SOCAR-ın və BP-nin birgə keçirdiyi sessiya "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasilat məsələlərinə həsr olunmuşdu. Tədbir belə adlanırdı: "AÇG-dən maksimum neftverməyə dəstək - yeni yanaşmalar və texnologiya".
Tədbirdə SOCAR-ın vitse-prezidenti Babək Hüseynov və BP-nin geologiya və kəşfiyyat üzrə vitse-prezidenti Dən Sparks çıxış etdilər. Bildirildi ki, nəhəng "Azəri-Çıraq-Günəşli"nin yetkin işlənmə mərhələsinə keçdiyi bir vaxtda hasilatın uzunmüddətli davamlılığının təmin edilməsində innovativ yanaşmaların və yeni texnologiyaların rolu daha da artır.
Əvvəla qeyd edək ki, ölkədə neft hasilatının azalmasının səbəblərini araşdırmaq və vəziyyəti aradan qaldırmaq üçün tədbirlər görmək Prezident İlham Əliyevin tapşırığı və tələbidir. Dövlətimizin başçısı bunu çıxışlarında və müsahibələrində bildirib.
SOCAR-la BP-nin keçirdiyi həmin birgə tədbirdə bildirildi ki, hazırda AÇG-də əsas məqsəd hasilatın təbii azalma tempini idarə etmək və blokdan maksimum neftverməyə nail olmaqdır. AÇG-nin işlənməsi layihəsinin operatoru olaraq BP bu istiqamətdə SOCAR-la sıx əməkdaşlıq edir. Birgə səylər nəticəsində AÇG-də hasilatın illik azalma tempini 2023-cü ildəki təxminən 12 faizdən hazırda təxminən 3 faizə endirməyə nail olunub. Bu da sənaye üzrə orta göstəricidən əhəmiyyətli dərəcədə aşağıdır. Bu nəticə yetkin mərhələdə olan AÇG-dən hasilatın uzunmüddətli davamlılığının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlərin effektivliyini göstərir.
Tədbirlər dörd əsas istiqamət üzrə həyata keçirilir: Bunlar əməliyyat etibarlılığı, qazma qurğularının məhsuldarlığının artırılması, layların "canlandırılması", texnologiya və innovasiyanın strateji tətbiqidir.
Xatırladaq ki, AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) ilkin olaraq 1994-cü il sentyabrın 20-də imzalanıb. O vaxtdan bəri AÇG yataqlarının işlənməsinə təxminən 47 milyard dollar investisiya qoyulub.
İlk neft "Çıraq" yatağından 1997-ci il noyabrın 7-də əldə edilib. 2017-ci il sentyabrın 14-də AÇG üzrə dəyişdirilmiş və yenidən işlənmiş HPBS imzalanıb və bununla ilkin sazişin müddəti 2049-cu ilə qədər uzadılıb.
Bu günədək AÇG-dən təxminən 4,7 milyard barel neft hasil edilib. Yeni texnologiyalara iri sərmayələr və laylardan neftvermənin maksimuma çatdırılması istiqamətində digər səylər nəticəsində bu dünya səviyyəli yataqlar blokundan hasilatın gələcək onilliklər ərzində də davam etməsi gözlənilir.
Flora SADIQLI,
"Azərbaycan"