14 Iyul 2024 09:55
378
Mədəniyyət
A- A+

Hər gün gözəlləşən Şuşanın tarixi abidələri bərpa edilir

 

Qarabağın xilaskarı, Müzəffər Ali Baş  Komandan İlham Əliyev işğaldan azad edilmiş Şuşaya ilk tarixi səfəri zamanı ordumuzun əsgər və zabitləri qarşısında çıxış edərkən demişdir: "Mən bura Müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm.
Düşmənin belini qıran ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq! Biz Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndlərimizi bərpa edəcəyik. Dağıdılmış bütün tarixi abidələrimizi bərpa edəcəyik". 
Bu gün Şuşa tikinti, quruculuq, abadlıq meydanına çevrilib. İllər əvvəl ölüm saçan silahların gurultusu, güllə yağışı altında evlərini tərk edən şuşalılar, sevinc və fərəhlə doğma yurdlarına qayıdırlar.
Şuşa yalnız bu qədim şəhərdə gedən abadlıq-quruculuq işləri ilə dünyanin diqqətini cəlb etmir. Şuşa artıq siyasi dialoq məkanına, türk dünyasının əbədi dostluğunun  rəmzinə çevrilməkdədir. Hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan Şuşa həm də bütün türk və islam dünyası üçün əziz bir şəhərdir. Bunu qeyd olunan çoğrafiyalarda yerləşən dövlətləri birləşdirən beynəlxalq təşkilatların Şuşa ilə bağlı qərarları da təsdiqləyir. Postmüharibə dövründə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı sayəsində yenidən dirçələn Şuşa müxtəlif  beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib.
Bir neçə gün əvvəl türk dünyasının birliyinə böyük töhfə verən, beynəlxalq münasibətlər sistemində yüksək maraq doğuran TDT-nin qeyri-rəsmi zirvə görüşünün azad edilmiş Şuşada keçirilməsi bir daha dünyaya "Qarabağ Azərbaycandır!" reallığını nümayiş etdirdi. Dünya ictimaiyyətinin diqqətini yenidən Şuşaya yönəldən bu tədbirlər Azərbaycanın beynəlxalq aləmə, Ermənistana və havadarlarına ciddi bir mesajı oldu.
Türk dövlətləri rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər.
Böyük qayıdış proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara dönəcək.
Tarixi abidələri bərpa edilən, yenidən qurulan, abadlaşan, gözəlləşən Şuşa gələn qonaqları, dövlət rəhbərlərini öz füsunkar mənzərəsi, tarixi gözəlliyi ilə heyran edir. Son günlər yenidən həyata qaytarılan tarixi abidələrin kataloquna nəzər salsaq, gözlərimiz önündə böyük bir panoramanın yarandığının şahid olarıq. Dövlətimizin başçısı Şuşaya son səfəri zamanı "İsa bulağı" istirahət kompleksi və Aşağı Gövhər ağa məscidinin açılışında iştirak edib.
"İsa bulağı" Şuşa şəhərindən dörd kilometr aralıda, dəniz səviyyəsindən təqribən 1300 metr hündürlükdə meşəlik ərazidə yerləşir. Bu bulaq Azərbaycanın, o cümlədən Qarabağın ən məşhur istirahət yerlərindən biri hesab olunur. Vətən müharibəsindən sonra  Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilən bulağın özü mərmərdən hazırlanıb, "İsa bulağı" sözləri isə milli ornamentlə yazılıb və bulağın su təminatı tam bərpa olunub. Bulağın ətrafındakı istirahət mərkəzi və restoran milli üslubda təmir edilib, ərazidə abadlıq işləri aparılıb. İstirahət kompleksində 4 qonaq evi və bir restoran yerləşir. 
