Yalan məlumatlar, dezinformasiya bu gün bütün ölkələri təhdid edən problemdir
"Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda II Şuşa Qlobal Media Forumu Azərbaycanın təşəbbüsü və evsahibliyi ilə bu istiqamətdə gözəl bir ənənənin formalaşdığını göstərdi, müasir dünyamız üçün son dərəcə aktual olan mövzu üzrə müzakirələrə, fikir və təcrübə mübadiləsinə, ortaq həllərin tapılmasına şərait yaratdı.
Yalan məlumatlar, dezinformasiya bu gün bütün ölkələri təhdid edən problemdir. Bu problemin minimallaşdırılması üçün dövlətlərin, cəmiyyətlərin birgə fəaliyyətinə, müştərək addımlarına ehtiyac var. Ona görə Azərbaycanın formalaşdırdığı faydalı ənənə bundan sonra da davam etdirilməli, sağlam düşüncəli insanların bu mövzunun müzakirəsi ətrafında bir araya gəlməsinə şərait yaradılmalıdır.
Qərbdən qaynaqlanan manipulyasiya
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirdəki proqram xarakterli nitqi, həm forumun mövzusunu tam mahiyyəti üzrə anlamağa, həm də bu gün regionda və ümumən dünyamızda baş verənlər haqqında nəticə çıxarmağa, proseslərin axarını görməyə kömək göstərir.
Yalan məlumatlar, dezinformasiya haqqında eşidəndə, bəlkə də çoxumuza elə gəlir ki, bu, müasir dövrümüzün problemidir. Bu problemin informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı zəminində ortaya çıxdığını düşünürük. Əslində isə dezinformasiya uzun illərin problemidir və bundan ən çox əziyyət çəkən ölkələrdən biri də məhz Azərbaycandır. Prezident İlham Əliyevin də çıxışında qeyd etdiyi kimi, uzun illər ərzində faktların manipulyasiyasının, yanlış narrativlərin qurbanı olmuşuq. Erməni diasporu uzun illər ərzində Azərbaycana qarşı bu istiqamətdə səfərbər şəkildə fəal iş aparıb. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana vaxtaşırı hücumlar edərək yanlış narrativlər yayıblar, ölkəmizi, xalqımızı reallıqdan çox uzaq şəkildə təqdim ediblər.
Azərbaycan ətrafında qurulan informasiya blokadasını, ölkəmiz işğala məruz qaldığı halda işğalçı ilə bərabər tutulmasını, haqqımızda natamam, qeyri-dəqiq məlumatların verilməsini, getdikcə güclənərək inkişaf edən müstəqil dövlətimizin nailiyyətlərinin gözdən salınması cəhdlərini hər birimiz yaxşı xatırlayırıq. Bu cəhdlər aradan qalxmayıb, bu gün də fəal şəkildə davam edir.
Əfsuslar olsun ki, natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlar, daha çox Qərbdən qaynaqlanır. Bu xoşagəlməz reallıq gündəlik həyatımıza çevrilir. Aradan ötən zamanın yaratdığı fərq isə bundan ibarətdir ki, Azərbaycan Prezidentinin də vurğuladığı kimi, əvvəl buna təəccüblənir, məyus olurduq, indi isə biganə yanaşırıq. Çünki Qərb dairələrinin Azərbaycana və ümumilikdə bir çox ölkələrə qarşı uydurduqları yalanların qətiyyən xoş məqsədlərə xidmət etmədiyini, bu dairələrin mənfur niyyətlərindən irəli gəldiyini artıq hamı anlayır. Belə çirkin niyyətlərə qarşı ən effektiv davranış bu cür manipulyasiya cəhdlərinə mümkün qədər etinasız yanaşmaq, həmin dairələrin təxribatlarına uymamaq, hər şeyə rəğmən, inkişaf yoluna davam etməkdir. Həmin dairələr bunu gördükdə ziyanlı fəaliyyətlərinin səmərəsiz olduğunu anlayıb, baxış bucaqlarını dəyişməyə başlayacaqlar.
Necə ki, zaman keçdikcə Qərb siyasi dairələrində reallıq daha çox üzə çıxır və onlar Azərbaycana bərabər tərəfdaş kimi yanaşmağa başlayırlar. "Biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın", - Prezident İlham Əliyev forumda bunu xüsusi vurğuladı.
