19 Dekabr 2021 00:22
1803
Mədəniyyət
A- A+
Əsrlərdən gələn səs

Əsrlərdən gələn səs

 

Xalqımızın tarix boyu yetirdiyi ən böyük dühalardan olan görkəmli şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünü simvollaşdıran “Nizami ili”ndə onun əsərlərindəki qadın obrazları barədə də söhbət açmaq yerinə düşər. Qadına münasibət, bu adın ucalığı, şərəfi şairin yaradıcılığında aparıcı istiqamət təşkil edir. Bu mövzuda düşüncələrini qüdrətli söz ustadı yaratdığı ayrı-ayrı parlaq qadın obrazları işığında canlandırır.

 

Qadına sevgi və ehtiram

 

Nizaminin Şərq ədəbiyyatının şah əsərlərindən olan “Xəmsə”si qadın surətləri ilə zəngindir. “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” əsərlərinin hər birində mükəmməl mənəvi keyfiyyətlərə malik qadınlarla rastlaşırıq. Maraqlısı budur ki, “Xəmsə”dəki bütün poemaların əsas qəhrəmanları elə məhz bu zərif zümrənin insanlarıdır. Şairin qadına, anaya ali münasibəti, ilk növbədə, elə bundan bəlli olur. Digər maraqlı məqam isə Nizaminin qadın obrazlarını bu qədər dahiyanəliklə yarada bilməsi, onların mənəvi dünyasına dərindən bələdliyi, həssaslıqla anlamaq bacarığıdır. Həmin obrazlarla yaxından tanış olduqca bu zümrənin çəkdiyi iztirabları, acılı-şirinli duyğuları da hiss etmiş olursan. Qadına verilən yüksək dəyər, ilk növbədə, Nizaminin öz anasına olan sevgisindən, ehtiramından irəli gəlir. Şeirlərinin birində dahi şair anası Rəisənin vəfatını sarsıntı ilə təsvir etməklə onu dünyaya gətirmiş qadına böyük övlad sevgisini ifadə edir. Digər tərəfdən şairin zərif zümrəyə münasibətinin müəyyənləşməsində, qadın ideallarının formalaşmasında öz xanımı Afaqa olan dərin məhəbbəti, hörmət və ehtiramı da böyük rol oynamışdır.

Afaqı Dərbənd hökmdarı şairə kəniz kimi hədiyyə etmişdi. Afaqın yüksək kamallı bir qadın olduğunu görən Nizami onu özünə həyat yoldaşı seçmişdi. Onunla yaxşı günlər keçirdiyini əsərlərində daim xatırlayır. Afaqın ölümü Nizami Gəncəvini çox sarsıdır. Bunu hər dəfə iztirab dolu misralarında da duyuruq.

İlk poeması “Sirlər xəzinəsi”ndə qadın surəti və onun cəmiyyətin aparıcı qüvvəsi kimi öz haqq və hüququnu tələb etməsi “Sultan Səncər və qarı” mənzuməsində çox inandırıcı şəkildə verilmişdir. Nizaminin ideal cəmiyyət sorağında olduğu, insanları sosial təbəqəsindən asılı olmayaraq mənəvi təmizliyə çağırması poema boyu təbliğ olunur. Və bunu çəkinmədən ümidi hər şeydən kəsilmiş bir qarının dilindən ədalətsiz, zülmkar hökmdarın üzünə söyləyir. Əsərdə dul bir qadının hünəri mənəviyyatını iblisə satmış hökmdarın nadanlığına qarşı qoyulur. Bununla da dahi şair zəmanəsinin ən cəsarətli söz ustadı olduğunu sübut edir.

 

Bənzərsiz obrazlar

 

Nizami Gəncəvinin əsərlərindəki qadınların hərəsinin öz missiyası var. Dahi mütəfəkkir bu surətlər vasitəsilə ayrı-ayrı dəyərləri simvollaşdırır, düşüncələrini bu simvollar vasitəsilə oxucularına yetirir. Belə ki, bir çox tədqiqatlarda da qeyd edildiyi kimi, Nizaminin əsərlərindəki Nüşabə obrazı şahlıq, sultanlıq, müdriklik simvolu, Şirin sədaqət, doğruluq, namus, Fitnə əzmkarlıq, cəsarət, dözüm, Leyli dövrünün bütün ağrı-acılarına, mühafizəkar qayda-qanunlarına qeyd-şərtsiz əməl etməyə borclu, mühitin diktəsi ilə hərəkət etməyə məcbur olan saf bir qız, Məhin Banu həm hökmdar qadın, həm də doğru yol göstərən müdrik, mükəmməl bir xanım rəmzi olaraq təqdim edilir. Bu obrazlarla tanış olduqca gözlərinin önündə Nizami dövründə yaşamış xanımların kamillik abidəsi canlanır və bu qadınların gözəlliyinə, ağlına-kamalına, ismətinə, zərifliyinə, kişilərlə bərabər səviyyədə dayanmalarına, bir o qədər də mətinliyinə, cəsarətinə heyran olmaya bilmirsən.