Aşağı Gövhər ağa məscidi də bərpa işləri başa çatdıqdan sonra həyata yenidən vəsiqə alan tarixi abidələrdəndir. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər ağa məscidi İbrahim xanın qızı Gövhər ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Aşağı Gövhər ağa məscidi şəhərin tarixi-memarlıq rəmzlərindəndir. Şuşa şəhəri tarixən yuxarı və aşağı olmaqla 17 məhəllədən ibarət olub. Aşağı Gövhər ağa məscidi şəhərin aşağı hissəsində yerləşdiyinə görə belə adlandırılıb. Məscidi daha uca və cəlbedici etmək üçün memar minarələri arxa fasadda yerləşdirib. İkimərtəbəli məscidin silindrşəkilli minarələri kərpicdən hörülüb, ibadət zalı çatma tağ günbəzlə örtülüb.
Şuşanın işğalı zamanı məscidin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnmiş, məscid vandalizmin qurbanına çevrilmişdi. 2021-ci ilin dekabr ayından məsciddə Heydər Əliyev Fondu tərəfindən "PAŞA Holdinq"in dəstəyi ilə bərpa işlərinə başlanılmışdı. Layihəyə Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislər cəlb olunmuşdu. Şuşada Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq məhz Aşağı Gövhər ağa məscidində aparılıb. İlkin memarlıq üslubunun qorunması ilə həyata keçirilən bərpa işləri məscidlə yanaşı, ərazidəki mədrəsə binasını da əhatə edib. Məscidin daxilində qazıntı, qruntun çıxarılması və çınqıl qatının hazırlanması işləri aparılıb. 
Bərpa işləri zamanı Aşağı Gövhər ağa məscidində erməni vandalizminə dair bir sıra faktlar aşkarlanıb. Belə ki, məscid divarlarında müxtəlif yazılar, müdaxilələr, o cümlədən divara həkk olunmuş xaç işarəsi müəyyən edilib. İşğal dövründə erməni vandalizminə məruz qalmış mədrəsə binasının dağıntılarının bir qismi də konservasiya olunub. Məscidə gələn hər bir ziyarətçi tarixi-dini abidəyə qarşı erməni vandalizminə dair bu faktların şahidi ola bilər.
Məscid ərazisindəki tarixi mədrəsə binasında hazırda muzey yaradılıb. "Qarabağ və Şərqi Zəngəzur Muzeyi: İşğaldan Əvvəl və Sonra. Dirçəliş." mövzusundakı bu ekspozisiyada Qarabağın və Şərqi Zəngəzurun işğaldan əvvəlki dövrü, işğal illərində ermənilər tərəfindən dağıdılmış dini abidələr, tarix və mədəniyyət abidələri, ekosid barədə faktlar, o cümlədən hazırda Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə dair məlumatlar, foto və videomateriallar yer alıb.
 "İşğal dövründə ekosid" bölməsində ziyarətçilərə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, 30 ilədək davam edən işğalın insan hüquqlarının və çoxsaylı beynəlxalq hüquq normalarının pozulması, sosial-iqtisadi fəsadlar və mədəni irsə vurulan ziyanla yanaşı, misli görünməmiş ekoloji terror, təbii sərvətlərin genişmiqyaslı və uzunmüddətli talanı ilə nəticələnməsinə dair faktlar çatdırılır.
"30 illik həsrətin sonu" bölməsində müzəffər Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı şanlı Zəfər, 30 ilə yaxın doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan insanların Vətən həsrətinə son qoyulmasına dair məlumatlar, fotolar və videomateriallar yer alıb.
"Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi" bölməsində Qarabağda və Şərqi Zəngəzurda bu gün canlanan həyata dair materiallar əksini tapıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq tədbirləri istər Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə, istərsə də Azərbaycan xalqının milli yaddaşının bərpasına, zəngin tarixi ənənələrin və milli-mənəvi dəyərlərin dünyaya təqdim olunmasına yönəlib. Muzeydə məhz bu dirçəlişi əks etdirən fotolar və videomateriallar da nümayiş olunur.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video