Yeni bir gələcəyin astanasında
Azərbaycanın ölkəmizdə və regionda baş verənlərin doğru-düzgün işıqlandırılmasına xüsusi həssaslıq göstərməsi heç də təsadüfi deyil. Bu gün Azərbaycanın liderliyi ilə Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesi gedir, tarixi-geosiyasi dəyişikliklər baş verir. Ölkəmizin xüsusilə Vətən müharibəsindən sonra yaratdığı yeni reallıqlar bölgəmizin xoşbəxt gələcəyi, bu torpaqlarda sülhün, təhlükəsizliyin, dayanıqlı inkişafın, insanların sosial rifahının təmin olunması baxımından çox böyük bir şansdır. Bu baxımdan, Azərbaycanda və regionda baş verən hadisələrin obyektiv şəkildə işıqlandırılması qarşıdakı strateji məqsədlərin tez bir zamanda reallaşmasına kömək göstərər, yalan informasiyalar vasitəsilə həyata keçirilən təxribatların Cənubi Qafqazın gələcəyi ilə bağlı aparılan xoş niyyətlərin önündə əngəl yaratmasına imkan verməz. Azərbaycanın "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusuna həssas münasibətinin əsas səbəblərindən biri də budur.
Ləyaqət məsələsi
2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, şanlı Ordumuzun ardıcıl qələbələri, torpaqlarımızın uzun illərdən sonra işğaldan azad edilməsi ilə tarixə yazılan, böyük zəfərimizlə başa çatan Vətən müharibəsi kimi, ötən ilin sentyabrında ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası da son dərəcə mühüm hadisədir. Biz nə işğalı, nə onun fəsadlarını, nə verdiyimiz qurbanları, nə də Qələbəmizi heç zaman unutmayacağıq. Bunu Azərbaycan Prezidenti forumdakı çıxışında bir daha bəyan etdi. Torpaqlarımızın azadlığı xalq olaraq bizim üçün ləyaqət məsələsi idi və Azərbaycan xalqı tarixi Zəfərimizlə bunu bir daha göstərdi. Xalqımızın bu Zəfəri bir həqiqəti də təsdiqlədi ki, belə məsələlərdə şəxsi emosiyalara, tələskənliklərə, düşünülməmiş qərarlara qətiyyən yer yoxdur.
Azərbaycan Prezidenti forumdakı çıxışında qeyd etdi ki, o zaman sülh və ərazilərimizin azad edilməsi naminə bütün şəxsi emosiyalar kənara qoyulmalı idi. "...İnsan bəzən çətin qərarlar verməli olur və şəxsən mən 17 il idi ki, Prezident idim Qarabağı azad edərkən. Lazım olsaydı, biz daha 17 il gözləyərdik ki, torpaqlarımızı azad edək. O zaman fərqi yoxdur kim prezident olacaqdı... Bu, ləyaqət məsələsi idi və bizim tarixdən dərslərimiz olub. Təkrar edirəm, bəzən biz çətin qərarlar verməli idik ki, əsas məqsədimizə çataq".
Bu fikirlər bir daha təsdiqləyir ki, həlledici məqamlara, proseslərə düzgün hazırlaşanda, bütün addımları yerli-yerində, öz vaxtında-vədəsində atanda uğur qazanmaq mütləqdir. Azərbaycan bu illər ərzində əsas diqqəti xalqımıza, ölkəmizin inkişafına yönəltdi, hər hansı dedi-qodulara, Avropa Parlamentinin və ya Avropa Şurasının hansısa qərəzli bəyanatlarına fikir vermədi, yalnız öz böyük hədəflərinə fokuslanıb məqsədlərinə nail oldu və bu, yeni gələcəyə doğru yolumuzda da məhz belə olacaq. Biz irəli getməliyik!
Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsindən sonra daxil olduğumuz yeni strateji dövrdə də Azərbaycan dövlətinin qarşıya qoyduğu aydın məqsədlər var. Atılan bütün addımlar, irəli sürülən bütün təşəbbüslər Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, bu əsas məqsədi güdür: ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da möhkəmləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək. Ümid etməyə dəyər ki, seçkilərdən sonra ABŞ-də və Avropada Azərbaycan haqqında daha yaxşı anlayış olacaq.