Nizami yaradıcılığındakı qadın surətləri nəinki klassik, eləcə də ümumən Azərbaycan ədəbiyyatının bənzərsiz qadın obrazları kimi ümumbəşəri bir fonda öz ifadəsini tapır. Əsərlərinin birində şair qadını vəfasız adlandıran, onları dünyaya bəla sayan ərəbi bədxah bir insan kimi səciyyələndirir və bununla da qadına münasibətini göstərmiş olur.

Nizaminin yaratdığı mükəmməl qadın obrazlarından biri Nüşabədir. Bu obrazla “İsgəndərnamə” əsərində rastlaşırıq. Nüşabə Bərdə hökmdarıdır. Bu ağıllı qadının ədaləti, uzaqgörənliyi sayəsində onun yurdu çox gözəl, abad, insanların xoşbəxt yaşadığı məkana çevrilmişdir. Əsərdə şair yalnız Nüşabə surətinin təsviri ilə məhdudlaşmır. Bu müdrik qadının ətrafında minlərlə qəhrəman qız-gəlini bir araya gətirir. Poemada şairin öz qadın qəhrəmanına - Nüşabəyə heyranlığını da duymamaq olmur. Onun ağlına, dərrakəsinə məftun olan Nizami qadın müdrikliyinin və bir o qədər də igidliyinin təsviri üçün Makedoniyalı İsgəndəri Azərbaycana gətirir. Səhraya qoşun çəkən İsgəndər su və əkininə heyran qaldığı o yerin başçısı ilə maraqlanır. Həmin diyarın Nüşabə adlı bir qadın tərəfindən idarə edildiyini söyləyirlər. Nizami hər iki hökmdar arasında baş verən hadisəni dramatik planda təsvir edir. Makedoniyalı İsgəndər qüdrətli hakim olsa da, adi elçi sifəti ilə Bərdəyə Nüşabənin yanına getməli olur. Özünün böyük sərkərdəliyi ilə öyünən İskəndərin Nüşabənin sarayına gələrkən elçilik qaydalarına riayət etməməsi, cəsarətlə içəri girməsi, qılıncını çıxarmaması hökmdar xanımda şübhə doğurur. Nüşabə bundan qəzəblənir və axırda şübhələndiyi adamı tanıyır. Nüşabə yenilməz bir qəhrəman kimi İsgəndərin  sözlərindən qorxmur. Böyük sərkərdə özünün tanınmması üçün nə qədər israr etsə də, Nüşabənin gətirdiyi dəlillər qarşısında aciz qalır. Dünyanı fəth etmək qüdrətində olan İsgəndər Nüşabənin kamalı qarşında diz çökür. Fatehin düşüncələrində tamam başqa bir aləmin qapılarını açır. Nizami burada qadının ağlının, mənəvi qüvvəsinin intəhasızlığını göstərir. Nüşabənin hökmdarlıq etdiyi diyarın bəd niyyətdən, xudbinlikdən, tamahkarlıqdan, naqis keyfiyyətlərdən xali olduğunu meydana qoyur.

 

Şərq ədəbiyyatında bir ilk

 

Nizami Gəncəvi Şərq ədəbiyyatında ilk dəfə qadını ən yüksək zirvəyə ucaldıb layiq olduğu qiyməti verən şairdir. Onun əsərlərindəki surətlərin araşdırılması Azərbaycan milli düşüncəsində tarixən xanımlarımıza münasibətin müəyyən edilməsi baxımından çox önəmlidir. Çünki “Xəmsə”dəki bu obrazlar şairin xəyal dünyasından gəlmir, yaşadığı dövrün reallıqlarından, o dövrə qədər formlaşaraq möhkəmlənmiş ənənələrdən qaynaqlanır. Onlar heyranedici gözəllikləri, mənəvi dünyalarının zənginliyi, dərin zəkaları ilə böyük rəğbət doğururlar. Əməllərindəki saflıq, dürüstlük, nəciblik bu zərif insanların ali keyfiyyətlərindəndir. Həmin obrazları Nizaminin əhatə olunduğu mühitlə birgə təsəvvüründə canlandıra bilirsən və Azərbaycan xalqının hələ əsrlər əvvəl dünyanın bir çox toplumlarından nə qədər irəlidə olduğunu görürsən.

