12 Iyun 2024 08:00
1052
SİYASƏT
A- A+

Güzəşt olmayacaq

 

İlham Əliyevin sülh gündəliyi bölgənin inkişafının və təhlükəsizliyinin yeganə təminatçısıdır

 

Azərbaycan Cənubi Qafqazda ədalətli və davamlı sülhün əldə olunması üçün səylərini davam etdirir. Ölkəmizin qətiyyəti sayəsində regionda yaranan və sülh diktə edən reallıqların, ümumilikdə bölgə ölkələri üçün yeni və mühüm imkanlar açacağı şübhəsizdir.

 

Sülhə doğru addımlamaq üçün yaxşı imkanlar var

 

Son aylarda baş verən proseslər, xüsusən sərhədlərin delimitasiyası və demarkasiyasının başlanması sülh üçün mühüm perspektivlər formalaşdırır. Ötən həftə Qahirədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə birgə mətbuata bəyanatlarla çıxışı zamanı Prezident İlham Əliyev diqqətə çatdırdı ki, hazırda Azərbaycan və Ermənistanın dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olunub. Həmçinin iki ölkə arasında artıq 12,7 kilometr dövlət sərhədinin razılaşdırılmasını,  Qazax rayonunun dörd kəndinin danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmasını müsbət hal kimi qiymətləndirdiyini deyən dövlətimizin başçısı bildirib ki, danışıqlar prosesində də irəliləyiş üçün yaxşı imkanlar var. Hər halda Azərbaycan buna hazırdır.
Həmçinin bazar ertəsi Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü zamanı Prezident İlham Əliyev regional məsələlərlə bağlı fikir mübadiləsi aparıb. 
Bütün bunlar həm də onu göstərir ki, Azərbaycan Prezidentinin sülh gündəliyi bölgənin inkişafının və təhlükəsizliyinin yeganə təminatçısıdır.

 

Ermənistan konstitusiyasını dəyişməlidir

 

Göründüyü kimi, Azərbaycanın yürütdüyü qətiyyətli siyasət bölgədə qarşılıqlı etimad quruculuğunun, normallaşmanın, davamlı sülhün əldə edilməsi üçün şərait yaradıb. Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya işlərinə start verilməsi sülh prosesinin uğurlu başlanğıcı kimi böyük əhəmiyyət daşıyır. 
Bir başqa reallıq isə ondan ibarətdir ki, sülh müqaviləsinin imzalanması ilə Ermənistan, nəhayət ki, onilliklərdən sonra beynəlxalq hüquqla müəyyənləşmiş sərhədləri çərçivəsində rahat və təhlükəsiz şəraitdə yaşamağa başlaya bilər. Amma hazırda Ermənistanın həm iqtidarında, həm də müxalifətində müşahidə olunan revanşist əhvali-ruhiyyənin fonunda İrəvanın sülh müqaviləsini imzalamaqdan yayındığını aydın görürük. Bakının xəbərdarlıqlarına baxmayaraq, absurd bəhanələrə sığınaraq konstitusiyasında dəyişiklik etmək istəməməsi isə Ermənistanın sülh müqaviləsi bağlansa belə Azərbaycana qarşı ərazi iddiasından əl çəkmək istəmədiyini göstərir. Bütün bu sadalananlar, təbii ki, Ermənistan ilə Azərbaycan arasında dayanıqlı sülhün əldə olunmasına başlıca maneədir. 
TÜRKPA nümayəndə heyətini qəbul etdiyi zaman Prezident İlham Əliyev də vurğuladı ki, Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır və ölkəmizin heç vaxt heç bir ölkəyə, o cümlədən Ermənistana qarşı ərazi iddiası olmayıb və yoxdur. Amma onların bizə qarşı ərazi iddiaları var idi. Məhz onların konstitusiyasına sonradan daxil olan müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları var: "Təbii ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda iki ölkə arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil".
Bir məqama da diqqət çəkək ki, Ermənistanın konstitusiyasını dəyişdirməkdən ciddi-cəhdlə boyun qaçırmasına, necə deyərlər, bunu özü üçün faciə kimi qəbul etməsinə  baxmayaraq, dünyada bu cür nümunələr var. Belə ki, 1998-ci il noyabrın 19-da Böyük Britaniya parlamenti Şimali İrlandiya aktını qəbul etdi. Həmin qanuna əsasən, 1920-ci il "İrlandiya hökuməti haqqında" və 1973-cü il "Şimali İrlandiya Konstitisiyası haqqında" qanunlar ləğv olundu və Britaniya ilə İrlandiya Respublikası arasında 1998-ci il aprelin 10-da əldə edilmiş Belfast razılaşmasına əsasən yeni qaydalar müəyyən edildi. Şimali İrlandiyanın Konstitusiyasının 2-ci və 3-cü maddələri çıxarıldı. İrlandiya Respublikasının Konstitusiyasından Şimali İrlandiyaya ərazi iddialarını nəzərdə tutan maddələrin çıxarılması təsbit olundu.

