsun ki, siyasətini yalanlar üstündə quran Ermənistan tərəfi bu razılaşmadan bir neçə gün sonra iki ölkə arasındakı şərti sərhəddə atəşkəsi pozdu. Ermənistanın silahlı qüvvələri mövqelərimizə atəş açdı. Bununla kifayətlənməyən ermənilər dronlar vasitəsilə ölkəmizin ərazilərində kəşfiyyat xarakterli uçuşlara da cəhd göstərdilər. Bu cəhdlərin qarşısı ordumuz tərəfindən qətiyyətlə alındı, düşmən susduruldu.
Sülh sazişinin maddələrinin razılaşdırılmasını bəyan edəndən bir neçə gün sonra cəbhədə atəşkəsin pozulması bir daha sübut edir ki, Ermənistan bu tarixi sənədi imzalamağa hazır deyil. Əgər hazır olsaydı, masa arxasında oturub sülh sazişinə imza atardı. Bütün bunlar bir daha göstərir ki, rəsmi İrəvan təxribatçı addımlarından geri çəkilmir və bölgədə sülhün olmasını istəmir. Buna görə də qəsdən vəziyyəti gərginləşdirməyə çalışır. Başqa sözlə, rəsmi İrəvanın atdığı bütün addımlar sülhə yox, qarşıdurmaya xidmət edir, baxmayaraq ki, sülh Azərbaycandan daha çox Ermənistana lazımdır. Çünki İkinci Qarabağ müharibəsindən məğlub çıxmış, silahlı qüvvələri darmadağın olunmuş odur.
Amma nə edəsən ki, regionda vəziyyəti gərginləşdirməkdə davam edən Ermənistan həmişəki kimi ikibaşlı oyun oynayır. Gizli və çirkin məqsədlərini həyata keçirmək üçün dondan-dona girir. Bir tərəfdən Azərbaycanla sülh sazişi mətninin razılaşdırılması üzrə danışıqların başa çatdığını bəyan edir, digər tərəfdən şərti sərhəddə atəşkəsi pozur. Söz yox ki, Ermənistan hakimiyyətinin vaxtı uzatmaqda müəyyən pərdəarxası məqsədləri var. Bu məqsədlərdən biri sülh sazişini imzalamağı gecikdirməklə vaxt qazanmaqdır. Qazandığı vaxt ərzində isə dağıdılmış ordusunu yenidən qurmaq, gücünü artırmaq, mövqelərini möhkəmləndirmək istəyir. Bunun üçün uzaq Hindistandan, Fransadan, eləcə də başqa ölkələrdən müasir hesab etdiyi silahlar alır.
Amma Ermənistan bir şeyi yaddan çıxarır ki, nə qədər silahlanır silahlansın, yenə də Azərbaycan qarşısında gücsüz, zəif olaraq qalacaq. Bu gün şanlı Azərbaycan Ordusu hətta 2020-ci ildəki ordu da deyil. Gərgin döyüşlərdə tarixi Zəfər qazanmış Azərbaycan Ordusu arxada qalmış müddət ərzində daha da güclənib, daha da müasirləşib. Zəfərlər qazanmağa köklənmiş belə güclü və qüdrətli ordu ilə döyüş meydanlarında üz-üzə gəlmək rəsmi İrəvan üçün böyük faciələrlə nəticələnə bilər.
Azərbaycan həmişə regionda sülh tərəfdarı olduğunu bəyan edib. 44 günlük Vətən müharibəsindən sonra məğlub Ermənistana barış əlini uzadıb, onu sülhə dəvət edib. Bu addımı ilə Azərbaycan regionun böyük və güclü dövləti olduğunu bir daha nümayiş etdirib. İndi qalır Ermənistanın hərb, ya sülh seçimini etməsi.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"