Bu qəhrəmanlar sırasında dünya ədəbiyyatı xəzinəsinin gözəl incisi olan Şirin öndə durur. Şair “Xosrov və Şirin” poemasında məhəbbətin böyüklüyünü, insan ağlını, düşüncəsini tərənnüm edərək əsrlərlə unudulmayan bədii surətlər, ədəbi qəhrəmanlar yaratmışdır. Şirin Şərq ədəbiyyatında Nizaminin ən mükəmməl qadın obrazlarından biridir. Bu mükəmməllik obrazın boyuna, biçiminə, ağlına, kamalına, hətta saçının gözəlliyinə qədər bütün təfərrüatları əhatə edir. Əslində gözəllik Nizaminin bütün qəhrəmanları üçün bir meyardır. Təbii ki, şairin “Xosrov və Şirin” poemasında əsas diqqət mərkəzində saxladığı və baş verən bütün hadisələri bu adın ətrafında mərkəzləşdirdiyi Şirin də istisna deyil. Şirin hökmdar nəslindəndir. Əsl xarakter sahibi olan bir xanımdır. Hadisələrə adekvat reaksiyası ilə böyük rəğbət doğurur. Şair Şirinin psixoloji əhvalını, fikirlərini, xasiyyətini, duyğularını qurduğu hadisələr silsiləsinin əhatəsində çox böyük ustalıqla təsvir edir. Poemanın məzmun janrı şairin özü tərəfindən “həvəsnamə” kimi müəyyən edilsə də, Nizami əsərində insanı mənən zənginləşdirən və kamilləşdirən, onu ilahi mərtəbəyə qaldıran, xarakterini mənfidən müsbətə doğru dəyişdirən ülvi məhəbbətə himn yaratmışdır. 

Şirin həm də həqiqi qadın xarakterinin ifadəçisidir. Elmi tədqiqatlarda da qeyd edildiyi kimi, Nizami bu xarakteri, onun inadcıllığını böyük zövqlə təsvir etməkdən yorulmur. Şirin Məhin Banunun öyüdlərindən sonra hiss burulğanından ayılır və ona söz verir ki, Xosrovun evinə kəbinlə daxil olacaq və heç vaxt onun kənizinə çevrilməyəcək. Bu məqamda Nizami Gəncəvinin qadına münasibətdə demokratizmini görürük. Eyni zamanda Xosrovun istəmədiyi qadınlarla izdivaca girməsinin acı sonluğunun təsvirini verir. Əsər boyu Xosrovla Şirinin xarakteri bir-birini tamamlayır. Şirinin öz sevgilisinin məzarı üstündə intihar etdiyini təsvir edərkən şair onun bu fədakarlığını alqışlayir, qadını ülvi bir varlıq kimi göstərir.

 

Qadın azadlığının tərənnümçüsü

 

Təbii ki, Nizaminin yaratdığı bütün qadın obrazları öz dövrünün hadisələridir və o dövrdə zərif cinsə münasibət məsələsi heç də bütün məqamlarda ürəkaçan deyildi. Ata evində, ər evində qadını mənəvi buxovların əsirliyində saxlayan düşüncə sahibləri çox idi. Belələri qadına hüquqsuz, dilsiz-ağızsız əşya kimi yanaşırdılar. Bəzən onları bir saraydan başqa saraya, yaxud sarayın hörmətini qazanmış hansısa şəxslərə kəniz qismində hədiyyə kimi göndərirdilər. Bu acınacaqlı durum zəmanəsinin böyük zəka sahibi kimi şeyx Nizamini hər zaman düşündürürdü. Belə bir mühitdən çıxış yolları aramağa çalışırdı. Ona görə də şair yaradıcılığının mühüm bir qismini məhz bu mövzuya həsr etmişdir. Böyük mütəfəkkirin qeyd edilən məsələdən dolayı narahatlıqla poetik axtarışlarının ən mükəmməl nümunələrindən biri Leyli obrazıdır. Leyli arxaik düşüncənin, köhnə ehkamların əsirinə çevrilmiş qadınların ümumiləşmiş obrazıdır. O, Məcnuna dəlicəsinə aşiqdir, amma öz sevgisini dilə gətirmək iqtidarında deyil. Yaşadığı cəmiyyət, əhatə olunduğu mühit bunu qadına qadağan edirdi.