Qlobal Cənubla Qlobal Şimal arasında körpü
Azərbaycan Prezidenti forumdakı çıxışında ənənəvi ittifaqlarla bağlı da mövqeyini bölüşdü, bu ittifaqların bir qədər zəiflədiyini, yeni əməkdaşlıq formatlarının meydana gəldiyini xatırlatdı. Eyni zamanda dövlət başçısı dünyanın bir sıra böyük ölkələri ilə münasibətlər məsələsinə toxundu. Qeyd olundu ki, bu gün Azərbaycanın şimal qonşumuz olan Rusiya ilə ikitərəfli münasibətlərdə həlli mümkünsüz məsələ mövcud deyil. Azərbaycan və Rusiya əlaqələri qarşılıqlı hörmət, anlayış, qarşılıqlı maraqların gözlənilməsi və uzun əsrlər boyu xalqlarımız arasında mövcud olmuş əlaqələrə əsaslanaraq formalaşır. Region ölkələri ilə sıx əlaqələr Azərbaycana iqtisadi problemlərin böyük əksəriyyətinin həllinə imkan verib. Azərbaycan dövlətinin ABŞ ilə münasibətləri də, demək olar ki, hər zaman sabit olub. O cümlədən ABŞ-dəki respublikaçılar hakimiyyəti ilə əlaqələr nəzərəçarpacaq dərəcədə uğurlu, nəticəyönümlü xarakter daşıyıb. Bu gün ölkəmiz Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qurur. Azərbaycan Prezidenti İlham Əliyevin də xatırlatdığı kimi, regionumuzda və postsovet məkanında yeganə ölkəyik ki, Avropa İttifaqının 10 ölkəsi ilə strateji əməkdaşlıq edirik.
Ölkəmiz böyük qaz ehtiyatları, qurulan qlobal enerji infrastrukturu ilə Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Avropanın Azərbaycan qazına çox böyük ehtiyacı var. Hazırda Azərbaycan qazının Avropaya nəqlinin iki dəfə artırılması qarşıda duran hədəfdir və ölkəmiz bu istiqamətdə irəliləyir.
Azərbaycan başqa coğrafiyalarda olan dövlətlərlə də əməkdaşlıq əlaqələrini inkişaf etdirir. Çünki ölkəmizin niyyəti bəşəriyyətin xoşbəxtliyi naminə həmrəyliyə, xoş münasibətlərə nail olmaq, dünyada sülhə, inkişafa çalışmaqdır. Xüsusilə, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi Afrika qitəsində olan ölkələrlə praktiki təmaslar qurmağa kömək göstərdi və bu təmaslar indi də səmərəli şəkildə davam edərək mühüm faydalar yaratmaqdadır.
Azərbaycan bəzi ölkələrin, o cümlədən Qəmər adalarının, Mayot adasının hələ də kolonial idarəçilik altında olduğunu nəzərə alaraq onlara kömək etmək istəyir, bununla bağlı bir sıra əməli addımlar atır. Ona görə ki, müstəmləkəçi düşüncə müasir dünyamızda da qaldıqca, bir sıra Qərb dairələri üzdə azadlıq, həmrəylik, bərabərlik, ədalət dəyərlərindən dəm vurub pərdə arxasında müstəmləkəçilik siyasətini davam etdirdikcə, ayrı-ayrı xalqların azadlıq arzularını boğub, haqlarını tapdadıqca dünyada sülhə, xoşbəxtliyə nail olmaq çətindir. Dövlətimiz bunu nəzərə alaraq bəlli istiqamətdə səylərini davam etdirir. Bütün ölkələri, xalqları, cəmiyyətləri ali niyyətlər ətrafında birləşməyə, bəşəriyyətin gələcəyi naminə həmrəylik göstərməyə çağırır.
Azərbaycan bu il ölkəmizdə keçiriləcək mühüm qlobal tədbirin - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının, qısaca desək, COP29-un da məhz həmrəylik tədbiri olmsına çalışır. Azərbaycanın COP-la bağlı gündəliyi dövlət rəhbərimizin də qeyd etdiyi kimi, proqnozlaşdırılan, aydın hədəflərə, məqsədlərə, nəticələrə köklənmiş gündəlikdir. COP qlobal miqyasda ən mühüm hadisələrdən biridir. Məlum olduğu kimi, bu tədbir dünyada bir nömrəli konfransdır. Postsovet məkanında isə belə bir tədbir ilk dəfə keçirilir. Bu, ölkəmizin ən yüksək liqaya daxil olması üçün misilsiz bir şansdır. Hazırda ölkəmizin COP heyəti səmərəli şəkildə işləyir, tədbirin ən yüksək səviyyədə keçməsi üçün lazımi hazırlıq işlərini görür.
Bəşəriyyət həyatında həqiqət ən böyük dəyərlərdəndir. İnsanın xoşbəxtliyi həqiqətin təntənəsindədir. Azərbaycan da məhz həqiqətin qələbəsinə xidmət edir, yalansız yaşamağın bir dəyərə çevrilməsi üçün çalışır.
İradə ƏLİYEVA,
"Azərbaycan"