14 Iyul 2024 10:05
469
Mədəniyyət
A- A+

Əsərləri ilə vətənə sevgi hissləri aşılayan heykəltaraş 

 

Mədəniyyət paytaxtımız Şuşa zəngin tarixi keçmişi, unikal relyefi və füsunkar təbiəti ilə daim yaradıcı şəxslərin diqqət mərkəzində olmuşdur. İkinci Qarabağ müharibəsi şəhid və qazilərimizin canı-qanı bahasına şanlı qələbəmizlə başa çatdıqdan sonra işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Şuşada geniş tikinti-bərpa, quruculuq işlərinə başlanıldı. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə qədim Şuşa şəhəri yenidən keçmiş şöhrətini özünə qaytardı. 
Bu böyük tarixi hadisələr öz əksini əsərlərdə də tapır. Qala şəhərimiz  dirçəldikcə bu mövzuda maraqlı, gözəl sənət əsərləri yaranır. Ötən 3-4 il ərzində bir daha təsdiqləndi ki, möhtəşəm Zəfərimiz gənc incəsənət xadimlərini - rəssamları, heykəltaraşları, musiqiçiləri də yeni-yeni yaradıcı işlərə, uğurlara ruhlandırır.  
Bütün bacarığı ilə Qarabağ qələbəmizi tərənnüm edən heykəltaraşlarımızdan biri də Jalə Əliyevadır. İstedadı, məharəti və vətənpərvərliyi ilə çağdaş heykəltaraşlığımıza töhfələr verən gənc hətta sənət eksperimentlərindən də çəkinmir. Portret-büst kompozisiyalarında şəhid və qazi igidlərimizin xatirəsini əbədiləşdirir. Onun əsərlərində 19 yaşında şəhidlik zirvəsinə ucalan Cəbrayıl Dövlətzadənin düşmən qarşısında əyilməzliyini, cəsarətini, "Vətən yaxşıdır" ifası ilə yaddaşlara həkk olunan şəhid Xudayar Yusifzadənin cəsurluğunu musiqi notları ilə vəhdətdə təcəssümünü görə bilirik. Heykəltaraş bu əsərlərini Azərbaycan Milli Tarix Muzeyinin fonduna hədiyyə edib. 
Qədim mədəniyyətimizin beşiyi Şuşanın vəsfi Jalə Əliyevanın  yaradıcılığında xüsusi yer tutur. "Şuşa həsrəti", "Şuşa minarələri", "Bayatı-Şiraz", "Şur" kompozisiyaları məhz bu qəbildəndir. "Şuşa həsrəti" tanınmış xanəndə Xan Şuşinskiyə həsr olunub. Xan əmi qavala bənzər çərçivənin daxilində "muğam triosu" - qaval, tar, kamança alətlərinin əhatəsində təsvir edilib. Lirik düşüncə və əlindəki xarıbülbüllə sanki "Şuşanın dağları" mahnısını zümzümə edir. Şübhəsiz ki, qalibiyyətimizə görə görkəmli muğam ifaçısının ruhu şaddır. 
"Şuşa minarələri" əsərində memarlıq incilərimizdən sayılan Şuşa qalası mərkəzi hissədə yer tutmaqdadır. Şuşanın giriş qapısı hesab olunan əzəmətli qala hər zaman məğrurluğunu, əyilməzliyini qoruyur. Minarələr isə yüksəklik fonunda səma maviliyi və toxunulmazlığı ilə qutsallaşır, Günəşin şəfəqləri altında parlayır. Artıq buradakı memarlıq abidələri, məşhurların ev-muzeyləri, müqəddəs ocaqlar, ibadət məkanları sürətlə yenidən qurulur, yeni yaşayış kompleksləri salınır. 
Gənc heykəltaraşın digər əsərində 7 muğamımızdan biri - "Bayatı-Şiraz" əbədiləşdirilib. Müəllif muğam üçlüyü olan tar, qaval, kamançanın təsviri ilə maraqlı görüntü yaratmağı bacarıb. Tar üzərində ornamentlər və Yuxarı Gövhər ağa məscidi minarələri memarlıq elementləri ilə xüsusi vəhdət təşkil edib. "Şur" kompozisiyasında isə muğam ifa edən sənətçilər sanki musiqi festivalında tamaşaçıların önündədirlər. Bu əsər "Sönməz günəşin dəryası" müsabiqəsində III yerə layiq görülüb. 
Heykəltaraş Jalə Əliyeva 1994-cü ildə Sumqayıt şəhərində dünyaya göz açıb. 2012-2015-ci illərdə Əzim Əzimzadə adına İncəsənət Kollecinin Dekorativ Tətbiqi Sənət fakültəsində "Keramika" ixtisası üzrə təhsil alıb. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr və magistr pillələrini heykəltaraşlıq ixtisası üzrə tamamlayıb. Hazırda tələbəsi olduğu elm ocağının bu fakültəsində emalatxana müdiri kimi fəaliyyət göstərir.
Sənətşünas Dilarə Əsədli gənc heykəltaraş Jalə Əliyevanın yaradıcılığı haqqında nikbindir və fikirlərini belə ifadə edir: "O, bizim özünü təsdiq edən və ümidverici gənclərimizdəndir. Jalə xanımın yaradıcılığında istedadla vətənpərvərliyin sintezi, tarixi məkanlarımızın təsviri və qəhrəman insanlarımızın obrazının daim canlı saxlanılması xüsusilə önəmlidir. Zəfərlə bitən 44 günlük Vətən müharibəsindən sonra Qarabağda yeniliklər yaşanır. Yaradıcı gənclərimiz böyük qürurla Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin birgə Şuşada reallaşdırdığı "Xarıbülbül" Folklor Festivalında, "Art Camp Shusha", "Şuşa Yaradıcılıq Emalatxanası" layihələrində iştirakları ilə mədəniyyət paytaxtımızı beynəlxalq arenada təmsil edirlər. Onlara gələcək fəaliyyətində uğurlar diləyirik!"

Qurban MƏMMƏDOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video