 

Ölü qurumu diriltmək cəhdləri əbəsdir 

 

Ermənistan de-fakto fəaliyyətini dayandırmış ATƏT-in Minsk qrupunun mövcudluğunun saxlanması istiqamətində də riyakar çaba göstərir. 
28 illik yarıtmaz fəaliyyəti nəticəsində danışıqlar prosesinin dalana dirənməsinə səbəb olan və münaqişənin müharibə yolu ilə çözümündən başqa çıxış yolu qoymayan Minsk qrupunun fəaliyyətinə hüquqi cəhətdən də son qoyulmasının vaxtı çoxdan çatıb. Amma İrəvan ölü qurumu diriltmək üçün mənasız səylər göstərir. Çünki Minsk qrupu məhz vaxtilə prosesin Ermənistanın xeyrinə dondurulmasına sərf etmiş, Azərbaycan torpaqlarının işğalının əbədiləşdirilməsinə çalışmışdı. Hazırda İrəvan Minsk qrupunun fəaliyyətinin dayandırılması üçün Azərbaycanla birgə ATƏT-ə müraciət etməkdən yayınması ilə ölkəmizə qarşı gələcəkdə də ərazi iddiası irəli sürmək niyyətində olduğunu ortaya qoyur. 
Sözügedən görüşdə dövlət başçısı bildirdi ki, Ermənistan tərəfinə təklif etmişik ki, Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir: "Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik. Qaldı ki de-yure - hüquqi cəhətdən bu, ləğv edilsin və bu, Ermənistanın nə qədər səmimi olmasından xəbər verəcək. Əgər Ermənistan Minsk qrupunun saxlanmasına üstünlük versə, deməli, onların bizə qarşı ərazi iddiaları davam edir".

 

İntihara bərabər istək

 

Qeyd edildiyi kimi, Ermənistanın həm iqtidar, həm müxalifət düşərgəsində revanşist meyillərin getdikcə güclənməsi müşahidə olunur. Erməni lobbisi və kilsəsi isə revanşizmə dəstək verən aparıcı qüvvə kimi çıxış edir. 
Bu da göstərir ki, 44 günlük müharibədə 11 minə yaxın fərarisi olmasından, ordusunun Azərbaycan Ordusu tərəfindən darmadağın edilməsindən, hərbi texnikasının sıradan çıxarılmasından dərs almayan revanşistlər yenidən müharibə istəyindədirlər. Ancaq hazırda Ermənistanda yaşanan müharibə eyforiyası yumşaq ifadə etsək, gülüncdür. Çünki "dəmir yumruq" yerindədir və Ermənistanın savaş istəyi ona olduqca baha başa gələ bilər. 
"2020-ci və 2023-cü illərin hadisələrindən sonra Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək də, ümumiyyətlə, intihara yaxındır", - deyən Prezident İlham Əliyevin fikrincə, ermənilər öz hədəflərini, cəmiyyətdəki əhvali-ruhiyyəni dəyişməlidirlər. 
Dövlət başçısı onu da qeyd etdi ki, onlar revanşizm ideyalarından tamamilə imtina etməlidirlər və biz görürük ki, belə ideyalar təkcə müxalifətdə deyil, iqtidarda da var. Bütün bu məsələlər, təbii ki, aydınlaşdırılmalı və tənzimlənməlidir.

 

Ərazi iddiaları kamuflyaj olunur

 

İrəvan qonşularına qarşı ərazi iddiaları irəli sürməsi faktını təkzib etməyə yönəlmiş bəyanatı ilə siyasi riyakarlığını növbəti dəfə ortaya qoydu. Bununla həm də beynəlxalq ictimaiyyətin diqqətini iki ölkə arasında sülhə nail olmaq üçün maneə təşkil edən çağırışlardan yayındırmaq niyyəti güddüyünü göstərdi.  
Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı şərhində də vurğulanır ki, bu gün, həqiqətən də, əsas problem, başda "Ermənistan və Dağlıq Qarabağın birləşməsi"nə çağıran Ermənistanın müstəqillik aktına açıq şəkildə istinad edən Ermənistan konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarıdır: "Azərbaycanın milli təhlükəsizliyinə bilavasitə təsir edən bu iddianın konstitusiyadan çıxarılmasını tələb etməyə legitim hüququ var və bu, Ermənistanın daxili işlərinə müdaxilə kimi qələmə verilə bilməz".
Şərhdə o da qeyd olunur ki, Ermənistan Xarici İşlər Nazirliyinin bu problemin gözardı edilə biləcəyi ilə bağlı məntiqi, bu ölkənin dayanıqlı sülhdə maraqlı olmadığını və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir. Bununla yanaşı, Ermənistanın keçmiş münaqişənin qalığı olan Minsk qrupunun bərpasına yönələn cəhdləri və hərbiləşmə siyasətini davam etdirməsi bu ölkənin Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir.
Ancaq Ermənistanın hələ də ölkəmizə qarşı ərazi iddiası güdməsi, müxtəlif çirkin yollara əl ataraq sülhü təhdid etməsi ona yaxşı heç nə vəd etmir. Çünki Azərbaycan Ermənistanın milli maraqlarımızı təhdid edən istənilən cəhdinin qarşısını qətiyyətlə alacaq. 

Yasəmən MUSAYEVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video