Leyli surəti Şərq xanımlarının fədakarlığının, analıq qayğısının, məişətdə oynadığı mühüm rolun canlı abidəsidir. Şair qadının azadlığa layiqliyini, ona qarşı zorakılıq hallarına son qoyulması ideyasını tərənnüm edirdi. Bu baxımdan da deyə bilərik ki, Nizami Gəncəvi cəmiyyətdə qadının necə rol oynayacağını min il bundan əvvəl görüb onu qələmə almışdır.

Dahi şairin yaratdığı parlaq qadın obrazlarından biri də “Xosrov və Şirin” poemasındakı Məhin Banudur. Nizami onun timsalında ədalətdə, səxavətdə, cürət və cəsarətdə əsla kişilərdən geri qalmayan hökmdar qadının portretini canlandırır. Məhin Banunun səltənətində əmin-amanlıqdır. Xalqın güzəranı yaxşıdır, ölkənin xəzinəsi həmişə dolu, torpağı bərəkətlidir. Məhin Banu adil bir hökmdar olmaqla yanaşı, eyni zamanda qayğıkeş, həssas ana, müdrik, ağıllı bir qadındır. Bunu onun qardaşı qızı Şirinə öyüd-nəsihətlərində görürük. Təmiz ad və təmiz əxlaqın şahlığa bərabər tutulduğunu Şirinə başa salır, onu dünyanın hiylələrinə uymamağa çağırır.

 

Qadın iradəsi

 

Şair “Yeddi gözəl” poemasında yaratdığı Fitnə obrazını da kifayət qədər parlaq boyalarla işləmişdir. Bu surət iş və çalışqanlığın nə olduğunu Bəhram Gura anladır,  mətanəti ilə şahı heyrətləndirir. Vaxtilə onun ölümünə fərman vermiş şah aylar sonra Fitnənin igidliyinə valeh olur.

Şair “Yeddi gözəl” poemasında qadın problemini dünya müstəvisinə çıxarır və bu problemin daha geniş çevrədə həllinə çalışır. Əsərdəki çin, rus, fars, türk, hind, ərəb və digər xalqlara mənsub qadın nümayəndələrin hər biri öz ağlı-kamalı, dərrakəsi ilə diqqəti çəkir, öz milli adət və ənənələrinə sevgiləri, analıq qayğısı ilə böyük rəğbət doğururlar. Nizami qadınların ailədəki rolunu yüksək qiymətləndirir. Qadını evin aparıcı qüvvəsi, övladların ümdə tərbiyəçisi hesab edir.

Nizami Gəncəvi öz dövründə qadınlar haqqında mövcud olan bir çox mənfi stereotipləri də dağıdır. Şair yanlışlıqların təsirindən irəli gələrək qadınlara şamil edilən mənfi xüsusiyyətlərin əslində onların fitrətinə uyğun olmadığına səmimi-qəlbdən inanır. Bu qənaətini Xosrovun ölümünə dözməyərək onun məzarı başında canına qıyan Şirin haqqında yazdığı bu sözlərlə tamamlayır: “Afərin Şirinə və onun şirin ölümünə! Afərin can verib can almasına! Eşq üçün belə ölmək lazımdır. Canana belə can vermək gərəkdir. Hər qadın olan namərd deyildir...”

Nizaminin dahiliyinə baxın ki, o,  bu günün əsas müzakirə mövzularından olan  gender bərabərliyi məsələlərinin mahiyyətini tam dəqiqliyi ilə anlayır və anladır. Yaratdığı qadın surətlərini ailənin müqəddəsliyi, xalqımızın milli-mənəvi dəyərləri, mental xüsusiyyətləri ilə də uğurlu şəkildə uzlaşdırır. Əsrlərin o üzündən gələn bu təlqinlər müasir dünyamızda da mühüm aktuallıq kəsb edir, insan mənəviyyatına işıq salır, həyata aydın münasibət formalaşdırır.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!